Cəmiyyətdə ailə institutu
günbəgün möhkəmləndirilir
Komitə sədri: «Vətəndaşların
hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsində
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin xüsusi rolu var»
«Bu gün gender siyasətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası, gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. Eyni zamanda, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar da qəbul olunub. Qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapıb». Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Hicran Hüseynova komitənin yaranma tarixinə diqqət çəkərək qeyd edib ki, bu gün ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edir: «1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan prezidentinin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.
Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Möhtərəm prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. O, ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini və inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir».
Komitə sədrinin sözlərinə görə, hazırda ölkəmizdə iki milyondan çox ailə vardır. Bu ailələrin sağlamlığı, xoşbətxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır.
Hicran Hüseynova bildirib ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu bizim milli adət-ənənəyə çevrilmişdir: «Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirməli, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Bir çox dövlətlərdə, Avropa və bir sıra MDB ölkələrində ailə institutu deformasiyaya məruz qalmışdır. Onlar bu sosial təsisatın yenidən bərpası üçün bir sıra qanunlar qəbul edir, sosial layihələr həyata keçirirlər. Bir məsələni qeyd etmək lazımdır ki, ailə institutunun dağılması demoqrafik proseslərə də mənfi təsir edir. Hazırda bir sıra ölkələrdə orta nəslin nümayəndələrinin az olması, nəsillərarası balansın pozulması müşahidə olunur. Onları qoca ölkələr adlandırırlar.
Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Müstəqil dövlətimizin ali sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir».
Sağlam ailənin sağlam nəsil, sağlam millət demək olduğunu xatırladan Hicran Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu: «Komitəmiz bu sahədə dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitə mütəxəssislərinin apardıqları təhlil bir daha təsdiq edir ki, ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamika mövcuddur, ailə institutu daha da möhkəmləndirilmişdir. Bu gün cəmiyyətimiz öz layiqlı, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Hazırda, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın daimi diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur».
Hicran Hüseynovanın sözlərinə görə, komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar, qaçqın və məcburi köçkün ailələrinə xarici dil, kompüter və peşə kurslarında təlim keçirilmişdir: «Cəmiyyətdə ailə institutu günbəgün möhkəmləndirilir. Bu da hər şeydən əvvəl nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Bu gün ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya, xüsusən də gənclərə nümunədir.
Komitə tərəfindən hər il “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) təntənə ilə qeyd edilir. Komitənin təşəbbüsü ilə, 2008-ci ildən etibarən, Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron rayonlarında, Lənkəran və Şəki şəhərlərində Ailə bayramı təşkil edilmişdir. Hər il “Ailə bayramı”nda, bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir.
Azərbaycanın milli ailə dəyərlərinin möhkəmləndirilməsi, sağlam ailə-sağlam dövlət prinsipinin təbliğ edilməsi, ailədə baş verən munaqişələrin qarşısının alınması məqsədilə Komitə tərəfindən 100-dən çox maarifləndirmə kampaniyaları keçirilmiş və layihələr icra edilmişdir».
Qadın hüquqları sahəsində aparılan islahatlardan danışan komitə sədri qeyd edib ki, dövlət qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindən biridir: «Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya (CEDA W) qoşulması ilə əlaqədar Azərbaycan Hökuməti dövlətlərarası hesabatlar verir. Arıtq hər hesabatdan sonra verilən tövsiyələrin sayının azalması onu göstərir ki, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün Azərbaycanda qadınlara kişilərlə bərabər imkan və hüquqlar ildən-ilə artırılır.
Qeyd etmək lazımdır ki, qadınlarin ictimai-siyasi fəallığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif qeyri-hökumət təşkilatların rəhbərləri, ictimai-siyasi partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının üzvlərinin demək olar ki, yarısı qadınlardır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərglənirlər. Yeni Azərbaycan Partiyasının V qurultayında bir sıra xanımlar Siyasi Şuranın üzvü, Mehriban xanım Əliyeva isə həmin partiyanın sədr müavini seçilmişdir.
Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və Fondun maliyyə dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz bir çox ölkələrin birinci xanımları onun fəaliyyətindən yararlanır, təcrübəsindən istifadə edirlər. Əlbəttə, bu, bizim üçün fəxrdir».
Bu gün bütün sahələrdə gender bərabərliyinin təmin olunması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlərin öz bəhrəsini verdiyini deyən komitə sədri vurğulayıb ki, Azərbaycan əhalisinin ümumi sayının 50,3%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışmaqdadır: « Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycanın, demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçısının müavini qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 17,9%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün millət vəkillərinin 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16%-ə çatıb. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınların sayı, 26,7% olub. (Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4% təşkil etmişdir). 2013-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil etmişdir. Biz növbəti parlament seçkilərində də qadın millət vəkillərinin sayının artacağına ümid edirik».
Hicran Hüseynova bildirib ki, qadın sahibkarlığının inkişafı istiqamətində də müsbət nəticlər var: «BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram çərçivəsində bir neçə konfrans və forumlar keçirilmişdir. Azərbaycan Respublikası bu tədbirlərdə aktiv iştirak etmişdir. Qeyd etmək istərdim ki, 2012-ci ildə birgə təşkilatçılıqla Qadın sahibkarların III Forumu da Bakıda keçirlmişdir. SPEKA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır. Və keçən il Bakıda Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığın inkişafı üzrə Beynəlxalq Konfrans keçirildi. Konfransın əsas məqsədi beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qadın sahibkarların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Digər mühüm bir tədbir isə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransın keçirilməsi oldu. Möhtərəm Prezident İlham Əliyev cənablarının Konfrans iştirkaçılarına müraciəti dövlətimizin bu məsələyə xüsusi maraq və diqqət göstərdiyini bir daha sübut etdi.
Qeyd etmək lazımdır ki, gender bərabəliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində önəmli yer tutur. Qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün belə tədbirlərin mühüm əhəmiyyəti vardır.
Komitəmiz qadın sahibkarlığının gücləndirilməsi üçün maarifləndirici tədbirlər həyata keçirir, xüsusilə kənd yerlərində qadın sahibkarlığının inkişafı üçün işlər aparır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə iki illik “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir».
Respublikamızın sürətli iqtisadi inkişafının sosial problemlərin həlli üçün etibarlı zəmin yaratdığını bildirən Hicran Hüseynova qeyd edib ki, bu baxımdan, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazimi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılıb: «2009-cu ilin “Uşaq ili” elan edilməsi bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinin həllinə yönəldilməsinə xidmət etmişdir. 2009, 2011 və 2014-cü illərdə ümumrespublika Uşaq Forumları keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə UNİSEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən ümumrespublika II və III uşaq forumları uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşması üçün stimul olmuşdur.
Uşaq problemləri sahəsində dövlət siyasəti uşaq hüququnun etibarlı təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi daim diqqət tələb edən sahələrdir.
Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, həssas qruplardan olan uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, uşaq alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və s. bu kimi məsələlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri sahəsindəki fəaliyyətinin əsasını təşkil edir.
2012-ci il may ayının 8-də qəbul edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. Həmin qaydalar çərçivəsində bütün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılımış, nəticələr araşdırılmışdır. Bütün məlumatlar komitədə yığılmış, tövsiyələr hazırlanmışdır».
Komitə sədri vurğulayıb ki, bu gün ölkədə valideyn himayəsindən məhrum olan uşaqlar xüsusi qayğı ilə əhatə olunub: «Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən “Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında təsdiq edilmiş Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planına əsasən uşaq əməyinin istismarı ilə üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Bu sahədə aparılan həm nəzarət, həm də maarifləndirmə tədbirləri nəticəsində uşaq əməyinin istismarı hallarının sayında azalma müşahidə edilməkdədir».
Bu gün qız uşaqlarının təhsildən yayınması, erkən nikahlar, onların fəsadları cəmiyyətdə böyük narahatlıq doğurmaqdadır. Məsələyə münasibət bildirən komitə sədri qeyd edib ki, Azərbaycan qanunvericiliyi yetkinlik yaşına çatmayan qız uşaqlarının nikaha cəlb edilməsini qadağan edir: «Bu gün aktual məsələlərdən biri də – erkən nikah və qız uşaqlarının təhsildən yayınması hallarının aradan qaldırılmasıdır. Dövlətin bu istiqamətdə apadığı davamlı siyasətin uğurlu nəticələrini izləmək sevindiricidir. Komitənin Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirdiyi layihələr öz bəhrəsini verməkdədir. Azərbaycan qanunvericiliyi yetkinlik yaşına çatmayan qız uşaqlarının nikaha cəlb edilməsini qadağan edir ki, bu da Milli Məclis tərəfindən Ailə Məcəlləsində qızlar üçün evlilik yaşının 18 yaş müəyyən edilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetginlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Belə ki, nikah yaşına çatmayanı nikaha daxil olmağa məcbur edən şəxs – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Statistik göstəricilərə görə 2011-ci ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 4392 olmuşdur. 2012-ci ildə onların sayı 3236 nəfərə, 2013-cü ildə isə 2855 nəfərə enmişdir. 2011-ci ildə 18 yaşadək nikaha girən qızların sayı 5138 idisə, 2012-ci ildə 295, 2013-cü ildə isə 229-a qədər azalmışdır. Eyni zamnada, məişət zorakılığı zəminində zorakılıqla bağlı cinayətlər 2011-ci ildə 2043, 2012-ci ildə 1514, 2013-cü ildə 713 olmuşdur. Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə əlaqədar “16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” konfransı keçirilmişdir. Bu Konfrans onunla fərqləndi ki, yekunda təkliflər əsasında tədbirlər planı təsdiqləndi».
Hicran Hüseynova bildirib ki, bu gün komitəni narahat edən məsələlərdən biri də narkomaniya ilə mübarizənin aparılmasıdır: «Bununla bağlı “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəlxalq konfrans keçirmişdir. Tədbirdə iştirak edən yerli və xarici nümayəndələr belə zərərli vərdişlərin insan sağlamlığına və əxlaqına ciddi ziyan vurduğunu bildirdilər. Və biz çalışırıq ki, bütün imkanlardan istifadə edək ki, uşaq və gənclərimizin asudə vaxtı səmərəli təşkil olunsun. Komitənin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Uşaq və Ailələrə Dəstək Mərkəzi, alternativ qayğı modeli olaraq, icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara göstərilən dəstəyi özündə birləşdirir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldir, fəaliyyətini icmanın tələbatına uyğun qurur, icma əhalisi arasında müxtəlif mövzularda maarifləndirmə işləri aparır və s.
Mərkəzlərin fəaliyyətindən bəhrələnənlərin sırasına əsasən aztəminatlı, şəhid və natamam ailələr, tənha qadınlar, qaçqın və məcburi köçkünlər, zorakılığa məruz qalmış qadın və uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri, uşaq müəssisələrində olan uşaqlar və onların ailə üzvləri və digərləri daxildirlər. Mərkəzlər tərəfindən 30 mindən çox ailəyə psixoloji, hüquqi, tibbi yardımgöstərilməsinə köməklik edilmişdir».
Hicran Hüseynova əlavə edib ki, bu gün ölkəmizdə həyata keçirilən dinamik inkişaf siyasəti bütün sahələrdə olduğu kimi, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində də nailiyyətlərin əldə edilməsinə səbəb olub: «Cəmiyyətin inkişafı onun öz vətəndaşına göstərdiyi diqqətdən çox asılıdır. Bu mənada, Azərbaycan Respublikasında son on ildə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılmışdır. Respublika əhalisinin 50,3 faizini qadınlar, 26,9 faizini isə 18 yaşadək uşaqlar təşkil edir. Onların məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsi, ictimai fəallığının artırılması üçün dövlətimiz lazımi şərait yaradır. Dövlət qurumu olaraq biz də yaranmış şəraitdən istifadə edərək öz missiyamızı layiqincə yerinə yetirməyə çalışacağıq.
Ailənin möhkəmləndirilməsi, uşağın inkişafı, qadının maariflənməsi dövlətin əsas məqsədlərindən biridir».
CAVANŞİR
Məqalə
KİVDF-nin maliyyə dəstəyi ilə çar edilib
Azad Azərbaycan.-
2015.- 18 mart.- S5.