Cəmahiriyyə qardaşlarının
lideri - Muammər Qəzzafinin üçüncü
dünyası
«Qəzzafi iki şəxsin təsiri altında formalaşıb - Məhəmməd peyğəmbər və Kamal Abdul Nasar»
Məhəmməd Həsəneyn Heyqal. «Əl-Əhrəm» qəzetinin naşiri
«Mən öz tərəfdarlarımı bütün xarici işğalçılara qarşı bu gün də, sabah da və həmişə vuruşmağa çağırıram. Biz hətta bu gün qalib gəlməsək də, gələcək nəsillərə dərs verəcəyik. Öz xalqını müdafiə etməkdən böyük şərəf yoxdur. Öz xalqını satanlar isə ən böyük xəyanətkarlardır».
Muammər Qəzzafinin vəsiyyətindən
2011-ci il oktyabrın 20-də üsyançılar tərəfindən öldürülmüş Liviya lideri Muammər Qəzzafinin, onun oğlu Mütəsim və Müdafiə naziri Əbu Bəkr Caberin meyitləri Misurat şəhərinə gətirildi və 4 gün müddətində meyitləri ticarət mərkəzindəki soyuducuda hər kəsə nümayiş etdirdilər. Oktyabrın 25-də sübh çağında cəsədləri səhraya aparıb orda gizli şəkildə basdırdılar. Liviyanı 42 il idarə etmiş polkovnik Qəzzafinin epoxası faciəvi şəkildə sona çatdı.
Liviya solçularının 23 yaşlı lideri
1969-cu ilin avqustun ortalarında Liviya kralı İdris müalicə olunmaq üçün Türkiyəyə yola düşdü. Kralın olmadığı müddətə taxta vəlihəd şahzadə vəkalət etdi. Bundan əvvəl kral ailəsini yanına almadan ölkəni tərk etməmişdi və Türkiyəyə kralın tək yola düşməsi dövlət ərkanı üçün onun tezliklə ölkəyə dönməsinin göstəricisi idi.
79 yaşlı kral İdris ölkəni tərk etmək üçün doğru zamanı seçə bilməmişdi. Uzun müddətdi ki, orduda iki ayrı qrup çevriliş etmək üçün hazırlıq içində idi. Birinci qrupa polkovnik Əbdül Əziz Şelhi rəhbərlik edirdi və yüksək çinli zabitlərin toplaşdığı bu qrup kralın ölkəni tərk etməsini fürsət bilib hərəkətə keçməyi daha doğru bilmişdi.
İkinci qrup isə «Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı» adlanırdı. «Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı» 1964-cü ildə Aralıq dənizi sahilində yerləşən balaca Tolmeyt qəsəbəsində 23 yaşlı gənc leytnant Muammər Qəzzafinin rəhbərliyi altında yaradılmışdı. Tolmeytdə keçirilən gənc liviyalı zabitlərin qurultayında Misir inqilabının şüarı, «Azadlıq, Sosializm, Birlik», şüarı gənc zabitlərin devizi olaraq qəbul edildi. Elə təşkilatın adı da bu şüardan götürüldü. Gənc Qəzzafi panarabist hərəkatının lideri və Misir inqilabının rəhbəri Kamal Abdul Nasarın vurğunu idi və yarım əsr boyunca bütün siyasi həyatını Nasarın ideylarının reallaşmasına sərf edəcəkdi.
Qurultayda qərara alındı ki, gənc zabitlər Liviyada çevriliş edib sosialist cəmiyyəti qurmaq üçün hərtərəfli fəaliyyətə başlasınlar. Bundan başqa qurultay gənc zabitlərin qarşısına bir neçə tələb də qoydu. Zabitlər dini qaydalara riayət etməli, çevrilişin gizliliyini təmin etmək üçün içkidən və qumardan imtina etməli və əyləncə mərkəzlərini getməməliydilər. Mərkəzi Komitə gənc zabit Muammər Qəzzafiyə xüsusi səlahiyyətlər verdi.
Qurultaydan sonra Qəzzafi ayrı-ayrı qruplar formalaşdırdı. Həmin qrupların heyətini və məqsədlərini ancaq Qəzzafi bilirdi və hər bir qrup digər qrupun fəaliyyətindən xəbərsizdi. Tezliklə hələ dünən kursant olan gənc zabitlər Liviya ordusunun bütün bölmələrində xidmətə başladılar. Onlar hər ay Qəzzafiyə hesabat verir və ondan təlimat alırdılar.
Qəzzafi X gününü gözləyir
1969-cu ilin əvvəlində artıq çevrilişi həyata keçirmək üçün hər şey hazırdı. Amma Qəzzafi tələsmirdi. O çevrilişin uğursuzluğa düçar olacağından qorxurdu. Qəzzafiyə görə uğurlu fürsəti yaradacaq X gününü gözləmək daha doğru idi. Qəzzafi çevrilişi həyata keçirmək üçün detallı plan hazırlamışdı və hər yerdə gənc zabitlər ondan gələcək siqnalı gözləyirdilər.
Çevrilişə hazırlıq hər yerdə aparılırdı və mart ayından avqustun sonuna qədər zabitlər Qəzzafidən gələcək olan siqnalı gözlədilər. Bu həddindən artıq çətindi. Çünki onların varlığı hər an ifşa oluna bilərdi və artıq polkovnik Əbdül Əziz Şelhinin rəhbərliyində çevriliş etmək istəyən və birinci qrup onların varlığından xəbərdar olmuşdu. Şelhi hətta Qəzzafinin qrupunun bəlli fəallarını xaricə təhsil almağa yollamaq üçün krala məktub belə təqdim etmişdi. Və nəhayət gözlənilən siqnal 1969-cu ilin sentyabrın 31-də verildi. Qəzzafinin gözlədiyi X günü gəlmişdi.
Qəzzafinin qansız inqilabı
Kral İdris ölkəni tərk etdikdən sonra Qəzzafiyə daxil olan məlumatlarda polkovnik Əbdül Əziz Şelhinin sentyabırın 15-də hakimiyyəti ələ keçirmək üçün hər şeyi hazırladığı bildirilirdi. Çevrilişdən sonra Liviyanın prezidenti polkovnik Əbdül Əziz Şelhinin qardaşı Ömər Şelhi olacaqdı. Kralın qardaşı oğlu vitse-prezident, polkovnik özü isə müdafiə naziri olacaqdı.
Artıq dayanmaq olmazdı. 28 yaşına dolan kapitan Muammər Qəzzafi yaxşı başa düşürdü ki, gözlənilən X günü çatıb. Ya indi, ya da heç bir zaman.
1969-cu ildə sentyabırın 1-ə keçən gecə saat 2.30-da ölkənin bütün əsgərlər kazarmalarından çıxdılar. Hərbiçilər kolon halında dövlət binalarına tərəf hərəkət edirdilər. Hər bir dəstənin qarşısına təyin olunmuş vəzifə qoyulmuşdu və bu vəzifə 4.30-a qədər icra olunmalıydı. Qəzzafi çevrilişi həyata keçirmək üçün əsgərlərə 2 saat vaxt ayırmışdı. Ən qəribəsi o idi ki, dəstə rəhbərlərindən başqa Qəzzafi haqqında heç kim eşiməmişdi və çevrilişin lideri həyata keçirdiyi çevrilişdə adi əmrə tabe bir zabit kimi hərəkət edirdi. Hətta onun daxil olduğu dəstəyə o özü yox, yaxın silahdaşı Muqareyf rəhbərlik edirdi.
Muqareyfin dəstəsinin üzərinə qoyulan vəzifə radiostansiyanı ələ keçirmək idi. Radiostansiya saat dörddə bir güllə belə atılmadan ələ keçirildi. Hər şey planlandığı kimi gedirdi. Heç bir əskiklik görünmürdü.
Səhər saatlarında Qəzzafi radiodan Liviya xalqına müraciət etdi. Sonradan tarixə «Kommuyike ¹1» adı ilə keçən həmin müraciəti Qəzzafi bir neçə ay əvvəl hazırlamışdı. Həmin müraciətdə Liviya Krallığı Liviya Ərəb Respublikası elan olunurdu. Artıq Liviyanı kral İdris deyil, Liviya xalqı idarə edəcəkdi.
Kral İdrisin sarayı da heç bir güllə atılmadan ələ keçirildi. Keşikçilər yatırdı və sarayın hasarını aşan 25 əsgər mühafizəçiləri çətinlik çəkmədən ələ keçirdi. Amma əsgərlər sarayda vəliəhd şahzadəni tapa bilmədilər. Sonunda ümidlərini üzüb şahzadənin kimlərsə tərəfindən saraydan çıxarıldığını düşündülər. Bu çevrilişin uğursuzluqla nəticələnməsi, Liviyada vətəndaş müharibəsinin yaranmasına səbəb ola bilərdi. Vəliəhdin xalqa və orduya müraciəti ordunu parçalayacaq, həmçinin polkovnik Şeyhinin qrupu vəliəhdə dəstək verəcəkdi.
Təcili olaraq saraya gələn və Qəzzafinin yaxın silahdaşlarından olan Həririnin qrupu axtarışları yenilədi. Nəyin bahasına olursa-olsun şahzadə ələ keçirilməliydi. Yenə də axtarış heç bir nəticə vermədi və Həriri artıq radiostansiyaya geri dönmək istərkən səhər alaqaranlığında əsgərlərdən biri təsadüfən şahzadə ilə toqquşdu. Gecənin qaranlığında sarayın çardağında gizlənən şahzadə yeni sığınacaq axtararkən əsgərlə üz-üzə gəlmişdi. Həriri yuxarı qalxıb şahzadəni həbs etdi. Bir neçə saat sonra vəliəhd şahzadə xalqa müraciət edərək taxtdan imtina etdiyini bəyan etdi.
Elə həmin gecə Liviyanın iki əsas şəhəri, Benqazi və Tripoli tam olaraq Qəzzafinin nəzarətinə keçdi.
Çevrilişin qansız başa çatmasına baxmayaraq, Qəzzafi narahatlığını gizlətmirdi. Hələ ölkənin əsas şəhərlərindən olan Beyd və Sebh şəhərlərini nəzarətə almadan çevrilişi uğurlu adlandırmaq olmazdı. Üstəlik Nazirlər Kabineti Sebh şəhərində yerləşirdi. Bundan başqa ölkədə ABŞ-ın və Britaniyanın hərbi bazaları vardı və bu hərbi bazalar öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı altında Liviyanın daxili işinə qarışa bilər və kral İdrisi taxtına geri qaytara bilərdilər. Qəzzafinin ilk əmrlərindən biri bütün ordu rəhbərliyinin və nazirlərin həbs edilməsi barədə oldu.
Sentyabrın 1-də Liviyada monarxiya ortadan qaldırıldı. Yeni elan olunan ərəb respublikasında müvəqqəti olaraq hakimiyyət İnqilab Komandanlığı Şurasına (İKŞ) verildi. Lakin heç kim bu Şuraya kimlərin üzv olduğunu və kimin Şuraya rəhbərlik etdiyini bilmirdi. Ölkədə çevriliş olmasına baxmayaraq Liviyada həyat öz axarı ilə davam edirdi. Sanki bu ölkədə çevriliş olmamış və monarxiya devrilməmişdi. Liviyada o qədər sakitlikdi ki, hətta bir neçə gündən sonra İKŞ böyük şəhərlərdə elan olunmuş fövqəladə vəziyyəti ləğv elədi. Hərbi hissələr öz kazarmalarına qayıtdı.
Sentyabrın 8-də Liviya özünün yeni baş naziri ilə tanış oldu. İnqilab Komandanlığı Şurasının təyin etdiyi yeni kabinetə Mahmud Süleyman əl-Məqribi başçılıq edirdi.
Ancaq sentyabrın 13-də dünya və Liviya xalqı inqilabın rəhbərinin adını ilk dəfə eşitdi. İnqilab Komandanlığı Şurasının sədri heç kimin tanımadığı Müammər Qəzzafi adlı bir gəncdi. Şuranın sədri elan olunmamışdan əvvəl Şura ona polkovnik rütbəsi vermişdi. İnqilab Komandanlığı Şurasında 11 zabit vardı və bu zabitlərin demək olar ki, hamısı Qəzzafinin yaşıdları idi.
Sentyabrın 16-da Qəzzafi Tripolidəki mitinqdə çıxış edərək yeni rejimin əsas siyasi kursunu idarə etdi.
1. Xarici hərbi bazaların Liviya ərazilərindən tam olaraq çıxarılması;
2. Tərəflərə qoşulmamaq və pozitiv bitərəflik;
3. Milli
birlik;
4. Ərəb
birliyinə nail olmaq;
5. Siyasi
partiyaların ləğv olunması.
Liviya 28 yaşlı bir bədəvi gəncin ayaqları
altına atılmışdı və bu gənc yarım əsrə
yaxın qədim Liviyanı idarə edəcəkdi. Tezliklə
onun hakimiyyətini bütün dünya birliyi tanıyacaq və
ümidləri hər yerdən üzülən kral İdris
adi Liviya vətəndaşı kimi Misirdə yaşayacaq və
1983-cü ildə burda 93 yaşında vəfat edəcəkdi.
28
yaşına dolan yeni Liviya lideri isə öz sonunu xəyal
belə edə bilmirdi…
Qəzzafinin
gəncliyi
Heç kimin gözləmədiyi halda Liviyada hakimiyyəti
ələ keçirən 28 yaşlı Müammər Qəzzafi
1942-ci ilin 19 iyulunda Siirt şəhərindən 30 km cənubda,
çöldə qurulmuş bir bədəvi
çadırında dünyaya gözünü
açmışdı. Qəzzafilər ərəbləşmiş
bərbər tayfası olan Qəzzaf qəbiləsinə aiddilər.
Buna baxmayaraq Qəzzafi həmişə
özünü təmiz qanlı ərəb hesab edirdi. Bir ərəb millətçisi olaraq Qəzzafinin əsas
idealı bütün ərəb dövlətlərini birləşdirmək
və Ərəb Xalq Cümhuriyyəti yaratmaqdı. O
üsyançı müxaliflər tərəfindən
linç edildiyi günə qədər bu idealla yaşadı
və dəfələrlə bu ideya naminə müxtəlif
avantüralara baş vurdu.
O ailənin
axırıncı və tək oğlan uşağı idi. Atası kasıb bir bədəviydi, tez-tez
yaşayış yerini dəyişirdi. Elə
bu üzdən də 9 yaşında məktəbə gedən
Muammər 3 məktəb dəyişməyə məcbur
olmuşdu. Atası daha sonralar oğlunun məktəb illərini
belə xatırlayırdı: «Mənim oğluma bir künc
tutmaq üçün pulum yoxdu. Ona görə
də onu arxamca sürüməyə məcburdum. O məktəbə
getdiyi zaman məsciddə gecələyir və istirahət
günləri səhrada 30 km yolu qət edərək
yanımıza gəlirdi».
Yeniyetməlik illərində Qəzzafi Misir
inqilabının və panarabizm ideyasının lideri, Misir
prezidenti Kamal Abdul Nasarın qızğın fanatına
çevrilir.
Hələ 14 yaşında Muammər siyasətə
meyl etməyə başlayır. 1956-cı
ildən başlayaraq Qəzzafi antiisrail mitinqlərində
iştirak etməyə başlayır. 1959-cu
ildə Sebh şəhərində yaradılan gizli antiisrail təşkilatının
əsas aktivistlərindən biri olur. 1961-ci
ildə Muammər siyasi fəaliyyətinə görə Sebh
internat məktəbindən qovulur. Buna
baxmayaraq Qəzzafi 1962-ci ildə Benqazi Universitetinin tarix
fakültəsinə daxil olur. Universiteti
leytenant rütbəsi ilə bitirən Qəzzafi Britaniyada hərbi
hazırlıq keçir və bundan sonra ona kapitan rütbəsi
verilir.
1964-cü
ildə 23 yaşına dolan kapitan Muammər Qəzzafi «Azad
Zabitlərin Yunonist-Sosialist Təşkilatı»nı
yaradır. Beş ildən sonra özü
yaşında olan zabitlərin süngüsü və iradəsi
onu Liviyanının mütləq hakiminə çevirəcəkdi
və bu mütləq hakimiyyət 40 ildən artıq davam edəcəkdi.
Qəzzafinin
3-cü dünyası - Cəmahiriyyə, ərəb sosializmi
Qahirədə
nəşr olunan və ərəb dünyasının «Nyu
York Tayms»ı olaraq bilinən «Əl-Əhrəm» qəzetinin
baş redaktoru Məhəmməd Həsəneyn Heyqal hesab edir
ki, Muammər Qəzzafini bir siyasətçi və şəxsiyyət
kimi yetişdirən Məhəmməd peyğəmbər və
Kamal Abdul Nasar olub.
Qəzzafinin dinə bağlılığı mili hisslər
üzərində üzərində formalaşmışdı. Qəzzafiyə
görə heç bir gücə sahib olmayan
dağınıq ərəbləri bir icmada və bir dövlətdə
birləşdirməyi bacaran Məhəmməd peyğəmbər
insan gücünün fövqündə olan bir şeyi
başarmışdı. Elə bu üzdən
Qəzzafinin digər kumiri ərəbləri bir dövlətdə
birləşdirməyə çalışan, panarabizm
ideologiyasının aparıcı siması olan prezident Nasar
idi.
1969-cu il sentyabırın 1-də Liviya xalqına
müraciətində Qəzzafi azadlığı fərdi və
mili müstəqillik kimi dəyərləndirirdi: «Azadlıq
anlayışı altında biz yoxsulluğu, müstəmləkəçiliyi
və torpaqlarımızda xarici qoşunların və hərbi
bazaların varlığını tamamilə inkar edən fərdi
və mili müstəqillik başa düşürük. Birlik anlayışı altında biz bütün ərəblərin
bir ərəb hökuməti altında federal hüquqlarla birləşməsini
istəyirik. Bizim sosializm anlayışımız isə
islam sosializmidir. Biz müsəlmanıq.
Biz Quranın buyruqlarına tabeyik və ona
görə də özəl mülkiyyət hüququnu və
varislik haqqını danmırıq. Mili
kapital sahiblərinin əlində qalacaq və eyni zamanda
yoxsulluq ortadan qaldırılacaq, ölkənin inkişafı
naminə mili kapital daha da stimullaşdırılacaq».
Qəzzafinin irəli sürdüyü sosializm
marksizm-leninizm ideologiyasından tamamilə fərqliydi. Liviya liderinin sosializmi islam dəyərləri üzərində
formalaşmışdı və Qəzzafi yeni sosializmi
«Üçüncü dünya teoriyası» adlanırdı. Qəzzafinin
sosializmi Əli Şəriətinin «qırmızı islam» teoriyasından çox ax fərqlənsə
də, Şəriətinin islam sosializmindən daha yumşaq və
daha çox mili xarakterli idi.
Qəzzafi ideya adamı idi və demək olar ki,
bütün ömrünü ideya adamı olaraq yaşadı. Onun ən
böyük səhvlərindən biri də, hakimiyyətdə
olduğu 40 ildən artıq müddətdə dünyanın
gəlişinə-gedişinə görə
tarazlığını ortaya qoymaması, daha doğrusu qoymaq
istəməməsi idi. Qəzzafinin
problemi ərəb millətinin problemi olmaqla yanaşı,
insanlığın problemi idi. Ona görə
də Qəzzafi göydən yerə enərkən ayaqları
altında möhkəm heç nə tapa bilmədi.
«Üçüncü
dünya teoriyası»nin məqsədi əsil
xalq hakimiyyətini yaratmaq idi. Qəzzafinin xalq hakimiyyəti adına yaratdığı Cəmahiriyyə
sistemi əslində islam icma sistemi idi və bu sistem
özünün mürəkkəbliyi və
çatışmamazlığı ilə antik
demokratiyanı xatırladırdı. Qəzzafinin
formalaşdırdığı Liviyada ali
hakimiyyət orqanı ərazi prinsipinə uyğun olaraq Yerli
Xalq Toplantıları hesab olunurdu. Bu
toplantılarda Liviyanın bütün problemləri müzakirə
olunurdu. Bəzən qərar qəbul etmək
üçün həftələrlə, aylarla vaxt sərf
olunurdu. Üstəlik yerli YXT-lər
Liviyanın ümummilli problemlərini tam olaraq dər etmir və
daha çox regional maraqlardan çıxış edirdilər.
Bu isə Ali Hakimiyyətin parçalanmasına
və vaxtında gərəkli qərarların qəbul
olunmasına problemlər yaradırdı.
Qəzzafi demək olar ki, bu müzakirələrə
qarışmır və müdaxilə etmirdi. Yalnız ona
müraciət olunduğu zaman, Qəzzafi inqilabın lideri sifəti
ilə qərarlar verirdi. O bütün dövlət
postlarından imtina etmişdi. O Liviya
inqilabının lideri, liviyalıların qardaşı və
Liviya silahlı qüvvələrinin Ali Baş Komandanı
idi.
Qəzzafi çox inanclı bir adamdı və mühüm
məsələlər qəbul edərkən səhrada
çadır qurur, orda tək yaşayaraq Allahdan
çıxış yolu istəyir və özüylə məsləhətləşirdi. O bununla həmçinin Məhəmməd
peyğəmbərin izi ilə getdiyini göstərirdi.
İqtisadi sahədə Qəzzafinin Cəmahiriyyə
sosializmi tərəfdaşlıq prinsipi əsasında
qurulmuşdu.
Bu sistemdə muzdlu işçi yox idi. Hər
kəsin çalışdığı müəssisədə
öz payı vardı və bu pay 3 faizdən artıq ola bilməzdi. Amma bu sistem Liviya
iqtisadiyyatının çox cüzi hissəsində tətbiq
olunmuşdu. Neft sektorunda bu sistem tətbiq
olunmamışdı və neft Liviya xalqının
ümummilli sərvəti hesab olunurdu.
Liviyada
benzin sudan ucuz qiymətə
satılırdı. Qəzzafi xarici şirkətləri
ölkədən qovduqdan sonra neft ehtiyatlarını milliləşdirmiş
və Neft Liviya xalqının sərvəti elan olunmuşdu.
Neftdən əldə olunan gəliri müəyyən
hissəsi xalqa ayrılsa da, neft pulları əsasən
yolların çəkilməsinə, yaşayış evlərinin
tikintisinə, təhsilə, səhiyyəyə Liviyada sənaye
infrastrukturunun yaradılmasına sərf olunurdu.
Liviyada xalq hakimiyyəti elan edən Cəmahiriyyə
qardaşlarının lideri tamamilə sosial təmayüllü
dövlət yaratmağa çalışırdı. Kral dönəmində
Liviyanın 75 faizi savadsız idisə, Qəzzafinin hakimiyyətinin
sonunda demək olar ki, savadsızlıq Liviyada ortadan tamamilə
qaldırılmışdı. Liviyanın
bütün əhalisi isə dövlət tərəfindən
verilən evlə təmin olunmuşdu. Hökumət hər
bir evlənən şəxsə ev almaq
üçün 60 min dollar verir, hər doğulan
uşağın hesabına 7 min dollar keçirilirdi. Qəzzafi səhiyyənin inkişafını
ümummilli məsələ olaraq görürdü və
tikdirdiyi xəstəxanaların hesabına Liviyada uşaq
ölümü dünya səviyyəsində minimuma
endirilmişdi.
Qəzzafinin ən böyük iqtisadi layihəsi isə
dünyanın 8-ci möcüzəsi hesab olunan «Əllə
çəkilən böyük çay» layihəsi idi. Nubiyadakı
yer altı çaydan çəkilən su kəməri
bütün Liviyanın, həmçinin səhradakı
kiçik yaşayış məskənlərini su ilə təchiz
edirdi. Böyük süni çay həm
Liviyanını şəhərlərinin və
yaşayış məskənlərinin suya olan
ehtiyacını qarşılamaqla yanaşı, həmçinin
160 min hektar ərazinin suvarılmasında və Liviyanın kəndə
təsərrüfatının inkişafında önəmli
rol oynadı.
Həmçinin Liviyada bank sektoru, digər maliyyə və
iqtisadi sektorlar özəl sektor olaraq fəaliyyət göstərirdi. Qəzzafi
özəl sektoru iqtisadiyyatda böhranın
qarşısını almaq üçün vacib şərt
olaraq dəyərləndirirdi.
Ardı var…
A.Qaramanlı
Azad Azərbaycan.-
2014.- 3 sentyabr.- S.7.