Layihənin metodik-didaktik
istiqaməti üzrə görülən
işlər
2014-2015-ci dərs ilindən "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumtəhsil məktəbinin 15 birinci sinfində "Sağlam təhsil sinfi" yaradılıb. Sağlam təhsil texnologiyalarına verilən əsas tələblər layihənin elmi məsləhətçisi, Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, professor Vladimir Filippoviç Bazarnıy tərəfindən təqdim edilib. Bu müddət ərzində sağlam təhsil texnologiyalarının nəzərdə tutulduğu şəkildə tətbiqinə nail olmaq üçün müəllimlərlə müvafiq iş aparılıb.
Məlum olduğu kimi, sağlam təhsil texnologiyaları V.F.Bazarnıy tərəfindən iki istiqamətdə təqdim edilmişdir:
I istiqamət daha çox tibbi-gigiyenik məqsəd daşıyır. Təlim prosesində bu istiqamət üzrə şagirdlərin düşünülmüş şəkildə fiziki və emosional fəallığı təmin edilir. Bunun üçün sinfin tərtibat və təchizatına bir sıra elementlər (hündür masalar, göz trenajorları, reaksiya avadanlıqları, asqılar, panarama effekti) əlavə edilmişdir. Müəllimlər təlim prosesində verilmiş tövsiyələr üzrə müxtəlif fəaliyyətlərin vaxtlı-vaxtında və lazımınca yerinə yetirilməsi üçün aşağıda qeyd olunan şəraiti yaradırlar:
- Dərsin hər on beşinci dəqiqəsində şagirdlərin yerinin (oturacaqlı masalardan hündür masalara və əksinə) dəyişdirilməsi;
- Yerdəyişmənin birinci on beş dəqiqəsində reaksiya vərdişlərinin formalaşdırılması;
- Yerdəyişmənin ikinci on beş dəqiqəsində göz trenajoru üzrə iş;
- Təlim prosesində sinifdəki dörd asqıdan düzgün istifadə.
II istiqamət təlimin tamlığını və inteqrativliyini təmin etmək məqsədi daşıyır. Bu məqsədin əldə olunması üçün:
- Təlimin dərin təəssüratlar üzərində qurulması,
- Problemin həlli məqsədi ilə şagirdlərin əl işi kimi (çəkmə, rəngləmə, yapma, kompozisiyalar və konstruksiyalar qurma) yaradıcı fəaliyyətə cəlb edilməsi,
- Təsviri, nəqli, mühakimə xarakterli nitq bacarıqlarının inkişaf etdirilməsi,
- Aşağı siniflərdə ayrı-ayrı fənlərin məzmun standartlarında nəzərdə tutulmuş bilik və bacarıqların inteqrasiyasının süjet üzrə təşkil olunması istiqamətlərində iş aparılır. Yuxarı siniflərdə bunu layihəyə əsaslanan təlim (LƏT) texnologiyaları üzrə inteqrasiya etmək olar.
Qeyd edilənlər proqressiv və konstruktiv təlim prinsipləri ilə bir çox məqamlarda üst-üstə düşsə də bu təlim texnologiyalarında şagirdin fiziki-idraki-emosional fəallığının tam və sistemli təşkili, həmçinin idarə edilməsi mexanizmləri təqdim edilir. Bu texnologiyaları sadalanan mütərəqqi təlim prinsiplərindən də fərqləndirən əsas cəhət də məhz budur. Öyrənmənin təşkili insan orqanizmində baş verən aşağıdakı kimi fiziki-fizioloji və psixi proseslərə əsaslanır:
1.Təəssüratlanma- dərin təəssüratlanmanı təmin etmə;
2. Əl işi- əllərin vasitəsi ilə yaratmağa imkan vermək;
3.Nitq quruculuğu- nitqin vasitəsi ilə ifadə etməyə şərait yaratmaq.
Onu da qeyd edək ki, sağlam təhsil texnologiyalarının iki modeli işlənib hazırlanmışdır:
I model (sadələşdirilmiş) təlimin yalnız tibbi-gigiyenik tövsiyə və təlimatlara riayət etməklə təşkilini, II model (əsas) isə həm tibbi-gigiyenik, həm də didaktik baxımdan tövsiyə və təlimatlara riayət etməklə təlimin təşkilini nəzərdə tutur.
Sağlam təhsil texnologiyalarının tətbiqinə nail olmaq üçün kadr hazırlığı ilə bağlı bir neçə mərhələdə müəyyən işlər aparılıb. I mərhələdə rusiyalı alim V.F.Bazarnıyın iştirakı ilə müəllimlərlə ikigünlük seminar keçirilib.
II mərhələdə müəllimlərə işin təşkili və sualların yaranması üçün vaxt verilib. Dərs ili başlanandan sonra müəllimlərin fəaliyyəti siniflərdə quraşdırılmış kameralarla izlənib, zərurət yarandıqda onlara istiqamət verilib.
Növbəti - III mərhələdə müraciət edən müəllimlərə əlavə dəstək üçün onlarla bir neçə görüş keçirilib. Sonra belə gorüşlərin mütəmadi xarakter alması təmin olunub. Tədbirlərdə pilot siniflərdə dərs deyən sinif müəllimləri və gələcəkdə metodist kimi fəaliyyət göstərəcək müxtəlif ali təhsil müəssisələrinin (ADPU, AMİ, ATPİ) mütəxəssisləri, daha sonra isə ingilis dili, informatika, dördüncü sinifdə dərs deyən sinif müəllimləri, bəzən də fiziki tərbiyə müəllimləri iştirak ediblər.
IV mərhələdə tövsiyə və təlimatlar üzrə aparılan işlərin müzakirəsi üçün "dəyirmi masa"lar keçirilib. Bu mərhələdə müəllimlərə daha yaxından dəstək olmaq məqsədilə bəzi tövsiyələr dil və üslub baxımından sadələşdirilib.
V mərhələdə tövsiyə və təlimatlarla işin ilkin mərhələsi başa çatandan sonra dərslərin süjet üzrə planlaşdırılması bacarıqlarının formalaşması ilə bağlı işlərə başlanılıb.
VI mərhələdə təqdim edilən şərtlər nəzərə alınmaqla dərs planı hazırlamış bir müəllim, müəllim obrazında, digər müəllim və metodistlər isə şagird obrazında olmaqla dərs planlarının tətbiqi üzrə işlər aparılıb. Həmçinin Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) mütəxəssisləri Fəridə Əliyeva və Cim Hammer şənbə görüşlərinə dəvət edilib, müəllimlər üçün "İnteqrativ təlim" mövzusunda təlim məşğələləri də təşkil edilib.
Nəhayət, sonuncu-VII mərhələdə ilk gündən bütün görüşlərdə iştirak etmiş və sağlam təhsil texnologiyalarının metodik incəliklərini əxz edən ali təhsil müəssisələrinin mütəxəssisləri ilə müqavilə bağlanıb və onlar müəllimlərə metodik dəstək göstərmək üçün ayrı-ayrı pilot məktəblərə təhkim ediliblər. Metodistlərin məktəblərə getməsi, dərs müşahidələri, dərslərin təhlili, yeni dərs planlarının müzakirəsi və boşluqların aradan qaldırılmasına dəstək qısa zamanda ciddi irəliləyişlərlə nəticələnib.
Layihə ilə bağlı aparılan maarifləndirmə işləri, valideyn-müəllim münasibətlərinin inkişaf etdirilməsi də diqqətdə saxlanılan məsələlərdən olub.
Hər şənbə bir məktəbdə olmaqla layihə tətbiq olunan 6 ümumtəhsil məktəbin "Sağlam təhsil sinif"lərinin müəllimləri valideynlərin maarifləndirilməsi işinin təşkili mexanizmlərini də öyrəniblər. Seminar boyu valideyn və müəllim əməkdaşlığının əhəmiyyətini qabardan praktik tapşırıqlar üzrə işlər aparılıb, hər valideynin peşə və ixtisasından irəli gələrək məktəbə verə biləcəyi töhfələr barədə müəllim və metodistlərlə birgə məqsədyönlü müzakirələr təşkil edilib. Nəticədə pilot sinif müəlliminin valideynlə iş üzrə fəaliyyət planı tərtib olunub.
Müşahidələr göstərdi ki, "Sağlam təhsil sinif"lərinin valideynləri bu siniflərə ciddi dəstək veriblər.
Nəticə olaraq qeyd edə bilərik ki, may ayında Bakıda səfərdə olan layihənin elmi məsləhətçisi V.F.Bazarnıy müəllim hazırlığı istiqamətində aparılan işləri və dinlənilən dərsləri yüksək qiymətləndirib.
2015-2016-cı tədris ilindən layihəyə qoşulan birinci sinif müəllimləri ilə sağlam təhsil texnologiyalarının ikinci (didaktik) istiqaməti üzrə işin aparılması nəzərdə tutulmur. Həmin siniflərdə yalnız sağlam təhsil texnologiyalarının birinci (gigiyenik) istiqamətinin tətbiqi planlaşdırılır. Cari dərs ilində didaktik istiqamətdə iş aparılan siniflərdə isə növbəti il daha çox müşahidələrin təşkili, texnologiyaların ildən-ilə effektivliyi vəziyyətinin izlənməsi, zərurət yarandığı təqdirdə müvafiq dəstəyin verilməsi nəzərdə tutulur.
Afət
SÜLEYMANOVA,
Təhsil Nazirliyinin Pilot layihələrlə
iş sektorunun
aparıcı məsləhətçisi
Azərbaycan müəllimi.- 2015.-
13 iyun.- S.9.