Qadın hərəkatı günbəgün
genişlənir
Nurlana Əliyeva: «Vətəndaşların
hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsində
qadınların rolu artmaqdadır»
«Hazırda qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar, bir tərəfdən, Azərbaycanda qadın fəallığı sayəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən, ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur». Bunu Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.
Onun sözlərinə görə, bu gün respublikamız geniş miqyaslı infrastruktur layihələri, dünyanın ən modern ölkələrindən birinə çevrilməsi məqsədinə yönələn ardıcıl tədbirlərlə sanki yenidən qurulur: «Müstəqilliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi, mənəvi problemlərin burulğanına düşən fədakar, mübariz qadınlarımız o illərdə yaşanan sıxıntılara rəğmən bu gün üçüncü minilliyin növbəti onilliyində dünya qadınlarının öncülləri sırasında qərar tuturlar. Müharibələrdən, soyqırımı aktlarından, beynəlxalq terrorizmdən əziyyət çəkən dünyanın qadın humanizmindən, qadın nəcibliyindən irəli gələn mənəvi-əxlaqi dəyərlərin hakimliyinə, qadın həmrəyliyinə daha böyük ehtiyacı olduğu bir zamanda kişilərlə çiyin-çiyinə dayanan, öz əməli dəstəyini bir an belə əsirgəməyən Azərbaycan qadını hazırda müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində də görülən ardıcıl işlərdə ön sıradadır. Azərbaycan qadını bu gün prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində övladlarının parlaq gələcəyinin təmin olunacağına, əmin-amanlıq içərisində yaşayacağına inanır.
N.Əliyeva deyib ki, qadınların, gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində Yeni Azərbaycan Partiyası ardıcıl tədbirlər həyata keçirir: «Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı var. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Onlar öz vətəndaş mövqeyini əmək fəaliyyətlərini uğurla davam etdirməkdə görürlər. Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar. Bu gün onlara ruh verən ölkənin birinci xanımı Mehriban Əliyevanın YAP sədrinin müavini, YAP-ın Qadınlar Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərməsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir».
YAP Qadınlar Şurası sədrinin sözlərinə görə, aparılan təbliğata stimul verən əsas amillərdən biri də ölkəmizin uğurları, qadın hərəkatının günbəgün genişlənməsidir: «Məlumdur ki, ulu öndər Heydər Əliyevin qadın hərəkatına verdiyi çox mühüm diqqət, qayğı onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha da gücləndi. Dahi şəxsiyyət Heydər Əliyev qadınların ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında çoxluq təşkil etməsini vacib amil kimi önə çəkirdi. 1995-ci ildə ulu öndər Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən, cəmiyyətdə hörmətə, ehtirama malik mövqeyini nəzərə alıb YAP-ın tərkibində Qadınlar Şurası yaradılmasını tövsiyə etdi. 2015-ci ilin iyun ayında Qadınlar Şurasının 20 illiyini qeyd edəcəyik. Həmin proses, yəni, qadın hərəkatına dövlət qayğısı bu gün də çox yüksək səviyyədə davam edir. Ən bacarıqlı qadınlarımızın yüksək vəzifələrə təyin olunmasının şahidi oluruq. Onların əksəriyyəti gənc xanımlardır. Düşünürəm ki, bu diqqət və qayğı da YAP Qadınlar Şurasının fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərir. Bacarıqlı, işgüzar qadınların təmsilçiliyinə, irəli çəkilməsinə YAP Qadınlar Şurasında da xüsusi diqqət yetirilir. Bu, bir daha Qadınlar Şurasının fəaliyyətinə, onun məqsədinin, amalının, arzusunun çin olacağına nikbin yanaşmağa imkan verir.
Əvvəlki illərə nəzər salanda biri-birindən əhəmiyyətli uğurlarımızın sayının artdığını görürük. Belə ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışmış, dövlət quruculuğu prosesinə layiqli töhfələr vermişlər».
N.Əliyeva bildirib ki, bu gün partiya sıralarına daxil olanlar arasında qadınlar böyük çoxluq təşkil edir: «YAP Qadınlar Şurasının uğurlu fəaliyyətinin nəticəsidir ki, xalqımızın ümummilli lideri, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin ideyaları geniş təbliğ edilir və sağlam düşüncəli, ölkəmizin bu günü və sabahı ilə qürur duyan qadınlar partiya sıralarına cəlb olunurlar. Ümumilikdə bu fikri böyük inam hissi ilə qeyd etmək olar ki, son illər Azərbaycanda mövcud qadın hərəkatının, ictimai-siyasi, sosial-mədəni, bir sözlə, ən müxtəlif istiqamətdə fəaliyyət göstərən qadın təşkilatlarının avaqard qüvvəsi olan YAP Qadınlar Şurasının həyatında əhəmiyyətli illər kimi yadda qalıb. Uğurlarımız qarşıya yeni-yeni vəzifələr qoyur. Məqsədlərə nail olmaq üçün bütün əsaslar mövcuddur. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz ötən 20 ilin uğurlarına əsaslanmaqla yanaşı, yeni-yeni hədəfləri müəyyənləşdirir. Əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Müstəqil Azərbaycanımızın möhkəm təmələ əsaslanan siyasəti bu məqsədə də yüksək səviyyədə çatmağa əsas verir».
N.Əliyeva əlavə edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bütün idarə və müəssisələrdə YAP-ın özəkləri vardır. Buna müvafiq olaraq özünün rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecində də YAP-ın özəyi yaradılıb: «Bizim müəllimlərimizin, demək olar ki, hamısı YAP-ın üzvüdür. Onların sayı 218 nəfərdir. Bu təkibin böyük əksəriyyəti gənc müəllimlərdir. Gənclərin partiyaya axını yüksək səviyyədədir. Onlar YAP-ın məramını, məqsədini, fəaliyyətini görür və belə bir partiyanın sıralarında birləşmək arzularını ifadə edirlər. Tələbələrin də 400 nəfəri YAP üzvüdür. Ümumiyyətlə isə, partiya sıralarına son bir ildə 17772 qəbulun 9780 nəfəri qadınlardan ibarətdir. Bu da çox fərəhli bir haldır. Çünki qadınlarımız ölkəmizin həyatında böyük rola malik olan partiyanın sıralarına şüurlu şəkildə, niyə gəldiklərini dərk edərək qoşulurlar. Bu partiya daim cəmiyyətimizin tərəqqisi, inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsi uğrunda müəyyən məqsədə nail olmaq üçün mübarizə aparır. Partiyanın hər bir üzvü bu mübarizəyə könüllü qoşularaq, öz töhfəsini verməyə səy göstərir. Bu, fərəh doğuran bir haldır. Onu da qeyd edim ki, kollecdə qadınlarımız gənclər təşkilatları ilə böyük işbirliyi qurublar. Ankarada AKP-nin Qadınlar Qurultayında iştirak edərkən bir şüar diqqətimi çəkdi - "70 milyon bayan, erkek - hepsi bir ürək”. Yəni, ağıllı insanlar ali məqsədlərinə çatmaq üçün bərabər fəaliyyət göstərirlər. "Harda birlik var, orda dirilik var” deyib atalarımız. Biz də fəaliyyətimizi bu istiqamətdə qurmalıyıq. Biz gözəl gənclik və kamil vətəndaşlar yetişdirməliyik. Biz Vətənimizin bütövlüyü və tərəqqisi uğrunda bütün varlığından keçməyə hazır olan vətənpərvər, kamil, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi bacaran vətəndaşlar yetişdirmək üçün əlbir olmalıyıq, məramımız, amalımız, məqsədimiz eyni olmalıdır. Yalnız belə bir birlik vətənimizin rihafını, dövlətimizin müstəqilliyini əbədiləşdirə bilər. Müdrik siyasəti ilə Azərbaycanı tərəqqi və inkişaf yolunda sürətlə irəliyə aparan dövlət rəhbərimizə etibarlı dəstək ola bilər».
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, bu gün bütün dünyada gedən proseslər göstərir ki, Azərbaycan qadını öz ölkəsinin əmin-amanlığı, stabilliyi, övladlarının səadəti, xoşbəxtliyi naminə dövlətimizin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər verir: «Qadınlarımız bu siyasətin ətrafında ürəklə, cəhdlə birləşmək üçün məhz YAP-ın sıralarında fəaliyyət göstərməyi vacib sayırlar. Bu fəaliyyət bu gün uşağa, böyüyə, cəmiyyətə, Vətənə, onun gələcəyinə çox gərəkdik. Buna görə də, Azərbaycan qadını xoşbəxtdir».
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 24 iyun.- S.5.