Qadınlar cəmiyyətin fəal və
aparıcı üzvünə çevrilib
Azərbaycanda qadınların hüquq və azadlıqlarının
qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edilib
Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu daha da artmağa başlamışdır.
1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu. Bu təşkilatların hər birinin tərkibində gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlar var. Azərbaycan dövləti də bu qurumlara üzv olduğu vaxtdan həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də «Qadınların siyasi hüquqları haqqında» 1952-ci il BMT Konvensiyasına,1995-ci il iyunun 30-da «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də «Nigaha daxil olma, nigaha daxil olmaq üçün minimal yaş həddi, nigahların qeydə alınması haqqında» 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun «Zorakılıqsız Həyat» Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə «Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət» aksiyasına qoşulmuşdur.
Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul etmişdir.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir. İnsan və vətəndaş hüquqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bu prinsiplərin əsas məqsədi həyatın bütün sahələrində kişilərlə qadınların bərabər hüquqlara malik olmasından əlavə, həm də qadınların cəmiyyətin fəal və aparıcı üzvünə çevrilməsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən qadınlar 17 yaşından nigaha daxil ola bilərlər. Müstəsna hallarda tərəflərin qarşılıqlı xahişi və müvafiq icazə ilə bu müddət bir il azaldıla bilər.
Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır. Ailədə qadın ana kimi əsas aparıcı vəzifə daşıyıcısıdır. Uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir. Nigaha daxil olduqdan sonra ər-arvad tərəfindən qazanılmış, əldə edilmiş əmlak onların ümumi şəxsi mülkiyyəti hesab olunur.
Respublikamızda ailənin inkişaf dinamikasına və gender araşdırmalarına baxdıqda məlum olur ki, son 15 ildə nigahların bağlanmasının illik sayı iki dəfə azalıb. Bunun əsas səbəbi əhalinin gəlirlərinin aşağı olması, ailəni saxlamaq üçün imkanların zəif olması və yeni qurulan ailələrin mənzil problemlərini həll edə bilməməsidir. Digər bir səbəb isə gənc oğlanların iş axtarmaq məqsədilə ölkəni tərk edərək, başqa dövlətlərin vətəndaşları ilə ailə qurmalarıdır. Nigahların bağlanmasının ilbəil azalması ilə yanaşı, boşanmaların illik sayı da çoxalmışdır. Bunun da əsas səbəbi yeni qurulan ailələrin öz maddi problemlərini həll edə bilməməsidir. Uşaq doğulduqdan sonra gənc ailənin problemləri daha da çoxalır. Çünki, dövlət tərəfindən verilən uşaq pulu körpənin aylıq xərclərinin çox az hissəsinə çatır…
Ailələrin maddi problemlərlə üzləşməsi, ərin öz ailəsini dolandıra bilməməsinin son nəticəsi boşanmaya gətirib çıxarır. Bir çox hallarda ərindən ayrılmış qadın doğmaları üçün arzuedilməz şəxsə çevrilir. Boşanmadan sonra uşağın ana ilə qalması qadının çətinliklərini daha da artırır. Çünki, ərindən və doğmalarından ayrılmış qadınlar öz uşaqlarını saxlamaq üçün iş tapmadıqda və maddi problemlərini həll edə bilmədikdə, bəzən əxlaqsızlıq yuvalarının daimi sakinlərinə çevrilirlər.
İşləməyən qadınınn uşaq pulu və ər tərəfindən verilən alimentlə uşağını saxlaması çox çətindir. Hal-hazırda qanunvericiliyə görə bir uşağa görə qazancın dörddə bir hissəsi, iki uşağa görə qazancın üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancın yarısı aliment kimi tutulur. Əhalinin əmək haqqının azlığı, alimentlərin də az olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulliyət və iş yeri seçmək hüququ vardır. Qadınların və 16 yaşa qədər uşaqları olan çoxuşaqlı anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə «Əmək Məcəlləsində», «Məzuniyyətlər haqqında», »Vətəndaşların pensiya təminatı haqqında» və «Əhalinin məşğulluğu haqqında» qanunlarda da öz əksini tapmışdır.
Əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı - seçkiliyə yol verilməsi qadağandır. Qadınlar iş vaxtına, məzuniyyətə və digər əmək münasibətlərinə görə güzəştlərə malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Təşkilatlarda və müəssisələrdə qadın hüquqlarının pozulması halları idarə rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər.
Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, hamilə və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət vaxtı bitdikdən sonra bir ildən az müddətə müvafiq peşədə çalışan qadınlar attestasiyadan keçirilmir. Hamilə və üç yaşınadək uşağı olan qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək qanunvericiliyinə əsasən gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
Əmək Məcəlləsinə görə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə beş təqvim günü müddətində əlavə məzuniyyət verilir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.
Konstitusiyanın 42-ci maddəsində deyilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində cinsindən asılı olmayaraq vətəndaşların təhsil almaq hüququ göstərilmişdir. Bu da qadınla kişi arasında təhsil sahəsində hüquq bərabərliyinin əsas göstəricisidir.
1990-cı ildə keçirilən təhsil üzrə Ümümdünya Konfransı zamanı bütün ölkələr üzrə hamı və xüsusilə də qadınlar üçün icbari təhsilin vacibliyi qeyd edilmişdir.
Respublikamızın elmi-tədqiqat müəssisələrində kişilərlə bərabər qadınlar da böyük yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Azərbaycanda elm sahəsində çalışanların 43%-i qadınlardır.
Konstitusiyanın 56-cı maddəsinə əsasən qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, həmçinin referendumda iştirak etmək hüququ var. Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi «Seçki Məcəlləsində» öz əksini tapmışdır. Qadınlar seçib-seçilmək hüququnu dünyada ilk dəfə 1893-cü ildə Yeni Zellandiyada nümayişlər, aclıq aksiyaları nəticəsində qazanmışlar. Azərbaycan qadınları isə seçki hüququna ilk dəfə 1919-cu ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının parlamentinə seçkilər zamanı nail olmuşlar. Həmin dövrdə qadınlar seçmək və seçilmək hüququnu qazanmalarına baxmayaraq, parlamentə üzv kimi seçilə bilməmişlər.
Qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi və qadınların problemləri ilə daha aktiv məşğul olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 1998-ci il yanvarın 24-də Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış, 1998-ci il fevralın 20-də isə Komitənin Əsasnaməsi təsdiq edilmişdir. Komitənin əsas məqsədi respublikamızda qadınlar və kişilər arasında bərabərlik siyasətinin həyata keçirilməsi, qadınların ölkəmizdə baş verən içtimai-siyasi proseslərə cəlb edilməsi, siyasi, iqdisadi və sosial sahələrdə onların hüquqlarını müdafiə etmək, qadın problemlərinin həllinə nail olmaqdır. Demək olar ki, bu günkü reallıqda komitə qarşıya qoyulmuş hədəflərə çatmışdır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlamasında bir daha təsdiq edib: «1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. Qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.
Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Möhtərəm prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. O, ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini və inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Biz hər zaman dövlətimizin, Möhtərəm Pezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyini və diqqətini hiss edirik».
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur: «Bir çox dövlətlərdə, Avropa və bir sıra MDB ölkələrində ailə institutu deformasiyaya məruz qalmışdır. Onlar bu sosial təsisatın yenidən bərpası üçün bir sıra qanunlar qəbul edir, sosial layihələr həyata keçirirlər. Bir məsələni qeyd etmək lazımdır ki, ailə institutunun dağılması demoqrafik proseslərə də mənfi təsir edir. Hazırda bir sıra ölkələrdə orta nəslin nümayəndələrinin az olması, nəsillərarası balansın pozulması müşahidə olunur. Onları qoca ölkələr adlandırırlar.
Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dönə-dönə deyirdi. Müstəqil dövlətimizin ali sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir.
Bu, bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan, Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək lazımdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün dövlət ailə siyasəti uğurla həyata keçirilir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramının təsdiq edilməsi, eyni zamanda, Ailə Məcəlləsinə dəyişiklik edilərək tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi qüvvəyə mindi. “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun qəbul edildi.
Qeyd etmək lazımdır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu. Komitəmiz bu sahədə dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitə mütəxəssislərinin apardıqları təhlil bir daha təsdiq edir ki, ölkəmizdə ailənin inkişafı sahəsində müsbət dinamika mövcuddur, ailə institutu daha da möhkəmləndirilmişdir.
Bu gün cəmiyyətimiz öz layiqlı, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması üçün çalışır. Hazırda, ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrə dövlət başçımızın daimi diqqəti sayəsində həmin ailələrin bir çox problemləri artıq həll olunmuşdur.
Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, eyni zamanda onları ictimai həyata cəlb etməkdir. Bununla əlaqədar, qaçqın və məcburi köçkün ailələrinə xarici dil, kompüter və peşə kurslarında təlim keçirilmişdir.
Cəmiyyətdə ailə institutu günbəgün möhkəmləndirilir. Bu da hər şeydən əvvəl nüfuzlu və uzunömürlü ailələrin nümunəsinə əsaslanır. Bu gün ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Həmin ailələrin təcrübəsi hamıya, xüsusən də gənclərə nümunədir.
Komitə tərəfindən hər il “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) təntənə ilə qeyd edilir. Komitənin təşəbbüsü ilə, 2008-ci ildən etibarən, Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron rayonlarında, Lənkəran və Şəki şəhərlərində Ailə bayramı təşkil edilmişdir. Hər il “Ailə bayramı”nda, bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir.
Artıq 6 ildir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı filmlər festivalı uğurla həyata keçirilir. Filmlər festivalının keçirilməsinin əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, mili-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institunun inkişafına nail olunmasıdır. Bu illər ərzində təşkilat komitəsinə 170 film təqdim olunmuş, bu filmlər arasında 13 film xarici rejissorlar tərəfindən təqdim edilmişdir.
Azərbaycanın milli ailə dəyərlərinin möhkəmləndirilməsi, sağlam ailə-sağlam dövlət prinsipinin təbliğ edilməsi, ailədə baş verən munaqişələrin qarşısının alınması məqsədilə Komitə tərəfindən 100-dən çox maarifləndirmə kampaniyaları keçirilmiş və layihələr icra edilmişdir».
–Bu gün həyatın bütün sahələrində islahatlar aparılır, dəyişikliklər baş verir. Nəticələr də var. Bəs qadın hüquqları sahəsində aparılan islahatlar hansı nəticələri verir?
–Dövlət qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya (CEDA W) qoşulması ilə əlaqədar Azərbaycan Hökuməti dövlətlərarası hesabatlar verir. Arıtq hər hesabatdan sonra verilən tövsiyələrin sayının azalması onu göstərir ki, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, onların beynəlxalq səviyyədə təmsil olunmalarını təmin etmək üçün Azərbaycanda qadınlara kişilərlə bərabər imkan və hüquqlar ildən-ilə artırılır.
Qeyd etmək lazımdır ki, qadınlarin ictimai-siyasi fəallığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif qeyri-hökumət təşkilatların rəhbərləri, ictimai-siyasi partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Məsələn, Yeni Azərbaycan Partiyasının üzvlərinin demək olar ki, yarısı qadınlardır. Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər».
H.Hüseynova bildirib ki, uşaq problemləri sahəsində dövlət siyasəti uşaq hüququnun etibarlı təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi daim diqqət tələb edən sahələrdir: «Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, həssas qruplardan olan uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, uşaq alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və s. bu kimi məsələlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri sahəsindəki fəaliyyətinin əsasını təşkil edir.
2012-ci il may ayının 8-də qəbul edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. Həmin qaydalar çərçivəsində bütün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılımış, nəticələr araşdırılmışdır. Bütün məlumatlar komitədə yığılmış, tövsiyələr hazırlanmışdır. Ölkədə valideyn himayəsindən məhrum olan uşaqlar xüsusi qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən “Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında təsdiq edilmiş Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planına əsasən uşaq əməyinin istismarı ilə üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. Bu sahədə aparılan həm nəzarət, həm də maarifləndirmə tədbirləri nəticəsində uşaq əməyinin istismarı hallarının sayında azalma müşahidə edilməkdədir».
Komitə sədri əlavə edib ki, aparılan təcrübə mübadiləsi uşaq və qadın siyasətinin yerinə yetirilməsi istiqamətində Azərbaycan Respublikasının ekspertlərinin yetişməsində də xüsusi rol oynayır: «Ölkəmizdə həyata keçirilən dinamik inkişaf siyasəti bütün sahələrdə olduğu kimi, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində də nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Cəmiyyətin inkişafı onun öz vətəndaşına göstərdiyi diqqətdən çox asılıdır. Bu mənada, Azərbaycan Respublikasında son on ildə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılmışdır. Bu gün ailənin möhkəmləndirilməsi, uşağın inkişafı, qadının maariflənməsi dövlətin əsas məqsədlərindən biridir.
MƏMMƏDHƏSƏN
Azad Azərbaycan.- 2015.- 17 may.- S.5.