Təhsil işçilərinin sentyabr konfransları

 

Şuşa təhsil işçilərinin dərs ili qabağı sevinci

 

Şuşa rayonu təhsil işçilərinin sentyabrın 9-da Bakıdakı 276 nömrəli tam orta məktəb-liseyin akt zalında keçirilən ənənəvi konfransında iştirak edən müəllimlərin, rayonun rəhbər işçilərinin simasından bir sevinc və məmnunluq hissləri duyulurdu. Bu xoş hisslərin səbəbini biz rayon təhsil şöbəsinin müdiri Təvəkkül  Əliyevin konfransda etdiyi geniş, təhlillər və müqayisələr üzərində qurulmuş hesabat məruzəsindən öyrəndik. Aydın oldu ki, ötən dərs ilində Şuşanın təhsil işçiləri və tədris müəssisələri əvvəlki illərə nisbətən daha böyük uğurlara imza atıblar və köçkün kimi  yaşadıqları müddətdə ilk dəfə olaraq Şuşanın 185 illik tarixi olan şəhər 1 nömrəli tam orta məktəbi üçün Bakının Yasamal rayonunun ərazisində böyük, gözəl və yaraşıqlı bir bina tikilib. Təzə bina yeni dərs ilinin ilk günündə istifadəyə veriləcək.

RTŞ müdiri Təvəkkül Əliyev məruzəsində öncə son illər,   xüsusən də ötən dərs ilində ölkəmizin həyatında, təhsil sistemində baş vermiş mühüm hadisələr haqqında qısa məlumat - dəyərləndirmə verərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatlarının onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yüksələn templə  davam etdirildiyini, rayonun təhsil işçilərinin islahatyönümlü tədbirlərə fəal qoşulduğunu bildirdi. Ölkə başçısının təhsilə göstərdiyi böyük diqqət və qayğını bu sahə üzrə imzaladığı bir sıra sərəncamları qeyd etməklə diqqətə çatdıran məruzəçi bu sənədlərin, xüsusən də Şuşa rayonunun Malıbəyli kənd 1 nömrəli, Xankəndi şəhər 4 nömrəli və Şuşa şəhər 1 nömrəli məktəblər üçün yeni binaların tikintisi ilə bağlı sərəncamların rayonda təhsilin inkişafına böyük təsir göstərdiyini vurğuladı və bütün bunlara görə ölkə başçısına təhsil işçiləri adından minnətdarlığını bildirdi.

Məruzəsində məktəblərin İKT ilə təmin olunması məsələsinə toxunan T.Əliyev son illər bununla bağlı qəbul olunan Dövlət Proqramlarının icrası və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı məqsədyönlü işlər nəticəsində hazırda kompüter- şagird nisbətinin 1:16-ya çatdırıldığını, rayonda isə bu göstəricinin 1:10 nisbətində olduğunu qeyd etdi. Bildirildi ki, təhsil şöbəsində mühasibatlıq, bütövlükdə aparat tam kompüterləşdirilmiş, sürətli İnternet xəttinə qoşulmuşdur. Rayonun məktəblərində işləyən inzibati idarə heyəti, bütünlüklə  120 nəfər İKT üzrə öyrədici təlim kurslarından keçmişdir.

Məruzədən aydın oldu ki, rayonda diqqət mərkəzində olan məsələlərdən biri də ümumi təhsil məktəblərindəki xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtında aşkara çıxarılması və onların inkişafı üçün əlverişli təhsil şəraitinin yaradılmasıdır. Həyata keçirilən  tədbirlər nəticəsində rayon üzrə istedadlı uşaqların bankı yaradılıb və onların siyahısı nazirliyə təqdim olunub.

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydalari"na uyğun olaraq müraciət edən 38 uşaqdan 33 nəfəri I sinfə qəbul edilib.

"Hər birimizə aydındır ki, təhsilin keyfiyyətinin yüksəldilməsi ümumi təhsil məktəblərinin pedaqoji kadrlarla təminatından çox asılıdır" deyən T.Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində rayonun ümumi təhsil məktəblərində olan vakant yerlərin müəyyənləşdirilərək hər il Təhsil Nazirliyinə təqdim olunduğunu, imtahanlardan uğurla keçən 34 müəllimin ayrı-ayrı məktəblərdə işləməyə başladığını bildirdi.

Məruzədən məlum oldu ki, 2014-2015-ci dərs ili ərzində Təhsil Şurasının 8 iclası keçirilib, şura iclaslarında fənlərin tədrisi vəziyyətinin öyrənilməsi ilə bağlı aparılmış monitorinqlərin nəticələri, ibtidai və V-VII siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılması vəziyyəti, fənn aylıqlarının nəticələri, fənn kurikulumlarının tətbiqi vəziyyəti, IX, XI siniflərdə sınaq test yoxlamalarının, buraxılış imtahanlarının nəticələri, kargüzarlığın aparılması vəziyyəti və s. bu kimi aktual məsələlər müzakirəyə çıxarılıb.

Konfransda rayonun təhsil müəssisələrinin, müəllim və şagirdlərinin qazandıqları uğurlardan da geniş söz açıldı. Qeyd olundu ki,  hesabat ili ərzində məktəblilər arasında 9 müsabiqə keçirilib. "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" inşa müsabiqəsinin respublika mərhələsində 9 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytən Məmmədzadə II yerə layiq görülüb. Digər respublika müsabiqələrində  də 1, 3, 5, 6, 9, 12, Quşçular kənd tam orta məktəblərinin şagirdləri uğurla iştirak edərək mükafata layiq yerlər tutublar. Fənn olimpiadalarının rayon mərhələsində 72 nəfər şagird iştirak edib, onlardan 21 nəfəri  II mərhələyə vəsiqə qazanıb. 2 nəfər şagird zona mərhələsində III yerə layiq görülüb.

Şagirdlər idman yarışlarında da fərqləniblər. Belə ki, "Şahinlər", "Gənc xilasedici və yanğınsöndürən" kimi hərbi idman yarışlarında 1, 19 və Malıbəyli kənd 1 nömrəli məktəblərin şagirdləri fəal iştirak ediblər.

 İl ərzində məktəblərdə kurikulum isalahatlari ilə əlaqədar "dəyirmi masa"lar, "açıq dərs"lər təşkil olunub və bu tədbirlərdə təcrübə mübadiləsi aparmaq məqsədilə digər məktəblərin müəllimləri və rəhbər işçiləri də iştirak ediblər. Bu il 28 müəllim Müəllimlər İnstitutu ilə bağlanmış müqaviləyə uyğun olaraq ixtisasartırma kurslarına cəlb olunub.

Məruzədə buraxılış imtahanlarının nəticələri  də geniş təhlil olundu, bu əsasda hazırlanmış cədvəllər konfrans iştirakçılarının diqqətinə çatdırıldı, əvvəlki illərlə müqayisələr aparıldı. Qeyd olundu ki, bu il buraxılış imtahanlarında IX sinif üzrə 71,14, XI sinif üzrə 76,38 faiz şagird müsbət qiymət alıb ki, bu göstərici də respublika üzrə orta göstəricidən xeyli yüksəkdir.

Məruzəçi ali məktəblərə qəbulun nəticələrindən danışaraq bildirdi ki, builki məzunların 59,6 faizi ali və orta ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında 7 məzun 500-dən, 5 nəfər isə 600-dən yuxarı bal toplayıb. Qəbulda fərqlənmiş məktəblərin adları açıqlandı, nəticələri əks etdirən cədvəllər ekranda nümayiş olundu. Qeyd edildi ki, ali məktəblərə qəbulun nəticələri Təhsil Şurasının növbəti iclasında ətraflı təhlil olunacaqdır.

T.Əliyev məruzəsinin sonunda yeni dərs ilində rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı, uğurları daha da möhkəmləndirmək, mövcud qüsur və problemləri aradan qaldırmaq üçün təhsil işçilərinin daha əzmlə çalışmalı olduğunu diqqətə çatdırdı.

Konfransda məruzə ətrafında geniş müzakirə aparıldı. Çıxış edənlər- Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru Günəş Hüseynova, Təhsil Problemləri İnstitutunun direktor müavini Rəfiq Qəndilov, valideyn Elmira İbrahimova, məzun Səbinə Rüstəmova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin deputatı Elman Məmmədov, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məruzənin olduqca əhatəli hazırlandığını, burada uğurların və nöqsanların səbəblərinin geniş təhlil olunduğunu və beləliklə, rayonda təhsilin mövcud vəziyyəti haqqında tam təsəvvür yaratdığını qeyd edərək onu yüksək dəyərləndirdilər, görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, dövlətimizin təhsilə qayğısından söz açdılar, təhsil işçilərinə yeni dərs ilinin başlanması münasibəti ilə təbriklərini çatdırdılar.

Konfransda 2014-1015-ci dərs ilində fərqlənmiş bir qrup təhsil işçisinə RİH-in fəxri fərmanları təqdim olundu.

Konfrans müvafiq qətnamənin və ölkə başçısına müraciətin qəbulu ilə başa çatdı.

 

Təhsilin keyfiyyəti Xızıda hər

bir müəllimin fəaliyyət hədəfidir

 

Rayon təhsil işçilərinin  sentyabrın 4-də keçirilən konfransında Xızı Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Jalə Süleymanova, Təhsil Nazirliyinin  şöbə müdiri Faiq Şahbazlı iştirak ediblər.

Konfransda "2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda təhsil şöbəsinin müdiri Oqtay Abdullayevin məruzəsi dinlənilib.

Məruzədə göstərilib ki,  hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. Ümummilli lider Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ulu öndərin layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən  böyük  qətiyyətlə    uğurla  həyata  keçirilir.

2014-2015-ci dərs ilində rayonda 8  tam orta, 6 ümumi orta,1 ibtidai  məktəb,1 uşaq gənclər idman məktəbi, 1 uşaq-gənclər şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərib. Ümumtəhsil məktəblərində 2080 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 243 müəllim məşğul olub. Ötən dərs ilində 103 şagird tam orta təhsil haqqında attestat, 144 şagird  isə  ümumi  orta  təhsil  haqqında  şəhadətnamə  alıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərdən danışan məruzəçi deyib ki, son illərdə rayonun Altıağac qəsəbəsində yeni məktəb binasının inşası, Fındığan kənd, Giləzi qəsəbə, Şuraabad qəsəbə, Xızı şəhər, Yeni-Yaşma kənd tam orta məktəblərində bərkitmə-möhkəmləndirmə işləri görülməklə əsaslı təmir aparılıb. 2014-2015-ci dərs ilində Tıxlı kənd ümumi orta məktəbinin yeni binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Təhsil şöbəsi hər ay rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə təhsilin  keyfiyyətinin monitorinqini aparıb və  nəticələr müzakirə edilib.

Məruzədə qeyd olunub ki, təhsil şöbəsi Azərbaycan Müəllimlər İnstitutu ilə müqavilə əsasında dərs ili ərzində ayrı-ayrı fənn müəllimlərinin ixtisasartırma kurslarında iştirakını təmin  edib.

Buraxılış imtahanlarının yekunlarına görə  Tələbə  Qəbulu üzrə Dövlət Komissiyasının hazırladığı  reytinq sıralamada  Xızı rayonunun  IX siniflərinin nəticələri respublika üzrə  14-cü , XI siniflərinin nəticələri isə 15-ci yerdə  olub. 

Fənn olimpiadalarının rayon üzrə I mərhələsində iştirak edən şagirdlərdən 9 nəfəri daha yüksək bilik nümayiş etdirərək, respublika turunun  yarımfinal mərhələsinə çıxıb. 15 mart 2015-ci ildə Sumqayıt şəhərində təşkil olunmuş yarımfinal mərhələsində 8 nəfər iştirakçıdan 1-i - Sitalçay 1 nömrəli  tam orta məktəbin IX sinif şagirdi  Fidan Cəfərli biologiya fənnindən I yeri tutaraq final mərhələsində iştirak etmək hüququ qazanıb.

Hər il olduğu kimi, 2014-2015-ci dərs ilində də rayonun ümumtəhsil məktəbləri arasında "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinə qatılanlar olub və Xızı şəhər tam orta məktəbi bu müsabiqənin respublika turunda fərqlənərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" hesab edilib. Konfransda "Ən yaxşı  ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədova Təhsil Nazirliyinin "Fəxri diplomu" təqdim olunub.

2015-ci ilin aprel ayında rayonun bütün ümumtəhsil məktəblərinin II-XI siniflərində cavab kartı tətbiq olunmaqla ayrı-ayrı fənlər üzrə test üsulu ilə monitorinq aparılıb, nəticələr məktəb rəhbərlərinin və fənn müəllimlərinin iştirakı ilə pedaqoji şuralarda təhlil edilib.

Məruzədə bilidirilib ki,  Xızı Rayon Təhsil Şöbəsi idmanın kütləvililiyinə nail olmaq üçün xeyli iş görüb.  2014-2015-ci dərs ilində rayonun ayrı-ayrı məktəblərində  idman meydançalarının yaradılması, onların bəzi idman avadanlıqları ilə təmin edilməsi işi davam etdirilib. Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin şagirdləri həm zona, həm də respublika səviyyəsində keçirilən yarışlarda fəal iştirak ediblər.

29-31 oktyabr 2014-cü il tarixində sərbəst güləş üzrə gənclər arasında respublika turnirində  Zəlimxan Vəliyev  II yeri tutub.  Həmin idman növü üzrə 22-24  fevral 2015-ci il tarixində Bakı şəhərində "Təhsil" Respublika İdman Mərkəzinin keçirdiyi respublika birinciliyində Xanhüseyn Cəlilzadə və Riyad Səmədov öz çəki dərəcələrində III yerə layiq görülüblər. Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat Məktəbinin şagirdləri də həm zona, həm də respublika səviyyəsində keçirilən yarışlarda fəal iştirak ediblər.

Məruzəsində ali məktəblərə qəbulun nəticələrindən də söz açan O.Abdullayev bildirib ki, respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul məsələsi təhsil şöbəsi tərəfindən diqqətlə izlənilib, qəbulda zəif nəticə göstərmiş məktəblərin  rəhbərlərindən  işlərində ciddi dönüş yaratmaq tələb olunub.

Ali məktəblərə sənəd vermiş məzunlardan 29 nəfəri ali məktəblərə,  11 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olublar. Məzunlardan 2 nəfəri 600-dən yuxarı bal toplayıb.   

Konfransda qeyd olunub ki, 2014-2015-ci dərs ilində metodiki işin təşkili və canlandırılmsı istiqamətində xeyli iş görülüb. Belə ki, ümumtəhsil məktəblərində metodiki işlərin  həyata keçirilməsi  üçün "dayaq məntəqələri" yaradılıb. Bu məntəqələrdə fənn metodbirləşmələri təşkil olunub, "dəyirmi masa"lar, "açıq dərs"lər keçirilib. Təhsil şöbəsi 53 nəfər müəllimin ixtisasartırma kurslarında iştirakına nail olub.

 

Şabran ötən dərs ilində təhsil uğurlarını xeyli artırıb

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumtəhsil müəssisələrində də əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün danılmaz həqiqətidir. Mütərəqqi milli və ümumbəşəri pedaqoji ənənələr, ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsi, XXI əsr təhsilinin ən prioritet istiqamətlərini özündə əks etdirən maarifçilik konsepsiyası Azərbaycan təhsilinin inkişaf yolunda geniş üfüqlər açıb.

Son illər təhsil sistemində inkişafa yönəlmiş infrastruktur dəyişikliklərin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi ölkə başçısının təhsilə göstərdiyi qayğının nəticəsidir. Bu qayğı və diqqət Şabran rayonundan da yan keçməyib.

Avqustun 7-də 2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müəllimlərin ənənəvi konfransında  geniş müzakirə olunub.

Konfransda məruzə edən rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov qeyd edib ki, ötən dərs ilində rayonda 20 orta, 17 əsas, 10 ibtidai məktəb və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. 47 ümumtəhsil məktəbində 7899 nəfər şagird təhsil alıb ki, onların da təlim-tərbiyəsi ilə 920 nəfər müəllim məşğul olub.      

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu, onun keçdiyi mənalı həyat yolunu gənclərə öyrətmək məqsədilə Təhsil Nazirliyinin tövsiyə etdiyi mövzular üzrə 2014-2015-ci dərs ilinin ikinci yarısında rayonun XI sinif şagirdləri üçün müasir Azərbaycan tarixinə dair əlavə dərslər təşkil olunub. Məşgələlərdə rayonun 20 tam orta məktəbini əhatə edən 453  XI sinif şagirdi iştirak edib.

Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının  inkişafını təmin etmək məqsədilə dərs ili ərzində rayonun ümumtəhsil məktəblərində oxuyan şagirdlər arasında fənn olimpiadaları, bilik yarışları, müsabiqələr və bu kimi tədbirlər keçirilib. Fərqlənən uşaqların təhsil şöbəsində "Məlumat bankı" və istedadlı şagirdlərlə ardıcıl iş aparmaq məqsədi ilə "Kiçik akademiya" yaradılıb.

Fənn olimpiadalarının Xaçmaz şəhərində keçirilmiş zona mərhələsində  şabranlı şagirdlərdən 1 nəfər I yer, 5 nəfər II yer, 2 nəfər III yerə layiq görülüb, şəhər 2 nömrəli və Ağbaş kənd tam orta məktəblərinin şagirdləri fərqləniblər.

Rayonda müvəffəqiyyət faizi XI siniflər üzrə 56.02, IX sinifləri üzrə  isə 60.38 faiz olub. Çayqaraqaşlı kənd, şəhər 1 nömrəli ümumi orta və şəhər 1, 2, 5 nömrəli tam orta məktəblər yüksək müvəffəqiyyət əldə edibdir.

2015-ci ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentdən ilkin məlumata görə 122 nəfəri tələbə adını qazanıb ki, bu da ötən ildəkindən 18 nəfər çoxdur. Rayon üzrə 11 nəfər məzun 500-dən yuxarı, o cümlədən 1 nəfər (şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nəsrin Cəbrayılova) 675 bal toplayıb.  Qeyd edək ki, rayon üzrə orta ixtisas məktəblərinə 28,  xüsusi təyinatlı ali təhsil müəssisələrinə isə 6 məzun qəbul olunub.

Ümumtəhsil məktəblərinin pedaqoji kadr təminatının qarşıda duran ümdə məsələlərdən biri olduğunu deyən E.Mövsümov vakant yerlərə Təhsil Nazirliyinin saytında yerləşdirilmiş ixtisaslar üzrə test imtahanları vermiş və keçid balı toplamış 40 nəfər müəllimdən rayonun ümumtəhsil müəssisələrinə 31 nəfərin gəldiyini qeyd edib.

Qeyd olunub ki, yeni dərs ilində V-VII siniflərlə yanaşı artıq VIII siniflər də Milli Kurikulum əsasında hazırlanmış tədris planı ilə işləyəcəkdir. Bu məqsədlə hazırlıq işləri görülüb və kurikulum üzrə treninqdən keçməyən 112 nəfər müəllim ixtisaslar üzrə təlim kurslarına cəlb olunaraq sertifikat alıb.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş  xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinfə qəbulu qaydalarına uyğun olaraq rayon təhsil şöbəsində  komissiya yaradılıb. Avqustun 20-dək RTŞ-yə ərizə ilə müraciət etmiş 102  vətəndaşın uşaqları xüsusi komissiya tərəfindən yoxlanılıb və istedadı ilə seçilən 85  uşaq I sinfə qəbul olunub.

Rayonda son illər məktəb tikintisi sahəsində xeyli iş görülüb. Büdcə vəsaiti hesabına Taxtalar kəndində tikilən 80 şagird yerlik yeni məktəb binasının tikintisində son tamamlanma işləri gedir. Yaxın vaxtlarda məktəb şagirdlərin üzünə qapılarını açacaqdır. 

Məruzə ətrafında şəhər 4 nömrəli tam orta məktəbin direktoru F.Hüseynov, Pirəmsən kənd tam orta məktəbinin biologiya müəllimi L.Xəlilova, şəhər 2 nömrəli  tam orta məktəb-liseyin fizika müəllimi K.Vahidova, ali məktəblərə qəbul imtahanlarında 675 bal toplamış şəhər 1 nömrəli tam orta məktəbin məzunu N.Cəbrayılova, gənc mütəxəssis N.Bağırova çıxış ediblər.

Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Azərbaycan təhsilinə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan, qarşıda duran  vəzifələrdən danışıb.

Sonda rayon icra hakimiyyəti  tərəfindən  bir qrup müəllim və yüksək bal toplamış  məzunlar Fəxri fərman və hədiyyələrlə  mükafatlandırılıb.

 

Hazırladılar:

Yusif ƏLİYEV,

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2015.- 12 sentyabr.- S.9.