Övladlığa götürülmə
ilə bağlı müraciətlərin sayı artıb
Dövlət
Komitəsi: «Övladlığa götürülmə ilə
bağlı Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsinə
ehtiyac var»
«Övladlığa götürülmə ilə bağlı Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Ailə Məcəllləsində övladlığa götürülmə məsələsi göstərilir, amma bunun hansı qaydalar əsasında edilməsi bildirilmir. Bu sahədə müəyyən təkmilləşdirilmələrin olması zəruridir. Bu, insan hüquq və azadlıqlarının müdafiəsi üçün günümüzün tələblərindən biridir». Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova bildirib.
Onun sözlərinə görə, Azərbaycandan uşaqları övladlığa götürən xarici vətəndaşlar əsasən xaricdə yaşayan azərbaycanlılardır: «Azərbaycanda 2012-ci ildə yerli ailələr tərəfindən övladlığa götürülən uşaqların sayı 989, 2013-cü ildə isə 961 nəfər olub. Onlardan 2012-ci ildə 226 (145-i qız, 79-u oğlan) nəfəri, 2013-cü ildə isə 204 (102-si qız, 102-si oğlan) nəfəri 1 yaşadək olan uşaqlar olub. 2012-ci ildə övladlığa götürülənlərdən 438 nəfəri (202-si qız, 236-sı oğlan), 2013-cü ildə isə 429 nəfəri (198-i qız, 231-i oğlan) 1-5 yaş arası uşaqlar olub. 6-10 yaşda olan uşaqlardan 2012-ci ildə 195 nəfər, 2013-cü ildə 183 nəfər övladlığa götürülüb. Bu müddətdə 10 yaşdan yuxarı uşaqların da övladlığa götürüldüyü istisna edilmir. Çünki bu işlərlə Səhiyyə və Təhsil nazirlikləri də məşğul olur. Ümumiyyətlə, qanunvericiliyimizlə 18 yaşadək şəxsləri övladlığa götürmək mümkündür».
Ölkələrarası övladlığa götürməyə gəlincə, Komitə rəsmisi qeyd edib ki, 2013-cü ildə bununla bağlı 8, 2014-cü ildə isə 4 fakt qeydə alınıb: «Uşaqları övladlığa götürmüş şəxslərdən 4-ü Rusiya vətəndaşlığını qəbul etmiş azərbaycanlılar olub. Bir halda Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ilk nikahından olan öz övladının yeni ailədə övladlığa götürülməsinə nail olub. Biri İran vətəndaşı ilə ailə quran azərbaycanlı qadın, digər ikisi isə ABŞ və Fransadan olan əcnəbi ailələrdir.
2014-cü ildə isə xarici ölkə vətəndaşları tərəfindən 4 (hamısı oğlan) azərbaycanlı uşaq övladlığa götürülüb. Onlardan birində ABŞ-da yaşayan azərbaycanlı buradakı bacısının övladını övladlığa götürüb. İki uşağı Gürcüstan vətəndaşı olan azərbaycanlılar, dördüncü uşağı övladlığa götürənlər isə türk əsilli Almaniya vətəndaşları olub. Xarici ölkə vətəndaşları tərəfindən övladlığa götürülənlərin hamısı 4 yaşına qədər uşaqlar olub».
V.Möhsümova qeyd edib ki, uşaqlar övladlığa yalnız valideyn himayəsindən tam məhrum olunduğu halda verilir: «Lakin ailələr və qohumlar arasında razılaşmanın olması halları istisnadır. Bu halda məsələ məhkəmə qaydasında həll olunur. Ümumən, övladlığa verilmiş uşaqların əksəriyyəti atılmış, valideyn himayəsindən məhrum olunmuş və yaxud xəstəlikləri ucbatından valideynlərinin imtina etdikləri uşaqlar olub».
Komitə rəsmisinin sözlərinə görə, övladlığa verilən uşaqların əksəriyyəti əsasən fiziki cəhətdən qüsurlu, xəstə uşaqlardır: «Ölkə prezidentinin fərmanı ilə 2007-ci ildə xarici övladlığa verilmə ilə bağlı mərkəzi orqan qismində Dövlət Komitəsi təyin olunduğuna görə övladlığa verilən uşaqlarla bağlı biz birbaşa cavabdehlik daşıyırıq. Bu sahədə ciddi araşdırmalar və nəzarət mexanizmi işlədiyindən deyə bilərik ki, 2007-ci ildən indiyədək bununla bağlı hər hansı neqativ hal aşkar edilməyib. Komitə maraqlıdır ki, bizim uşaqlar ilk növbədə azərbaycanlılar, yəni yerli ailələr tərəfindən övladlığa götürülsün. Uşaqların yerli ailələr tərəfindən övladlığa götürülməsi mümkün olmadıqda isə onları xarici ailələrə təklif edirik. Əvvəllər adətən ailənin istəyinə, marağına uyğun uşaqlar axtarılırdısa, indi artıq uşağa uyğun ailələrin seçilməsində maraqlıyıq. Çünki adətən azərbaycanlı ailələrinin götürmədiyi bu və ya digər şəkildə qüsurlu, müəyyən xəstə uşaqlar olur. Onların isə xüsusi qayğıya ehtiyacı var. Onlar üçün xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmə praktikası olan ailələr seçilməlidir. Yəni belə uşaqlarla davranış qaydaları, uşağa yanaşma, onun sosial mühitə uyğunlaşması və s. hamısı çox vacib elementlərdir. Ölkə daxilində olan məsələlərlə bağlı isə qəyyumluq və himayəçilik komissiyaları məşğul olmalıdırlar. Komissiyalar övladlığa verildikdən sonra uşaqların getdiyi ailəyə, ətraf mühitə uyğunlaşması, təhsil alması, sağlamlıq durumu və s. ilə bağlı nəzarət mexanizmi həyata keçirməlidirlər».
V.Möhsümova bildirib ki, 2007-ci ildən bu günədək xarici ölkə vətəndaşları olan 43 ailə tərəfindən Azərbaycanda 45 yerli uşaq övladlığa götürülüb: «Bu 45 uşağın əksəriyyətində fiziki qüsurlar olub. Rusiya və Gürcüstandan olan azərbaycanlı ailələr yalnız yaxın qohumları olanda belə uşaqları övladlığa götürürlər. Məsələn, ötən il Gürcüstandan olan ailə hepatit daşıyıcısı olan oğlan uşağını övladlığa götürdü. O uşağa heç kim yiyə durmurdu. Lakin sonra həkimlə də müəyyən olundu ki, uşağın müalicəsi mümkündür. Ailə də bununla razılaşdı və sonra onu övladlığa götürdü.
Digər ailələr də olub ki, müxtəlif qüsurları olan – dovşandodaq, qurdağız, əl və ayaq hərəkətlərində qüsuru, kəllə-beyin travması olan, hətta anası yüngül həyat tərzi keçirdiyindən anadangəlmə sifilis və ya hepatit xəstəliklərinin daşıyıcıları olan uşaqları övladlığa götürüb onların müalicəsi ilə məşğul olublar. Həmin ailələr əsasən Avropa ölkələrindən və Amerikadan olanlardır».
V.Möhsümova təəssüflə bildirib ki, azərbaycanlılar xəstə uşaqları övladlığa götürmür: «Əvvəlki illərlə müqayisə etsək, uşaqların ölkələrarası övladlığa verilməsində azalma müşahidə olunur. Bəzən elə olur ki, rəqəmlərdə 4-5 artım olur ki, bu da əsasən Rusiyada yaşayan azərbaycanlıların müraciətlərinin çoxluğu ilə bağlı olur. Çünki biz Komitə olaraq uşaqların daha çox yerli ailələrə övladlığa verilməsində maraqlıyıq və fəaliyyətimizi də daha çox bu istiqamətdə qurmağa çalışırıq. Uşaqları yalnız bütün imkanlar tükəndikdə, yəni yerli ailə tərəfindən övladlığa götürülmənin mümkünsüzlüyünü gördüyümüz zaman xarici vətəndaşlara təklif edirik. Məsələn, hazırda bizdə bir oğlan uşağının övladlığa götürülməsi ilə bağlı məhkəmə prosesi gedir. Biz 2007-ci ildən bəri bu uşaqla bağlı bəzi işlər görürük. Onu daim diqqət mərkəzində saxlayırıq ki, hansısa ailə onu övladlığa götürsün. Uşağın müəyyən xəstəlikləri olsa da, əqli cəhətdən tam normaldır. Təəssüf ki, bu uşaq yerli ailələr tərəfindən övladlığa götürülmədi. Lakin biz ona uyğun xarici ölkədən ailə tapdıq və onlara təqdim etdik».
Onun sözlərinə görə, Azərbaycanda yerli ailələr tərəfindən övladlığa götürülmə ilə bağlı müraciətlərin də sayı artıb: «Məsələn, əgər 2005-ci ildə övladlığa götürülmə ilə bağlı 803 nəfər yerli ailələr tərəfindən müraciət qeydə alınmışdısa, 2013-cü ildə bu müraciətlərin sayı 961 olub. Uşaqların yerli ailələrə övladlığa verilməsinə gəlincə, bu rəqəm 2008-ci ildə 844, 2009-ci ildə 845, 2010-cu ildə 798, 2011-ci ildə 934, 2012-ci ildə 989, 2013-cü ildə isə 961 nəfər olub. 2014-cü illə bağlı yekun rəqəmlərin hesablanması işi isə davam edir.
Burada əsasən azyaşlı və sağlam uşaqların övladlığa götürülməsinə meyllilik müşahidə olunur. Əvvəllər yerli ailələr müəyyən qüsurlu uşaqları övladlığa götürürdülərsə, indi tamamilə sağlam uşaqların övladlığa götürülməsinə üstünlük verirlər. Bu, əvvəllər də belə olub, amma son illərdə bu tendensiya daha da artıb».
Komitə rəsmisi qeyd edib ki, övladlığa verilmə ilə bağlı mərkəzləşdirilmiş qurum yaradılmalıdır: «Bir şeyi qeyd edə bilərəm ki, övladlığa götürülmə ilə bağlı Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, Ailə Məcəllləsində övladlığa götürülmə məsələsi göstərilir, amma bunun hansı qaydalar əsasında edilməsi bildirilmir. Bu sahədə müəyyən təkmilləşdirilmələrin olması zəruridir. Bu, günümüzün tələblərindən biridir. Eyni zamanda, beynəlxalq ekspertlər də bura gələndə bu məsələni qaldırmışdılar ki, istər yerli, istərsə də ölkələrarası övladlığa götürmə olsun, bu işin bir, vahid mərkəzdən idarə olunmasına ciddi ehtiyac var. Bu fəaliyyətin mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsi övladlığa götürmə sahəsində dinamikliyin və çevikliyin olmasına, bürokratik əngəllərin aradan qaldırılmasına və bu sahədə vətəndaşların istəklərinin daha rahat şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Məlumat üçün deyim ki, Azərbaycanda uşaqların ölkələrarası övladlığa verilməsi məsələləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Yerli övladlığa götürmə məsələlərinə isə yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları nəzarət edir. 0-3 yaş arası uşaqlarla bağlı proseslər Səhiyyə Nazirliyində, 3 yaşından yuxarı 18 yaşınadək isə Təhsil Nazirliyində həyata keçirilir. Hesab edirik ki, bizdə övladlığa götürülmə ilə bağlı mütləq qanunvericilikdə dəyişikliklər edilməli, konkret qaydalar müəyyən olunmalıdır. Övladlığa götürülmə məsələlərinin mərkəzləşmiş qurum tərəfindən idarə olunması məqsədəmüvafiq olardı».
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 15 aprel.- S.5.