İnsan hüquqları ideyasına əsaslanan demokratiya

 

Demokratik cəmiyyətdə insana qayğı yüksək, ali məqsəd sayılır

 

İnsan hüquqları müxtəlif iqtisadisiyasi sistemlərin, ideologiya və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. İnsan hüquqları haqqında Ümumi Bəyannamədə qeyd edildiyi kimi, insanın ləyaqəti "ümumi sülhün, ədalətin və azadlığın əsasıdır".

Politoloq Hikmət Məmmədovun fikrincə, insan hüquqları ideyası məhdud, inkişaf etmə təsəvvürlərindən müasir dövrədək təkamül yol keçərək nəticədə sosialhüquqi statusundan asılı olmayaraq bütün insanlara aid olan vahid prinsipnormalar konsepsiyasına çevrilmişdir. Bu konsepsiyalarda bir çox xalqların doktrinalarından, fəlsəfi, siyasi, iqtisadi, hüquq təlimlərindən irəli gələn, müxtəlif əsrlərdə və dövrlərdə formalaşan fikirlər öz ifadəsini tapmışdır.

Bütövlükdə, tədqiqatlar göstərir ki, insan hüquqlarının formalaşması və inkişafı uzunmüddətli, buya digər ölkəyə məxsus olan doktrinalar və ənənələrin mübarizəsi ilə müşayət olunmuşdur.

Müasir dövrdə insan hüquq və azadlıqları konsepsiyalarının əsas ideyaları kimi dövlət və şəxsiyyətin qarşılıqlı münasibəti, şəxsiyyətin sosial müdafiəsi, hüquq və vəzifələrin vəhdəti və s. göstərmək olar. Bu mərhələdə əsas istiqamət kimi bütün siyasətin və təcrübənin insana yönəlməsi ideyası çıxış etməli, həm nəzəriyyədə, həm də təcrübədə fərdi və kollektiv hüquqların izah və təfsir edilməsində insan tələbatı və maraqları, sosial-siyasi və mənəvi inkişafda şəxsiyyət başlanğıcının formalaşdırılması aparıcı prinsiplər olmalıdır.

İnsan hüquq və azadlıqları probleminin beynəlxalq aspektlərinin tədqiqi göstərir ki, elmi ədəbiyyatda bu sahədə mövcud olan beynəlxalq sənədlərin xarakterinə görə onların iki qrupunu göstərmək olar: Universal xarakterli beynəlxalq sənədlər və regional (məhəlli) xarakterli beynəlxalq sənədlər.

Universal xarakterli beynəlxalq sənədlər insan hüquqlarına ümumi hörmət və onlara riayət olunması prinsipini ifadə edən, hüquq və azadlıqlara üstünlük verməklə onları dövlətlər və vəzifəli şəxslərin özbaşınalıqlarından nıüdafiə edən beynəlxalq sənədlərdir. Bu qrupa BMT Nizamnaməsi, insan hüquqları haqqında Beynəlxalq Bill, beynəlxalq konfransların müvafiq qərarları, xalqların hüquqlarını təsbit edən, bütün növ diskriminasiyaların qarşısının alınmasına yönələn, qadın və uşaqların hüquqlarını müdafiə edən və s. sənədlər aid edilir.

BMT sistemi ilə yanaşı insan hüquqlarının müdafiəsində regional mexanizmlər də əhəmiyyətli rol oynayır. Burada əsas məqsəd regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsindən ibarətdir. Bu məqsədlə yaradılmış və fəaliyyət göstərən təşkilatların qəbul etdiyi regional xarakterli beynəlxalq sənədlər sisteminə Avropa Şurasının, ATƏT-in, MDB-nin sənədləri, insan hüquqları haqqında Amerika Konvensiyası, Afrika İnsan və Xalqların Hüquqları Xartiyası daxildir.

İnsan hüquqları ideyası qədim köklərə malik olsa da, yalnız demokratiya, azadlıq, ədalət və formal bərabərlik prinsipləri əsasında əsl məna kəsb etmişdir. Müasir dünyada insan hüquqlarına dair mühüm universal beynəlxalq normaların artıq formalaşdığı bir vaxtda bu prinsiplərin reallaşması, hamının hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli şəraitin yaradılması yalnız demokratik cəmiyyətdə mümkündür.

İnsan hüquqları ideyasına əsaslanan demokratiya konsepsiyası çərçivəsində müxtəlif müəlliflər tərəfindən bir neçə model işlənilmişdir. Onlardan tədqiqatçılar tərəfindən insan hüquqları, azadlıq və demokratiyanın inkişafı səviyyəsinin analizi üçün geniş istifadə olunan liberal demokratiya və həmçinin inteqrativ demokratiya modelləri, bizim fikrimizcə, daha çox diqqəti cəlb edir. Məsələn, "inteqrativ demokratiya" modelinin tərkib hissəsi olan hüquqlar konsepsiyasına görə, insan hüquqları siyasi təsisatların dəyərləndirilməsinə xidmət edir, sosial-siyasi inanclar sisteminin vacib elementləri, insanların birliyi, ümumi ləyaqət və humanizmin ifadəsi kimi çıxış edirlər. Bu model insan hüquqlarının pozulmazlığından, ayrılmazlığından, heç nəyə baxmadan onlara təminatın verilməsindən çıxış edir.

Demokratik cəmiyyətdə insana qayğı yüksək, ali məqsəd sayılır, müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiyada, qanunlarda təsbit edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir. Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar şəxsiyyətin fərdi fəallıq potensialının ölçüsü kimi çıxış edirlər. Belə cəmiyyətdə vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi məqsədilə yaradılmış mexanizmlər səmərəli şəkildə işləyir ki, onların sırasında da məhkəmə mexanizmiombudsman təsisatı xüsusi yer tutur.

Demokratik cəmiyyət quruculuğu yolu ilə inkişaf edən Azərbaycan Respublikasında da insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə böyük əhəmiyyət verilir, bu sahədə düşünülmüş, məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu siyasətin başlıca istiqamətlərindən birini insan və vətəndaş hüquq və azadlıqları sisteminin yaradılması, onların konstitusiyada təsbit edilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin üçdə biri beynəlxalq standartlara uyğun olaraq insan hüquq və azadlıqlarına həsr olunmuş, burada həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir. Demokratik, hüquqi dövlət quran müasir Azərbaycan cəmiyyətində də insan hüquqlarının təmin edilməsi demokratikləşmə proseslərinin vacib hissəsi kimi dövlətin daim diqqət mərkəzində olmuşdur. Ümumiyyətlə demokratiya xalq hakimiyyəti deməkdir. Həqiqi xalq hakimiyyətinə nail olmaq üçün cəmiyyətdə bir sıra şərtlərin olması zəruridir. Bu şərtlər aşağıdakılardır:

- parlamentə həqiqətən azad və bərabər seçkilərin keçirilməsi

- düşüncə, fikir azadlığı

- qeyri-hökumət təşkilatlarının dövlətlə bərabərhüquqlu fəaliyyəti

- vətəndaşların siyasi həyatda mükəmməl, səmərəli iştirakı.

Bu şərtlər hüquqi dövlətin fəaliyyətini, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması kimi amillərlə bağlıdır. Həmin şərtlərin hamısı hansı cəmiyyətdə varsa, deməli orada demokratik siyasi rejim mövcuddur. Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azadtam inkişafı yalnız o cəmiyyətdə mümkündür. Buradan aydın olur ki, cəmiyyətlə şəxsiyyət arasında münasibətlər insanın hüquqları və əsas azadlıqları ilə bağlıdır. Şəxsiyyət yalnız onun tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında məsuliyyət daşıyır.

Cəmiyyət o halda şəxsiyyətdən məsuliyyət tələb edə bilər ki, onun tamazad inkişafını, əsas hüquq və azadlıqlarını təmin etmiş olsun. İstər ayrıca cəmiyyətdə istərsə də dünyada azadlığın, ədalətin və ümumi sülhün əsasını insan hüquqlarına hörmət təşkil edir. İnsan hüquqları demokratik cəmiyyətdə Konstitusiya qanunu kimi müəyyən edilir. Odur ki, insan hüquqlarını bəzən “konstitusiya hüquqları” da adlandırırlar.

İnsan hüquqlarının qorunması demokratik cəmiyyətin, demokratiyanın mahiyyətindən irəli gəlir. Çünki demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyidir. Bu cəmiyyətin təməl qanunları İnsan hüquqlarıdır. Prezidentdən tutmuş adi fəhləyə qədər hər kəs bu hüquqların gözlənilməsi üçün məsuliyyət daşıyır. Bu hüquqların qorunması və pozulması onun demokratikliyinin göstəricisidir.

İnsan hüquqları cəmiyyətdə insanın fəaliyyət imkanlarını göstərir. Bu hüquqlar nə qədər genişdirsə, insanın fəaliyyət imkanları da bir o qədər genişdir. Bu hüquqların təminatı nə seviyyədədirsə, insanların azadlığı da o səviyyədədir. Əgər insanın təbii hüquqları pozulursa, şəxsi ləyaqət hissi tapdanırsa, özünü alçaldılmış hiss edir.

1995-ci ilin noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə demokratik islahatların inkişafı üçün şərait yaradıldı. Senzuranın ləğvi cəmiyyətimizdə söz, fikir azadlığını təmin etdi. Cəmiyyətdə müasir vəziyyətə uyğun olan seçki haqqında qanun qəbul olundu. Qanunların insan hüquqlarını və əsas azadlıqları pozmamasına nail olmaq üçün 1996-cı ilin fevralında Prezident yanında hüquqi islahatlar komissiyası yaradıldı. Bundan başqa, ölkəmizdə hazırlanan çox mühüm hüquqi sənədlərin - insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinə zidd olmaması üçün onlar Avropa Şurasında ekspert rəyindən keçirildi.

1998-ci ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” Prezident fərmanı verildi. İnsan hüquqlarının təmin olunması üçün “Kütləvi informasiya vasitələri haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək haqqında” və b. qanunlar qəbul edildi. Respublikada ölüm cəzası ləğv edildi və insanın təbii hüququ olan yaşamaq hüququ cəmiyyət səviyyəsində təsdiq olundu. Vətənimiz Şərqdə bu cəzanı ləğv edən ilk ölkə oldu. 1999-cu ildə Konstitusiya Məhkəməsi yaradıldı. Bütün bunalr ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu sahədə düşünülmüş dövlət siyasəti ilə həyata keçirildi. Hazırda isə respublika prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

MƏMMƏDHƏSƏN

Azad Azərbaycan.- 2015.- 15 may.- S.5.