Uşaqlar və gənclər milli ruhda tərbiyə
olunmalıdır
Gənclərin siyasi fəallığının
artırılması onların gələcək karyeraları
üçün vacib
faktordur
Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür. Uşaqlar və gənclər milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəsilə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir.
Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”.
Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkirlər. Vətən onu sevənlərin, onu qoruya bilənlərin məskənidir, simsarıdır. Vətən babaların əmanəti, müasir gəncliyin isə səltənətidir.
Gənclik Vətəni sevməlidir ki, Vətən daha da çiçəklənsin, daha da yenilməz olsun. Bu gün vətənpərvərlikdən çox danışırıq. Xüsusən də gəncliyin vətənpərvərlik meylləri, onların Vətən sevgisi geniş təhlil edilir. Bəzən belə bir sual yaranır ki, gənclik özü vətənpərvərliyin nə olduğunu anlaya bilirmi, bu hissi necə yaşayırlar, yaxud hansı formada büruzə verməlidirlər? Ümumiyyətlə, gənclik üçün vətənpərvərlik anlayışı nədir?
Bilirik ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin gəncliyin həyatı, rifahı və gələcəyi ilə sıx bağlılığı var. Azərbaycanda baş verən iqtisadi inkişaf nəticəsində bir sıra yaddaqalan işlər görülüb. Bura əhalinin artımı, əməkhaqqının qaldırılması, gənclərin dövlət hesabına ölkədə və xaricdə yüksək səviyyədə təhsil alması, habelə gənc alimlərin elmi işlərinin, tədqiqatlarının dövlət tərəfindən maliyyələşdirilməsi və s. daxildir. Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır. Azərbaycanda həm paytaxt, həm də bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb və görülməkdə də davam edir.
Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Nəzərə almaq lazımdır ki, dünyada bir çox dəyişikliklər gəncliyin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir.
Bu gün Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə də böyük üstünlüklər qazanıb. Ölkə iqtisadiyyatı o qədər inkişaf edib ki, bu sahədə gənclər üstünlük təşkil etməyə başlayıb. Hazırda ölkəmizdə gənc sahibkarlar digər sahibkarları üstələməkdədir. Bu da gənclərə yaradılan imkanın nəticəsidir. Bir sözlə, gənclər cəmiyyətdə çox böyük təsir gücünə malikdir və onların fikirləri hər zaman çox şeyə qadirdir. Bu gün Azərbaycanda gənclərlə dövlət arasında böyük bir həmrəylik var. Müəyyən qədər məlumatsız olan gənclər də bilməlidirlər ki, ölkə daxilində onların gələcək rifahının, sosial imkanlarının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür.
Gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olması da vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər ölkənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır.
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur, bir ocaqdır. "Təhsil haqqında" Qanun da, məktəbin daxili qayda-qanunları da, pedaqoqun öz işinə məsuliyyəti də müasir məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb edir. Yəni bu gün formalaşan şagird yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər, dövlətçiliyimizə sədaqətli olmalıdır.
Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.
Gənclik həmçinin bir xalqın gələcəyini, onun inkişaf yolunu müəyyən edən, cəmiyyətin ictimai-siyasi həyatında ön sıralarda gedən aparıcı qüvvədir. Məhz bu gün gənclərimizin hər bir sahədə qazandığı uğurlar ölkəmizin inkişaf səviyyəsini, yüksəlişini, ictimai-siyasi potensialını təbliğ edən ən vacib meyarlardandır. Dövlətimiz də bu meyarı dəyərləndirərək gənclərimizdən diqqət və qayğısını əsirgəməyib, hər zaman onların yanında olaraq qabiliyyət və imkanlarını inkişaf etdirmək üçün lazımi göstərişlərini verib. “Mübariz Gənclər” İctimai Birliyinin sədri Bəhlul İsmayılov hesab edib ki, gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir: «Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində rayonlarımızın məktəblərində lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan “Cəsurlar” və “Şahinlər” hərbi idman oyunlarının, “Azərbaycan doğma diyarımdır” vətənpərvərlik yay istirahət düşərgələrinin keçirilməsi alqışalayiqdir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir».
B.İsmayılovun sözlərinə görə, hər bir gənc Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır: «Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar hansı əsaslara söykənir. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclik var. Avropada və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik gənclər var ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, iş fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Bu cür insanlar həqiqətən də böyük alqışa layiqdir. Onu da qeyd edim ki, mövcud olan bir sıra gənclər təşkilatları milli dəyərlərə hörmətlə yanaşanlar üçün bir məktəbdir».
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 10 iyun.- S.5.