Ədalətli ictimai
baxışların təbliği önə çəkilməlidir
İnsan haqlarının qorunması demokratik quruluşlara xas olan keyfiyyətdir
Demokratiya hər hansı bir cəmiyyətin özünüdərketmə və özünüifadə formalarından biridir ki, bu da ilk növbədə fərdin azadlığını nəzərdə tutur. Çünki cəmiyyət, xalq, millət, toplum və qrup – bütün bu kimi kütlə kriteriyalarının hər biri yaşamaq uğrunda mübarizə aparan və özünütəsdiq duyğusuna malik olan çoxsaylı fərdlərdən və onların daimi, dəyişilməz maraqlarından təşkil olunmuşdur. Bu maraqların ədalətli təmin olunması və icrası üçün demokratiyanın üstünlüklərindən faydalanmaq və ictimai rəyə hesablanmış qərarın verilməsi inkişafın vacib predmetidir.
Demokratiya hazırda dünyada tərəqqinin rəmzi kimi qəbul olunur və bütün çatışmazlıqlara rəğmən hələ ki, bundan daha yaxşı nəzəri ideyanı axtarıb tapmaq heç bir cəmiyyətə müyəssər olmamışdır. Axı necə etmək olar ki, demokratiya bütün ədalət prinsiplərini nəzərə alsın və cəmiyyətin inkişafında boşluqlara gətirib çıxarmasın ? Təəsüf ki, zaman keçsə də hələ heç bir insan və ya cəmiyyət hüququn ona verdiyi azadlıqlardan nə tam istifadə edə bilmiş, nə də onu doğru-düzgün qiymətləndirə bilmişdir.
Əslində, hüququn aliliyi və daha doğrusu, insan haqlarının qorunması demokratik quruluşlara xas olan keyfiyyətdir. Lakin bəzən hüququn insanlara verdiyi azadlıqlar müəyyən fərdlərin ambissiyalarının təmin olunmasına xidmət edir. Bəzən bir qrup insan hüququn, demokratik dəyərlərin onlara verdiyi imkanlardan nəinki yararlanır hətta həddi aşaraq cəmiyyətin ümumi maraqlarına ya zərbə vurur, ya da ki elementar ictimai etiket qaydalarına məhəl qoymamaqla bu dəyərlərin mahiyyətini təhrif edir. Bəs bu həddi aşma nüanslarını demokratiya ilə eyniləşdirmək olarmı? Və ya demokratiyada ciddi uğurlar qazanmış hansısa xalqın qneseoloji baxışları ilə bu sahədə heç də ondan geri qalmayan digər xalqın mental baxışlarında olan fərqlər nəzərə alınmalıdırmı?
Əlbəttə yox. Çünki demokratiya, söz-vicdan azadlığı, fikir plüralizmi kimi dəyərlər heç kəsə imkan vermir ki, bu imkanlardan gen-bol istifadə etməklə istədiyini təlqin etmək üçün məcburi metodlardan və ya təhqir amilindən yararlansın. Bu, artıq cəmiyyətin mənəvi deqradasiyasına yol açar ki, bunun da günahını demokratik dəyərlərdə görmək düzgün olmazdı. Bunun bircə izahı var: qanunlara etinasızlıq. Yəni insanların qarşılıqlı davranış qaydaları, rəftarın gözəlliyindən istifadə və digər mədəniyyətin yüksəlişi hesab olunan keyfiyyətlərə məhəl qoymaması azadlığın sərhədsizliyi və ya demokratiyanın verdiyi imkanlar kimi qiymətləndirilməməlidir.
Bəzən cəmiyyətin bəzi təbəqələri demokratiyanın verdiyi imkanlardan düzgün yararlanmaq əvəzinə əksinə, öz ambisiya və istəkləri ilə onlara verilən vətəndaş imtiyazlarından sui-istifadə etməyə cəhd göstərirlər. Bu sırada müəyyən sadə vətəndaşdan tutmuş, ziyalı zümrəsini təşkil edən, məmur kimi məsuliyyətli vəzifəni daşıyan, özünü IV hakimiyyətin nümayəndəsi və “ yazar” hesab edən KİV mənsublarına, “sülh” elçisi kimi təqdim edilən hüquq müdafiəçilərinə qədər fərqli dərəcələrdən insanlar görmək mümkündür. Bu insanlar ayrı-ayrılıqda o qədər də əhəmiyyətli göstəriciyə malik olmasalar da, ümumilikdə cəmiyyətin ideoloji-mənəvi, əxlaqi dilemma ilə qarşı-qarşıya qalmasına bir növ yardımçı olurlar. Nəticədə cəmiyyətin müəyyən ictimai dəyərlərə yanaşmasında “xüsusi çatlar” əmələ gəlir ki, bu “çatları” aradan qaldırmaq bəzən mümkünsüzə çevrilir.
Belə insanlarla hüquq müstəvisində danışarkən isə onlar dövlətin amansız “təqib maşını”nın işə düşdüyündən şikayət edərək özlərinə bəraət qazandırmaq və ya bu işin arxasında anti-demokrat sistemin dayandığını iddia etmək kimi cəhdlərdə müşahidə olunur. Doğrudur, ərəb ölkələrində baş verən son hadisələr onu göstərdi ki, demokratiyanın düzgün qurulmaması və cəmiyyətdə hüququn aliliyi prinsipi pozulursa, bu, həm xalqın mənəvi aşınmasına həm də quruluşların sıradan çıxmasına gətirib çıxardır. Lakin bəzən demokratiyanın gurultulu alqışlarla müşayiət olunduğu dövlətlərdə belə kütlə psixologiyasını bilməmək və söz azadlığından necə gəldi yararlanmaq cəhdi sonunda iğtişaşlara və kütləvi radikal nümayişlərə gətirib çıxarır. Yəni demokratiyanın tərifi olduğu qədər də tənqidi vardır.
Sadəcə, hər bir ölkə demokratiyanın nəzəri və praktiki əsaslarını tətbiq edərkən, xalqın şüuraltı hisslərini də nəzərə almağı bacarmalıdır. Yəni bu zəmində qanunlar işlənib hazırlanmalıdır ki, insanlar azadlığın sərhəddinin digər insanın azadlığının sərhədində bitdiyini anlasınlar. Bu, əsl demokratiyadır. Çünki azadlıq fərdə və kütləyə qanunlar çərçivəsində verilir. Əgər qanunlarda çatışmazlıqlar varsa, bu, tez bir zamanda aradan qaldırılmalıdır. Çünki müasir dünyanın tələbləri müxtəlif və bir az da qeyri-müəyyəndir. Bu qeyri-müəyyənlik və müxtəlifliyin cəmiyyəti yol ayrıcında buraxmaması və ya bundan hansısa qüvvələrin istifadəsinə imkan verilməməsi üçün digər demokratik cəmiyyətlərin innnovasiyaları faydalı ola bilər. Ən əsası isə milli psixologiyanın şərtləri və təbii şərait, tarixi amillər nəzərə alınmalıdır. Onda bəs yeni məfhuma çevrilən virtual demokratiya nədir?
Bu ifadə elmi-kütləvi auditoriyaya hesablanmış məqalələrdə daha çox elektron demokratiya kimi də qələmə verilir. Amma elektron demokratiya dedikdə daha çox kompyuter, internet resursları, televiziya kanalları, telefon, mobil rabitənin nəzərdə tutuluğu vahid cəm nəzərdə tutulur.
Rusiya prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının əməkdaşı, tədqiqatçı M.Y.Pavlyutenkova özünün “Elektron demokratiya və elektron hökumət XXI əsrin effektiv dövlətinin ilkin şərtidir” başlıqlı məqaləsində demokratiyanın bu növünü belə izah edir: «Əgər «elektron demokratiya» anlayışının təkamülünü nəzərdən keçirsək, o zaman onun inkişafı prosesində bir neçə vacib pillələri qeyd etmək mümkündür. Onlara ilk növbədə, «teledemokratiya» anlayışını şamil etmək lazımdır. Bu anlayış XX əsrin 60 illərinin sonu – 70 illərin əvvəllərində kabel televiziyası kanallarının meydana çıxması ilə yaranmışdır. Teledemokratiya elektron demokratiyadan əvvəl gələn forma kimi nəzərdən keçirilə bilər. Bunun məzmunu televiziya və ya telefonun eyni zamanda istifadə olunması yolu ilə bu və ya digər siyasi debatlarda vətəndaşların iştirakı imkanını əks etdirir. Tamaşaçılar televizor vasitəsilə hər hansı bir siyasi tədbiri izləyərək telefondan istifadə etməklə bu tədbirin iştirakçısı ola bilərlər. Teledemokratiyanın məqsədi vətəndaşların siyasi prosesdə birbaşa iştirakının artımına yardım göstərməkdən və elektron kommunikasiya vasitələrinin texniki imkanları əsasında struktur islahatları irəli çəkməkdən ibarətdir».
Daha sonra müəllif öz məqaləsində yazır ki, “80-ci illərin sonunda televiziyadan və telefondan istifadə etməklə keçirilən eksperimentlərin demokratiyanın nə yeni formalarına, nə də vətəndaşların siyasi fəallığının artırılmasına gətirib çıxarmadıqları məlum olmuşdur”.
Bu bir həqiqətdir ki, müsbət və mənfi cəhətlərinə baxmayaraq, virtual sosial şəbəkələrin təsiri bütün cəmiyyətlərdə hiss olunur. Bu da təbii ki, demokratiyanın realdan, virtuala keçməsi və yenidən həyatda tətbiqi üçün psixoloji və mütəşşəkil güc mərkəzidir.
Virtual sosial şəbəkələrin ən böyük təsiri ondadır ki, burada demokratiyanın əsas qayəsi olan ictimai müzakirə və ictimai səsvermə metodları öz əksini tapıb. Burada hər kəs öz evində rahat oturaraq regionun istənilən yerindən ictimai müzakirəyə qoşula və mahiyyət etibarilə rəngarənliyi ilə seçilən hadisələrə şərh bildirə və fikirlərini maneəsiz irəli sürə bilərlər.
Demokratiyanın ilkin şərti təbii ki, xalqın hakimiyyət üzərində nəzarətinin təmin edilməsidir. Bu nəzarətin təmin olunması üçün ilk növbədə ictimai müzakirələr vacibdir. İctimai müzakirələrin isə əksəriyyətin əhatə olunmadığı, “çay evlərində”, məhəllələrdə, bazarlarda, toy və yas mərasimlərində, restoranlarda, klublarda keçirilməsi həm müasir dövrün şərtləri ilə uzlaşmır, həm də kortəbii xarakter daşıyır. Lakin virtual sosial şəbəkələrin bu qeyd edilənlərdən fərqi məhz yuxarıda qeyd etdiyimiz azad ictimai müzakirələrdir ki, burada ölkənin bütün bölgələrindən yaş fərqindən, cinsindən, siyasi və sosial mənşəyindən asılı olmayaraq, hər kəs iştirak edir və kütləvilik təmin olunur. Bu da öz növbəsində demokratik dəyərlərin təmin olunmasında platforma rolunu oynayır.
Bütün bunlarla yanaşı, virtual demokratiya virtual anarxiyaya istiqamətlənməməli, xaosa gətirib çıxarmamalıdır. Dövlət vətəndaşlar üçün geniş internet imkanları yaratmışdırsa vətəndaşlar da bunu dəyərləndirməli, hər hansısa anti-mülli ünsürlərin alətinə və ya oyunçusuna çevrilməməlidir.
Real demokratiyadan fərqli olaraq, virtual demokratiyada hüquq mexanizminin tətbiqinin zəif olması, xaricdən süni olaraq təşkil olunan dini, etnik, siyasi, ideoloji müstəvidə hansısa təxribat xarakterli hallara, şantaj əməllərinə qarşı mübarizə aparmaq çətindir. İctimaiyyət öz əxlaqi, mədəni, intellektual və irsi keyfiyyətlərini qabartmalı və qloballaşma şəraitində xaricdən ötürülən müxtəlif ideoloji baxışlardan telepatik asılılığa düşməməlidir. Bu baxımdan, ədalətli ictimai baxışların, milli dəyərlərin təbliği ön plana çəkilməli, cəmiyyətimizin əsas hərəkətverici qüvvəsi hesab olunan gənclər ordusunun düzgün istiqamətə yönləndirilməsi üçün ciddi düşünülməlidir.
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 13 may.- S.5.