İnsanların maarifləndirilməsi vacib şərtdir
Milli Fəaliyyət Proqramı insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılmasında başlıca faktordur
Bu gün respublikamızda iqtisadi inkişafla yanaşı, ictimai-siyasi həyatda müsbət dəyişikliklərin olması göz önündədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması dövlətin ən ümdə siyasi xəttinə çevrilib.
Belə ki, 27 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı qəbul olunub. Sözügedən proqramın qəbul olunması üçün prezidentin müvafiq sərəncamı da var. Qeyd edək ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilib.
Sənəddə öncə normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyən olunmuş formalara əsasən təsbit olunub. Belə ki, Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulur.
Konstitusiyanın 12-ci maddəsində müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir. Bu proses Azərbaycan Respublikasının Milli Məclisi, Prezident Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Onu da nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi əsas götürülüb.
Məlumdur ki, Azərbaycan insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə həmçinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir. Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Ədliyyə, Xarici İşlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu prosesi mütəmadi olaraq icra edəcək.
Bu barədə açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşünas Mehman Muradlı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını müsbət qiymətləndirdiyini deyib.
Onun sözlərinə görə, bu proqram insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi önəmli sənədlərdən biridir: "Bildiyiniz kimi, proqramın preambula hissəsində göstərilir ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul olunub. Proqramın qəbul olunmasında 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanı proqramın əsas mənbəsi hesab etmək olar. Belə ki, Konstitusiyanın əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu proqram qəbul edildikdən sonra bir çox qanunlarda dəyişikliklər olmuş və bir neçə yeni qanunlar qəbul edilib".
Birlik sədri onu da bildirb ki, proqramda ictimai institutların da üzərinə vəzifələr qoyulmuş və QHT sektorunun yardımından geniş istifadə nəzərdə tutulub: "Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının büdcəsi il ildən artıb. Rəqəmlərə nəzər yetirsək görərik ki, 2012-ci illə müqayisədə bu il dövlət büdcəsindən Şuraya ayrılan vəsaitin həcmi 3 dəfə artıb. Cəmi üç il ərzində Şuranın büdcəsi 1,6 milyon manatdan 4,5 milyon manata qədər artmışdı. Tək bu hal onu deməyə əsas verir ki, Azərbaycanda QHT sektorunun inkişafında dövlət maraqlıdır".
M.Muradlı vətəndaş cəmiyyətinin formalaşdırılmasında və inkişafı yönündə ciddi addımların atıldığını söyləyib. Onun fikrincə, QHT-lərin sayının artması, onların fəaliyyətinin inkişafı və ümumilikdə insanların maarifləndirilməsi mühüm hadisədir: "Heç də təsadüfü deyil ki, millət vəkili, Azərbaycan Respublikasını Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin müəllifliyi ilə qəbul edilmiş və 2014-cü ilin 1 iyun tarixində qüvvəyə minən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanunu vətəndaşların və ictimai birliklərin dövlət idarəetməsində nəzarəti həyata keçirmək üçün çox mühüm bir addım olub. Hesab edirəm ki, bundan sonra da bu yöndə lazımi addımlar atılacaq".
Onu da nəzərə çatdırmaq lazımdır ki, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı çərçivəsində xeyli sayda qanunlar qəbul olunub, bəzilərinə əlavə dəyişikliklər edilib. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də bu qəbildəndir.
Azərbaycan Respublikasının Milli
Məclisi 2012-ci il mart-aprel aylarında bu prosesi həyata keçirib. Bundan əlavə, barəsində
həbs qətimkan tədbiri seçilmiş
şəxslərin həbsdə
saxlanılmasının qanuniliyinin
təmin edilməsi məqsədilə Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əlavə
və dəyişikliklərin
edilməsi haqqında
qanun layihəsinin hazırlanması, Ekstradisiya
olunmaq üçün
tutulmuş şəxslərin
hüquqlarının təmin
edilməsi məqsədilə
Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsinə
əlavə və dəyişikliklərin hazırlanması,
Diffamasiyaya görə
cinayət məsuliyyətinin
aradan qaldırılması
məqsədilə qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, Miqrantların
hüquqlarının təmin
edilməsi məqsədilə
Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsi
layihəsinin hazırlanması
üzrə işin yekunlaşdırılması layihələri
icra olunub. Bu tədbirlər Prezident Administrasiyası tərəfindən gerçəkləşdirilib.
Məlumat üçün onu da vurğulayaq ki, Fəaliyyət Proqramında Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq
müqavilələrə qoşulması
ilə bağlı tədbirlərin davam etdirilməsi əsas götürülüb. Azərbaycan Respublikası
bu günədək Birləşmiş Millətlər
Təşkilatının və
müxtəlif regional təşkilatlarının
yüzlərlə konvensiyalarına
və digər beynəlxalq müqavilələrinə
qoşulub. Eyni zamanda,
insan hüquqları üzrə beynəlxalq hüququn daimi inkişafda olduğunu və yeni beynəlxalq
müqavilələrin qəbul
edildiyini nəzərə
alaraq Azərbaycan Respublikasının həmin
sənədlərə qoşulmasının
məqsədəuyğunluğu təhlil edilməli və bu istiqamətdə
tədbirlərin görülməsi
davamlı olmalıdır.
MƏMMƏDHƏSƏN
Məqalə KİVDF-nin maliyyə
dəstəyi ilə çar edilib
Azad Azərbaycan.- 2015.- 24 aprel.- S.5.