İnsan hüquqları anlayışı toxunulmaz statusa malikdir

 

Əminliklə deyə bilərik ki, Azərbaycan bu gün olduğu kimi gələcəkdə də insan hüquqları sahəsində çox böyük uğurlar əldə edəcək

 

Son vaxtlar illərlə düşmənçilik mövqeyində olan bəzi dövlətlər arasında xeyli yaxınlaşmalar müşahidə olunmaqdadır. Bir-birindən asılı olan milli iqtisadiyyatların qlobal iqtisadi sistemdə birləşdirilməsi, ölkələrarası ticarət və investisiya əlaqələrində olan məhdudiyyətlərin zaman, məsafə, dil baryerlərinin və xalqlar arasındakı milli fərqlərin aradan qaldırılması kimi proseslərin şahidiyik ki, bunu da ümumi olaraq qloballaşma prosesi adlandıra bilərik.

 

Mənası hələ də tam dərk edilməyən və tarixi, səbəbi, nəticəsi mütəxəssislər tərəfindən araşdırılan qloballaşma prosesi çox sürətlə hərəkət edir. Bəzi ekspertlər bu tipli proseslərin bütün dövrlərdə mövcud oluğunu söyləyirlər. Lakin, nəyə görə dövrümüzdə qloballaşmaya bu dərəcədə maraq artıb?

Bu suala müxtəlif cavablar tapılır. Qloballaşmanın hal-hazırkı vəziyyəti heç də hamını sevindirmir. Bu səbəbdən də qloballaşmaya qarşı olanlar yəni, anti-qlobalistlər təbəqəsi yaranmışdır. Bu təbəqədə olan insanlar adı vurğulanan prosesin mahiyyətini təhlükəli, başqa bir tərəfdən isə sadəcə olaraq əhəmiyyətsiz hesab edirlər.

Qloballaşan dünya artıq elə nailiyyətlər əldə edib ki, buna həqiqətən də bəşəriyyətin uğuru deyə bilərik. Bura informasiya, elmi-texniki, səhiyyə və s. kimi sahələrdə qazanılan istənilən uğuru aid etmək olar. Məlumdur ki, qloballaşma həm də liberal-demokratik dəyərlərin qlobal dəyərlərə çevrilməsini həyata keçirən bir prosesdir.

Liberal demokratiya sülh vaxtı insan hüquqları ilə məhdudlaşan çoxluğun hakimiyyəti deməkdir. Yəni ancaq müharibə vaxtı insan hüquqlarını demokratik yolla qəbul olunmuş qanunlar məhdudlaşdırıla bilər. Avropa Şurasının qəbul etdiyi təriflə desək, demokratiya-insanın şəxsi və siyasi azadlıqları, demokratik yolla qəbul edilmiş qanunun aliliyi deməkdir. Liberalizm isə insan hüquqlarını hər hansı bir təşkilatın, cəmiyyətin, millətin, dövlətin maraqlarından üstün hesab edən siyasi fəlsəfədir.

Avropa Şurasının ona üzv ölkələrdən əsas tələbi olan bu məsələ, əlbəttə, Azərbaycana da aiddir. Vətənimizdə liberalizmin birmənalı olaraq qarşılandığını desəm yanılmış olaram. Buna görə də, cəmiyyətimizdə qloballaşma prosesinin istər-istəməz mənəvi dəyərlərə, milli mentalitetə, dinlə bağlı məsələlərə mənfi təsir göstərəciyini əminliklə qeyd edənlər də tapılır. Düşünürəm ki, dövlətmizdə azərbaycanlı olan hər kəs milli mentalitetimizi qloballaşma prosesinin vura biləcəyi ziyandan qorumalıdır. Digər tərəfdən dünyanın elmtexnologiya nailiyyətlərindən Azərbaycan çox faydalana bilər.

Tarix boyunca dünyada insan hüquqlarına dair qəbul olunan ən başlıca sənədlər bunlardır: “Böyük Azadlıqlar Xartiyası”, “Amerika Müstəqillik Bəyannaməsi”, “İnsan hüquqları haqqında hesabat”, “İnsan və vətəndaş hüquqları haqqında Bəyannamə”, “İnsan hüquqları üzrə Ümumi Bəyannamə”, “İnsan hüquqları haqqında Beynəlxalq Bill”, “Avropa İnsan Hüquqları haqqında Konvensiya”. Bəzi sənədlər bizə orta məktəb proqramından yaxşı məlumdur. Lakin, Azərbaycanın təhsil sahəsində qüsurların az olmaması insan hüquqları ilə bağlı savadsızlığı cəmiyyətdə qabarıq şəkildə göstərir.

Müsbət bir haldır ki, Azərbaycanda inkişaf edən 3-cü sektorun fəalları İnsan Hüquqları ilə bağlı mütəmadi olaraq maarifləndirmə işləri aparırlar. Qloballaşan dünyanın insan hüquqlarına çox böyük qiymət verdiyini görürük. Ancaq, bəzi hallarda adama elə gəlir ki, heç insan hüquqları deyilən bir anlayış belə yoxdur. Bu mənzərənin olmaması üçün, bir sıra beynəlxalq institutlar və təşkilatlar bu istiqamətdə intensiv şəkildə aparırlar.

BMT, Avropa Şurası, Dünya Bankı, Dünya Ticarət Təşkilatı kimi təşkilatlar hökumətlərin müxtəlif funksiyalarını özlərində cəmləyərək üzv olan ölkələrdə iqtisadi-siyasi problemlərin həllində fəallıq göstərirlər. Müəyyən hallarda üzv ölkələrin hökumətlərindən daha yüksək stasusa, nüfuza malik olurlar. Ümumiyyətlə, insan hüquqlarına hörmətlə yanaşmayan ölkə, birmənalı olaraq qloballaşan dünyadan kənarda qalır. Bu cür ölkələr insan hüquqları amilinə çox böyük önəm verən dövlətlər və beynəlxalq təşkilatların isə bir növ düşməninə çevrilir. Misal olaraq, Belarus dövləti ilə son illər baş verən hadisələr barəsində də bu fkiri söyləmək olar. Təəssüflə qeyd etmək yerinə düşər ki, Azərbaycan cəmiyyətində də bəzən insan hüquqlarına dair dərin inamsızlıq mövcud olur. Həmvətənilərimizdən bəziləri, nəinki insan hüquqları nədir sualına cavab tapmırlar, hətta onun efektivliyinə də şübhə ilə yanaşırlar. Hətta insan hüquqlarını gülünc adlandıranlar da tapılır. Görəsən niyə?

Ona görə ki, 1 milyondan artıq vətəndaşlarımızın yaşadığı dədə-baba torpaqlarının mənfur qonşumuz olan Ermənistan tərəfindən işğal olunması, onların qaçqın və məcburi köçkün halına düşərək bütün insan hüquqlarından məhrum edilməsi, üstəlik dünyada insan hüquqları ilə məşğul olan təşkilatların buna göz yumması, Azərbaycanlıları həmin təşkilatlara qeyri-ciddi münasibət bəsləməyə məcbur edir. Bütün bunlarla yanaşı cəmiyyətimizin insan hüquqlarına marağı azalır. Demək, Azərbaycan cəmiyyəti insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların 1 milyondan artıq məcburi köçkünlərimizin haqq səsini eşitməyə çağırır və həmin təşkilatlar tərəfindən işğalçıya qarşı sərt addımlar atılacaq günü gözləyir.

Demokratik cəmiyyətdə insan hüquqları anlayışı toxunulmaz statusa malikdir. 15 ilə yaxındır ki, müstəqilliyi əldə etmişikdemokratik cəmiyyətin qurulmasına çalışırıq. Azərbaycanın demokratiya sahəsində nə qədər uğur əldə etdiyinə gəldikdə isə, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın demokratiya haqqında dediyi sözlər yada düşür: “Demokratiyanın qurulması, bitməyən bir sınaqdır. Hətta bizim ölkəmizdə”.

Bu fikir, Azərbaycan Respublikasında bütünlüklə nail olunmasa da, demokratik cəmiyyətin əsaslarının qurulduğuna bir işarə kimi qəbul olunmalıdır. 9 may 2006-cı ildə Azərbaycan Respublikası BMT-nin İnsan Hüquqları üzrə yeni yaradılan Şurasına üzv seçildi. Bir çox mütəxəssislər bu hadisənin Azərbaycan üçün gərəkli və insan hüquqları üzrə problemlərin həllinə kömək edəcəyini proqnoz etdilər. Bəzi insanlar hal-hazırda qloballaşmanın qərbyönümlü, xüsusilə də amerikansayağı olduğunu vurğulayırlar.

Qloballaşan dünyada demokratiyaya dəstək təşəbbüsünü bir dövlət olaraq ABŞ öz üzərinə götürmüşdür. “Demokratiyaİnsan Hüquqları” şüarı altında qloballaşmanın bütün dünyanı əhatə edəcəyinə şübhə yoxdur. Bundan özünü təcrid etmək siyasəti də bəzi dövlətlərə kömək etməyəcək və həmin dövlətlər gec-tez qloballaşma axınına düşəcəklər. Bunların fonunda isə dünyanın ərazisinə görə ən böyük dövləti olan Rusiya dəfələrlə bildirib ki, birqütblü dünyanın əleyhinədir. Bu da Rusiyaya müəyyən mənada anti-qlobalist simasını bəxş edir.

Müasir dünyada demək olar ki, hər bir sahədə daha çox ABŞ-Rusiya qarşıdurması nəzərə çarpır. İqtisadiyyatların vahid sistemə inteqrasiya etdiyi bir dövrdə Rusiyanın öz təbii sərvətlərindən, hansısa siyasi səbəblərə görə digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi ciddi narahatçılıqla nəticələndi. Fikrimizcə, Rusiya belə addımlarla ilk növbədə insan hüquqlarını pozur. İnsan hüquqlarını hər şeydən üstün tutaraq, qloballaşan dünyanın təbii sərvətləri hansısa siyasətə deyil, yalnız yalnız insanlara xidmət etməlidir.

Qloballaşma dövründə bir dövlətin uşaq kimi cığallıq etməsi ümumilikdə, dünyanın özünə ən əsası insan hüquqlarına zərər vermiş olur. Öz növbəsində bu cür siyasi addımlar digər dünya dövlətlərini, həmin dövlətə qarşı ciddi tədbirlər görməyə vadar edir.

İnsan hüquqları qloballaşma prosesində katalizator rolunu oyanayır. Dövlət tərəfindən təmin olunan hər hansı bir sahədə kiçik problemin olması, artıq buradan faydalana bilməyən insanların hüquqlarının pozulması deməkdir. İnsan hüquqlarının pozulması ilə bağlı bəzən ölkəmizə qarşı ciddi kampaniyalar aparılır. Təəssüf ki, bu hallar günümüzdə ABŞ, Avropa Parlamenti bu kimi siyasi xətti tutan bəzi beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməkdədir. Bu Azərbaycanın imicinə zərbə vurmağa hesablanmış addımlardır. Çağdaş qanunlarla barışmayan demokratik ideyaların məğlub etdiyi köhnə düşüncələrlə dünyagörüşləri məhdud olan vətəndaşlar isə insan hüquqlarının pozulmasından heç narahat deyillər. Buna görə, bütünlüklə cəmiyyətimiz öz məsulliyyətini hiss edərək, bu «problemin» çözümünə səy göstərir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası bu gün olduğu kimi gələcəkdə insan hüquqları sahəsində çox böyük uğurlar əldə edəcək.

 

CAVANŞİR

Azad Azərbaycan.- 2015.- 19 may.- S.5.