Şeyx Cəmaləddin Əfqani və milli ideologiya  

 

XIX əsrdə milli ideologiyamızın formalaşmasında mühüm rol oynayan ziyalılarımızdan biri də Şeyx Cəmaləddin Əfqani olmuşdur. Millətçilik, türkçülük, azərbaycançılıq, islamçılıq ideyalarının beşiyi olan Azərbaycanda milli-mənəvi dəyərlərimizin təsiri ilə formalaşan milli Azərbaycan ideyasına öz töhfəsini verən Şeyx Cəmaləddin Əfqani XX əsrin əvvəllərində milli ideologiyamızın gerçəkləşməsi üçün zəngin mənəvi irs qoymuşdur. Cənubi Azərbaycanda Həmədan yaxınlığındakı Əsədabad qəsəbəsində azərbaycanlı ailəsində dünyaya göz açan Ş.C.Əfqani sonralar ailəsilə Əfqanıstana-Kabula köçmüşdür.

Ş.C.Əfqaninin yaradıcılığında milli ideologiyanın süqutu olan dil birliyi və milli birlik vəhdət təşkil edir: “Dünyanın sultanı elmdir...Millətdən kənarda səadət yoxdur. Dilsiz millət ola bilməz. Dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilməz. Dil insanlar arasında əsas əlaqə vasitəsidir. Dil - müxtəlif məzhəbə qulluq edən tayfaları, müxtəlif arzularla yaşayan qəbilələri vahid bir millət bayrağı altına səsləyən, onların gücünü-qüvvəsini birləşdirib, bir məqsədə doğru yönəldən, ictimai qüsurları birlikdə dəf etməyə, milli çətinlikləri birlikdə aradan qaldırmağa çağıran, ümumxalq səadətinə nail olmaq, müsibət və bədbəxtliklərdən nicat yolları arayıb tapmaq üçün hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata qovuşduran, vətəndaşlarının əyinlərinə istiqlal paltarı geydirən əsas vasitədir... Dil birliyi bütün bu məziyyətlərə ancaq o zaman sahib ola bilər ki, ayrı-ayrı fərdlərin dilindən təşəkkül tapmış milli dilin qorunması və zənginləşməsi üçün lazım olan hər şey edilsin... Milləti yaşatmaq istəyən alimlərin birinci vəzifəsi budur ki, onlar öz  ana dilinin inkişafına laqeyd olmasınlar, həmin təbəqələrin sənət və peşə tələbinə uyğun olaraq, sözləri müxtəlif mənalarda - onun həqiqi mənasına uyğun bir tərzdə - bəzən iki sözü, ya üç sözü birləşdirərək zərurət məqamında işlətsinlər. Öz dilləri ilə münasibətdə olan xarici dillərdən də lazım olduğu qədər sözlər ala bilərlər. Bir şərtlə ki, alınmış sözlər öz dillərinin libasına geydirilsin və onların xarici söz olduğu bilinməsin...aralarında möhkəm müamilə və mübadilə əlaqələri olan bir millət insan cəmiyyətinin möhkəm əsaslarını təşkil edən bütün təbəqələrə malik olmadıqca, heç vaxt öz milliliyini, məziyyət və hüquqlarını qoruyub saxlaya bilməz. Hər bir millətin içərisində aşağıdakı təbəqələr olmalıdır: faydalı elmləri yayan ziyalılar, cəmiyyət üçün xeyirli fənləri təsis edən yaradıcı fazil və alimlər, insan hüququnu mühafizə edən siyasi xadimlər, fəzilət və ədalətin keşikçiləri olan qanunşünaslar, xalqın əxlaqını saflaşdırmağa çalışan nəsihətçilər, lətif və şairanə kəlamlarla yatmış insanları oyadan və xalqın xarakterini qüvvətləndirən ədiblər və şairlər, öz sənətlərini elmi əsaslar üzrə inkişaf etdirən sənayeçilər, iqtisadiyyat qanunları əsasında millətin ticarət yollarını arayıb tapan tacirlər. Əgər bu təbəqələr hər hansı bir millətdə mövcud olmasa, əlbəttə, o millətin fərdləri arasında məişət və həyati əhəmiyyətli əlaqələr get-gedə qırılar və millət məhv olar. Nəticədə, o millətin üzvləri digər millətlə birləşər və yeni milli libasda həyat səhnəsinə qədəm qoyar, buna görə də alimlər millətin mahiyyətini, ariflər onun məziyyətlərini o zaman yaxşı aşkar və zahir edərlər ki, təhsil, təlim, tədris, milli təbəqələrin fənlərdən və sənətlərdən istifadəsi o millətin öz dilində olsun. Onda millət möhkəm, sabit və əbədi ömür sürə bilər, millətin əsas gözə görünən səadət və xoşbəxtlik kimi əlamətləri isə onun bütün üzvlərinin nəsibi olar... elm, maarif, bütün sənət növləri hər millətin öz ana dilində tədris olunarsa və bu şərt həyata keçirilərsə, həmin millətin əsasları daha möhkəm, daha sabit olar, beyinlərə daha tez həkk olunar, daha gec unudular, elmlərin dəqiqliyinə daha artıq vaqif olunar, elmin mahiyyəti və mənfəəti daha yaxşı aydınlaşar. Bununla da sənaye sahəsində fəzilətli adamların, alimlərin, fənn sahiblərinin sayı çoxalar, millətin üzünə səadət qapıları açılar... insanları bir-birinə bağlayan qüvvə iki vacib şeyi tələb edir: bunlar olmasa birlik də ola bilməz. Bunlardan biri məhz həmin dil birliyidir ki, buna milli dil birliyidir ki, buna milli vəhdət də deyirlər. Digəri din birliyidir. Heç şübhə yoxdur ki, dil birliyi, yəni milli birlik dini birlikdən daha möhkəm və sabitdir. Çünki dil az müddət ərzində dəyişməyi və ya başqası ilə əvəz olunmağı qəbul etmir. Din isə belə deyil. Tarix göstərir ki, eyni bir dildə danışan bir millət min  il ərzində öz dilinə ciddi xələl gətirmədən dinini dəyişir, başqası ilə əvəz edir. Buna görə də dil birliyindən yaranan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür”.

Şeyx Cəmaləddin Əfqani dildən sonra insanları birləşdirən ikinci amilin din olduğu fikrini irəli sürürdü. İslam və dünya fəlsəfəsini, dinlərini mükəmməl bilən Şeyx Cəmaləddin Əfqani başqa din xadimlərindən fərqli olaraq tərəqqinin, təkamülün əsasını elmdə görür və göstərirdi ki: “Elm haqqında danışmaq çox çətindir, çünki elmin hüdudları sonsuzdur. Onun üstünlük və gözəlliklərini tam əhatə etmək mümkün deyil... Bununla yanaşı, elmin fəziləti haqqında heç danışmamaq da olmaz. Mənim fikrimcə, elmin tədqiqi ilə məşğul olanların hamısı yəqin edir ki, dünyanın sultanı həmişə elm olmuşdur, elmdir və elm olaraq qalacaqdır...

Dünya elm üzərində bərqərar olur. Elmi bəşəriyyətin əlindən alsan, daha dünyada insan qalmaz. Elm bir nəfərin gücünü on nəfərə, yüz nəfərə, min və on min nəfərə bərabər edir... Onu nəzərə almaq lazımdır ki, hər bir elmin öz vəzifəsi var... elmlərin hər birinin mövzusu ümumi elmin bədəni üçün bir üzv kimidir və bunların heç biri ayrı-ayrılıqda yaşaya bilməz. Bu elmlərin hər biri başqa bir elmlə bağlıdır... Tənha qalan elmdə heç bir tərəqqi və inkişaf ola bilməz. Deməli, elə bir elm gərəkdir ki, bütün elmlərin ümumi ruhu kimi olsun və onların hər birini qoruyub saxlasın, onların hər birinin tərəqqi və inkişafına zəmin yaratsın. Bu, fəlsəfə elmidir. Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elmlər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər. Osmanlı dövləti, eləcə də, Misir altmış ildir ki, elmlərin təlimi üçün məktəblər açmışdır və hələ də ondan bir xeyir götürməmişdir. Səbəb aydındır, çünki o məktəblərdə fəlsəfə tədris olunmur və fəlsəfə ruhu  olmadığından, lazımi nəticə də alınmamışdır. Tədqiqatçıların əksəriyyəti, o cümlədən, Rəfael Əhmədov göstərir ki,  Şeyx Cəmaləddin panislamizm məfkurəsinin islam fundamentalizminin əksinə olaraq, milli düşüncədə milli mənlik şüuruna xidmət edən mənəvi-əxlaqi tutumunu qəbul etmiş, onun siyasi-milli təfsirini vermişdir. Şeyx Cəmaləddinin panislamizmini qəbul edən cəmaləddinçilərə avropalılaşmaq və məhz bu zərurətdən doğan düşüncə tərzi sonradan onları milli intibahımızda üç devizli - İslamlaşmaq, Türkləşmək və Avropalılaşmaq kimi bir fəaliyyət platformasına gətirib çıxarmışdır. Bu milli-liberal islamçılıq cərəyanı özündən əvvəlki mövcud islamçılıqdan, xüsusilə, ictimai-siyasi gerçəkliyin böyük təsiri və təzyiqi əsasında meydana gəlmiş ifrat panislamizmdən ciddi şəkildə fərqlənirdi. C.Əfqaninin dünyagörüşündə islam və Qərbin demokratik ideyaları bir yerdə götürülür və hər ikisi milli ideologiyanın əsasını təşkil edir. Onun fikrincə, islam və Qərbin mütərəqqi ideyaları sanki bir-birini tamamlayır: “Quranın həqiqi ruhu azadlıqdır və həm də müasir fikirlərə uyğun gəlir. İndiki nizam-intizamsızlığın islam qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil təfsirçilərin islama etdikləri əlavələrdir. Tarixi təkamül və inkişaf onların bu səhvini islah edəcək. Demək, bir müsəlman ziyalısı və alimi Avropa demokratik məfkurəsinə tamam aşina olsa, o, Quranın təlimlərinə əsaslanaraq, xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər”.

F.Ələkbərov göstərir ki, Ş.C.Əfqaninin fikrinə görə, milləti yaşatmaq istəyən alimlərin birinci vəzifəsi odur ki, ana dilinin inkişafına laqyed olmasınlar, milli dilini qorusunlar və ən əsası “təhsil, təlim, tədris, milli təbəqələrin fənlərdən və sənətlərdən istifadəsi o millətin öz dilində olsun.... elmlər, maarif, bütün sənət növləri hər millətin öz dilində tədris olunarsa və bu şərt həyata keçirilərsə, həmin millətin əsasları daha möhkəm, daha sabit olur və uzun müddət zavala uğramaz, hətta həmin millətin elmi və maarifi müəyyən bir dövrdə zavala uğramış olsa belə, bu millətin övladları və nəvələri öz sələflərinin kitablarından və əsərlərindən faydalanaraq, dübarə özünün məhv olmuş millət və qövmünü dirildəcək, onu yeni şan-şöhrətə çatdıracaqdır”.

Ş.C.Əfqaninin dünyagörüşü, xüsusilə, “islam imanlı, türk qanlı və Avropa qiyafəli” devizi milli ideologiyanın əsas prinsiplərinin yaranmasında çox mühüm rol oynamışdır. Deməli, bugünkü üçboyalı bayrağımızın ilk əlamətləri Ş.C.Əfqani tərəfindən irəli sürülmüş, Ə.Hüseynzadə tərəfindən “türkləşmək, islamlaşmaq və avropalaşmaq” formasında inkişaf etdirilmiş və milli ideologiya sahəsindəki fəaliyyəti nəticəsində Azərbaycan Cümhuriyyətinin varlığında və onun dövlət bayrağında öz əksini tapmışdır. Nəzəri türkçülüyün ideoloqu Z.Gökalp yazır: “Türk şairi Mehmet Emin bəyə türkçülüyü aşılayan, özünün söylədiyinə görə, - Şeyx Cəmaləddin Əfqanidir”. Fikrimizcə, yalnız milli ideologiyanın, Azərbaycançılığın formalaşmasında da Ş.C.Əfqaninin rolu    danılmazdır. Xüsusilə, Ə.Ağaoğlunun islamçılıq dünyagörüşünün yaranmasında, ümmətçilikdən millətçiliyə, ideologiyanın islamçılıqdan türkçülüyə keçməsinə Ş.C.Əfqaninin rolu böyük olmuşdur.

Şeyx Cəmaləddin Əfqaninin ideyalarını mənimsəyən bütün yaradıcılıqlarında ondan istifadə edən, onu özlərinin müəllimi hesab edən Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusuf Akçura, Ziya Gökalp, Məmməd Əmin Yurdagül, Məmməd Akif Ərsoy və “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” kimi ideoloji sistemi qəbul edən bütün mütəfəkkirlərlə yanaşı onun “islamçılığını” bütün reformist islamçılar da qəbul etmişlər.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Azad Azərbaycan.- 2014.- 2 may.- S.5.