Qanunvericilik bazası təkmilləşdirilməkdədir
İnsan hüquqları üzrə Milli Fəaliyyət Proqramı uzunmüddətli
inkişafa xidmət edən
strategiyanın tərkib hissəsidir
Müstəqilliyin bərpa edilməsindən sonrakı illər ərzində ölkəmizdə insan hüquqlarının təminatı və cəmiyyətimizin müasir inkişafı naminə son dərəcə vacib və mühüm qərarlar qəbul edilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. Beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunaraq yüksək dəyərləndirilən və cəmiyyətimizdə böyük rəğbətlə qarşılanan belə konseptual xarakterli sənədlərdən biri də Azərbaycan prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"dır. Bu fundamental sənəd respublikamızda hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı islahatları şərtləndirən sosial zərurətdən irəli gələrək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəf və istiqamətlərinin mühüm tərkib hissəsi olmaqla, insan hüquqları ilə bağlı ölkəmizin perspektiv inkişafına, yeni iqtisadi və sosial çağırışlara yönələn milli strategiyadır.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin qorunub saxlanılması mümkün olmuş, qətiyyətli addımlar atılmış, xalqımızın rifahının yüksəldilməsi, demokratik hüquqi dövlətin, xüsusilə insan hüquq və azadlıqlarının bərqərar olmasında dinamik inkişafa nail olunmuş, ümumbəşəri dəyərlərin üstünlüyü qəbul edilmişdir. Ulu öndər vurğulayırdı ki, "hər bir insanın hüquqlarının qorunması bütün cəmiyyətin hüquqlarının qorunması deməkdir".
Həqiqətən də insan hüquqları faktoru nəzərə alınmaqla qısa müddət ərzində cəmiyyətdə hüquq düşüncəsinin və mədəniyyətinin köklü surətdə dəyişilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, dövlət idarəetməsində, məhkəmə və qanunvericilik sistemində ciddi islahatlar həyata keçirilmişdir. Respublikamızda beynəlxalq hüququn norma və prinsipləri əsasında mükəmməl normativ hüquqi baza yaradılmış, milli qanunvericiliyimiz təkmilləşdirilmiş, ölkəmiz insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuşdur. Həmin hüquqların səmərəli təminatı üçün mövcud resurslar beynəlxalq standartlara uyğunlaşdırılmış, beynəlxalq müqavilələrin müddəalarının milli səviyyədə implementasiyası təmin olunmuşdur.
Bu gün ölkə başçısı İlham Əliyevin milli dövlətçilik strategiyasına uyğun olaraq respublikamızda bütün sahələrdə hərtərəfli islahatlar aparılır, ölkəmiz qlobal və regional səviyyələrdə mühüm tarixi nailiyyətlərə imza atır, davamlı demokratik-hüquqi, dünyəvi inkişafın nəticəsi olaraq beynəlxalq strukturlara inteqrasiya olunur. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlər dövlətimizin siyasi-diplomatik və demokratik tərəqqisi baxımından əlamətdar hadisələrlə zəngin olmuşdur.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər hər şeydən əvvəl respublikamızın hərtərəfli inkişafı və gələcək perspektivləri üçün zəmin yaratmışdır. Elə bu səbəbdən də, prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır: "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".
Əlbəttə, ölkəmiz üçün olduqca məsuliyyətli bir dövrdə uzunmüddətli və davamlı inkişafa nail olmaq vəzifəsi mükəmməl milli mexanizmləri özündə ehtiva edən yeni proqram xarakterli sənədin işlənib hazırlanmasını labüd etmişdir.
İnsan hüquqlarının təminatı üzrə həyata keçirilən tədbirlərin davamlılığnı təmin edən Milli Fəaliyyət Proqramının ölkə başçısı tərəfindən təsdiq edilməsi, insan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyinin daha da artırılmasına, yeni təfəkkürün və milli hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına xidmət edir. Proqramda həmçinin, ədliyyə sahəsi ilə bağlı olan bir sıra mühüm tədbirlər - normativ-hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi, əhalinin kövrək təbəqələrinin, xüsusilə uşaqların, qadınların və məhkumların hüquqlarına daha həssas yanaşılması, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı daha səmərəli mübarizə, elektron xidmətlərin göstərilməsi və digər məsələlər üzrə konkret vəzifələr müəyyən olunmuşdur.
Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrin dürüst icrasına nail olunması baxımından ilk növbədə şəxsiyyət azadlığının mahiyyətinə dair siyasi nəzəriyyələr sistemində təşəkkül tapmış fəlsəfi yanaşmalara qısa tarixi ekskurs etmək yerinə düşərdi. Ümumiyyətlə, insan hüquqları ideyaları qədim tarixi köklərə malik olsa da, şəxsiyyət, onun azadlığı və bərabərliyi, özünəməxsusluğu ilə bağlı prinsiplərin tanınması, onların ali dəyər və ümumbəşəri sərvət kimi etiraf olunması müasir dövrün mühüm problemlərindən biridir. İnsan varlığının bünövrəsini təşkil edən fərdi azadlıqların, şəxsiyyətin özünüifadə, yaradıcılıq və təşəbbüskarlıq qabiliyyətlərinin inkişafına təkan verilməsi istənilən dövlətin və cəmiyyətin ali məqsədini, orada baş verən köklü islahatların əsasını təşkil etmişdir. Vaxtilə hüquqi dövlət və şəxsiyyət azadlığı konsepsiyasının müəlliflərindən biri olan klassik alman filosofu İmenual Kant qeyd edirdi ki, azadlıq həm özünün, həm də başqasının şəxsində insana heç bir halda vasitə kimi deyil, yalnız və yalnız məqsəd kimi yanaşmaqdan ibarətdir. Ona görə də, müasir dövrdə insan hüquqlarına hörmət, bu hüquq və azadlıqların təminatı hər bir dövlətin ali məqsədini təşkil etməklə, beynəlxalq aləmdə ölkənin və cəmiyyətin demokratik inkişaf səviyyəsini, eyni zamanda millətlərin sivil xarakterini müəyyən edən əsas qiymətləndirmə meyarlarından biri sayılır.
İnsan hüquqlarının qorunması, bu hüquq və azadlıqlara dövlətlər tərəfindən dəstək verilməsinin zəruriliyi ilə bağlı ideyalar yalnız XX əsrin ortalarından etibarən daha geniş miqyasda inkişaf etmiş və imperativlik qazanmışdır. Artıq müasir dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi ayrı-ayrı dövlətlərin daxili yurisdiksiyasından çıxaraq bütün beynəlxalq birliyin ümumi problemi kimi nəzərdən keçirildiyi üçün hər hansı ölkənin hüquq sistemini və ictimai həyatını beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək qeyri-mümkündür. Ona görə də, Azərbaycan Respublikası həmin sənədlərdə nəzərdə tutulan prinsipləri özünün əsas fəaliyyət istiqaməti kimi müəyyən etməklə ötən dövr ərzində əksəriyyəti insan hüquq və azadlıqların təminatı ilə əlaqədar olan 380-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur.
İnsan hüquqlarının müdafiəsi ilə bağlı konsepsiya milli səviyyədə ilk dəfə 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ulu öndərin bilavasitə müəllifi olduğu Konstitusiyamızda təsbit olunmuşdur. Konstitusiyada insan hüquqlarının təmin edilməsi dövlətimizin ali məqsədi elan olunaraq, bu hüquq və azadlıqların gözlənilməsi, onların qorunması bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilir. Eyni zamanda, XXI əsrin yeni liberal təfəkkür tərzi və müasir tələbləri nəzərə alınaraq Konstitusiyaya 2002 və 2009-cu illərdə insan haqlarının qorunması baxımından mütərəqqi xarakterli bir sıra mühüm əlavə və dəyişikliklər edilmiş, Əsas Qanunda təsbit olunan bu prinsiplər müstəqil dövlətimizin başlıca prioriteti kimi hüquq və azadlıqların daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin, hər kəsin bərabər hüquqlarının real təminatına, sosial yönümlü iqtisadiyyatın gücləndirilməsinə yönəlmişdir.
Eyni zamanda insan hüquqlarına həssas münasibət ölkəmizdə müvafiq hüquqi mexanizmlərin yaradılmasını zəruri etmiş, xüsusi normalar müəyyən edilməklə bu hüquqların milli qanunvericilik qaydasında daha da möhkəmlənməsinə səbəb olmuşdur. İnsan hüquqlarının etibarlı təmin olunması üzrə həyata keçirilən tədbirlərin əsas istiqamətləri Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanında dəqiqliklə müəyyən edilərək, bu mühüm sənəd demokratiyanın inkişafının sürətləndirilməsi və ölkəmizin dünya birliyinə da sıx inteqrasiyası üçün zəmin yaratmışdır. Ümummilli liderimizin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olmaqla ölkəmizdə demoktarik institutların formalaşması prosesini sürətləndirmiş, yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, ombudsman kimi yeni təsisatlar yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru daha mühüm addımlar atılmışdır.
Respublikamızda qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və demokratik proseslərin dönməz xarakter alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv olmaqla insan hüquq və azadlıqlarına sadiqliyini bir daha nümayiş etdirmişdir. Eyni zamanda, ölkəmizin Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olması, onun insan hüquqlarının müdafiəsi ilə bağlı qərarlarının qanunvericilik, icra və məhkəmə orqanları üçün rəsmi istinad mənbəyinə çevrilməsi, presedent hüququnun tətbiqi xüsusilə qeyd edilməlidir.
Prezident İlham Əliyev tərəfindən 2006-cı il dekabrın 28-də İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına əlverişli şərait yaratmışdır. Bu xüsusi əhəmiyyətli sənəd ədliyyə və məhkəmə sistemində insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunan mühüm mərhələsinin başlanmasını, o cümlədən, Azərbaycan ədliyyəsinin müxtəlif sahələri üzrə əsaslı tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.
Qeyd etmək lazımdır ki, son illər ərzində ölkəmizdə qəbul edilən bütün normativ-hüquqi aktlarda respublikamızın taleyüklü məsələlərinə xüsusi diqqət yetirilərək, həmin sənədlərdə insan haqlarının səmərəli təminatı baxımından qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqları ilə bağlı tədbirlərə ən ümdə vəzifələrdən biri kimi kimi yanaşılır. Görülən işlərin məntiqi davamı olaraq 27.12.2011-ci il tarixli Milli Fəaliyyət Proqramında xalqımızın ən ağrılı problemi olan Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin kütləvi şəkildə pozulmuş hüquqları ilə bağlı tədbirlərin gücləndirilməsinə xüsusi yer ayrılır.
Xatırlatmaq lazımdır ki, ölkəmizdə bu problemə demokratiyanın, insan hüquqlarının inkişafı və qorunması baxımından mühüm əhəmiyyət verilməklə, daim həssas münasibət göstərilərək diqqət mərkəzində saxlanılır. Ölkə prezidenti Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçıları ilə görüşdə qeyd etmişdir: "Azərbaycan əhalisinin kifayət qədər böyük hissəsi bütün insan hüquqlarından məhrum edilibdir. Onların insan hüquqları kobudcasına tapdalanıbdır. Mən Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində öz doğma yerlərindən didərgin düşmüş bizim soydaşlarımız haqqında söhbət açıram. Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, eyni zamanda, etnik təmizləmə siyasəti ilə tamamlanmışdır və bir milyon soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır".
Respublikamızın suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi əleyhinə yönəlmiş təcavüz təkcə yüz minlərlə insana qarşı deyil, eyni zamanda milli abidələrimizə, təbii sərvətlərimizə, bütövlükdə isə dünya mədəniyyət xəzinəsinə edilən cinayətkar qəsddir. Bununla əlaqədar ölkəmizin haqq səsinin dünyaya çatdırılması, qeyd olunan faktlar əsasında zəruri tədbirlərin görülməsi üçün mövcud hüquqi vasitələrdən daha səmərəli istifadə olunmalıdır.
Proqramda eyni zamanda, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətin davamlılığına xüsusi diqqət yetirilir. Dövlət siyasətinin tərkib hissəsini təşkil edən bu məsələyə etnik azlıqların bərabər hüquq və azadlıqlara malik olması baxımından böyük əhəmiyyət verilir. Bu gün Azərbaycan artıq bütün dünyada tolerant ölkə kimi tanınır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı üçün beynəlxalq prinsiplərə əsaslanan bərabər imkanlar və hərtərəfli ictimai-siyasi şərait yaradılmışdır. Ölkəmiz müxtəlif mədəniyyətlərin qovşağına, dinlər və konfessiyalararası dialoq məkanına çevrilərək, qarşılıqlı birgə əməkdaşlıq üzrə mötəbər konfranslara ev sahibliyi edir, dünyada tolerantlıq örnəyi kimi tanınmaqla beynəlxalq aləmdə müsbət təcrübəyə malik dövlət olaraq təqdir edilir.
Xüsusi vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, milli dəyərlərimizin mühafizəsi, habelə mədəniyyətlərarası dialoq mühitinin yaradılması üzrə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox transmilli əhəmiyyətə malik olan böyük layihələr həyata keçirilmiş, hazırda bu istiqamətdə respublikamızda genişmiqyaslı işlər davam etdirilir.
Bu gün insan hüquqlarının təmin edilməsini şərtləndirən mühüm amillərdən biri də bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizənin aparılması, xüsusilə əhalinin haqlı narazılığına səbəb olan korrupsiya hallarının aradan qaldırılmasıdır. Bununla əlaqədar Milli Fəaliyyət Proqramında müvafiq bəndlərin təsbit olunması dövlətimizin bu ümumbəşəri sosial bəlaya qarşı mübarizə əzminin davamlılığının göstəricisi olmaqla, bu istiqamətdə qəti tədbirlərin görülməsini zəruri edir. Proqrama əsasən korrupsiya ilə mübarizənin gücləndirilməsi, milli mexanizmlərin inkişafı, institusional islahatların davamlılığı, habelə antikorrupsiya tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, növbəti illər üçün bu sahədə fəaliyyət planının hazırlanması ilə bağlı vəzifələr nəzərdə tutulur.
Ölkəmizdə korrupsiyanın qanunun aliliyinə, demokratik təsisatlara və insan hüquqlarına təhlükə yaratdığını, bərabərlik və sosial ədalət prinsiplərini pozduğunu, iqtisadi inkişaf üçün maneələr törətdiyini və digər amilləri nəzərə alaraq dövlət başçısı İlham Əliyevin güclü siyasi iradəsi ilə korrupsiyaya qarşı davamlı mübarizə aparılır, genişmiqyaslı qanunvericilik və institusional tədbirlər görülur. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi üzrə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə daim xüsusi önəm verilir.
Eyni zamanda, "Elektron Azərbaycan" Dövlət Proqramının məqsədlərindən və ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanından irəli gələn müasir informasiya cəmiyyətinə xas modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi, habelə vətəndaşların müraciət etmək imkanlarının artırılması məqsədilə regional elektron müraciət terminallarının yaradılmasının zəruriliyi də qeyd olunur.
Milli Fəaliyyət Proqramında insan hüquqlarının müdafiəsində müstəsna əhəmiyyət kəsb edən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə bir sıra müddəalar, o cümlədən məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirləri ilə bağlı məsələlər nəzərdə tutulmuşdur. Məhkəmə qərarlarının vaxtında və dəqiq icrasının təmin olunması məqsədilə icra tədbirlərinə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası məsələlərinə xüsusi yer ayrılması ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmələrin nüfuzunun gücləndirilməsinə, nəticə etibarilə insan və vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edir. Proqramda qeyd olunduğu kimi, son illər məhkəmə qərarlarının vaxtında və düzgün icrası ilə bağlı görülən tədbirlərin, o cümlədən qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinin nəticəsi olaraq icra işinin keyfiyyəti xeyli yaxşılaşdırılmış, atılan məqsədyönlü addımlar bu sahədə mövcud olan bir sıra problemlərin aradan qaldırılmasına imkan vermişdir.
İlk növbədə qeyd olunmaldır ki, məhkəmələrin qəbul etdiyi qərarların dövlət adından çıxarılması və məcburi olması ilə bağlı imperativ göstəriş Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Bu məsələ prinsipial əhəmiyyət daşıdığından 2009-cu il 18 mart referendumu ilə Əsas Qanunun 129-cu maddəsinə edilmiş mühüm əlavələrdən biri də məhz məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. Məhkəmə qərarlarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması haqqında müddəa həmin qərarların təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, icra sahəsində bəzi problemli məqamların aradan qaldırılmasına xidmət edərək, icranın məcburiliyi ilə bağlı müvafiq qanunvericiliyə konstitusion təminatı daha da gücləndirmişdir. Hazırda ölkəmizdə məhkəmə qərarlarının icrası ilə bağlı görülən işlərin məntiqi davamı olaraq keyfiyyətcə yeni mərhələ başlanmışdır.
Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icra prosesində yaranan maneələrin aradan qaldırılması məqsədilə icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilmiş, əlavə imkanlar və işlək mexanizmlər yaradılmışdır. Hazırda insan hüquqlarının daha səmərəli təmin olunması məqsədilə icra sahəsində tələbkarlığın gücləndirilməsi, məsuliyyət hissinin artırılması, yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi və vətəndaşların pozulmuş hüquqlarının bərpası üzrə təsirli tədbirlər davam etdirilir, ölkə Prezidentinin fərmanına əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər 6 aydan bir dövlət başçısına məlumat verilir. Bu təcrübə bütün icra iştirakçılarının məsuliyyət hissinin daha da artırılmasına xidmət edərək, artıq öz müsbət nəticəsini verməkdədir.
Milli Fəaliyyət Proqramında eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Proqram hüquqi dövlət quruculuğunda növbəti mühüm addım kimi ilk növbədə dövlətimizin ali məqsədi olan insan və vətəndaşların hüquqlarının, onlara layiqli həyat səviyyəsinin təmin olunması məramına xidmət etməklə, ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən kompleks tədbirlərin keyfiyyətcə yeni mərhələsinin başlanmasının, habelə demokratikləşmə prosesinin, siyasi və hüquqi islahatların cəmiyyətin hazırki inkişaf tempinə uyğun olaraq daha da dərinləşməsinin göstəricisidir.
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 20 iyun.- S.5.