İkili standartlar prinsipi daha qabarıq
görünür
İnsan haqlarının müdafiəsi bəzi təşkilatların əlində
yalnız siyasi təzyiq vasitəsidir
Avropa Oyunları
yaxınlaşdıqca, beynəlxalq
ictimai rəydə Azərbaycan barədə mənfi imic formalaşdırmaq cəhdləri
də artmaqdadır. Bu kampaniyanın başında
yenə də beynəlxalq insan haqlarının müdafiəsi
təşkilatları durur.
Bu təşkilatların yürütdüyü siyasətin
insan haqlarına heç bir aidiyyəti olmadığı
gün kimi aydındır. Çünki insan haqlarının müdafiəsi bu təşkilatların əlində
yalnız siyasi təzyiq vasitəsidir, məqsəd isə insan haqlarının müdafiəsi deyil, dövlətləri hər
vasitə ilə təzyiq altında saxlamaqdır.
Lakin dəyənəyin iki başı var - insan haqlarının müdafiəsi hansısa dövlətə qarşı
təzyiq vasitəsi kimi istifadə edilirsə, bu ali prinsiplər
dəyərsizləşməyə başlayır. Çünki ikili standartlar
prinsipi daha qabarıq görünür
və məsələn,
on illərdir hüquqlarının
bərpasını gözləyən
qaçqın və məcburi köçkünlər
beynəlxalq təşkilatların
yanaşmasını anlamaqda
çətinlik çəkirlər.
Məntiqlə beynəlxalq hüquq müdafiə təşkilatları
doğrudan da Azərbaycanda insan haqlarının pozulmasını
problem kimi görürsə
və məqsədləri
bu problemin həll etməkdirsə, o
zaman ilk növbədə
qaçqın və məcburi köçkünlərin
problemlərinə diqqət
çəkməlidir. Çünki bu icma həm
cəmiyyətin önəmli
bir hissəsini təşkil edir, həm də üzləşdikləri problemlərin
əsas həlli məhz beynəlxalq təşkilatlardan asılıdır.
Lakin indiyədək İdman və İnsan Haqları Alyansı adlanan qurumda təmsil olunan “Amnesty İnterntional”,
“Transparency İnternational”, “Human Rights
Watch” təşkilatları bir dəfə olsun belə Ermənistanın işğalçılıq
siyasəti nəticəsində
milyona yaxın insanın hüquqlarının
pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi
şəkildə pozulmasında
günahkar olan Ermənistan dövlətinə
bir dəfə formal olsa belə çağırış edilməyib.
Ən nəhayət beynəlxalq
insan haqları təşkilatları nə
parlament gülləbaran
edildikdə, nə kütləvi aksiyalar vəhşiliklə dağıdıldıqda,
nə də mitinqə çıxan insanlara atəş açıldıqda, nümayişçilər
həbs edildikdə Ermənistanı insan haqlarını pozmaqda tənqid etməyiblər.
Səbəb – ikili standart siyasəti və insan haqlarının
müdafiəsi kimi ali dəyərin
siyasi təzyiq aləti kimi istifadə olunmasıdır.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının dünyada
nüfuzunu getdikcə
itirməsi də bununla əlaqədardır. “Freedom House”, “Amnesty İnterntional”, “Transparency İnternational”,
“Human Rights Watch” kimi təşkilatlar
artıq dünyada əvvəlki ciddiliklə
qəbul olunmur, bu səbəbdən nüfuzlarını bərpa
etmək üçün
alyans kimi fəaliyyət göstərməyə
başlayırlar. Hansısa beynəlxalq
əhəmiyyətli tədbirin
keçirilməsi belə
alyansların meydana çıxması üçün
bir bəhanədir.
Bu, bir növ
güclərini itirmiş
siyasi partiyaların birləşdiyi kiçik
seçki bloklarını
xatırladır.
Nüfuz problemini həll etmək üçün formalaşan belə seçki bloklarının
ictimai rəyə təsir imkanları çox aşağı olduğundan hadisələrə
at baxışı prizmasından
baxırlar və
marginal qruplara xitab edirlər. İnsan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən beynəlxalq
təşkilatlar da belədir, onların hansısa ölkədə
proseslərə yanaşması
maliyyə dəstəyi
aldıqları dövlətin
siyasəti ilə eynilik təşkil edir.
Məsələn, Fransada qondarma
“erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin nəzərdə
tutan qanunun qəbulu insanın ən ali hüququnun
- söz azadlığı
hüququnun kobud şəkildə pozulması
deməkdir. Lakin nə “Freedom House”, nə
“Human Rights Watch” buna görə
Fransa hökumətini
insan haqlarını pozmaqda ittiham etməyiblər. Halbuki tarixə dair
hansısa hadisəni öz prizmasından şərh etmək insanın ən təbii hüququdur.
İsveçrədə analoji qanunun
qəbulu zamanı da beynəlxalq hüquq müdafiə təşkilatlarının reaksiyası
sıfır olub.
Azərbaycanda hansısa problemi
şişirdərək dünya
səviyyəli problemə
çevirməyə çalışan
bu təşkilatlar hələ indiyədək
bir dəfə olsun Yaxın Şərqdə Qərbin
yüz milyonlarla insanın haqlarını pozduğuna diqqət çəkməyiblər.
Yaxud “Charlie Hebdo”
hadisələrini xatırlayaq. Məhəmməd peyğəmbərin karikaturasının
dərc olunması 1 milyarda yaxın insanın inanc hüququnun tapdanması idi. Bu hüququ göz ardı edən beynəlxalq təşkilatlar məsələyə
səbəb, deyil, nəticə prizmasından
baxdılar, islam
və terror anlayışlarını
eyniləşdirməyə çalışdılar. İnsan haqları
təşkilatları “Charlie Hebdo”nun buraxdığı
səhvi təkrarladılar,
“dünyada heç bir din və toplum terrora haqq qazandıra bilməz” anlayışını
rədd edərək üç terrorçunun
əməlinə görə
bir milyarda yaxın insanın inanc hüquqlarını tapdadılar. Lakin bir fransız pilot terror aktı törədərək
sərnişin təyyarəsini
qəsdən qəzaya
uğratdıqda “Freedom House”, “Human Rights
Watch” və digər təşkilatlar susdular, hadisəni terror aktı kimi dəyərləndirmədilər
və 150 nəfərin
timsalında milyonlarla
sərnişinin sərbəst
hərəkət hüququnun
pozulduğu dilə gətirilmədi. Çünki
pilot müsəlman deyildi...
Azərbaycana qarşı münasibət
də eynidir, hər şey ikili standart prizmasından dəyərləndirilir. Ölkə yerləşdiyi
coğrafi məkanın
verdiyi üstünlüklərdən
uğurla istifadə edir və faktiki
olaraq təhlükəsiz
enerji təminatı məsələsində Avropanın
yeganə ümid yerinə çevrilib.
Azərbaycanın Avropa ilə
bərabər statusda masa arxasına əyləşməsini və
balanslaşdırılmış siyasət yürütməsini
həzm edə bilməyən qüvvələr
ölkəni daim təzyiq altında saxlamaq istəyir və bunu həm
də insan haqları təşkilatlarının
əli ilə etməyə çalışırlar.
Bu siyasət isə
bumeranq effekti verir, ikili standartlar
səbəbilə beynəlxalq
təşkilatlar cəmiyyətin
gözündə dəyərlərini
günbəgün itirirlər.
Bu isə artıq
Azərbaycanın deyil,
indi İdman və İnsan Haqları Alyansı altında birləşən,
gücünü itirən
beynəlxalq təşkilatların
öz problemidir.
“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri
Fərid Şahbazlı
hesab edir ki, bəzi beynəlxalq
təşkilatların ikili
yanaşma mövqeyi I
Avropa Oyunlarının
keçirilməsinə münasibətdə
də özünü
qabarıq göstərir.
Onun sözlərinə görə,
həmin beynəlxalq təşkilatların sərgilədiyi
mövqeyə baxmayaraq
Bakı Avropa Oyunları möhtəşəm
idman bayramı kimi tarixə düşəcək: "Azərbaycan
Bakıda keçiriləcək
I Avropa Oyunlarına yüksək səviyyədə
ev sahibliyi edəcək və bu oyunlar möhtəşəm
idman bayramı kimi tarixə düşəcək. Avropa Oyunları
öncəsi ölkəmizdə
düşmən mövqedə
olan xarici dairələrin və onların yerli havadarlarının Azərbaycana
təzyiq cəhdləri,
boykot çağırışları
heç bir nəticə verməyəcək.
Azərbaycana düşmən mövqedə olan xarici QHT-lərin təxribatçı əməllərinə
dəstək verən
ölkəmizdəki bəzi
kiçik qruplar anlamalıdırlar ki, onların bu fəaliyyəti birbaşa
dövlətimizə və
xalqımıza qarşı
yönəlib".
F.Şahbazlı bildirib ki, bu gün Azərbaycanın
hər ötən gün dünyada nüfuzunun yüksəlməsi
və cərəyan edən proseslərə təsir gücünün
artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir: “Bu qüvvələr
ölkəmizin müstəqil
xarici siyasət yürütməsini həzm
edə bilmir və belə subyektiv mülahizələrə
əsaslanan qətnamələrlə
Azərbaycana təzyiq
etmək istəyirlər.
Ölkəmizdə qanunun aliliyi,
insan hüquq və azadlıqlarının
qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı
və məhkəmə
sisteminin müstəqilliyi
tam şəkildə təmin
olunub. Belə uydurma hesabatlarla
Azərbaycana təzyiq
etmək, onun müstəqil siyasət həyata keçirməkdən
çəkindirmək cəhdləri
yenilik deyil. Ancaq, bu qurumlar anlamalıdırlar
ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir
və bu prosesdən itirən yalnız Avropa olacaq. Çünki bütün dünya,
nüfuzlu beynəlxalq
təşkilatlar Azərbaycanda
sürətlə reallaşdırılan
siyasi-iqtisadi islahatları
görür və təqdir edirlər".
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 22 aprel.- S5.