Hər bir insan
yaşamaq hüququna malikdir
Ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm
cəzasını əvəz
etməsi insan hüquqlarının təmin
edilməsi yolunda atılmış uğurlu
hüquqi addım idi
«Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq
hüququna malikdir». 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan hüquqları bəyannaməsindən götürülən
bu normada insanların təbii hüquqlarından bəhs
olunur. Yalnız qanunla müəyyən
olunmuş hallarda bu hüquqlar məhdudlaşdırıla bilər.
Ömürlük azadlıqdan məhrum
etmə yalnız qanunla müəyyən olunmuş qaydada şəxslərin azadlıq
hüququnu məhdudlaşdırmaq
üçün tətbiq
edilə bilər.
Cinayət qanununa sonradan daxil edilmiş bu cəza ölüm
cəzasının (ölüm
hökmünün) ləğv
edilməsilə əlaqədar
cəza sisteminə daxil edilmişdir. 1993-cü ildən ölüm cəzasına faktiki
moratorium qoyulmuşdu.
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasında
ölüm cəzasının
ləğv edilməsi
ilə əlaqədar
1998-ci il fevralın 3-də AR Milli Məclisinə müraciət
etmişdir. AR Milli Məclisi AR-da ölüm cəzasının
ləğv edilməsilə
əlaqədar ARCM,AR CPM və
AR CİM-nə dəyişiklilər
və əlavələr
edilməsi haqqında
10 fevral 1998-ci il tarixli qanun qəbul
edilmişdir. Bu qanunla
ömürlük azadlıqdan
məhrum etmə müstəqil cəza növü kimi Respublikanın 1960-cı il CM-nin 21-ci maddəsində müəyyən
edilən cəzanın
sisteminə daxil edilmişdir. Eyni vaxtda CM-nə ömürlük azadlıqdan
məhrum etmənin anlayışını müəyyən
edən xüsusi norma (maddə
22-1) daxil edilmişdir.
Köhnə Məcəllənin ömürlük azadlıqdan
məhrum etmə cəzasını nəzərdə
tutan 22-1-ci maddəsində
qanunvericilik qaydasında
qeyd edilən cəza növünün faktiki anlayışı verilmirdi. Lakin maddədə qeyd
edilir ki, qanunda xüsusi olaraq nəzərdə tutulan hallarda ömürlük azadlıqdan
məhrum etmə cəzası təyin edilə bilər.
Hazırda qüvvədə olan AR Cinayət Məcəlləsində
ömürlük azadlıqdan
məhrumetmə cəzanın
sisteminə daxil edilməklə yanaşı
həm də, ömürlük azadlıqdan
məhrum etmənin rəsmi anlayışı
verilib. AR CM-nin 57-ci maddəsində qeyd olunur: “Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə,
müharibə cinayətləri
ilə əlaqədar,
şəxsiyyət, ictimai
təhlükəsizlik və
ictimai qayda və dövlət hakimiyyəti əleyhinə
törədilmiş xüsusilə
ağır cinayətlərə
görə müəyyən
edilir”
Maddənin dispozisiyasına nəzər
yetirsək görərik
ki, sadalanan cinayətlər öz ictmai təhlükəlilik
dərəcəsinə və
xarakterinə görə
xüsusilə ağır
cinayətlər kateqoriyasına
aid edilir. AR CM-nin
VII bölməsində (maddə
100-119) yer almış
cinayətlər sülh
və insanlıq əleyhinə olan cinayətlər hesab olunur. AR CM VIII bölməsində isə
şəxsiyyət əleyhinə
olan cinayətlərin
növləri öz əksini tapmışdır.
Lakin heç
də qanun həmişə bütün
adları sadalanan cinayətlərə görə
azadlıqdan məhrum
etmə cəzasının
tətbiqini nəzərdə
tutmur, yalnız qanunla müəyyən olunmuş hallarda tətbiq olunur. Bu normanın
dispozisiyasına 2002-ci il
17 may tarixdə “şəxsiyyət”
sözündən sonra
“ictimai təhlükəsizlik
və ictimai qayda” sözləri əlavə edilmişdir. İctimai təhlükəsizliyi və
ictimai qaydanın təhlükəsiz təmin
edilməsilə əlaqədar
olaraq bu əlavə edilmişdir.
İctimai təhlükəsizlik dedikdə, cəmiyyətin
həyati əhəmiyyətli
mənafelərinin, yəni
ödənilməsi cəmiyyətin
mütərəqqi inkişafını
və mövcudluğunu
etibarlı surətdə
təmin edən ehtiyaclar məcmusunun qorunub saxlanması vəziyyəti başa düşülür.
Göründüyü kimi ömürlük azadlıqdan məhrumetmənin
cinayət qanununun xüsusilə təhlükəli
cinayətlərinə görə
tətbiq olunması məsələsi azadlıqdan
məhrumetmə cəzasının
leqal anlayışından
da aydın olur. Qanunvericinin bu normaya “ictimai təhlükəsizlik və
ictimai qayda” sözlərini əlavə
etməsi cəzanın
məqsədinə nail olunması
istiqamətində uğurlu
addımdır. Çünki xüsusilə ağır
cinayətlər içərisində
ictimai təhlükəsizlik
və ictimai qayda əleyhinə olan cinayətlər də xüsusi yer alıb. Məhz bu ifadələrin azadlıqdan məhrum etmə cəzasının
leqal anlayışını
verən normaya daxil edilməsi bu cəzanın tətbiqi dairəsini dəqiq müəyyən
etməyə kömək
edir.
Dövlət hakimiyyəti əleyhinə
olan cinayətlər
AR CM-nin XI bölməsində
öz əksini tapıb. Dövlət hakimiyyəti əleyhinə
olan cinayətlərin
mərkəzində dövlətin
Konstitusiya quruluşu əleyhinə olan qəsdlər, hakimiyyəti
zorla ələ keçirmək üçün
qanunsuz işlər təşkil etmək, onlara rəhbərlik etmək, onları maliyyələşdirmək və
s. durur. Hakimiyyəti zorla ələ keçirmə dedikdə,
qanuni səlahiyyətli
hakimiyyət nümayəndəsini
onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata
keçirməkdən daimi
və ya müvəqqəti kənarlaşdırma
və onun vəzifə səlahiyyətlərini
qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvale etmə başa düşülür.
Bununla yanaşı
sözügedən normada
bu cəzanın tətbiqi dairəsi də göstərilmişdir. Ümumiyyətlə, azadlıqdan məhrum etmənin bu növünu nəzərdə
tutan CM-nin Xüsusi hissəsinin sanksiyalarında ömürlük
azadlıqdan məhrum
etmə müddətli
azadlıqdan məhrum
etmə cəzası ilə alternativ formada nəzərdə tutulur. Ömürlük
azadlıqdan məhrum
etmə cəzası aşağıdakı şəxslərə
(maddə 57.2) şamil
edilmir:
1. Qadınlara,
2. Cinayət törədərkən
18 yaşı tamam olmamış şəxslərə,
3. Hökm çıxarılanadək
65 yaşına çatmış
kişilərə.
Eyni zamanda
AR CM-nin 63.4-cü maddəsinə
görə cinayətə
hazırlığa və
ya cinayətə cəhdə görə ömürlük azadlıqdan
məhrum etmə növündə cəza təyin edilmir.
AR CM-nin 43.1-ci maddəsinə
əsasən, ömürlük
azadlıqdan məhrum
etmə yalnız əsas cəza növü kimi tətbiq edilir və müddətlə bağlı olmadığına
görə məhz bu əlamətinə, həmçinin çəkilmə
qaydasına görə
müəyyən müddətə
azadlıqdan məhrumetmə
cəzasından fərqlənir. Belə ki,
ömürlük azadlıqdan
məhrum etmə cəzası AR CM-nin
56.1.5-ci maddəsinə əsasən
həbsxanalarda çəkilir.
AR CM-nin 56.1.4-cü maddəsinə əsasən
ömürlük azadlıqdan
məhrum etmə cəza növü müəyyən müddətə
azadlıqdan məhrum
etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində
çəkilə bilər.
AR CİM-nin müddəalarına
əsasən ömürlük
azadlıqdan məhrum
etmə növündə
cəzası müəyyən
müddətə azadlıqdan
məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər məntəqə tipli cəzaçəkmə müəssisəsinə
keçirilmirlər.
Qanunvericiliyə görə ömürlük azadlıqdan məhrum etmə cəzası şərti olaraq azad edilə bilər. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum qalmadığı qənaətinə gələrsə, onu müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə bilər. Hətta məhkumu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. AR CM-nin 57.4-cü maddəsində görə 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. AR CM-nin 82.3-cü maddəsinə müvafiq olaraq əfv qadasında iyirmi beş ildən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.
Bir sıra hüquqşünaslar ölüm cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasını məqsədəuyğun hesab etməyərək, ölüm cəzasının qüvvədə saxlanmasını təklif edirlər. Lakin AR CM-nin 41-ci maddəsində əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Eyni zamanda bu cəza təyin olunmuş şəxsin gələcəkdə azad olunma imkanlarını da nəzərdə tutmaqla onların islah edilməsini stimullaşdırır.
Ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz olunmasının da ədalətsiz və qanunsuz olduğunu bəyan edən nəzəriyyəçilər də var. Onlar bunu AR CM-nin 10-cu maddəsilə izah etməyə çalışırlar.10-cu maddədə deyilir:
“10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz”.
Lakin şəxsin vəziyyətini yüngülləşdirən normanın geriyə qüvvəsinə qanun imkan verdiyindən və ömürlük azadlıqdan məhrumetmə ölüm cəzasına nisbətdə yüngül cəza olduğundan, fikrimizcə, bu cəzanın əvəz olunması qanuna zidd deyil. Beləlikə, ömürlük azadlıqdan məhrum etmə cəzasının ölüm cəzasını əvəz etməsi insan hüquqlarının təmin edilməsi yolunda atılmış uğurlu hüquqi addımdır.
MƏMMƏDHƏSƏN
Azad Azərbaycan.- 2015.- 27 may.- S.5.