Azərbaycan muğamının mahir ifaçısı

 

 

Milli musiqimizin, folklor nümunələrimizin təbliğində təməli mərhum bəstəkarımız Rəşid Nəsiboğlu tərəfindən qoyulmuş "İrs" folklor ansamblının müstəsna xidmətləri var. 30 ildən artıq zəngin yaradıcılıq yolu keçmiş bu kollektiv zaman axarında bir çox xanəndə və ifaçılar ərsəyə gətirmiş, ulu muğam sənətini, milli rəqs və xalq havalarımızı dünyada təbliğ etməklə musiqi xəzinəmizi zənginləşdirmişdir. Heç də təsadüfi deyil ki, bu gün adları xalq tərəfindən iftixarla çəkilən sevimli xanəndə və ifaçıların bir qismi məhz bu ansamblın yetirmələri olmuşlar. Belə sənətkarlardan biriömrünün 20 ilini bu kollektivə bağlamış xanəndə Sahib Zeynalovdur.

1955-ci ildə Saatlı rayonunun Sarıcalar kəndində anadan olan Sahib Zeynalov erkən yaşlarından musiqiyə həvəs göstərmişdir. Məlahətli və ürəyəyatımlı səsi olduğundan məktəbin əksər tədbirlərində fəal iştirak edər, öz ifasıyla hamının diqqətini cəlb edərdi. Bu da təsadüfi deyildi. Dünyaya səkkiz övlad bəxş etmiş (5 qardaş 3 bacı) anası Əzizbikənin gözəl səsi vardı. O, "Şahnaz" muğamının, xalq mahnılarının gözəl ifaçısı idi. Muğamxalq mahnılarına olan maraq ona nənəsi Şəkər xanımdan, Şəkər xanıma isə atası Hacı Kazımdan keçmişdi. Hacı Kazım dövrünün məşhur xanəndəsi olmuşdu. Ətraf mahal və kəndlərin bir toyu da onsuz keçməzdi. Bəlkə elə bu səbəbdən də, Sahib öz yaradıcılığında bəstəkar mahnılarından daha çox xalq mahnılarına, muğam ifaçılığına üstünlük verir.

Muğam sənətinin əlifbasını öyrənməkdə ona Saatlı rayonunda kifayət qədər tanınıb sevilən xanəndə Mirələm Cəfərovun böyük köməyi olub. İlk dəfə məktəb səhnəsində gəncin oxuduğu "Segah" muğamı müəllim və şagirdlər tərəfindən rəğbətlə qarşılanır. Rayon mədəniyyət evinin fəal üzvü kimi gənc xanəndə ilk gündən öz məlahətli səsi və çalışqanlığı ilə rayon ictimaiyyətinin rəğbətini qazanır. Rayon tədbirlərində, məhsul bayramlarında, tarla düşərgələrində düzənlənən konsertlərdə, eləcə də müsabiqə və festivallarda uğurla çıxış edir.

1970-ci ildə orta məktəbi bitirib musiqi savadı almaq məqsədilə Bakıya gəlir. Sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə verir. Təəssüf ki, həmin il məktəbə daxil ola bilmir. Bakıda qohum-əqrəbası, qalmağa yeri olmayan Sahibin şəhər mühiti ürəyini sıxsa da, bütün çətinliklərə baxmayaraq, bir daha kəndə qayıtmamağı, şəhərdə qalıb işləməyi qət edir. Bir müddət Bakı fəhləsi adına maşınqayırma zavodunda fəhlə kimi çalışır. Çox qısa zamanda yüksək dərəcəli qaynaqçı peşəsinə yiyələnir. Zavodun mədəni həyatında yaxından iştirak edir. "Üssaq" adlı ansambl yaradır. özü bu kollektivə rəhbərlik edir. Çox-çox sonralar qəzetlərə müsahibə verərkən incəsənətə olan bağlılığını obrazla: - "Öz səsimi muğam sənətinə qaynaq etmişəm" - deyir. İşdən kənar vaxtlarında Natiq Cəbiyevin rəhbərlik etdiyi "Mahur" ansamblı ilə də əlaqə saxlayır. Yenicə tanınmaqda olan Xeyransa Məmmədova, Məhəbbət Kazımov, Baloğlan Əşrəfov, Firuzə İbadova və digər gənc xanəndələrlə tanış olur, onlarla sıx yaradıcılıq əlaqələri qurur.

Peşəkar ansamblda özünü sınamaq arzusu reallaşsa da, Sahibə daha böyük musiqi kollektivlərində də özünü göstərmək, bir xanəndə kimi özünü təsdiqləmək üçün ustad sözü hava-su kimi gərək idi. Hələlik isə bu, əlçatmaz bir xəyal olaraq qalırdı. Lakin ruhdan da düşmürdü. Və bu istək 1974-cü ildə onu İ.Əbilov adına klubun "Şəlalə" xalq çalğı alətləri ansamblına gətirib çıxarır. Respublikamızın bədii özfəaliyyət kollektivləri arasında həmin klubun "Şəlalə" və "Könül" rəqs kollektivi xüsusi sayılıb-seçilirdi. Bir çox xarici ölkələrə səfər edən bu kollektivə vaxtilə respublikanın görkəmli incəsənət xadimləri Adil Gəray, Bəxtiyar Kərimov kimi bəstəkarlar rəhbərlik etmişlər. Respublikanın bir çox tanınmış musiqi ifaçıları ilk sənət adamlarını bu klubda, bu kollektivlərdə atmışlar. Ansambl bədii özfəaliyyət adlansa da, kollektivin üzlərinin hər biri peşəkar musiqiçi idi.

Həmin dövrdə xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblın konsertmeysteri, istedadlı tarzən Abdulla Qurbani idi. O, Sahibin oxuduğu "Gözəlim sənsən" mahnısına qulaq asır, səsini bəyənir və onu "Şəlalə" ansamblına dəvət edir. Abdulla Qurbani gənc xanəndənin səsinə uyğun repertuar seçimində ona yardımçı olur. Sahib tez-tez konsertlərdə, baxış-müsabiqələrdə, qastrol səfərlərində çıxış edir. Respublikanın tanınmış sənət adamlarıyla tanış olur, yaradıcılıq əlaqələri saxlayır. Ən yaddaqalan hadisələrdən biri də "Muğam teatrı"nda çıxış edərkən sevimli müğənnimiz, xalq artisti Şövkət Ələkbərovanın Sahibin oxuduğu "Şur" muğamına yüksək qiymət verərək, İslam Rzayevə-"Bu gəncin çox gözəl səsi var, ondan muğayat ol"-deməsi olur. Şövkət xanımın gənc xanəndə haqqında dediyi xoş sözlər Sahib Zeynalova qol-qanad verir. İllərdən bəri həsrətində olduğu musiqi təhsili almaq arzusunu yenidən alovlandırır. 10 illik fasilədən sonra yenidən bəxtini sınamaq üçün sənədlərini bu dəfə Soltan Hacıbəyov adına Sumqayıt şəhər orta ixtisas musiqi məktəbinə verib qəbul olunur. Xanəndə Səlim Ağayarovdan muğam sənətini həvəslə öyrənir. Tələbəykən müxtəlif tədbirlərdə, konsertlərdə iştirak edir. İlk dəfə olaraq "Azərbaycan gəncləri" qəzeti gənc xanəndənin uğurlarından söz açır.

1985-ci ildə məktəbi uğurla bitirsə də muğam sənətinə daha sıx bağlanır. Bir dinləyici olaraq Asəf Zeynallı adına məktəbdə ustad xanəndə və pedaqoqlar Nəriman Əliyevin, Hacıbaba HüseynovunVahid Abdullayevin dərslərində mütəmadi iştirak edir. Ara-sıra şeir də yazır. Yazdığı şeirlərə mahnı da bəstələyir. Ali təhsil almağı da unutmur. İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirir.

Sahib Zeynalovun yaradıcılığını əks etdirən əsas amillərdən birionun 1992-ci ildən "İrs" folklor ansamblındakı uzunmüddətli fəaliyyətidir. Zəngin folklorumuza yaxından bələd olmaq, musiqimizi layiqincə təmsil etmək üçün daha çox öz gücünə inanmalı idi. Ömrünün 20 ilini bu kollektivə bağlayır. Bu günöz fəaliyyətini uğurla davam etdirir. Türkiyə, İran, İsveçrə, Fransa, İtaliya, Bolqarıstan, Danimarka, Misir, Suriya, İraq və digər ölkələrdə folklor nümunələrimizi layiqincə təmsil edir. Elə ilk şeir və bəstələrini bu kollektivlə həyata keçirir. Sənət adamlarına, həsr etdiyi bir çox şeirləri respublika mətbuatında çap olunur. Onun ifasında lentə alınmış "Təbriz", "Oğlan, məni çaydan keçir", "Qalaqayın", "Çadralı qız", "Ellər gözəli", "Çalmanı götür" kimi mahnıları ilk gündən sevilir. Kənd-kənd gəzərək ağbirçək və ağsaqqallardan öyrəndikləri folklor nümunələrini xalqa çatdırmağa tələsir.

Qastrol səfərlərindən söz düşərkən, illərdən bəri unuda bilmədiyi 2002-ci ildə Bağdad şəhərində keçirilən "Babil" festivalını yada salır. Respublika Mədəniyyət Nazirliyinin xətti ilə ölkəmizi bu festivalda Əbilov adına klubun "Könül" rəqs kollektivi, bir də "İrs" folklor ansamblı təmsil edirdi. Dünyanın 53 ölkəsinin iştirak etdiyi bu möhtəşəm festivalda Sahib Zeynalovun "Segah" üstə oxuduğu Azərbaycan mahnısı nankor qonşulara yaman toxunub. Azərbaycan sözü qarşısında dözə bilməyib zalı tərk edirlər. Milli rəqslərimiz, folklor nümunələrimiz festival iştirakçıları tərəfindən rəğbətlə qarşılanır. Yerli qəzetlər Azərbaycan incəsənət ustalarının uğurlu çıxışlarından yazır. Sahibin Bağdada həsr etdiyi şeirini çap edir.

Zəngin folklorumuzdan bəhrələnən Sahib Zeynalov bu gün də əvvəlki tək "İrs"in fəal üzvü olaraq qalır. "Şimşək" adlı musiqi kollektivinə rəhbərlik edir. 32 nömrəli musiqi məktəbində muğam dərsi deyir. Ustadlarından öyrəndiklərini həvəslə gənc xanəndələrə öyrədir. Bakı musiqi məktəbləri arasında keçirilən muğam müsabiqəsində tələbəsi Elşən Mürsəliyev I yeri tutub. Müəllim üçün bundan böyük sevinc, fəxarət olmadığını deyən Sahib Zeynalov bir günolsun yaradıcılığından qalmır. Yeni mahnılar üzərində işləyir, yeni diskalbomlar yazdırır. İrslə ruhuna keçən muğam dünyasını elə "İrs"lə xalqa çatdırmağa çalışır.

 

Məmmədov Məmmədhəsən

Azad Azərbaycan.- 2014.- 12 sentyabr.- S.5.`