Uşaqların hüquqlarını bilməsi üçün maarifləndirməyə ehtiyac var

 

Mövcud qanunvericilik qadın və uşaqlara insan hüquqlarının qorunması ilə bağlı bütün imkanları yaradır

 

Bu gün Azərbaycanda uşaq və qadınlar cəmiyyətin müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi kimi tanınır. Azərbaycanın mövcud qanunvericiliyi həm qadınlara, həm də uşaqlara insan hüquqlarının qorunması ilə bağlı bütün imkanları yaradır. Amma bununla belə, bu sahədə həllini gözləyən müəyyən problemlər də var.

Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycan qanunvericiliyində uşaqların hüquqlarının qorunması məsələləri təkmil şəkildə öz əksini tapıb: «Qanunvericiliyə görə, valideynya ailə üzvlərindən biri uşağa qarşı zorakılıq halı göstərərsə, bu halda uşağın özüya bundan məlumatlı olduqda qonşusu, müəllimi, sahəyə baxan uşaq həkimi İcra Hakimiyyəti orqanının nəzdindəki uşaqlarla bağlı komissiyaya, hüquq-mühafizə orqanlarına müraciət edərək uşağın internatlara verilməsi, onlara sığınacağın ayrılması və s. kimi məsələləri qaldıra bilərlər. Uşağın mənəviyyatını pozan, onu ac qoyan, sağlamlığına baxmayans. hallara diqqət yetirməyən valideyn olduqda onunla profilaktik söhbət aparılır. Bu, nəticə vermədikdə onlar haqqında inzibati qaydada tədbir görülür, uşağın valideyndən alınması, dövlətin himayəsinə verilməsi barədə məhkəmə qərarı qəbul oluna bilər».

M.Quliyev əlavə edib ki, bütün bunlar Azərbaycan qanunvericiliyində öz əksini tapsa da, mentalitetimiz onların icrasına imkan vermir: Hesab edirlər ki, ailənin işinə qarışmaq olmaz, ata-ana uşağı döyər də, söyər də. Ancaq qanunvericilik uşağın müəllimlərinin, xüsusilə sinif rəhbərinin, sahə həkiminin, yerli bələdiyyə, polis orqanlarında uşaqlarla işləyən məsul şəxslərin üzərinə məsuliyyət qoyur ki, sosial cəhətdən təhlükəli olan ailələri daim nəzarətdə saxlasınlar və o ailələrdə uşaqların böyüməsi ilə əlaqədar məsələləri hüquq müstəvisində həll etsinlər. Bu, narkoman, alkoqolizmlə məşğul olan, mənəviyyatı pozulmuş, daim aralarında konflikt olan valideynlərin, uşağı qanunsuz olaraq əməyə, hətta dilənçiliyə məcbur edən valideynlərin olduğu ailələrə aiddir”.

Deputat hesab edib ki, Azərbaycanda uşaq hüquqlarının daha yaxşı qorunması üçün yerli İcra Hakimiyyəti orqanlarının nəzdindəki qəyyumluq və himayəçilik orqanları və yetkinlik yaşına çatmayanlarla üzrə komissiyaların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyinə verilsin. Həmin komitənin yerlərdə daimi fəaliyyət göstərən orqanları olsa, bu qurum uşaq hüquqlarının qorunması işi ilə daha çevik şəkildə məşğul ola bilər».

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova isə bildirib ki, Ailə Məcəlləsinə görə, uşaq ailədə hər hansı hüquq pozuntusu ilə rastlaşdıqda onun yerli İcra Hakimiyyəti orqanlarındakı qəyyumluq və himayəçilik orqanlarınaya yetkinlik yaşına çatmayanlarla üzrə komissiyaya müraciət etmək hüququ var: “Sadəcə olaraq, bizim uşaqlar bundan xəbərsizdirlər. Amma müraciət edənlər də olur. Komitəyə də ailədə zorakılıqla rastlaşan uşaqlar müraciət edirlər və biz onların hüquqlarının bərpası istiqamətində işlər görürük”.

Bu sahədə əsas problemin mentalitetlə bağlı olduğunu hesab edən T.İbrahimova qeyd edib ki, komitə uşaqların öz hüquqlarını bilməsi üçün təhsil müəssisələrində geniş maarifləndirmə işləri aparır. Onun fikrincə, uşaqların zorakılığa məruz qalması hallarının qarşısını almaqbuna daha yaxşı nəzarət etmək üçün yerlərdəki yetkinlik yaşına çatmayanlarla üzrə komissiyanın, qəyyumluq və himayə orqanlarının potensialının gücləndirilməsi lazımdır. Uşaqların hüquqlarının beynəlxalq tələblərə uyğun qorunmasını təmin etmək üçün həmin komissiyalarda çox sayda sosioloqlar, psixoloqlar, hüquqşünaslar çalışmalıdır: “Bizim yerlərdə uşaqları müdafiə edən əsas orqanlarımız yerli İcra Hakimiyyəti orqanlarındakı yetkinlik yaşına çatmayanlarla üzrə komissiya və qəyyumluq və himayə orqanlarıdır. Bu gün problem odur ki, bu orqanların yerləşdiyi bütün əraziyə nəzarət etmək imkanları məhduddur. Buna görə də yerli orqanların potensialları gücləndirilməlidir. Bu strukturlarda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”.

Bu bir həqiqətdir ki, Azərbaycanda uşaqların təhsilinə göstərilən maraq elə də zəif deyil. Övladlarının ali təhsil almasına cəhd göstərən bir çox valideynlər onların oxuması üçün əllərindən gələni əsirgəmir, az qala aylıq gəlirlərinin yarısını uşaqlarının repetitor xərclərinə sərf edirlər. Ancaq bəzi ailələrdə oğlanların öz təhsillərini davam etdirməsi daha vacib hesab edilir. Və xərclər də məhz oğlanlar üçün çəkilir. Cəmiyyətdə belə bir fikrin hələ də hökm sürməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) apardığı araşdırmalarda da təsdiqlənib.

Komissiyanın apardığı araşdırmalardan sonra belə qənaətə gəlinib ki, Azərbaycanda gender bərabərliyinə nail olmaq sahəsində vəziyyət qənaətbəxş olsa da, bu sahədə heçbütün imkanlardan tam istifadə edilmir. Qadınların ali təhsil almasına mane olan müxtəlif sosial, mədəni-məişət xarakterli maneələr var. Komissiya hələ bir neçə il əvvəl gender bərabərliyinə nail olmaq sahəsində vəziyyətin daha da yaxşılaşdırılması üçün bir sıra tövsiyələr irəli sürüb.

TQDK hesab edib ki, ilk növbədə qadınların ali təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələr aradan qaldırılmalı, "oğlanlar ailənin gələcək çörək qazananları olduğuna görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır" kimi cəmiyyətdə hələ də yaşamaqda olan köhnəlmiş, patriarxal təsəvvür və stereotipləri aradan götürmək lazımdır. Çünki məhz belə baxışlara görə valideynlər, ilk növbədə öz oğullarının təhsili və hazırlığı üçün xərc çəkməyə üstünlük verirlər.

Bununla yanaşı, informasiyakommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlçatan olmalıdır. Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır ki, bu da potensial imkanları olan bütün hazırlıqlı qızların ali təhsil almasını stimullaşdırsın. Qızların təhsildən uzaqlaşmasına səbəb olan meyllərin - erkən nikahlar, ictimai-iqtisadi səbəblər və s. qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işləri aparılmalıdır. Gender təhsilinə, gender tədqiqatlarına və eləcə də valideynlər, tələbələr və idarə edənlər arasında gender biliklərinin artırılmasına xüsusi diqqət yetirilməlidir.

Ekspertlətin fikrincə, həqiqətən də bu gün regionlarda qızların təhsildən uzaqlaşdırılması problemi mövcuddur. Amma hesab edilir ki, bu problemi yalnız Təhsil Nazirliyi həll etməli deyil. Problemin ən əsas həlli insanların maarifləndirilməsi yolu ilə həll edilə bilər. Maarifləndirmə işində yerli icra orqanları və digər təşkilatlar, hətta qeyri-hökumət təşkilatları da iştirak etməlidir.

Ekspertlərin fikrincə, qızların ali təhsildən kənarda qalmasının əsas səbəbkarı onlar özləri olmurlar. Bu məsələdə əsas qərarı valideyn verir: “Cənub bölgəsində valideynin sözü qanun kimi qəbul olunur. Amma artıq dövr dəyişib, yəni uşaq öz təhsilinin taleyini özü həll etməlidir. Çox təəssüflər olsun ki, bəzən valideynlər hələ də “mən dediyim olmalıdır” deyərək qızlarının təhsilinin gələcəyinə dair qərar verirlər. Valideyn artıq dərk etməlidir ki, zaman o zaman deyil, indi XXI əsrdir”.

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı qız uşaqlarının ali təhsil ala bilməməsinin səbəbini onlar arasında erkən nikah hallarının artması ilə əlaqələndirmir. O belə hesab edir ki, qızları erkən ərə vermək üçün onların 9-cu sinifdən çıxarma halları Azərbaycanda kütləvi xarakter almayıb. Belə hallar yalnız bəzi regionlarda var. Buna görə də qızların ali təhsil almaları ilə bağlı yaranmış problemləri bu amillə əlaqələndirmək reallığa uyğun olmaz.

Ə.Süleymanlı bildirib ki, qızlar ali təhsil almaq istəyərkən onların seçdikləri ixtisaslar üzrə cəmiyyətdə formalaşmış fikirləri də nəzərə alırlar: “Şübhəsiz ki, seçimin bu cür olmasında cəmiyyətdə ixtisaslar, peşələr haqqında uzun illər boyu formalaşmış gender stereotipləri böyük rol oynayır. Uzun illərdən bəri insanlar arasında müəllimliyin qadın ixtisası olması haqqında təsəvvür formalaşıb. Müəllim işləyənlər üçün bütün günü yerində olmaq məcburiyyəti olmur. Buna görə də qadınlar, xüsusilə ana olan qadınlar üçün müəllimlik ən münasib kimi qəbul edilir. Bunun nəticəsində bu gün orta təhsil müəssisələrində qadın müəllimlərin dominantlığının şahidi oluruq. Məktəbdə kişi müəllimlərin sayının az olması isə öz növbəsində bu gün cəmiyyətdə ciddi müzakirə olunan başqa sosial məzmunlu problemlərin meydana gəlməsinə səbəb olur”.

Ə.Süleymanlı deyib ki, Azərbaycanda təhsil haqqını çox yüksəldən özəl təhsil müəssisələrinin sayı ildən-ilə artır. Bu da Azərbaycan övladlarının, xüsusilə imkansız ailələrin uşaqlarının təhsil alma imkanlarını məhdudlaşdıraraq çox arzuolunmaz nəticələrə gətirib çıxarır: “Ümid edirəm ki, bu tendensiya daha böyük bərabərsizliyə yol açmadan müəyyən ölçülər çərçivəsinə salına biləcək. Unutmayaq ki, bu övladlar bizim gələcəyimizdir və onların təhsilindən bizim gələcəyimiz də çox böyük şəkildə asılıdır”.

Ə.Süleymanlı qadınların təhsili ilə bağlı problemlərin həlli üçün maarifləndirmə işlərinin aparılmasını çox əhəmiyyətli sayır: “Hesab edirəm ki, dövlətin müvafiq qurumlarının xüsusi olaraq, aztəminatlı ailələrin istedadlı övladlarına - həm qızlara, həm də oğlanlara maddi dəstəyi artırması çox zəruridir. Belə ki, bir qism ailələr maddi imkansızlıq ucbatından öz istedadlı övladlarını oxuda bilmirlər. Bu məqsədlə vəsaitin ayrılması onların təhsil probleminə yardım edə bilər”.

 

MƏMMƏDHƏSƏN

Azad AZərbaycan.- 2015.- 1 may.- S.5.