Anamın nağılı

 

 

 

Uşaq yaşlarımda anam mənə çox nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu hadisələr onun öz başına gəlmişdi... Amma nağıllardan birıni danışanda, neyçünsə həmişə ala gözləri dolar, gözəl, ağ siması qaralar və bir müddət harasa uzaqlara baxıb, bu bayatını deyərdi:

Əzizinəm hər aylar,

Hər ulduzlar, hər aylar.

Balası ölmüş analar

“Bala” deyib haraylar...

Sonra da anam mənim balaca, totuq əlimdən tutar, həyətimizin günbatan tərəfindəki qara, böyük daşın yanına gətirərdi. O, bu qara daşa qəmli-qəmli baxıb, səssizcə ağlayardı. Mən də anamın ağladığını görəndə, gözümün yaşı yanağımdan sinəmə axardı. Əziz adamını itirmiş kimi ağlayardım. Uşaq ağlımla, düşüncəmlə başa düşürdüm ki, bu qara daş nə isə müqəddəs bir daşdı. Və bu qara daşın altında kimsə yatır. Bu, kiminsə, əziz bir adamın qəbridi. Ancaq kimin? Başa düşə bilmirdim. O nağıl yaddaşıma elə hopmuşdu ki, illər keçəndən sonra anamın söylədiyi nağılların çoxunu unutdum; təkcə o nağıldan başqa. O nağıl mənim həyat yolum, həyat çırağım oldu. O nağıl mənim ali məqsədim, əsas ideyamın daşıyıcısına çevrildi. O nağıl məni həmişə haqqı müdafiə eləməyə səslədi. Davalara, müharibələrə, günahsız insan qanı tökənlərə nifrət bəsləməyi öyrətdi. İnsanların haqqını müdafiə etmək üçün məni hüquqşünas elədi o nağıl. Haqqa tapınmağı, həmişə haqqın tərəfində olmağı mənim daxilimdə tərbiyə etdi. Bəlkə də elə o nağıl məni yazıçı elədi...

Anam həmin nağılı belə söyləyirdi:

– Oğul balam, noğul balam, şəkər balam, gül balam. Biri vardı, biri yoxdu. Allahdan savayı yer üzündə çoxlu insanlar vardı. Bu insanların içərisində Məhəmməd adlı bir ata, Sona adlı bir ana və onların da, bax, sənin kimi bapbalaca, sənin kimi totuq-motuq bir oğlu vardı. Adı sənin adın kimi Murad idi. Bu balaca oğlan murada, muraza çatdırmışdı həm atasını, həm də anasını. Onların sevincləri, arzuları, istəkləri yer, göy qədər idi. Nələr arzu eləmirdilər Muradın atası, anası...

Bu vaxt yerlə göy bir-birinə qovuşdu. Göyün üzünü qara buludlar örtdü. İnsanların oxşamaları, ağıları, yalvarışları, göz yaşları yerdən göyə ucaldı. Bir matəm bürüdü bu məmləkəti, bu eli, bu obanı. Dedilər ki, dava başlayıb. Dedilər ki, kişilər torpağı, Vətəni, anaları, uşaqları qorumaq üçün gərək davaya getsinlər. Yoxsa faşist adlanan yağı düşmən gəlib torpaqlarımızı torba ilə daşıyacaq. Bizi yurd-yuvamızdan didərgin salıb, özü də gəlib burada ağalıq eləyəcək. Yurd-yuvamıza sahib çıxıb deyəcək ki, bu yerlər elə əzəldən mənim dədə-babamın olub. Mənim əcdadımın sümükləri var bu torpaqda. Siz bu yerlərə gəlməsiz. Siz bu yerlərə yadsız... Bütün bunları özündə götür-qoy eləyən Məhəmməd ata da dava paltarını geyinib, əlinə silah götürüb getdi Vətəni, torpağı, arvadını, oğlunu, elini, obasını qorumağa...

Ana tək qaldı. Bircə körpəsi ilə. Ana tək qaldı öz cavan ömrü, taleyi ilə. Əynindəki hələ də rəngi solmayan toy paltarı ilə. Bu paltarını çıxarıb qara paltar geyindi ana. Qara yaylıq bağladı. Qara geyindirdi bircə Murad balasını da. Bə nə?... Axı Vətən darda idi. Yağı düşmən bu yerlərə can atırdı. Yağı düşmən qana susamışdı. Belə vaxtda , ya da güllü paltar geyinə bilməzdi ana. Belə vaxtda şən mahnı oxuya bilməzdi Sona. Belə vaxtda toylar, çal-çağırlar olmazdı. Allah bağışlamazdı belə işləri, belə günahları. Yoxsa günlərini daha qara gətirərdi bu məmləkətin. Yağı düşmənə daha çox güc-qüvvət verərdi. Qarı düşmən də sədləri, bənd-bərəni aşıb bu yerlərə gəlib çıxardı. Bunu həmin məmləkətin insanları bildiyindən hamı qara geyinmişdi. Hamı səfərbər olmuşdu. Hamı bir olmuşdu. Hamı kini, küdurəti, vəzifə, nəsil, tayfa davasını bir yana atıb, yumruq kimi birləşmişdi. Qocası da, qarısı da, cavanı da, uşağı da bir şey fikirləşirdi: “Vətən torpağını yadellilərdən təmizləmək. Nəyin bahasına olursa-olsun, yadların tapdağında qalmamaq. Köçkünlük, didərginlik ömrü yaşamamaq. Gedib kimlərinsə qoltuğuna sığınmamaq”...

Bu dərd azmış kimi Ulu Yaradan aclıq imtahanına da çəkdi bu məmləkəti, bu milləti. Həmin il çox quraqlıq oldu. Taxıl bitmədi. Çörək olmadı. Təndirlər qalanmadı. Tabaqlar boşaldı...

Acından ananın da qarnı belinə yapışdı. Üç gün qucağındakı oğlu Murad “çörək”, “yemək” deyib ağladı, zarıdı... Dördüncü günü dörd yaşındaca gözlərini əbədi yumdu Murad. Belə uşaq yaşında acından zarıya-zarıya köçdü bu dünyadan Məhəmməd atanın, Sona ananın bircə gül balası. Yaşamağa heyi, taqəti qalmayan anaya Ulu Tanrı tərəfindən güc, qüvvət gəldi. O, “bala” deyib, zülüm-zülüm ağladı. Qıyha çəkdi. Balası gözlərinin qarşısında öldürülən yalquzaq tək haray qopartdı... Sifətində dırnaqları ilə şırımlar, yaralar açdı Sona. Ağ bənizi al qana qərq oldu ananın... Amma balasını geri qaytara bilmədi. Qurtara bilmədi onu ölümün pəncəsindən. Əzrayılın əlindən. Həmin gün səhərə kimi qucağında balasının meyidi zarıdı, oxşama dedi Sona ana... Səhəri gün qar basmış yeri, torpağı əlləri ilə, barmaqlarıyla diddi, qəbir qazdı ana öz balasına. Öz ciyarparasına...

Oğlunu torpağa tapşıran gün ana özü də sağalmaz dərdə düşdü. Sağalmaz bir xəstəlik tapdı Sona ananı; ürək getmə xəstəliyi... Beləcə qəbrin yanında ürəyi getdi Sona ananın. Onu, ərləri Böyük Vətən Müharibəsindəki qanlı-qadalı davada olan qadınlar birtəhər evə gətirdilər. Üç gün ölü kimi yatdı Sona ana. Elə bildilər ölüb. cavan bir ailəyə belə zülüm verdiyinə, Murad kimi gül balaya, Sona kimi qənirsiz gözələ qıydığına görə yamanladılar Əzrayılı. Əzrayılın cildinə girmiş yağı düşməni... Dördüncü gün Sona ayıldı. Oğlunu soruşdu. “Ölüb” dedilər. İnanmadı ana bu sözə. “Murad hey!.. Ay Murad... Ömrüm-günüm Murad...”, – deyə çağırdı, haray qopardı, ucadan səslədi körpəsini. Murad hay vermədi. Muradın səsi gəlmədi... Murad bir daha görünmədi. Amma Muradın ruhu tez-tez ananın röyalarına gəldi. Ana hövlnak yuxudan ayıldı. Körpəsini yanında görmədi. Yenə də ürəyi getdi. Səsi, qışqırığı, harayı həyət-bacanı götürdü. Səsinə, harayına qonşular tökülüşdü. Əllərini ovuşdurdular, alnına su vurdular Sona ananın. Min cür əzab-əziyyətlə ürək keçməsindən ayıltdılar onu...

... Həmin ilin baharında dava qurtardı. Yağı düşməni öz evinə qədər qovdu igid əsgərlərimiz. Düşmən məcbur oldu ki, təslim olsun. Məcbur oldu ki, özünün cinayətkar, qəsbkar olduğunu boynuna alsın. Bir daha günahsız qanlar tökməyəcəyinə, anaları, ərləri övladsız, övladları atasız, anasız qoymayacağına, başqa məmləkətə soxulmayacağına söz verdi düşmən. Bizim igid əskərlərdən aman dilədi. Hətta təslim sənədlərinə, daha bundan sonra başqa millətlərin torpaqlarını zəbt etməyəcəkləri, işğalçılıq siyasəti aparmayacaqları ilə bağlı sənədlərə imza atıb, möhür də vurdular...

Bu vaxt Məhəmməd ata sapsağlam, ancaq saçları ağappaq ağarmış vəziyyətdə davadan qayıtdı. Beş ilə elə bil o, otuz il qocalmışdı. Evdə xəstə yatan arvadı Sonanı gördü. Oğlu Muradı soruşdu. Qonşular, “Murad acından ölüb”,- dedilər. Həyətin günbatan tərəfindəki Muradın qəbrini ona göstərdilər. Oğlunun ölüm xəbəri sarsıtdı onu. Beş illik davada yüzlərlə ölüm, qan, qada, məhrumiyyətlər görən Məhəmməd heç belə sarsılmamışdı...

Lakin tez də özünü ələ aldı. Çünki davanın qan-qadası mətinləşdirmiş və bir qədər soyuqqanlı etmişdi onu. O, hardansa böyük, qara daş tapıb, gətirib həmin yerə qoydu.

Məhəmmədin gəlişi ilə Sonanın da gözlərinə işıq gəldi. Məhəmmədin nəvazişini, ona diqqətini, qayğısını görən Sona, ərini özünə arxa-dayaq bilib, “kəfənini” cırdı. Ayağa durdu. Yaşamağa həvəsi, istəyi artdı. Ürəyində, beynində yeni arzular, ümidlər, istəklər çiçək açdı...

...Yenidən həyat qaynadı. Qələbə çalmış insanların yaşamağa, qurub-yaratmağa inamı, ümidi artdı. Axı, “inam, ümid həyatın sərmayəsidi”, –deyib atalar. Yağı düşmənin uçurub dağıtdığı, tari-mar elədiyi yolları, evləri, kəndləri, şəhərləri təmir elədi, yenisini tikdi insanlar. Haqq-ədalət onlar tərəfində olduğundan Ulu Tanrı bu insanlara çox böyük güc-qüvvət, var-dövlət verdi. Atalar, analar dünyaya yeni övladlar gətirdilər. Məhəmməd ata ilə Sona ana da yenidən övlad istəyinə düşdülər. Düz on ildən sonra Böyük Yaradan onlara yenidən bir oğul payı verdi. Bu oğlanın da adını Murad qoydular; ilk Muradın qırılmış həyatını yaşaması üçün. İlk Muradın çata bilmədiyi muradlara ikinci Muradın çatması üçün. Dünyaya gələn bu körpə Murad da öz gəlişilə unutdurdu Məhəmmədə, Sonaya dörd yaşında dünyasını dəyişən oğul dərdini, oğul itkisini, oğul dağını. Qardaşının adını daşıyan Murad, onların bütün ümidlərini, istəklərini, arzularını doğrultdu... Əsl oğul, Vətən, torpaq, millət qeyrəti çəkən kişi oldu.

... İllər keçdi. Mən anamın nağılları ilə böyüdüm. Və günlərin bir günü bildim ki, anamın danışdığı bu qəmli əhvalat nağıl yox, əsl həqiqət imiş. Bu həqiqət də, bu tarixçə də başqasının yox, elə mənim öz atamın, anamın və dörd yaşında ikən anamın qucağında dava vaxtı acından ölən, indisə mən adını daşıdığım nakam qardaşımın başına gəlib bu faciə. Bu qəmli əhvalat...

Mən də atamın, anamın istəyi ilə iki ali məktəb qurtarmışam. Qardaşımın adından yazıb-yaradıram. Öz adımdan isə beynəlxalq səviyyəli hüquqşünas olmaqla, haqqı müdafiə eləyirəm. Və bu yolda var qüvvəmlə vuruşuram ki, yer kürəsi qazan kimi qaynamasın, davaların kökü kəsilsin. Qaçqınlar, köçkünlər, didərginlər olmasın. Uşaqlar atasız, anasız, kimsəsiz qalıb acından ölməsinlər. Həmişə sülh, əmin-amanlıq olsun yer üzündə. Heyif ki, hələ də öz istəyimə çata bilmirəm. Çünki yer kürəsini yenə də nadürüstlər, nakəslər, bədxahlar başına götürüb...

Artıq hər tərəfində od püskürən, qanlar tökülən planetimizdə bu günahsız qanları axıdan qəsbkarları, cinayətkarları, qaniçənləri gördükdə, ucadan bağırmaq, onların yaxasından tutub qışqırmaq, bu vəhşilərə anamın nağılını danışmaq istəyirəm. İstəyirəm ki, onlara deyəm:

– Ey adını insan qoyan vəhşilər, qaniçənlər, qəddarlar, qəsbkarlar, atasından bixəbərlər, insanlıq adına ləkə olanlar! Əzrayılın dəyirmanına su tökənlər! Məgər sizi ana doğmayıb? Məgər siz analarınızın nağıllarını eşitməyibsiz?.. Məgər, haqsızlığa etiraz edən analarınızın gözündə yaş görməyibsiz? Axı belə getsə, ərlərini, övladlarını, yaxınlarını itirən anaların göz yaşları gec-tez selə-suya dönəcək. Və bu sellər, sular da yer kürəsini məhv eləyəcək. Yer kürəsini sel, su basacaq. Anaların göz yaşına görə də Ulu Tanrı sizi qarğıyacaq. Qarğıyacaq ki, niyə siz o göz yaşlarını görmürsüz. Və Böyük Yaradan, yer kürəsini tar-mar edəcək. Axı, zaman-zaman bu Yer planeti bizim kimi adamlarla dolub-boşalıb. Yəqin ki, onlar da bizim kimi davalar, qırğınlar törətdiklərinə görə bu yerin, göyün sahibi onları məhv edib. Yer planeti selə-suya qərq olub. Sonra Böyük Tanrı elə möcüzələr yaradıb ki, sellər, sular çəkilib. Yeni canlılar yaradıb. Və ümid edib ki, yeni yaratdığım bu adamlar öz sələflərinin bəd, pis əməllərini yəqin ki, davam etdirməzlər. Lakin əfsus... Səd heyif ki, Yaradan da zaman-zaman öz inamında yanılıb. Artıq o, indi yenə də bu planeti dağıdıb, yenisini yaratmaq barədə fikirləşir...

Çünki hər gün təbiətdə baş verən fəlakətlər, tufanlar, qasırğalar, zəlzələlər, sunamilər artıq bundan xəbər verir... Barı bir anlıq siz də öz analarınızı fikirləşin...Bu gözəl planetimizin gələcəyini, onun qoynunda böyük arzularla, əməllərlə yaşayan insanları, fidan körpələri, heç olmasa öz övladlarınızın gələcək taleyini, aqibətini düşünün! Düşünün!.. Hələ ki, gec deyil... Onu da bilin ki, müharibə vəhşiliyin pik nöqtəsi, insanlığın sonu deməkdir.

 

Ağalar İDRİSOĞLU

Azad Azərbaycan.- 2015.- 13 may.- S.7.