Qədim tariximizin sirləri açılır 

 

Mil-Qarabağ bölgəsində aparılan arxeoloji tədqiqatlar nəticəsində qədim tariximizin sirləri açılır

  2009-cu ildən başlayaraq Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyası tərəfindən Mil-Qarabağ bölgəsində arxeoloji tədqiqatlar aparır.

Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun sektor müdiri, arxeoloji ekspedisiyanın rəhbəri Təvəkkül Əliyev AzərTAc-a bildirib ki, 2014-cü ilin yay mövsümündə ekspedisiya əsas tədqiqat obyekti olan I Kamiltəpə yaşayış məskənində araşdırmaları davam etdirib. Burada çiy kərpicdən inşa olunmuşson neolit dövrünə - təxminən 8 min il əvvələ aid dairəvi tikli qalığı açılaraq öyrənilib. Yan divarlarının hündürlüyü 3 metrə yaxın olan bu tikili əvvəlki illərdə Kamiltəpədə aşkar olunan kompleksləri tamamlayır və Azərbaycan ərazisində qədim gil-kərpic memarlığının yüksək inkişaf səviyyəsindən xəbər verir. Mədəni təbəqənin neolit dövrünə aid maddi-mədəniyyət nümunələri (sapand daşları, daşsümük alətlər, boyalı keramikas.) arasında saxsı üzərinə boya ilə çəkilən kompozisiya – əlində ox-kaman tutmuş ovçuiki heyvan təsviri böyük maraq doğurur. Dairəvi tikilinin şimal hissəsində erkən dəmir dövrünə – eramızdan əvvəl I minilliyin əvvəllərinə aid sallama qəbirə də rast gəlinib. Qəbir avadanlığı arasında qara cilalı qablar üstünlük təşkil edir.

I Kamiltəpənin yaxınlığında yerləşən və şərti olaraq IV Kamiltəpə adlandırılan yaşayış yerindəki “xəndək sistemi”ndə də araşdırmalar davam etdirilib, 5 metrə yaxın dərinliyi olan quyu qazılaraq təmizlənib. Xəndəklərin içərisində çiy kərpiclərdən inşa olunmuş arakəsmələr var. Belə qurğulara QafqazÖn Asiya regionunun neolit dövrü abidələrindən ilk dəfədir ki, rast gəlinir.

T.Əliyev bildirib ki, Ağcabədi rayonu ərazisində dövlət qeydiyyatında olan abidələrdən biri də Şahtəpədir. Bu ilki tədqiqatlar zamanı onun qəbir abidəsi – kurqan olması müəyyənləşdirilib. Şahtəpənin ətrafında xeyli kiçik kurqanlar da qeydə alınıb. Yerüstü materiallar bu kurqanların erkən dəmir dövrünə – eramızdan əvvəl I minilliyin başlanğıcına aid olduğunu söyləməyə əsas verir. Şahtəpə yaxınlığında yerləşən Döllüktəpə yaşayış məskənində də ilkin yoxlama qazıntı işləri aparılıb, neolit dövrünə aid məzar açılıb.

Cari ildə 124 nömrəli abidənin topoqrafikmagnitoloji xəritələri çəkilib. Ərazinin geofiziki yoxlanılması zamanı diametri 50 metrə çatan dairəvi xəndəkdə kəşfiyyat qazıntı işi aparılıb. Burada aşkar edilən üzəri çərtmə naxışlarla bəzədilmiş gil qadın fiqurları neolit dövrünün sonlarına aid olan bu abidənin ən önəmli tapıntılarındandır.

I və IV Kamiltəpədə, Döllüktəpədə, Şahtəpə və onun ətrafında, eləcə də 124 nömrəli qədim məskəndə aparılan qazıntı işlərinin nəticələri bəhs olunan dövrdə Azərbaycanın bu qədim bölgəsində baş verən sosial-iqtisadi proseslərin, burada təşəkkül tapan ibtidai cəmiyyətin mədəni-təsərrüfat həyatının ayrı-ayrı aspektlərinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası 2014-cü ildə Mil-Qarabağ düzündəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində işləri davam etdirib. Bu günədək xronoloji baxımdan neolit dövründən son orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 174 abidə qeydə alınıb. Mil-Qarabağ düzənliyinin Ağcabədi rayonu ərazisinə düşən hissəsində – Qarasu və Qarqarçayın orta axarı boyunca müxtəlif tarixi dövrlərə aid onlarla əhəmiyyətli abidənin qeydə alınması həmin ərazinin bütövlükdə tarixi-arxeoloji qoruq elan olunmasına əsas verir.

Mil-Qarabağ düzənliyində aparılan ardıcıl tədqiqatlar göstərir ki, neoliteneolit dövrlərində (eramızdan əvvəl VII – IV minilliklərdə) bu ərazi əlverişli təbii-coğtafi şəraitə, münbit landşafta, xüsusilə şirin su qaynaqlarına malik olub. Bunlar isə öz növbəsində bölgədə gur, qaynar həyatı şərtləndirib. Təsərrüfatın inkişafı nəticəsində burada oturaq əkinçilik mədəniyyəti formalaşıb. Bu mədəniyyətin daşıyıcıları olan qədim Azərbaycan əhalisi qonşu regionlarda, o cümlədən Mesopotamiyanın şimalında təşəkkül tapan erkən sivilizasiyalarla sıx və qarşılıqlı əlaqələr saxlayıb. Erkən dəmir dövründə, antik dövrdə və Orta əsrlərdə də bəhs olunan bölgə insan məskənləri ilə zəngin olub.

Son illərdə Mil düzündə - əsrlər boyu əsasən, mal-qara sürülərinin otlaq sahələri kimi istifadə olunmuş min hektarlarla sahələrdə şumlama işləri aparılır, yeni irreqasiya sistemləri yaradılır. Əkin işlərinin genişləndirilməsi, yeni kanal və arxların tikintisi Mil düzünün əsrlərdən qalma nadir landşaftının qorunub saxlanılması istiqamətində kompleks tədbirlər planının hazırlanmasını zəruri edir.

 

Tofiq Hacı

Azad Azərbaycan.- 2014.- 12 sentyabr.- S.6.