Ey Vətən

 

Çoxdan itirdiyim o sevdalı quş,

Tapıbdı ruhumu, səndən oxuyur.

Daha mənlik deyil o dağ, o yoxuş,

Ömür çeşnisini qəmdən toxuyur.

 

Vətənsiz yaşamaq varmış qədərdə,

Səngiməz tufanlar uçur başımdan.

Mənə ömrüm boyu yarmış kədər də,

Özgənin baharı keçir qışımdan.

 

Bu qəriblik hər zərbədən betərdi,

Haqqın nəfəsinə yollar açıla.

Öz içimdə hey çəkirəm bu dərdi,

ola boynuma qollar açıla.

 

Vətən oğlu nərə çəkə qoşuna,

Hər kəs gedib obasına buluna.

Əlim dəyə ana yurdun daşına,

Sığal çəkəm tikanına, koluna.

 

Şöhrətinə kim qalxacaq, qoy olsun!

Təltifini kim alacaq, sözüm yox.

Yurd yerində büsat olsun, toy olsun,

Bu dünyadan umduğum yox, gözüm yox.

 

Yollarının tozu olum, ey Vətən!

Bazarçayı, Göbəkdaşı görüm mən.

Qızın olum, yazın olum, ey Vətən!

El-obanı, yar-yoldaşı görüm mən.

 

Həsrət

Şuşalı dostlarıma

 

Gül-çiçəyin tayasına,

Bir baş vuram gülə-gülə.

Ərimgəldi qayasına,

Yolum düşə bilə-bilə.

Bu gəlişdən uça həsrət,

Naçar qalıb qaça həsrət,

Cıdır düzü oylaq ola,

Qırxqız yenə yaylaq ola,

Yollar dönüb yaylıq ola,

Göz yaşımı silə-silə,

Ürəyimdən köçə həsrət.

Dərdli günlər qəfil itə,

Vətənsizlik məndən ötə,

Əllərim Şuşaya yetə,

Qəribliyi gilə-gilə,

Məndən çəkib içə həsrət.

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

 

Azərbaycan müəllimi.- 2015.- 4 aprel.- S.13.