Erməni millətçilərinin Cənubi
Azərbaycanda törətdikləri vəhşiliklər
XX əsrin əvvəllərində ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdu. Erməni avantüristlərinin “Böyük Ermənistan” xülyasını həyata keçirmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxarmışdı. 1905-1906-cı illərdə törədilmiş bu qırğınların miqyası xeyli genişlənərək Bakı, Naxçıvan, İrəvan, Zəngəzur, eləcə də Cənubi Azərbaycan ərazisini əhatə etmişdi.
Həmin illərdə erməni terror təşkilatına qoşulmağa səslənən intibahnamələr yayılırdı. Bu intibahnamələrdə azərbaycanlılar ruslara qarşı birlikdə mübarizə aparmaq adı ilə erməni terror təşkilatına qoşulmağa çağırılırdı. Buna qarşı çıxanlara isə hədə-qorxu gəlinirdi. Senator Kuzminski o dövrdə yazırdı: “Görünür, ermənilərin bu cür fitnəkar fəaliyyəti müsəlman dünyasında geniş yayılmışdır”. Yeri gəlmişkən, ermənilərin hədələyici intibahnamələri və onlara müsəlmanların mənfi cavabları İskəndəriyyədə fars dilində çap olunan “Cohrənuma”jurnalında dərc edilmişdi.
“Daşnaksütyun” partiyasının idarə etdiyi erməni quldur birləşmələrinin 1905-ci il fevral ayının 20-21-də İranın müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər, qırğınlar və dinc sakinlərə qəddarcasına divan tutulması şahidləri dəhşətə gətirmişdi. O vaxtlar Rusiyada nəşr olunmuş “Kavkaz” qəzetində bu qətllərin “Parisdə” və ya “Venesiyada” çap edilmiş erməni dərsliklərindən tərbiyə almış adamlar tərəfindən törədilməsi qeyd olunurdu. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı gələcək cinayətlərə sanki qabaqcadan proqramlaşdırırdılar. Adıçəkilən rus qəzetinin yazdığına görə, həmin dərsliklərdə Tanrının erməni xalqını sivilizasiyanı və xristianlığı yaymaq üçün vasitəçi seçdiyi vurğulanırdı. Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyev bu məsələyə belə qiymət vermişdir: “Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmağı dövlət siyasəti səviyyəsinə qaldırır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına və milli qüruruna yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”.
1905-ci il mayın 11-də Bakıda erməni terrorçuları Qafqaz xalqları arasında dostluq əlaqələri yaratmağa təşəbbüs göstərən knyaz M. A. Nakasidzeni və Q. Takayşvilini qətlə yetirdilər. Həmin hadisə baş verən gün general Alixanov da öldürüldü. O dövrün məlumatlarına əsasən, qatillərdən biri “Dro” ləqəbli Drastamat Kanayan olmuşdu. Bu hadisələrdən əvvəl Dro Zəngəzur bölgəsində müxtəlif erməni quldur dəstələrinin tərkibində dinc insanlara – türklərə, kürdlərə, azərbaycanlılara qarşı qırğınlarda yaxından iştirk etmişdi. Dasnak terrorçuları tərəfindən qətlə yetirilənlər arasında qəza rəisləri Pavlov, Nessanski, Boquslavski, vitse-qubernator Andreyev, polkovnik Bukov və başqaları da vardı.
Ulu öndər Heydər Əliyevin azərbaycanlıların soyqırımı haqqında fərmanında qeyd olunur: “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycan və indiki Ermənistan adlanan ərazidəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bunları törədən təşkilatlar hadisələrin açılmasına, ona düzgün hüquqi -siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər".
Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri olan Mirzəbala Məhəmmədzadə 1920-ci il mayın 28-də müsavatçı adı ilə həbs olunur. Həbsdən azad edildikdən sonra İrana mühacirət edən M. Məhəmmədzadə bir müddət Ənzəli və Rəşt şəhərlərində yaşayır. O, 1923-cü ildə İstanbulda çap olunmuş “Yeni Qafqaz” dərgisində İran xatirələrini nəşr etdirir. Sonralar 1927-ci ildə İstanbula gedir, orada “Ermənilər və İran ” adlı kitabını türk dilində çap etdirir. Müəllif faktlara istinad edərək daşnak partiyasının İrandakı işi və erməni millətçilərinin iddiasına görə onların ariyalılarla eyni irqdən olması və qan qohumluğu barədə bir sıra məsələlərə toxunurdu. M Məhəmmədzadə yazırdı ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud olan 3 milyon nəfər erməninin 1 milyon 100 mini Qafqazda, 100 mini İranda, 400 min nəfəri isə Türkiyədə yaşayırdı.
Daşnak partiyasının fəaliyyətinin Afinadan Tehrana köçürülməsi, Xoy, Təbriz, Rəşt, İsfahan və s. şəhərlərdəki fəaliyyəti, eləcə də Xoyda və Təbrizdə erməni kilsələrinin işi bir daha təsdiq edir ki, daşnaklar İranda müstəqil Azərbaycan Cümhuriyyəti və Türkiyə əleyhinə müxtəlif təxribatlar həyata keçirməklə məşğul olmuşlar. Özlərini ariyalı iranlılarla bir irqdən bilib qan qardaşı adlandıran erməni daşnakları 1905-ci ilin fevral ayında Bakıda, Tiflisdə, Şuşada olduğu kimi, Cənubi Azərbaycanda da qırğınlar törətməkdən çəkinmirdilər.
1890-cı ildə Kristofor Mikailyan, doktor Jan Lorzis Məlikov, Simon Zavoryan və Konstantin Xatisyanın iştirakı ilə Tiflisdə daşnak partiyası yaradılır. Rəsmi orqanı “Drujaq” qəzeti olan daşnak partiyası 1907-ci ildə Vyanada özünün IV qurultayında bütün təşkilatlarına və üzvlərinə tapşırıq verərək hamını “erməni məsələsini” həll etmək üçün İranda gedən azadlıq hərəkatında fəal iştirak etməyə çağırırdı...
Yepremin atdığı güllə ilə Tehranın Atabəy parkında “sərdari-milli” ləqəbli Səttarxan ayağından yaralandı. Bir ildən sonra o, həmin yaradan vəfat etdi. Yeprem Tehran şəhərinin polis rəisi vəzifəsini ələ keçirdikdən sonra onun başçılıgı altında yüzlərlə məşrutəçi azərbaycanlı türkü Atabəy parkında odlu silahla qətlə yetirildi. Yeprem başda olmaqla çar Rusiyasının qoşunu Rəştdən Qəzvinə basqın etdi. Rusların ultimatumu 1911-ci il dekabrın 1-də İran parlamentinin müzakirəsinə çıxarıldı. Müzakirənin gedişində çıxış edən Şeyx Məhəmməd Xiyabani israrla deyir ki, “biz öz əlimizlə istiqlaliyyətimizi özgələrə təqdim etməyə haqlı deyilik”. Dekabrın 24-də İran parlamenti buraxılır və Səmsaus-Səltənə İranı çar Rusiyasının müstəmləkəsinə çevirən ultimatumu qəbul edir.
Sonralar Yeprem törətdiyi cinayətlər barədə belə qeyd edir: “1908-ci il fevralın 8-də Qiyas Nizami oğlu Nasir xanı müavini ilə birlikdə Qəzvində öldürdüm. Sonra onun fərraş başçısı Vəli xanı tapıb qətlə yetirdim. Qəzvindən 35 kilometr aralıda—Xurzan adlı yerdə erməni dəstəsilə birlikdə Şahsevənlərdən 58 nəfəri öldürüb, 46 nəfəri isə yaraladıq. Qəsdən qadınları öldürdük. Çünki onlar çadralarının altında silah daşıyırdılar. Uşaqları qəsdən öldürmədik. Onlar təsadüfü güllələrin qurbanı oldular”. Qatı cani Yeprem daha sonra qeyd edir: “Aprelin 19-da 90 nəfərlik erməni dəstəsi ilə Qəzvinə hərəkət etdik. Qiyas Nizaminin 21 yaşlı oğlunu əsir götürdüm. Qəzvində 60-70 nəfəri öldürüb, 35 nəfəri yaraladıq. Sərdarı tutub güllələdim”. Türk qanına susamış Yeprem 1908-ci il aprelin 18-də 7 nəfər erməni silahlısı ilə Şahsevənlərə hücum edib 8 nəfər kişi və bir qadını öldürdüyünü, Qəzvində isə kürd qəbilələrinin başçısı Qiyas Nizamini güllələdiyini bildirirdi. Yeprem 1908-ci il iyunun 24-də Tehran ətrafında – Qaratəpənin üç kilometrliyində Bəxtiyarilərdən 50-60 nəfərin öldürməsini lovğalıqla qeyd edirdi. Bu murdar xislətli şəxs quldur erməni dəstəsilə Tehranda Sipəhsalar məscidinə hücum etməsini və ordakıların qaçmasından da ağızdolusu söhbət açırdı. Daşnak quldurlarının Tehrandakı hərbi qərargahı erməni məktəb binasi idi. Erməni millətçilərinin “sədaqət” və “fədakarlığına” bel bağlayan İranın dövlət başçıları onlara xüsusi imtiyaz və üstünlüklər verirdilər.
Firudin Cümşüdlü
Azad Azərbaycan.-
2015.- 25 fevral.- S5.