QHT-lər vətəndaş cəmiyyətinin
əsas atributudur
Vətəndaş cəmiyyətinin
formalaşması, hüquqi, siyasi mədəniyyət səviyyəsinin
yüksəldilməsi prosesi şəxsiyyətin
inkişafına təsir edən məsələlərdəndir
QHT-lər dövlətdən asılı olmayan təşkilat olmaqla, həmin dövlətin müəyyən qisim vətəndaşlarını özündə birləşdirən birliklərdir. Ona görə də vətəndaş – dövlət əlaqələrində QHT-lərin ideoloji mövqeyi önəm kəsb etməkdədir. Eyni zamanda, cəmiyyətin formalaşmasına və ya inkişafına QHT-lərin təsiri də bir danılmaz fakt olaraq qalmaqdadır. Eynilə hüquqi dövlətin yaradılması və vətəndaş cəmiyyətinin formalaşması prosesi özü-özlüyündə şəxsiyyətin inkişafına təsir edən məsələlərdəndir.
Təbii ki, dövlətin vəzifəsi vətəndaşlarının sabitlik şəraitində və azad şəkildə bir arada yaşamalarını təşkil və təmin etməkdir. Dövlət ümumi əhalini maraqlandıran problemləri həll etmək və bütün əhalini əlaqələndirən qərarlar qəbul etmək məcburiyyətindədir. Bunun üçün dövlət lazım olan mütləq hakimiyyət gücünə sahibdir. Sahib olunan bu gücün mənfi amillərə istifadə edilməməyi üçün demokratik seçkilər vasitəsi ilə hüquqi təməllərə əsaslanan qanunvericilik və demokratik inzibati idarə üsulunun təmin edilməsi əsas şərtlərdəndir. Belə ki, hüquqi təməllərə əsaslanan demokratik cəmiyyətdə vətəndaşın müəyyənləşdirdiyi istiqamətlər onun xeyrinə müsbət təsirlər gücünə sahib olmalıdır.
Ümumiyyətlə klassik siyasi fəlsəfə dövlət və vətəndaş cəmiyyətinin təbiəti haqqında yazıların uzun tarixini təqdim edir. Hələ qədim zamanlarda - Platon (e.ə. 427-347), Aristotel (e.ə. 384-322), Siseron (e.ə. 106-43), orta əsrlərin sonunda - Tomas Hobbs (1588-1679), Nikkolo Makiavelli (1469-1527), Con Lokk (1632-1704), Şarl Lui Monteskyö (1689-1755), Jan Jak Russo (1712-1778), daha sonralar isə Emmanuil Kant (1724-1804), Tomas Peyn (1737-1809), Georq Vilhelm Fridrix Hegel (1770-1831), Karl Marks (1818-1883), Aleksis de Tokvill (1805-1859), Antonio Qramşi (1891-1937) dövlət və vətəndaş cəmiyyətinin müəyyən mənada bir-birindən ayrıldığını qeyd edirdilər. Onlar öz müasirlərinə çatdırırdılar ki, dövlətdən başqa müstəqil, öz qanunları ilə yaşayan və buna görə də çox vaxt dövlətə tabe olmayan vətəndaş cəmiyyəti deyilən bir şey vardır.
XIX əsrdə isə vətəndaş cəmiyyətinin analizində xüsusi yeri Aleksis de Tokvillin “Amerikada demokratiya” əsərində qeyd etdikləri yazılar tutur. Tokvillin vətəndaş cəmiyyətini “dövlət və fərdlər arasında ara təşkilatı kimi var olan, vətəndaşların sosial azadlıqlarını və bərabərliklərini realizə etdikləri azad assosiasiyalar” kimi tərif etməsi, vətəndaşların özlərinin və həmvətəndaşlarının sosial ehtiyaclarının qarşılanması üçün kifayət qədər fərqli assosiasiyalarda birləşməsi faktını ortaya qoyur.
Tokvill öz məşhur əsərində “Amerikada demokratiya”da qeyd edir: “İnsanlar həm idarə olunmağı (onlara yol göstərməyi) həm də azad olmağı istəyirlər. Lakin bir-birinə əks görünən bu məşğuliyyətlərin heç birindən vaz keçmədikləri üçün insanlar ikisini də bir yerdə reallaşdırmağa can atırlar. Onlar yeganə, himayədar və bütün güclərlə təchiz edilmiş, lakin xalq tərəfindən seçilmiş hökumət (idarə üsulu) tapmağa çalışırlar... Hər bir halda, hər hansı bir “yeni”nin ortaya çıxdığı yerdə, məsələn Fransada - dövləti, İngiltərədə - hər hansı bir ərazi maqnatını görmək olarsa, əmin ola bilərsiniz ki, Amerikada bu yerdə assosiasiyaları görəcəksiniz”.
Ən yeni tarixdə isə mövzu ilə əlaqədar olaraq John Hallın “Vətəndaş cəmiyyətinin nəzəriyyəsi və tarixi” (1995) və John Keanenin “Dövlətlə vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi” (1998) ilə bağlı yazıları da daxil olmaqla bir sıra əsərlərin axını başlamışdır.
Hallın bu fikri ilə razılaşmaq olar ki, vətəndaş cəmiyyəti həm dəyər, həm də sosial institutlar toplusudur və onu sosial özünüidarə formasında dövlətin qarşısında görmək fikri doğru deyildir. Belə bir fikir geniş yayılmışdır ki, güclü və müstəqil qruplar vətəndaş cəmiyyəti də daxil olmaqla dövləti tarazlaşdırmalıdır. Bu yanlış fikirdir, çünki dövləti təhlükə kimi görür. Bu cür düşüncə isə özünü vətəndaş cəmiyyətinin dövlətin olmadığı yerlərdə daha da yaxşı inkişaf edə biləcəyi fikirlərinin yer aldığı və əsasən sivil vətəndaş ənənələrinin zəif olduğu ölkələrdə daha qabarıq şəkildə önə çəkir.
Hall israr edir ki, dövlət vətəndaş cəmiyyətinin müdafiəsi və əsas sosial şəraitlərin təmin edilməsi üçün vacibdir. Vətəndaş cəmiyyətinin və dövlətin davamlı qarşılıqlı əlaqədə olmağa ehtiyacları var. Dövlət onun təşkilati strukturunu qəbul edən vətəndaş cəmiyyətinin işləməsindən yararlanır, vətəndaş cəmiyyəti isə dövlətin nəzarətində çiçəklənir. Hall bu cür münasibəti “qarşılıqlı anlaşma” kimi təsvir edir.
Bildiyimiz kimi qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin əsas atributu hesab edilməkdədir. “Qeyri-hökumət” termini bu təşkilatların dövlət orqanlarına münasibətdə onların hökumətdən asılı olmayan və insanların öz iradələrinə uyğun olaraq birləşərək müstəqil şəkildə meydana gəlmələrini göstərir. Cəmiyyətin hər bir üzvünün cəmiyyətin sosial və digər problemlərinin həllində iştirak etmək haqqı vardır. Bu haqqın həyata keçirilməsinin ən faydalı, optimal, sərbəst surətdə həyata keçirilməsi imkanı QHT-lərin fəaliyyətində iştirak etməkdir.
Vebster Universitetinin professoru Yves Beigbeder “The Role and Status of İnternational Humanitarian Volunteers and Organizations (1991)” (Beynəlxalq Könüllülərin və Təşkilatların Rolları və Statusları) adlı əsərində Jorgen Lissnerə istinad edərək dövlət ilə QHT-lərin əlaqəsini altı xətt üzrə ayrıldığını qeyd edir. QHT-lərin oynaya biləcəyi birinci rol, sorğu sualsız şəkildə hökumətə “köməkçi” olmaq (subservient) roludur. Bu yolla QHT yerləşdiyi dövlətinin xarici siyasətinin maraqlarına və göstərişlərinə loyal olacaqdır. Burada sorğu-sualsız dedikdə əsasən maliyyə cəhətdən anlaşılmalıdır. Dövlət isə öz növbəsində onu qorxutmayan və narahat etməyən bu cür münasibətdən razı qalacaqdır.
İkinci rol QHT-nin “tərəfdaşlıq”
(partnership) roludur. Dominantlıq və rəqabətdən
daha çox dövlət və QHT könüllü sürətdə
tərəfdaş olacaqlar.
Məsələn, bəzən dövlətlər
dəyişiklik etmək
naminə güclü
siyasi iradə yaratmaq üçün QHT-lərlə birləşərək
mediadan birgə istifadə edirlər.
Üçüncü yeri tutan “balanslaşdırıcı” (compensatory) rol, dövlətin səhvlərindən zərər
çəkənlərin, kömək
edilməyən və
ya etmək istənilməyən insanlara
yardım edilməsində
QHT-lərin vacibliyini vurğulayır. QHT dövlətin qeyri-adekvat addımını görərsə,
onu tənqid etmir, əksinə səhvin aradan götürülməsinə və
xidmətin səviyyəsinin
yüksəlməsinə köməklik
edir.
QHT-lərin izləyə
biləcəyi dördüncü
missiya, “düzəldici”
(corrective) roldur ki, burada QHT “səssizlərin
səsi” inancı ilə xarakterizə olunur. Bu zaman QHT-lər ehtiyacların müəyyən olunması
və keyfiyyətsiz siyasətlərin düzəldilməsi
üçün hökumətə
təzyiq etməklə
məsuliyyət daşıyır.
Növbəti beşinci rol
“tabe olmama” (disobedient)
roludur. Belə QHT-lər öz
dəyərlərini üstün
tutan və leqallığa qarşı
biganə olmayanlardır.
Tabe olmama ümumi deyil konkret bir
qanuna və ya dövlət aktına qarşıdır.
QHT ədalətliliyə və vətəndaş həmrəyliyinə yardım
edən dini və əxlaq prinsiplərinə uyğun
gəlməyən qanunların
xalqın təzyiqi ilə dəyişəcəyinə
ümid edir. QHT-nin fəaliyyəti
inqilabi yox reformistdir.
Sonuncu “müxalifətçi”
(subversive) rolda mövcud
siyasi rejimlə üst-üstə düşməyən
dəyərlərə görə
QHT ardıcıl olaraq
rejimə tabe olmayan addımlar atır. Hökumətə müxalif olmaq
demək istənilən
vasitələrlə onun
planlarını dağıtmaq
deməkdir. Bu məhkəmələr yolu
ilə rəsmi qərarları dəyişməklə
layihələri idarə
etmək, siyasi müxalifət qüvvələrinə
və ya həmkarlar ittifaqları kimi digər ictimai hərəkatlara qoşulmaq, medianın və ya qeyri-rəsmi
kommunikasiya vasitələrin
istifadə etmək mənasını daşımaqdadır.
Günümüzdə əksər QHT-lər tərəfdaşlıq və
balanslaşdırıcı yolu seçmişlər. Çox
az bir
hissəsi tabe olmama və müxalifətçi siyasətini
izləyirlər. Fikrimizi
məşhur Amerikan siyasi sosioloqu, professor Seymur Martin Lipsetin (1922-2006) mülahizələrinə
yer verməklə yekunlaşdıraq. Lipsetə
görə, əgər
insanlar və ayrı-ayrı vətəndaşlar
eyni zamanda bir neçə siyasi əhəmiyyətli
ictimai birliklərə
məxsus olsalar, bir-birlərinə etibar etməyi və bənzər sivil təcrübələri “öyrənsələr”,
onda demokratiyanın sabit inkişafına şans da artır.
Əks halda onlar arasında
inamsızlıq yaranar
ki, bu da
onların siyasi cəhətdən passiv olmalarına səbəb olacaq. Bu baxımdan
vətəndaşlar QHT-lərdə
birləşmək yolu
ilə dövlətin
siyasi kursunun müəyyən edilməsində
iştirak edir və sanki dövlət
üzərində bir
növ ictimai nəzarət funksiyasını
yerinə yetirirlər.
CAVANŞİR
Azad Azərbaycan.- 2015.- 20 may.- S.5.