“Qürbətin doğma
məzarları” - Ömrünü soyuq daxmada başa
vuran Cümhuriyyət generalı
Çar Rusiyasının müxtəlif ərazilərində (əsasən də Türkmənistanda) hərbi xidmət keçmiş bu azərbaycanlı general istefa verəndən az sonra I Dünya Müharibəsi başlayır və o, yenidən zabit formasını geyinib, savaşa yollanır. Çar Rusiyası devriləndən sonra isə Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti bərqərar olduqda Xoyskinin rəhbərlik etdiyi milli hökumət gənc generalı yeni qurulan Daxili İşlər Nazirliyinə nazir müavini kimi dəvət edir. O zaman heç kim inanmazdı ki, 10 minə yaxın polisə rəhbərlik edən bu zabit vaxt gələcək Ukraynanın məşhur professor-şərqşünası olacaq və hətta elə bir vaxt gələcək ki, o, soyuq bir daxmada həyatına vida deyəcək.
Modern.az saytının “Qürbətin doğma məzarları” rubrikasında bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 21 generalından biri olan, milli hökumətdə daxili işlər nazirinin müavini olmuş general-mayor, Ukraynanın Lvov Universitetinin professoru Məmmədsadıq bəy Ağabəyzadədən danışılacaq.
Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub.
1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb, 10 il keçdikdən sonra - 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə verərək Sankt-Peterburq şəhərində Şərq Dilləri İnstitutuna qəbul olur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib.
1913-cü ildə Sadıq bəy xəstəliyinə görə general-mayor rütbəsində istefaya çıxıb.
O, Cümhuriyyətin 21 generalı arasında elm xadimi olması ilə fərqlənirdi.
Həm o zaman, həm
də indiki dönəmdə Sadıq bəy
bir döyüş
generalından çox, alim
kimi xatırlanmaqdadır. Heç
kəsin ağlına gəlməzdi ki, çar ordusunun Türkmənistana
xidmətə göndərdiyi bir zabit ora gedib
türkmənlərin, ümumən türklərin tarixi rəvayətlərini,
dastanlarını, əsatirlərini toplamaqla
məşğul olacaq. Amma
o bunu edib.
Topladığı materialları bir yerə
yığaraq “Türkmən ləhcəsi” adlı bir dərslik tərtib edib.
Şərq elmləri, türk tarixi üzərində araşdırmalar onu hərbdən get-gedə soyudub.
Nəhayət o, 1913-cü ildə
Türkmənistandan başqa yerə təyinat
alan zaman istefa vermək
qərarına gəlir. Bu zaman 48 yaşlı zabit artıq rus ordusunun tək-tük türk generallarından biri idi. General-mayor rütbəsində
istefa verən Sadıq bəy
I Dünya Müharibəsi başladıqda kənarda
qalmağı öz “çiyin”lərinə
yaraşdırmır. Səhhətində ağır problem yaşamasına
baxmayaraq, savaşa qatılır. Tam olmasa
da, 2 il
rus ordusuna qulluq edir. 1916-cı ildə isə ağır xəstəlik
səbəbindən tərxis
olunur və hərbdən uzaqlaşaraq
doğma Göyçaya
qayıdır...
Cümhuriyyət generalı
Azərbaycan hərb tarixi üzrə mütəxəssis,
ehtiyatda olan polkovnik-leytenant Şəmistan
Nəzirli onun haqda belə deyir:
“Ümumiyyətlə, o general kimi Şıxlinskiyə, Mehmandarova, İbrahim Vəkilova baxanda elə də güclü general olmayıb. Amma şərqşünas
kimi çox əla alim idi.
O gün televizorda da onun haqqında
danışdılar. Deyirdilər
ki, o, guya Xalq Cümhuriyyətinin müdafiə naziri olub. Bu boyda yalan olmaz axı.
O, ADR-in daxili işlər
nazirinin müavini oldu. O da bir
neçə aylıq.
Səhhəti imkan vermirdi
ki, işləsin.
Ümumiyyətlə, çox cansız
insan idi. Sonradan da ancaq elmlə
məşğul oldu.
Lvovda tələbələri son günə
qədər ona yaxşı baxdılar”.
Hərb tarixçimizə etiraz etmək fikrimiz yoxdur. Onun elmə marağı hərb marağına
güc gələ bilər. Amma bu o demək
deyildi ki, Ağabəyzadə hərbçi
kimi parlaq fəaliyyətə malik olmayıb. Təsəvvür
edin ki, azərbaycanlıların hərbiyə
çağırılmadığı bir dönəmdə çox az bir
müddətdə çar
ordusunun “əjdaha”ları
arasında general rütbəsinə
qədər yüksələn
Sadıq bəyi milli hökumətə birbaşa nazir müavini kimi işə dəvət edilib. O polis və güc orqanlarında müəyyən islahatlar
apara bilib. Amerika prezidentinin gənc Azərbaycan dövlətinə
göndərdiyi şəxsi
nümayəndəsi olan
generalı da məhz Sadıq bəy qarşılayıb.
Həmin
general da Hacı Zeynalabdin Tağıyevin evində bütün rəhbərləri bir qırağa qoyaraq ancaq onun sağlığına
badə qaldırıb.
Lvovun yediyi professor
“General-mayor Ağabəyzadə şərqşünas alim
kimi daha çox məşhurdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində
daxili işlər nazirinin müavini olub. 1920-ci ildə
İstanbula, əmisi oğlu, professor Əli bəy Hüseynzadənin yanına gedib. Bir il orada yaşadıqdan sonra Fransaya mühacirətə gedib.
Ali məktəblərdə fars və
türk dillərindən
dərs deyən Məmmədsadıq bəy
fransızcanı da gözəl bilirdi. Bəxtinə cəlayi-vətənlik düşən görkəmli
Azərbaycan oğlu Məmmədsadıq bəy
Ağabəyzadə 1927-ci ildən
Lvov universitetinin professoru
Ziqmund Smoqjevskinin dəvəti ilə Lvov universitetində işləyib.
O, ərəb, fars, türk dillərindən dərs deyir, İslam paleoqrafiyasını, epiqrafiyasını
və kaliqrafiyasını
tədris edirdi. Məşhur
polyak şərqşünasları
Teofil Volodarski, Olqa Bak, Tadeuş
Levitsin və başqaları həmyerlimiz,
general-professor Məmmədsadıq bəyin yetirmələri olub. Hərbi fəaliyyətilə yanaşı,
şərqşünas kimi
də böyük şöhrət qazanan Ağabəyzadə 1904-cü ildə
rus dilində “Türkmən ləhcəsi”,
1931-ci ildə polyak dilində «Türk dili», 1932-ci ildə “Fars dili”, 1934-cü ildə “Ərəb dilinin qrammatikası” kimi sanballı əsərlərini nəşr
etdirib. 1944-cü ildə Lvov şəhəri
faşistlər tərəfindən
alınanda bir alman zabiti tənha
yaşayan professor Məmmədsadıq
bəyin mənzilini öz qərargahına çevirir. Yarıqaranlıq, nəmli zirzəmiyə köçən Məmmədsadıq
bəyin zəif vücudu daha da pisləşir. Elm fədaisi və
müsavat generalı Məmmədsadıq bəy
Ağabəyzadəni 1944- cü
il noyabrın 8-də sevimli tələbəsi Tadeuş Levitski Lvov şəhər qəbiristanlığında
dəfn edib”.
Sadıq bəyin ömrünün
son illəri əzab içində keçib. Faşist işğalı
zamanı hitlerçilər
qocaman alimi öz mənzilindən çıxarırlar. O, pis
qızdırılan, çox
soyuq və şəraitsiz yerdə
yaşamalı olur. Sadıq bəy Ağabəyzadə
1943-cü ildə ağır
xəstələnir və
9 oktyabr 1944-cü ildə
Lvov azad ediləndən
sonra vəfat edir. Son günlərində
tələbəsi Olqa
Bak və onun əri alimin
qayğısını çəkir.
Ömrünün sonunda yazdığı
bu vəsiyyət onun qürbət taleyi haqqında hər şeyi özündə əks etdirir:
“Əgər qardaşlarım gəlib
çıxmasalar, onda
nəyim varsa, T.Levitskiyə qoyub gedirəm. Mənə uzun müddətli sədaqətli xidmətinə
görə pani Severina Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya
yüz zlot, Olqa Voşçaka, mənim şagirdimə bir kitab və
istədiyi üç
qramafon val
verərsiniz”.
Bu əslində qürbətin
yazdırdığı bir
epiloqdur. Çar generalının, universitet professorunun həyat epiloqu məhz bununla bitməli idi. Qürbətdə hamıdan
əli üzülmüş
və bircə tələbəsi Levitskidən
asılı qalan bir ömrün epiloqu nə qədər də təsirlidir...
Elmin Nuri
Azad Azərbaycan.- 2014.- 1 oktyabr.- S.6.