İnsanın var-dövləti onun sağlamlığıdır 

 

 

Müasir elm-texnologiya əsrində insan çox az hərəkət edir. Fiziki fəallığa bəlkə də imkanı olmur, gününün çox hissəsini yazı masası arxasında, evdə televizorun qarşısında keçirir. Kompüter, internet həyatımıza daxil olandan sonra isə monitorun qarşısından əl çəkə bilmirik. Gəzməyə halımız, taqətimiz olmur. Evdən işə, görüşlərə, tədbirlərə, qonaqlıqlara avtomobillə gedib-gəlirik. Bütün bunlarsa insanın öz qamətinə işgəncə verməkdən başqa bir şey deyil.

Tibbi statistikaya görə, onurğaoynaq xəstəliklərinin 70 faizinin yaranma səbəbi insanların az hərəkətli həyat tərzi keçirməsi ilə bağlıdır. Bu baxımdan osteoxondroz - fəqərə sütunu xəstəliyi son zamanlar əhali arasında çox geniş yayılmışdır. Hazırda müxtəlif dərəcəli osteoxondrozdan şikayət etməyən az-az adama rast gələrik. Araşdırmalara görə, dünya əhalisinin 80 faizi bu və digər formada çoxlarının təhlükəsiz saydığı bu bəladan əziyyət çəkir. ÖzüYer kürəsində yaşayan insanların yarıdan çoxu bu xəstəliyə tutulduqlarının heç fərqində də deyil. Ən acınacaqlısı odur ki, xəstələr tibbi yardım üçün həkimlərə o qədər gec müraciət edirlər ki, bu da son məqamda cərrahi əməliyyatlarla nəticələnir. Vaxtında və düzgün müalicə edilməyən osteoxondroz, sadəcə, ciddi narahatlıq, ağrı demək deyil, həm də əlilliklə nəticələnə bilir. Tibb alimlərimizin fikrincə, 30 yaşdan sonra osteoxondrozun hər kəsdə olma ehtimalı var. Hazırda uşaqlarda müşahidə olunan onurğa sütunu problemləri - skolioz, kifoz, lordoz osteoxondroza apara bilər. Oğlanlara nisbətən qızlarda bu xəstəlik daha çox baş verir. Əsasən də 11-12 yaşlarında özünü göstərir.

Azərbaycan Respublikası Elmi-Tədqiqat TravmatologiyaOrtopediya İnstitutunun böyüklərin ortopediyası şöbəsinin elmi işçisi Toğrul Cəlilovla osteoxondrozun risk amilləri, əmələgəlmə səbəbləri, profilaktikası, müalicəsi haqqında xeyli söhbət etdik. T.Cəlilov öncə bildirdi ki, onurğa sütunu 32 fəqərədən ibarətdir. Müxtəlif formalı və ölçülü 7 boyun, 12 döş və 5 bel fəqərəsinin hər biri yuxarıdakı və aşağıdakı fəqərələrlə oynaq çıxıntıları vasitəsilə hərəkətli şəkildə birləşir və onların arasında amortizator rolunu oynayan elastik qığırdaqlar - fəqərəarası disklər yerləşir. Disklərin bu xüsusiyyəti onların quruluşu ilə bağlıdır - hər diskin mərkəzində jeleyəbənzər maddədən ibarət pulpoz nüvə yerləşir. Fəqərə sütununun belə quruluşu bədəni müxtəlif tərəflərə çevirməyə - qarşıya, arxaya əyməyə və s. imkan verir. 5 oma fəqərəsi isə biri digərinə birləşərək üzərinə böyük ağırlıq qəbul etməyə qadir olan vahid sümük təşkil edir. Fəqərə sütununun son hissəsi üç birləşmiş kiçik fəqərədən ibarət olan büzdümdür.

Fəqərəarası diskin jileyəbənzər nüvəsinin amortizasiya funksiyasını itirməsi, diskin özünün isə nazilərək tədricən dağılması prosesləri osteoxondroz xəstəliyinin əsasını təşkil edir. Osteoxondrozun inkişafı ilə bu proseslər dərinləşir və hətta fəqərələrin özüdeformasiyaya uğrayır.

Fəqərə sütununun daha bir əhəmiyyətli funksiyası üst-üstə yerləşən fəqərə dəliklərinin fəqərə sütunu boyunca təşkil etdiyi fəqərə kanalında olduqca mühüm bir orqanın  - onurğa beyninin olmasıdır. Onurğa beynindən çıxan, fəqərələrin aralarından keçərək daxili orqanlara, əzələlərə və sairədək uzanan sinirlər onların fəaliyyətində, hissiyyat funksiyalarında mühüm rol oynayır. Fəqərəarası diskin elastikliyinin itməsi, nazilməsi və ya dağılması səbəbi ilə jeleyəbənzər nüvənin yırtıq şəklində çıxması həmin sinirlərdən birininya bir neçəsinin sıxılmasına və nəticədə bədənin müxtəlif nahiyələrində və orqanlarında ağrılara, orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Ağrı osteoxondrozun əsas əlamətidir. O, bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları fəqərə sütununun zədələnmə  yerinə müvafiq olaraq fərqli xarakter daşıyır. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, döş qəfəsi, boyun, yuxarı ətraf ağrıları xasdır. Bəzən əllərin və hətta dilin keyləşməsi və soyuq olması hissi, səsin yoğunlaşması qeyd edilir. Döş nahiyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salına bilər. Fəqərə sütununun döş hissəsinin osteoxondrozu zamanı ürək, qaraciyər, mədə nahiyəsində güclü ağrılar qeyd olunur. Ən çox yayılmış bel hissəsinin osteoxondrozu zamanı isə bel nahiyəsində və aşağı ətraflarda güclü ağrılar, keyləşmə, soyuma hissi, bəzən hətta ayağın arıqlaması, cinsi zəiflik (kişilərdə impotensiya) müşahidə olunur. Vaxtında müalicə olunmadıqda osteoxondroz ətrafların parez və iflicinə gətirib çıxara bilir.

Osteoxondrozun əsas risk amilləri və əmələ gəlmə səbəblərindən danışan həkim Toğrul Cəlilov ilk növbədə irsiyyət faktorunu qeyd etdi. Onu da vurğuladı ki, osteoxondroza meyillilik irsi xarakter daşısa da, nəslində osteoxondroz halları olan insanlarda bu xəstəliyin əmələ gəlməsi mütləq deyil. Burada profilaktika da əhəmiyyətli yer tutur.

İkinci amil fəqərə sütununda yaşla bağlı dəyişikliklərlə bağlıdır. Fiziki fəallığın azlığı isə mühüm səbəblərdən biri kimi göstərilir. T.Cəlilov qeyd etdi ki, fəqərəarası disklərdə qan damarları olmur. Disk qidalandırıcı maddələri və oksigeni ətraf toxumalardan alır. Buna görə fiziki fəal insanlarda həmin toxumalarda qan dövranı və nəticə olaraq disklərin qidalanma prosesi daha güclü gedir. Hərəkət azlığının daha bir mənfi nəticəsi kürək və bel əzələlərinin zəifləməsidir. Belə halda bir sıra hərəkətlər, məsələn, ağır əşyaların qaldırılması zamanı əsas yük fəqərə sütununun üzərinə düşür.

Həddən artıq fiziki gərginlik də əsas risk amillərindən hesab olunur. Hərəkət azlığı kimi bu amil də zərərlidir - ağır əşyaları qaldırmaq və ya daşımaq, kəskin hərəkətlər, cəld və ya tez-tez edilən əyilmələr, idmançılara xas olan artıq fiziki gərginlik də onurğa sütununa mənfi təsir göstərir.

Uzun müddət oturaq vəziyyətdə və ya ayaqüstə qalmaq, məsələn, idarə işçilərinin, satıcıların əmək şəraiti kimi vəziyyətlər, tez-tez soyuqlamalar, soyuq və rütubətli otaqlarda qalmaqya işləmək də osteoxondrozun yaranma səbəbləri kimi qeyd edilir.

Artıq çəki fəqərə sütununa düşən yükü çoxaldır. Bud, bel, qarın nahiyələrində olan artıq piy xüsusən zərərlidir.

Osteoxondrozun profilaktikasına gəldikdə isə, ən vacib amillərdən biri düzgün qamətdir. Buna ciddi diqqət yetirmək, onurğanı düz tutmaq, çiyinləri irəliyə doğru bükməmək, əksinə, arxaya doğru açmaq lazımdır. Digər vacib amillərdən biri də mütəmadi fiziki aktivlikdir. Lakin ifrat dərəcədə fiziki gərginlik, ağır məşqlər, o cümlədən əzələ kütləsinin artırılmasına yönəlmiş bir sıra çalışmalar fəqərə sütunu üçün olduqca ziyanlıdır.

"Ağır yükləri qaldırmaq və daşımaq fəqərə sütununa mənfi təsir göstərir. Əgər hər hansı ağır əşyanı qaldırmaq tələb olunursa, onu əyilərək yerdən götürmək olmaz, dizləri bükərək oturmaqbeli düz tutaraq qaldırmaq lazımdır. Belə halda fəqərə sütunu daha az yüklənir" - deyə Toğrul Cəlilov qeyd etdi. Daha sonra bildirdi ki, ev işləri görərkən qadınlar mümkün qədər az əyilməli və bu vəziyyətdə imkan daxilində az işləməlidirlər. Yelçəkəndən və soyuqlamadan qorunmaq lazımdır. Orqanizmin susuzlaşmasına yol vermək olmaz. Fəqərəarası disklərin sağlamlığı üçün maye olduqca vacibdir.

Yazı stolu arxasında və ya kompüterdə zamanı hər 30-45 dəqiqədən bir qalxaraq yüngül çalışmalar etmək - gəzişmək, bədənin açılması üçün hərəkətlər vacibdir. Osteoxondrozun ilk əlamətləri baş verdikdə dərhal həkimə müraciət edilməlidir.

Osteoxondrozun müalicəsi haqqında danışan T.Cəlilov bildirdi ki, son illər xondroprotektorlardan daha geniş istifadə olunur. Ümumiyyətlə, tərəfimizdən problemə dair yeni baxışlar işlənib və burada ortopedik rejimə, qidalanmaya və hərəkət qiqiyenasına mühüm yer ayrılır.

Bir sözlə, osteoxrondroza tutulmamaq üçün passiv həyatla vidalaşmaq lazımdır

 

Sovqat Məhəmmədqızı

Azad Azərbaycan.- 2014.- 25 noyabr.- S.7.