"Qətl günü"ndən "Qara
qutu"yadək
Ramiz Əzizbəyli, Xalq artisti:
- İçimdən keçən bir həqiqəti hər yerdə deyirəm. Hüseynağa, Azərbaycan teatr sənətində bir mərhələ oldu. Yəni durğunluq dövrünü yaşayan Azərbaycan teatrı, Hüseynağanın Şəkidə və Dövlət Gənclər Teatrındakı truppalarının simasında elə bilin ki, qış ayında qarın altından cücərib çıxan Novruzgülü oldu. O, təkcə öz klassiklərimiz yox, həm də Avropa, Amerika dramaturqlarının əsərlərinə quruluş verməklə, rəhbərlik etdiyi teatrlarla Azərbaycandan kənara çıxdı. Onun rəhbərlik etdiyi teatrlar, dünyanın bir neçə ölkələrinə qastrollara getdilər. Moskvada da rejissor kimi onun yaradıcılığını dərk etdilər. Kinoda dahi Üzeyir bəyin rolunu oynayan Hüseynağanı burada yada salmamaq mümkün deyil. Çünki Hüseynağada da xalqımızın fəxri Üzeyir bəy Hacıbəyov kimi yazmaq qabiliyyəti, musiqi duyumu və güclü məntiq vardı. Bəlkə də bütün bunları görən Xalq yazıçısı, dramaturq, kinossenarist və kinorejissor Anar, «Uzun ömrün akkordları» kinofilmini çəkəndə Üzeyir bəyin rolunu məhz buna görə, Hüseynağaya etibar etmişdi. Hüseynağa həm dahi bəstəkara portret cəhətdən oxşarlığına görə, həm də Üzeyir bəydə olan sakitlik, yumşaqlıq, nur, nəciblik Hüseynağada da olduğundan, elə bil bir-birini tamamlayırdılar.
Məhərrəm Bədirzadə, Əməkdar inəsənət xadimi:
- Hüseynağa yazıçı-dramaturq olmasa da onda bu sahələr də yaxşı inkişaf etmişdi. Yəni istəsəydi maraqlı pyeslər, hekayələr, povestlər də yaza bilərdi. Çünki dəfələrlə bizim televiziya proqramları üçün ssenarilər yazmağı ona tapşırırdıq. Çox qısa vaxtda və özü də yüksək professionallıqla yazıb mənə verirdi. Hətta bir maraqlı mövzu vardı. Biz bu mövzunu iyirmiyə yaxın adama verdik ki, bizə bir sanballı ssenari yazsın. Amma onların heç biri bu işin öhdəsindən gələ bilmədilər. Axırda Hüseynağaya müraciət etdim. Təsəvvür edin ki, o, üç günə bizim istədiyimizdən də professional səviyyədə həmin ssenarini yazıb verdi. Hamının da xoşuna gəldi.
Bəzən çox heyifsilənirəm ki, belə bir istedadlı insanın, öz dəsti xətti olan aktyor-rejissorun haqqında niyə ötəri yazırlar? Niyə onu təbliğ etmirlər? Niyə keçmiş aktyorlardan, rejissorlardan söz düşəndə onun adını çəkmirlər? Məgər bu qədər haqsızlıq olarmı?.. Axı o, Şəki Dövlət Dram Teatrının yaradıcılarından biri və Dövlət Gənclər Teatrının yaradıcısıdır. Məgər elə bu iki iş bir teatr xadimi üçün azdırmı?
Vaqif Səmədoğlu, Xalq şairi:
- Dramaturgiyaya məni tanınmış rejissor, öz dəsti-xətti olan sənətkar Hüseynağa Atakişiyev gətirib. Bu maraqlı işin də yaranmasının tarixçəsi belə oldu ki, uşaqlıq dostum, bir məktəbdə oxuduğum, rəhmətlik Emin Sabitoğlu məni Hüseynağa ilə tanış etdi. Bu da o vaxt olub ki, Sabit Rəhmanın "Nişanlı qız" pyesinin Şəki Dövlət Dram Teatrında tamaşası hazırlanırdı. Biz bu tamaşanı Şəkidə müzikl kimi hazırlamaq istəyirdik. Ona görə də Emin mənə demişdi və mən də bu pyes üçün şeirlər yazmışdım. Emin də həmin şeirlərə mahnılar bəstələmişdi. Bizim də bu sahədə artıq Eminlə təcrübəmiz vardı. Belə ki, Emin, Sabit Rəhmanın "Hicran" pyesi əsasında liberetto yazmışdı. Həmin liberettoya da şeirləri mən yazmışdım. Emin, "Nişanlı qız"» pyesi üçün də mənim şeirlərimə mahnılar, duetlər, reçitativlər yazıb, Şəkiyə göndərdik. Sonra da biz Eminlə getdik həmin tamaşanın premyerasına. Orada da mən teatrın yaradıcısı, baş rejissoru Vaqif Abbasovla və teatrın aktyoru-rejissoru Hüseynağa Atakişiyevlə tanış oldum. Şəkidə də tamaşadan sonra banket oldu. Banketdə mən də çıxış elədim. Oradan çıxanda başında buxara papaq, cavan, göyçək oğlan olan Hüseynağa mənim qoluma girib dedi: "Siz özünüz niyə pyes yazmırsınız? Gördüm ki, teatra belə həvəsiniz var. Maraqlı danışdınız. Səməd Vurğunun oğlusunuz. Sabit Rəhmanla durub-oturmusunuz". Baxmayaraq ki, özümün pyes yazmağa həvəsim vardı. Hətta bununla bağlı qeydlər də etmişdim. Amma Hüseynağanın bu sözləri elə bil mənə bir təkan oldu. Bundan sonra "Bəxt üzüyü" pyesini yazdım. Hüseynağa da həmin pyesə maraqlı quruluş verdi. Bu uğurlu işdən həvəsənib, yeni pyeslər yazmağa başladım.
Hətta yadımdadır ki, Dövlət Gənclər Teatrının hansısa yubiley günündə aktyorlar çox qəribə bir səhnəcik hazırlamışdı. Dramaturq Vaqif Səmədoğlu, Şəki Dövlət Dram Teatrına rejissor Hüseynağaya əsəri necə gətirir. Dostluq şarcı olan həmin səhnəcik belə idi. Mən əlimdə diplomant çanta ilə gəlirəm. Hüseynağa ilə görüşüb, öpüşürük. Hüseynağa deyir ki, "deyəsən əsər gətiribsən?" Mən də deyirəm ki, "hə yeni əsərimi gətirmişəm". Sonra çantanı açıram və oradan bir şüşə araq çıxarıb stolun üstünə qoyuram. Deyirəm: "Bu əsərin proloqu". Hüseynağa baxıb deyir ki, "proloq babatdır". Sonra çantadan kağızlar çıxarıb deyirəm: "Bu birinci pərdə". Hüseynağa deyir ki, "oxuyaram". Sonra mən bir dənə də uzun araq şüşəsi çıxarıb deyirəm ki, bu antrakt. Hüseynağa ona da baxıb deyir ki, "antrakt bir az uzanır, amma qısaltmaq olar". Sonra ikinci pərdəni yenə də kağızlar çıxarıb verirəm. Sonra da bir şüşə viski çıxarıb deyirəm: "Hüseynağa bu da epiloq". O da viskiyə baxıb deyir: "Hə. Epiloq çox yaxşıdır".
Hüseynağanın koma vəziyyətinə düşməsi xəbərini, mənə səhər tezdən zəng vurub dedilər. Onu da dedilər ki, vəziyyəti pis olduğuna görə, onu "Neftçilər" Xəstəxanasına aparmışıq. Tez gedib, xəstəxananın baş həkimi, dostumuz Fəxrəddin həkimi tapdım. O, mənə dedi ki, artıq əlac yoxdur. İnanmıram ki, koma vəziyyətindən ayılsın. Ələbəttə, mən bunu həmin vaxt heç kimə deyə bilməzdim. Axırı da belə oldu…
Bir neçə gündən sonra Hüseynağa Atakişiyev dünyasını dəyişdi.
İstəyirəm oxucular da bilsin ki, Hüseynağa mənim üçün təkcə dost yox, həm də qardaş idi. Bu gün Hüseynağanın yeri Azərbaycan teatrında görünür. Heyif ondan. Çox istedadlı və əsl teatr adamı idi. İçində olan çoxlu dərdlərini mənə açırdı. Biz onunla həm ürək, həm də sənət dostu idik. Dostluq, ilk növbədə ərk deməkdir. Mən ərk edib gecə saat 3-də də ona zəng vurub, deyə bilərdim ki, 10 dəqiqəyə düş aşağı səni həyətdə gözləyirəm. O da heç 10 dəqiqə çəkməmiş gələrdi. Bax Hüseynağa mənim üçün belə dost idi. Mənə elə gəlir ki, dramaturqla rejissor bir-birini belə başa düşəndə maraqlı tamaşa yarana bilər. Vaqif Səmədoğlu və Hüseynağa Atakişiyev dostluğu da çoxlu tamaşaların yaranmasının ilk açarı oldu.
Elçin Hüseynbəyli, nasir, dramaturq, publisist, "Ədəbiyyat" qəzetinin baş redaktoru:
- Teatr tariximizə adı böyük hərflərlə yazılmış Hüseynağa Atakişiyevlə tanışlığım 1999-cu ilin payızında baş verdi. Mən ona həmin vaxt "Fanatlar" adlı birhissəli, naşı pyesimi təqdim etmişdim. Bu, mənim dramaturq kimi ilk qələm təcrübəm idi. Hüseynağa müəllim pyeslə tanışlıqdan sonra mənə təxminən bunları dedi: "Düzdü, pyesin necə yazılmağını hələ tam bilmirsən, bəlkə də bilərəkdən edirsən, amma əsər maraqlıdır və biz onu tamaşaya hazırlayacağıq". 2000-ci il iyunun 10-da "Fanatlar"ın Dövlət Gənclər Teatrının yerləşdiyi "Aktyorlar evi"ndə ilk tamaşası oldu. Ondan sonra Dövlət Gənclər Teatrında mənim 7 əsərim tamaşaya qoyuldu. Altısını Hüseynağa müəllim özü hazırlamışdı. "İmperator" isə yarımçıq qaldı. Ömür vəfa eləmədi. Bu tamaşanı da aktyor Sərvər Əliyev hazırladı.
Hüseynağa müəllim heç zaman bəyəndiyi əsər barədə "əla" kəlməsini işlətməzdi, "yaxşıdır" deyərdi. O, içi böyük insanlardan idi. Onda xırdaçılıq olmazdı, dedi-qodulara əhəmiyyət verməzi. Həmişə də məni həvəsləndirmək üçün deyirdi: "Darıxma, hər şey yaxşı olacaq, hələ sənin gələcəyin qabaqdadır". O, yaddaşımda təkcə bir teatr xadimi, istedadlı rejissor kimi yox, həm də gözəl insan və mərd kişi kimi qalıb və qalacaq.
Vaqif Əsədov, Xalq artisti, Prezident təqaüdçüsü, rejissor:
- Hüseynağa hər şeydən əvvəl mənim yaddaşımda səmimi, etibarlı və dostcanlı insan kimi qalıb. Ömrümün sonuna qədər də yaddaşımda belə qalacaq. Hər bir yaradıcı şəxsiyyət özünün canındakı uşaqlığı qoruyub saxlaya bilməsə, o, heç cürə yaradıcılıqla məşğul ola bilməz. Hüseynağa da sözün əsl mənasında uşaq idi. Başqasına da o gözlə, uşaq paklığı ilə baxdığına görə, onların qayğısına qalırdı. Onların heç bir pis hərəkətini görmək belə istəmirdi. Həyatda belə nadir adamlara çox az rast gəlmişəm.
Azərbaycan teatrının ən səmimi, ən qüdrətli bir insanını itirdiyimizi yadıma saldıqca, uşaq kimi kövrəlirəm… Siz bilirsiniz ki, biz rejissorlar Azərbaycanda çox azıq. Getdikcə biz daha da azalırıq…
Amma tam
inam hissi ilə bu sözləri deyirəm: - Hüseynağa
Azərbaycan teatr və kino
tariximizdə uzun illər yaşayacaq.
Onun aktyor və rejissor kimi, böyük fəaliyyəti hələ bir çox məsələlərin
yetişməsində, bu sənəti
anlamasında, onu başa
düşməsində böyük xidmətlər
göstərəcək. Bir rejissor, bir universitet
deməkdir. Çünki rejissor çox
işlərin bilicisi olan alimdir. Bir alim isə bir
aləm deməkdir.
O, son günə qədər
də heç bir təzyiqin, hücumun qabağında qırılmadı. O, sınmadı,
amma öldü. Ölməyi
ilə də əbədiləşdi. Hər adama
da belə yaşamaq qismət olmur. Yəqin ki, biz ona görə Hüseynağanı
belə çox istəyirik ki, o, bütün hücumlara böyük məğrurluqla,
igidliklə dözürdü
və bu hərəkəti ilə bizi də sınmağa
qoymurdu.
İdrisoğlu Ağalar
Azad Azərbaycan.- 2014.- 10 sentyabr.- S.7.