Azərbaycan qadını həyatın hər bir sahəsində fəaldır

 

Millət vəkili: «Vətəndaşların sosial-siyasi fəallığının artırılması istiqamətində görülmüş işlər qadınların cəmiyyətdəki rolunun yüksəlməsini təmin edib»

 

Bu gün əsas beynəlxalq sənədlərdə gender bərabərliyi başlıca hüquqlardan biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyərlərin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir.

Millət vəkili Sahibə Qafarova hesab edir ki, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdə daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər: «Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iqtisadiyyatda, sosial həyatda, siyasətdə, beynəlxalq aləmdə mühüm nailiyyətlər qazandı. O cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də çox ciddi nailiyyətlər əldə olundu ki, bu da bütün beynəlxalq və yerli müşahidəçilər, mütəxəssislər tərəfindən etiraf olunmaqdadır. Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun yüksəlməsini də təmin etmişdir.

Belə ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul olunmuşdur. İlk olaraq, Azərbaycan bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları” Konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur».

Millət vəkili bildirib ki, gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb və komitənin bu sahədə gördüyü işlər təqdirəlayiqdir: «Komitənin qadınların hüquqlarının qorunması və ölkəmizin sosial-siyasi həyatında onların iştirakının artırılmasında müstəsna rolu vardır. 2000-ci ilin martında Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Bu sənəd respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edir».

Sahibə Qafarovanın sözlərinə görə, problemlərin həllində beynəlxalq əməkdaşlıq həmişə mühüm rol oynayır: «O cümlədən, ölkəmizdə düzgün gender siyasətinin reallaşdırılması üçün beynəlxalq təcrübədən yararlanmaqbu sahədə geniş əməkdaşlığa imza atmaq bu gün sadaladığımız uğurların əldə olunmasında müstəsna rol oynamışdır. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir.

Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biriBMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional layihə çərçivəsində həyata keçirilmişdir. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmişgender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşımışdır. Eyni zamanda, Azərbaycan hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir».

Millət vəkili əminliklə bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir: «Statistik rəqəmlər də bu fikri özündə ehtiva edir. Belə ki, Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində səhiyyə (78,6%), təhsil (71%) və mədəniyyət (75%) ən ön sıralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37%-ni, təhsil sahəsində 44%-ni, mədəniyyət və turizm qurumlarında 23%-ni qadınlar təşkil edir.

Hazırda ölkəmizdə AMEA-nın 3 həqiqi üzvü, 12 müxbir üzvü qadındır. Bu məqamlar Azərbaycan hökumətinin imkanların genişləndirilməsi, qadınların cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. Lakin son illər qadınların həm də siyasiictimai qərar qəbuletmə səviyyəsində, iqtisadi sferada iştirakı nəzərə çarpacaq dərəcədə artmışdır. Təbii ki, bu görülən işlərin nəticəsində mümkün olmuşdur.

Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını artırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, müxtəlif vakansiyalara qadınların cəlb olunması kimi tədbirlər bunlardan sadəcə bir neçəsidir.

Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Bildiyimiz kimi, Azərbaycan tarixində xalqının, dövlətinin taleyində müstəsna rol oynamış, öz qərarları və atdıqları addımlarla xalqımızın gələcəyinə işıq tutmuş görkəmli qadınlarımız olmuşdur».

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan xanımları bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib: «Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri də məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu günbütün fəaliyyətini xalqımızın, dövlətimizin daha da inkişafına həsr edən belə işgüzar, cəsarətli, vətənpərvər xanımlar vardır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də hər bir azərbaycanlı qadın üçün fəxr, qürur mənbəyidir. Onun milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın zəngin irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilin, mədəniyyətin inkişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqlarımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.

Beləliklə, bir daha vurğulamaq lazımdır ki, bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnəkdir. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir».

 

MƏMMƏDHƏSƏN

Azad Azərbaycan.- 2015.- 8 aprel.- S.5.