Azərbaycan Avropa dəyərlərinə
sadiqdir
İnsan hüquqları ilə bağlı məsələlər aktuallıq kəsb edir
İnsan hüquqları məsələləri üzrə birgə Qrupun fəaliyyəti yenidən bərpa olunub. Bununla bağlı aprelin 9-da insan hüquqları məsələləri üzrə birgə işçi qrupun növbəti iclası keçirilib.
Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirib ki, işçi qrupun bir neçə iclasının keçirilməsinə baxmayaraq, onun üzvləri daim qarşılıqlı əlaqədə fəaliyyət göstərib, informasiya mübadiləsi aparıb, ortaya çıxan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atıblar. Qrupun əfv komissiyası ilə də sıx əlaqədə işlədiyini bildirən şöbə müdiri qeyd edib ki, komissiyada qaldırılan məsələlər müsbət həllini tapıb. Ümumiyyətlə, bu əməkdaşlıq nəticəsində ötən altı ayda 15 məhbus Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında azadlığa buraxılıb. Fuad Ələsgərov bu istiqamətdə fəaliyyətin davam etdiyini, müvafiq memorandumun müddəalarına əməl olunduğunu diqqətə çatdırıb.
Bu məsələlərə humanizm prinsiplərindən yanaşıldığını qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, biz qrupun fəaliyyətinin daha səmərəli olmasına çalışırıq. İşçi qrupun altı aylıq fəaliyyətini müsbət qiymətləndirən həmsədr Avropa Şurası baş katibinin qrupdakı xüsusi nümayəndəsi ilə də səmərəli əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Fuad Ələsgərov Avropa Şurasının baş katibi Torbörn Yaqlandın işçi qrupun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
Məsələ ilə əlaqədar Qrupun üzvü, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov açıqlamasında bildirib ki, qrupun yenidən fəaliyyətə başlaması şəffaflığın təmin olunması, vətəndaş cəmiyyəti institutları ilə səmərəli dialoq üçün əsaslı zəmin yaradıb və Azərbaycanın bu sahədə güclü siyasi iradəsini ortaya qoyub: «Qrup bundan əvvəl 2005-2008-ci illərdə fəaliyyət göstərib və onun əsas məqsədi məhkəmə prosesi zamanı hüquqları pozulması ehtimal olunan şəxslərin işləri ilə məşğul olmaq və ədalətlilik, humanizm prinsiplərinə sadiqlik nümayiş etdirməklə müvafiq qərarların qəbul olunmasına yaxından köməklik göstərmək olub. Təsadüfi deyil ki, həmin dövrdə qrup tərəfindən xeyli işlər görülərək, dövlət orqanlarının nümayəndələri ilə qeyri-hökumət təşkilatları arasında konstruktiv əməkdaşlıq nəticəsində 150-dən çox şəxsin azadlığa buraxılmasına nail olunub.
Azərbaycan hər zaman insan hüquqlarına və bütövlükdə demokratik dəyərlərə sadiqliyini ardıcıl işlərlə nümayiş etdirir. Heç də təsadüfi deyil ki, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində qəbul olunan 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planında da bir çox mühüm istiqamətlərlə yanaşı, insan hüquqlarının təminatı məsələsi də başlıca prioritetlərdən biri kimi təsbit olunub».
Onun sözlərinə görə, qrupun fəaliyyətə başlaması dialoq üçün dəyərli və etibarlı mexanizm kimi qəbul olunaraq digər Avropa dövlətləri üçün unikal modeldir: «2008-ci ildən sonra Qrupun fəaliyyət göstərməməsi Avropa Şurasında Azərbaycanda qondarma "siyasi məhbus" məsələsinin gündəmə gətirilməsindən sonra baş verib. Bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanda "siyasi məhbus"lar üzrə xüsusi məruzəçi təyin olunub. O da məlumdur ki, uğursuz və destruktiv fəaliyyəti, ölkəmizə qarşı qərəzli mövqeyi ilə yadda qalan məruzəçi Kristofer Ştrasserin, yumşaq desək, həqiqətdən uzaq olan məruzəsi elə məhz Avropa Şurası Parlament Assambleyası tərəfindən böyük səs çoxluğu ilə qəbul olunub.
Ümumiyyətlə qeyd etməliyəm ki, "siyasi məhbus" anlayışı özünün mənbəyi və hüquqi təbiəti baxımından mübahisəlidir və bütövlükdə beynəlxalq hüquqda, o cümlədən Avropa Şurasının sənədlərində, konvension normalarda müəyyən edilməyib. "Siyasi məhbus" anlayışı yalnız Amnesty İnternational təşkilatının və Avropa Şurasının Stefan Treksel, Evert Alkema və Aleksandr Arabaçiyevdən ibarət ekspertlər qrupunun hazırladıqları meyarlar əsasında istifadə edilib. Lakin bu nümunələr nə universal, nə də regional səviyyədə qəbul edilən beynəlxalq-hüquqi meyarlar hesab edilə bilməz. Ona görə də, onların yalnız Azərbaycana münasibətdə tətbiqi, xüsusi məruzəçi institutunun müəyyən olunması ölkəmizə qarşı qərəzli münasibətdən və ikili standartlardan xəbər verir. Bu, ədalətsizlik olduğu üçün yolverilməzdir. Azərbaycanda "siyasi məhbus" yoxdur və heç kəs siyasi mənsubiyyəti, baxışları və mövqeyinə görə təqib oluna bilməz. Hər kəs yalnız konkret cinayət əməlləri törətdiyinə görə qanunla müəyyən edilən qaydada cinayət məsuliyyətinə cəlb olunur.
Xatırlatmaq yerinə düşər ki, Qrupun əvvəlki fəaliyyəti dövründə qəbul etdiyi Memoranduma əsasən "siyasi məhbus" termininin işlədilməsindən belə imtina olunub. Bu termin "məhkəmə prosesi zamanı hüquqlarının pozulması ehtimal olunan şəxslər" ifadəsi ilə əvəz edilib. İndi isə qrup yenidən bərpa olunaraq "İnsan hüquqları məsələləri üzrə birgə Qrup" adlandırılıb».
F.Qurbanov bildirib ki, ötən illərdə Qrupun müvəqqəti olaraq fəaliyyətinə xitam verilməsinə baxmayaraq dövlət orqanları və vətəndaş cəmiyyəti institutları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları arasında konstruktiv dialoq və səmərəli qarşılıqlı fəaliyyət davam olunub: «Misal üçün Ədliyyə Nazirliyinin təşəbbüsü ilə hələ 2006-cı ildən yaradılaraq fəaliyyət göstərən və tərkibində ölkədə tanınmış, öz müstəqilliyi ilə seçilən hüquq müdafiə qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən İctimai Komitəni və onun səmərəli ictimai nəzarət mexanizmi kimi ictimai etimadını nümunə gətirmək olar. Xüsusi vurğulamalıyam ki, bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir, geniş imkanlar yaradılır. Açıq hökumətin təşviqi, xüsusilə bu il iyun ayından qüvvəyə minmiş "İctimai iştirakçılıq" haqqında Qanun dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib. Bütün bunlar vətəndaş cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq üçün daha geniş imkanlar yaradır. Bir sıra mühüm sahələrdə, o cümlədən ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlər keçirilərkən, məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi zamanı, həmçinin əfv və amnistiya aktlarının icrasında sıx əməkdaşlıq həyata keçirilir, hüquq müdafiəçiləri, QHT-lər mütəmadi olaraq belə tədbirlərə cəlb olunur, eləcə də "açıq qapı" günlərinə, mətbuat konfranslarına, habelə şəffaflığın təmin olunması məqsədilə işə qəbulla bağlı keçirilən müsabiqələrdə iştiraka dəvət edilir».
Ədliyyə Nazirliyi rəsmisi qeyd edib ki, qrupun işinə rəhbərlik həmsədrlər tərəfindən həyata keçirilir, cari və hazırlıq işlərinin təşkilini isə Katiblik aparır ki, bura qeyri-hökumət və dövlət qurumlarının nümayəndələri daxil ediliblər. Onun sözlərinə görə, tərkib ehtiyac yaranarsa, daha da genişləndirilə və digər hüquq müdafiə təşkilatları da cəlb oluna bilər.
Diqqət çəkən məqamlardan biri də odur ki, Avropa Şurası baş katibinin işçi qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qessel də bu sahədə görülən işlərin önəmini yüksək qiymətləndirib. O, bildirib ki, Azərbaycan cəmiyyəti bu qrupun fəaliyyətində maraqlıdır və ona böyük etimad göstərir. O, Avropa Şurası baş katibinin də bu qrupun fəaliyyətini yaxından izlədiyini bildirib.
A.Qessel qrupun insan hüquqları ilə bağlı müzakirəyə çıxardığı məsələlərin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. O deyib ki, işçi qrup həm vətəndaş cəmiyyətinin üzvlərinə, həm də dövlət strukturlarının nümayəndələrinə açıq şəkildə, qarşılıqlı hörmət şəraitində cəmiyyət qarşısında duran bir sıra məsələlərin həllini tapmağa kömək edir. Bu, çox vacib məqamdır. Sizin birgə işiniz onu göstərir ki, Azərbaycan Avropa dəyərlərinə sadiqdir. Biz bu qrupa hər cür dəstək verməyə hazırıq.
MƏMMƏDHƏSƏN
Azad Azərbaycan.-
2015.- 14 aprel.- S5.