Baş katibin ailəsində kim var kim yox
Andropovun
xanım agenti Brejnevi necə ələ aldı
Oktyabrın 14-də Leonid İliç Brejnevin hakimiyyətə gəlməsindən 50 il ötür. O,
1964-cü ildən 1982-ci ilədək
sovet dövlətinin rəhbəri (Sov.İKP
MK-nın baş katibi və daha sonra həmdə
SSRİ Ali Soveti Rəyasət
Heyətinin sədri) olub. AzadlıqRadiosu Natalya
Murqanın «Komsomolskaya pravda»
qəzetində dərc
olunmuş «Baş katibin ailəsində kim var,
kim yox...» məqaləsini bəzi qısaltmalarla diqqətə
yetirir.
«Əziz Leonid İliç»in
və arvadı Viktoriya Petrovnanın iki uşağı olub –
Qalina və
Yuri. Qalina 3 dəfə
rəsmi ərə gedib: sirk artisti
Yevgeni Milayevə (tək qızı Viktoriya Milayevanı ondan doğub), illüzionist-gözbağlayıcı İqor Kioya və DİN podpolkovniki
Yuri Çurbanova.
Viktoriya Milayeva Mixail Filippova ərə gedib və 1973-cü ildə Qalinanı dünyaya gətirib. Nikah tezliklə
pozulub və Brejnevin nəvəsi 2-ci dəfə şəxsi həyatını qurmağa
cəhd göstərib.
Onun 2-ci əri Gennadi Varakuta balaca Qalinaya öz qızı kimi baxıb.
1982-ci ildə – Leonid İliçin
ölümündən sonra
ailənin qara günləri başlanıb. Qalinanın əri
Yuri Çurbanovu əvvəlcə
bütün vəzifələrindən
çıxarıblar. Daha sonra onu korrupsiyada
suçlayaraq həbs
ediblər. Qalina
Leonidovnanın özü
tədricən içki
düşkününə çevrilib və 1998-ci il iyunun
29-da ruh xəstələri
klinikasında keçinib.
Brejnevin
qızı Qalina əri - SSRİ daxili işlər nazirinin müavini Yuri Çurbanovla
birlikdə - 1981
Viktoriyanın işsiz qalan əri Mixail Filippov bizneslə məşğul olmağa
qərar versə də, bəxti gətirməyib, olan-qalanını
da itirib. Nikah pozulub.
Brejnevin qızı Qalina xəttindən törəmələri
oğlu Yuri xəttindən
qohumlarıyla danışmırlar
(Yuri 2013-cü ildə dünyasını
dəyişib. Onun Leonid və Andrey
adlı 2 oğlu qalıb).
«NİNA
ONUN CƏBHƏ EHTİRASINI OYADIRDI»
Brejnevin şəxsi tibb bacısı Nina Korovyakova
son illərini tam tənhalıqda
keçirib. İki il öncə
(2012-ci ildə-tərc.) onun
ölümündən yalnız
ən yaxın qohumları xəbər tutmuşdu. Korovyakova 1970-ci illərin əvvəllərində
Brejnevin şəxsi tibb bacısı olmuşdu. O vaxtlar yaşı 40 civarındaydı,
Brejnevinsə yaşı
60-ı xeyli ötmüşdü.
«Nina Aleksandrovna ilə
hələ əvvəllərdən
– o, 4-cü Baş İdarə
nəzdindəki poliklinikaya
– Brejnevin yanına keçməzdən öncə
birgə çalışmışam»,
– Korovyakovanı əvəzləyən
sonuncu tibb bacısı Valentina Leleko belə deyir. «Aşırı ambisiyalı
və özündənrazı
bir peşəkar idi, – axtardığını
havada tutan, sivişkən, istədiyinə
çatan, dikbaş...».
Moskva həndəvərində
bir xatirə lövhəsi diqqət çəkəcək – Baş
katibi tibb bacısı Nina Korovyakovanın
ağuşunda göstərən
bir lövhə.
Leonid Brejnev və tibb bacısı Nina
Heç şübhəsiz, Korovyakova
Leonid İliçin çox
xoşuna gəlirdi. O bunu heç gizlətmirdi də. Arvadı Viktoriya Petrovna
bundan çox hirslənirdi. Xanım
Brejneva ailə həyatında özünü
əsas adam
sayır və nikahını qorumaq naminə ölümünə
çarpışırdı.
Baş katibin şəxsi fotoqrafı
Vladimir Musaelyanın xatirələrinə
görə, tibb bacısı Korovyakovaya baxanda, Leonid İliç savaş illərində çox sevdiyi həkim Tamaranı yada salırmış. Brejnev bu
həkimi cəbhədən
evinə gətirmişdi.
O vaxt arvadı bu «yeni sevgili»dən
onları rahat buraxmasını istəmiş,
«bax, bizim 2 uşağımız var,
axı!..» – demiş və
nikahını qoruya bilmişdi. Deyilənə
görə, Brejnev Tamaranı yola salarkən, yerindən tərpənən qatarın
ardınca qaçır
və ağlayırmış...
Brejnev ovda
UYUŞDURUCU
ƏHVALATI
«1975-ci ildən məni Leonid İliçin şəxsi
həkimi təyin etdilər», – təbib Mixail Kosırev
«Komsomolskaya pravda»ya danışır.
«Şəxsi tibb bacısının
Leonid İliçdən ötrü
nə demək olduğunu anlayanda, mat qalmışdım! Bütün həkimlərin
önündə divara
çevrilmişdi.
Brejnevin boğazını, burnunu,
gözünü də
özü sağaldır,
qulağını da özü yuyub-təmizləyirdi. Diş ağrısını ovxalamaqla,
otla kəsirdi… Leonid İliç, heç bir sərhəd bilmədən,
ona güvənirdi.
Bu tibb bacısının
bel əl-qol açmasına Brejnevin rəhmətlik şəxsi
həkimi Nikolay Rodionov imkan yaratmışdı. Rodionov yaşlı
və xəstəhal idi. Görünür, Leonid İliçə baxmaqdan bezdiyinə görə, bütün işləri tibb bacısına tapşırmışdı.
O da tezcə anlamışdı ki, baş katibi öz maraqlarına görə fırlaya bilər.
Moskvada ev aldırmışdı,
qızını işə
düzəltdirmişdi, ərinin
rütbəsini kapitanlıqdan
generallığacan yüksəltdirmişdi.
Brejnev hər yana onunla
gedər, ona xaricdən gətirilmə
pal-paltar bağışlardı.
Bu tibb bacısının
verdiyi yuxu dərmanı Brejnevin sağlamlığını çökdürmüşdü.
Şəxsi həkim resept
yazmırdı, amma Korovyakova nə yollasa Brejnevə dərman verərdi. Beləcə,
Leonid İliç asılı
duruma düşmüşdü.
Tibb bacısının güclü
təsir göstərən
narkotik maddələri
necə ələ keçirməsi bugünədək
sirr qalır.
Mən bu barədə Yevgeni Çazovla (o dönəmlər SSRİ Səhiyyə Nazirliyi nəzdində
4-cü Baş İdarənin
rəisi çalışan
məşhur kardioloqla
– tərc.) danışmışam.
Tibb bacısı məsələsindən
Siyasi Büro üzvlərinin hamısı
xəbər tutubmuş.
Yekdil fikir də varmış: onu işdən çıxarmaq lazımdır,
amma... Leonid İliçin
bunu ürəyinə
salmaması şərtiylə.
Nina Korovyakova
Yavaş-yavaş, xarici səfərlərə onu
aparmamağa başladılar.
Məsələn, Polşaya getməyə
qoymadılar. 1976-cı
ildə Korovyakovaya başqa işə keçirildiyi bildirildi.
O, Leonid İliçlə görüş
tələb etdi. Küçədə belə bir vida görüşü təşkil olundu. Çazov Brejnevin qolundan yapışmışdı. Onları mühafizəçilər dövrəyə
almışdılar. Nina nəsə deməyə cəhd göstərsə
də, sözünü
kəsdilər və
o dəqiqə Brejnevi
döndərib evə
apardılar…
Ayrılıq Brejnevi çox üzürdü. Əzab çəkir, Ninadan
ötrü darıxır,
tez-tez onu soruşurdu. Daha sonra,
necə oldusa, sürətlə qocaldı.
Ninanı 4-cü İdarənin nəzdindəki
xüsusi yeməkxanaya
diyetik tibb bacısı işinə keçirmişdilər, sonra
elə ordan da təqaüdə çıxdı. Dörd il əvvəl
onunla təsadüfən
bir mağazada rastlaşdım. Çətinliklə tanıdım – belibükük
qarıya çevrilmişdi.
O yaraşıqlı, düzqamətli,
həmişə başıdik
gəzən qadından
əsər-əlamət qalmamışdı».
Leonid Brejnev ABŞ prezidenti Niksonun qəbulunda - 1973
ANDROPOVUN
QADIN AGENTİ
«Bu tibb bacısı əhvalatı dillərdə
gəzirdi», – istefada olan DTK (KQB) generalı Gennadi Bazıl «Komsomolskaya
Pravda»ya danışır.
«Bir dəfə Brejnevin həkimlərindən 70 yaşlı adamla eşq oyunu oynamağın mümkünlük
dərəcəsini soruşdum.
Cavab verdilər ki, Brejnevin kişi
funksiyaları qaydasındaymış…
Mənə o qadının KQB agenti olduğunu da söylədilər.
Xəbərçi rolunu oynayır
və Andropova (DTK-KQB-nin ovaxtkı sədri – tərc.) Brejnevin nə ilə nəfəs aldığını,
nə danışdığını,
kimlərlə görüşdüyünü
bildirirmiş.
– Amma elə Andropovun
da onu işdən
çıxardığını deyirlər, axı. Düz demirlər?
– Bir mərhələdə
o, işini yaxşı
görürmüş. Amma biri
var, qadın agent obyektə özünü
sevdirsin, biri də var, özü
obyektə vurulsun.
KQB-yə məlumat
çatdı ki, Korovyakova Brejnevə imzalanmağa verilən bütün sənədləri
öz təşəbbüsü
ilə oxuyur. Leonid İliç onunla dövlət məsələlərini məsləhətləşirmiş.
Qadın
ərindən də boşanmağa hazırlaşırmış.
Əri yüksək məclislərdə o ki var içir və deyirdi ki, arvadının Brejnevlə intim bağlantısı var! Artıq başqa yol qalmamışdı: bu məsələyə
son vermək lazım idi.
Azad Azərbaycan.- 2014.- 15 oktyabr.- S.6.