Vüqar Rəhimzadə:
“İki sahil” Azərbaycanın 25 illik müstəqillik tarixinə
bələdçilik edib
“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadənin APA-ya müsahibəsi:
- Vüqar müəllim, iyulun 10-da “İki sahil” qəzetinin 25 yaşı tamam oldu. İlk olaraq bu münasibətlə sizi və kollektivinizi təbrik edirik. Azərbaycanın dövlət müstəqilliyi ilə həmyaşıd olan “İki sahil” 25 yaşına necə qədəm qoyub?
- İlk növbədə təbrikə görə təşəkkürümü bildirirəm. “İki sahil” qəzeti yarandığı gündən etibarən söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyib. Müqəddəs jurnalistika ənənələrinə sadiq qalıb, daim dövlətin, dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib. Bu amillər bizim üçün ən ümdə vəzifələrdən biridir. Bunu xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, “İki sahil”də jurnalist məsuliyyətinə hər zaman ciddi yanaşılıb. Bəli, siz çox haqlı qeyd etdiniz. Qəzetin keçdiyi yol dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə bərabərdir. “İki sahil” qəzeti 1965-ci ildə “Zavod həyatı” adı ilə fəaliyyətə başlayıb, 1991-ci il iyulun 10-dan isə “İki sahil” adı ilə müstəqil ictimai-siyasi qəzet kimi nəşr olunub və bu gün də fəaliyyətini uğurla davam etdirir.
1991-ci ilin iyul ayında Azərbaycan hələ dövlət müstəqilliyinə qovuşmamışdı. Yəni sovet imperiyası hələ hökmranlıq edirdi. Müstəqil mətbuatın yaranmasından, mövcudluğundan danışmaq qətiyyət tələb edirdi. Bu, o dövr idi ki, senzuranın, hətta hərbi senzuranın tüğyan etdiyi bir zaman idi. O vaxt söz azadlığına böyük basqılar vardı. Bütövlükdə isə yeni media qurumlarının yaranması ilə bağlı kifayət qədər maneələr mövcud idi. Çox çətin və ağır bir dövrdə “İki sahil”i yaratdıq. Həm mətbuat, həm də ölkənin ictimai-siyasi durumu çox ağır vəziyyətdə idi. “İki sahil”i qeydiyyatdan keçirərkən müəyyən problemlərlə üzləşdik. Çalışırdılar ki, hər vəchlə buna siyasi don geyindirib, müxtəlif bəhanələrlə qeydiyyatdan keçirməsinlər. Lakin bu əngəllərə baxmayaraq çox çətinliklə də olsa qəzet qeydiyyatdan keçdi. “İki sahil” yarandığı gündən azad sözə, azad fikrə, müstəqil, bədii yaradıcılığa xüsusi önəm verib. Qəzet yeni yaranan zaman dövriyyəsi davamlı deyildi.
Qəzet ay ərzində, yaxud həftədə bir dəfə çap olunurdu. Bütün çətinliklərə baxmayaraq, qəzet yaşadı və biz bu gün 25 illik yubileyimizi qeyd edirik. Bu bizim üçün qürurverici və şərəfli bir tarixdir. O zaman siyasi hakimiyyətdə olan insanlar yeni yaranmış “İki sahil”ə ədalətsiz münasibət sərgiləyirdilər. 1991-ci ildə nəinki Azərbaycanda, habelə postsovet ölkələrində söz azadlığından danışmaq belə yersiz idi. Bu sahədə kifayət qədər məhdudiyyətlər var idi. Yenə qeyd edirəm ki, məhdudiyyətlərə baxmayaraq, “İki sahil” yarandı, fəaliyyət göstərdi və bu gün də gündəlik qəzet kimi öz nəşrini uğurla, şərəflə davam etdirir. O illərdə qəzetlər amansız senzuraya məruz qalırdı. Mən 90-cı illərin əvvəllərində hərbi senzuranın tətbiqinin şahidi olmuşam. O illərdə “İki sahil”in səhifələri də senzuranın amansız münasibəti ilə rastlaşıb, dəfələrlə qəzetimizin səhifələri ağ çıxmaq “məcburiyyət”ində qalıb. “İki sahil” yarandığı gündən etibarən demokratik prinsiplərin bərqərar olunmasına, söz azadlığına xüsusi önəm verib. Kimliyindən, hansı peşə sahibi olmasından asılı olmayaraq insanların fikrini ifadə etməsi üçün qəzetimiz həmişə onların üzünə açıq olub.
-
Oxucuların elektron mediaya üstünlük verdiyi bir dövrdə
“İki sahil”in oxucu problemi varmı?
- Tam səmimiyyətimlə
deyirəm ki, “İki sahil” yarandığı gündən
oxucu problemi yaşamayıb. “İki sahil” qəzeti
xalqa, dövlətə və dövlətçiliyə xidməti
əsas amalına çevirib. Bu gün milli-mənəvi
dəyərlərimizin qorunmasında, azərbaycançılıq
ideyasının təbliğində, dilimiz, dinimiz, mədəniyyətimiz,
tariximizlə, o cümlədən Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
ölkə və dünya ictimaiyyətinə
çatdırılmasında bizim üzərimizə
böyük məsuliyyət düşür. “İki
sahil” yarandığı gündən Yeni Azərbaycan
Partiyasının ideoloji işinin həyata keçirilməsində
daim öndə olub. “İki sahil” qəzeti
bu gün SOCAR-ın təsisçiliyi ilə nəşr olunur.
Həftədə 5 dəfə nəşr olunan
qəzetin tirajı gündəlik 9 minə yaxındır.
Qəzetimiz respublikamızın bütün
bölgələrində yayımlanır. Qəzet yeni yaranan zaman kollektiv təxminən 5 nəfərdən
ibarət idi. Artıq bu gün bizim
böyük bir kollektivimiz var. Eyni zamanda, qəzetin elektron
versiyası daim yenilənir. İnternet
televiziyamız fəaliyyət göstərir. Bunun özü bizim üçün çox
böyük uğurdur. Biz həm də Mətbuat
Şurasının təsisçilərindən biriyik.
Qəzetimizin səhifələrində ölkənin siyasi,
iqtisadi, sosial, mədəni, idman və s. həyatından
olduqca maraqlı xəbərlər, məqalələr, təhlillər
yayımlanır. Qəzetimizlə əməkdaşlıq
edən onlarla kənar müəllif var ki, onlar ölkənin
ictimai, siyasi, iqtisadi həyatında kifayət qədər
nüfuz sahibi olan insanlar, tanınmış
ziyalılardır. Düşünürəm
ki, “İki sahil” rəngarənglik baxımından heç də
digər qəzetlərdən geridə qalmır. Əlbəttə,
mənim qəzetin baş redaktoru kimi bunu deməyim bir az, bəlkə də, düzgün olmaz, amma
oxucuların müntəzəm redaksiya ilə əlaqələri,
müraciətləri, məktubları, rəyləri və təklifləri
bunu deməyə əsas verir.
- “İki sahil”in yarandığı gündən Yeni Azərbaycan
Partiyasının ideoloji işinin həyata keçirilməsində
öndə olduğunu qeyd etdiniz. Bu amili nə ilə əlaqələndirirsiniz?
- “İki sahil” qəzeti hər zaman Ulu öndər Heydər
Əliyev ideyalarının təbliğatçısı
olub. Qəzetimiz Ümummilli lider Heydər Əliyevin
siyasi fəaliyyətinin əsas istiqaməti olan Yeni Azərbaycan
Partiyasının yaranması zərurətini, təşkilatlanmasını,
keçdiyi inkişaf yolunu geniş şəkildə
işıqlandırıb. Bu bizim
üçün fəxr olunası və qürurlu tarixdir.
Ulu
öndər Heydər Əliyevə “Azərbaycan Sizin
sözünüzü gözləyir” müraciətini
imzalayan “91-lər”dən biri kimi heç bir təzyiqə,
çətinliyə baxmadan rəhbərlik etdiyim qəzetin səhifələrində
Azərbaycanı düşdüyü ağır durumdan
çıxara biləcək yeganə şəxsin Ulu öndər
Heydər Əliyev olacağını xüsusi qeyd etmişəm.
“91-lər”in müraciəti qəzetimizin 15 oktyabr 1992-ci il tarixli sayında ətraflı dərc olunub. Həmin müraciətdə qeyd olunan “Əgər bu
partiyanın bünövrəsini Sizin kimi güclü dövlət
xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə
nəsili üçün də siyasi yetkinlik məktəbi
olar” fikri bu gün öz təsdiqini tapıb. Bunu fəxrlə
qeyd edirəm ki, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının yaradılmasının 2-ci
ildönümü münasibətilə keçirilən ümumrespublika
müşavirəsində müstəqilliyimizin ilk illərində
yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin
təbliğində “İki sahil” qəzetinin rolunu yüksək
qiymətləndirib. Ulu öndər o vaxt
çıxışında bildirib ki, “İki sahil” qəzeti
həqiqətlərin təbliğində çox
böyük işlər görüb və Yeni Azərbaycan
Partiyasına xidmət edir. Ümummilli
lider onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası olmayan
zamanlarda da “İki sahil” qəzeti çox cəsarətli məqalələr
yayımlayıb. Ədalətsiz hadisələrə
qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının,
ziyalılarının fikrini dərc etməkdə “İki
sahil” qəzeti yaxşı fəaliyyət göstərib.
Qəzetimiz bu etimadı doğrultmaq
üçün bu gün də öz yaradıcılıq
imkanlarından maksimum dərəcədə istifadə edir.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
keçirilib. O zaman siyasi hakimiyyətdə olan səriştəsiz,
səbatsız, daim öz şəxsi maraqlarını
dövlətin, xalqın maraqlarından üstün
tutanların Naxçıvana, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə
olan qısqanc münasibətlərdə olan gərginliyə
baxmayaraq, biz Naxçıvan Ali Məclisinin qərarlarını
daim dərc edirdik. Mərkəzi siyasi hakimiyyətdə
olanlar maksimum çalışırdılar ki, buna əngəl
olsunlar, maneə yaratsınlar. Qəzetin
çapını dayandırmağa cəhd edirdilər və
senzuranın da o illərdə amansız rəftarı
hamıya bəllidir. Bütün bunlara
baxmayaraq, biz qətiyyətlə, çəkinmədən
öz prinsipial mövqeyimizi ortaya qoyurduq. Bütün
bunları xalqımız, dövlətimiz və dövlətçiliyimiz
naminə edirdik. Əmin idik ki, millətimizin,
dövlətimizin və dövlətçiliyimizin nicatı
dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər
Əliyevin hakimiyyətə qayıdışındadır.
Bunu fəxrlə qeyd edirəm. Biz təkcə Naxçıvan Ali Məclisinin qərarlarını
deyil, həm də Ulu öndərin
çıxışlarını, Onun müsahibələrini
dərc etmişik. Yenə qeyd edirəm ki, Yeni Azərbaycan
Partiyasının yaranmasında, təşkilatlanmasında,
regionlarda təsis konfranslarının keçirilməsində,
“91-lər”in müraciətlərinin dərc olunmasında və
ölkə üçün digər taleyüklü məsələlərdə
“İki sahil” qəzeti kifayət qədər mühüm rol
oynayıb. Ulu öndər Heydər Əliyev
siyasətinə daim sədaqətlə xidmət edirik. Heydər Əliyev bizə yüksək dəyər
verib, bizim qəzetin fəaliyyətini çox yüksək
qiymətləndirib. Bu, bizim qəzetin fəaliyyətinə
verilən çox böyük qiymətdir.
Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda
uğurla davam edir. Möhtərəm cənab Prezidentimiz
İlham Əliyev tərəfindən həyata keçirilən
bu uğurlu siyasət Azərbaycanı daha müasir şəkildə
dünyaya təqdim edir. Azərbaycan
sözün həqiqi mənasında təkcə regionda deyil,
dünyada böyük söz sahibinə çevrilib. Hər birimiz var gücümüzlə
çalışmalıyıq ki, bu siyasətə dəstək
olaq, həyata keçirilən bu uğurlu işlərdə əlimizdən
gələni əsirgəməyək, yardımçı
olaq. Biz cənab Prezident İlham
Əliyevin siyasətinə daim sadiqik.
Bir maraqlı hadisəni qeyd edim. Ötən əsrin
80-ci illərinin sonunda çoxtirajlı qəzetin redaktoru
idim. Kommunizm ideologiyasının
tüğyan etdiyi bir dövr idi. 1990-cı il oktyabrın 9-da təxminən
axşamçağı saat 7 radələrində mən
Naxçıvanda Ümummilli liderimiz Heydər Əliyevdən
müsahibə aldım. Çox maraqlı bir
müsahibə alındı. Dahi lider Heydər
Əliyev həmin müsahibədə Azərbaycanın
düçar olduğu vəziyyəti təhlil etdi. Vəziyyətdən çıxış yolunun
Dağlıq Qarabağ münaqişəsinin həllindən
keçdiyini qeyd etdi. Müsahibənin
başlığı da belə idi: “Ən ümdə məsələ
Dağlıq Qarabağ məsələsidir”. Müsahibə
digər qəzetlərdə də dərc olundu. O qəzetlərdən
biri də mənim redaktoru olduğum çoxtirajlı qəzet
idi. Artıq mənə qarşı təzyiqlər
başladı, əsassız iradlar bildirilirdi. Mən isə düzgün addım
atdığımı söylədim və o qəzetdən
çıxıb getdim. Daha sonra o qəzet
bağlandı. 1991-ci ildə isə
“İki sahil” qəzetini təsis etdik.
- “İki sahil” qəzetinin təsisçisi SOCAR-dır. Azərbaycan
dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin,
habelə neft-qaz strategiyasının qəzetinizdə təbliği
istiqamətində hansı işlər görülür?
-
1994-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin imzalanması ilə Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının təməli
qoyuldu. “İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi
ilə müstəqil ictimai-siyasi qəzet olaraq digər sahələr
kimi dövlətin siyasətini, iqtisadi sahədə əldə
olunan uğurları ətraflı şəkildə ictimaiyyətə
çatdırmağı qarşısına mühüm vəzifə
kimi qoyub. Əgər biz bu gün paytaxt və bölgələrdə
geniş şəkildə vüsət alan
abadlıq və quruculuq işlərindən fərəhlə
danışırıqsa, unutmayaq ki, bu uğurların təməlində
düzgün həyata keçirilən neft siyasəti
dayanır. Ulu öndər Heydər Əliyev
iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm
verməklə bugünkü inkişafın əsasını
qoydu. “İki sahil” qəzeti neft strategiyasının
uğurla həyata keçirilməsində mühüm rola
malik olan SOCAR-ın və onun strukturlarının
gördüyü işləri geniş şəkildə
işıqlandırır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin
tapşırığına uyğun olaraq SOCAR dünya səviyyəli
güclü və çevik bir quruma çevrilib. Bu gün dünyanın əksər ölkələrində
SOCAR-ın nümayəndəlikləri fəaliyyət
göstərir. Təkcə ölkə
iqtisadiyyatında deyil, dünya iqtisadiyyatında SOCAR
böyük təsir gücünə malik olan bir quruma
çevrilib. Bu, təməli Ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş və bu
gün də möhtərəm cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən
düzgün siyasətin nəticəsidir. SOCAR-ın xarici ölkələrdə həyata
keçirdiyi uğurlu investisiya layihələri qurumun beynəlxalq
nüfuzunun artmasında mühüm rol oynayır. “İki sahil” qəzeti həyata keçirilən bu
işləri geniş işıqlandırmaqla ictimaiyyəti
daim məlumatlandırır.
- Qəzetinizin
ilk sayının tirajı nə qədər olub?
- Qəzetin
ilk sayının tirajı təxminən 10 min nüsxə
olub. “İki sahil”in 25 min tirajla çap olunan
vaxtları olub. Elə o vaxtdan qəzetə
çox böyük tələbat var idi. Həm qəzetlərin
sayı az idi, eyni zamanda müstəqil qəzetlər
tək-tük idi. O dövrdə elə rayonlar olurdu ki, təxminən
700-1000 nüsxə qəzet göndərilirdi. Qeyd
etməliyəm ki, bu gün gündəlik çap olunan digər
qəzetlərlə yanaşı, tirajımız kifayət qədərdir.
Sözsüz ki, bu, “İki sahil”in uğurlu fəaliyyətinin,
peşəkar kollektivimizin səmərəli fəaliyyətinin
bəhrəsidir. Amma biz yenə
çalışırıq ki, oxucularımızın
sayı günü-gündən artsın, fəaliyyət dairəmiz
daha da genişlənsin.
- Bugünkü
qəzet bolluğu şəraitində “İki sahil”in
tutduğu mövqeni necə dəyərləndirmək olar?
- Biz ilk
növbədə çalışırıq ki,
yazdığımız yazılarda daxili vicdanımızı
ortaya qoyaq. Həmçinin dəqiqlik,
obyektivlik, qərəzli olmamaq da ən başlıca şərtdir.
Bunlar həm də jurnalistikanın əsas
prinsipləridir. Bizim ən başlıca
işimiz dövlətçilik ideologiyasının, milli-mənəvi
dəyərlərin qorunması və daha da inkişaf etdirilməsidir.
Bu təkcə jurnalistin deyil, hər bir şəxsin
vətəndaşlıq borcudur.
- 25
yaşı olan bir qəzetin baş redaktoru kimi indiki gənc
jurnalistlərin fəaliyyətini necə qiymətləndirirsiniz?
Siz həm də Bakı Slavyan Universitetində
jurnalistika fakültəsinin tələbələrinə dərs
deyirsiniz. Tələbələrin
jurnalistikaya marağı hansı səviyyədədir?
-
Jurnalistika elə bir sahədir ki, burada daxili istedadın
olması mütləqdir. Yazıçı Kənan
Hacı uzun müddət bizim işçi olub. Bizdə
çalışan vaxt onun ali təhsili
yox idi. Ola bilər sonradan ali təhsil
alıb. Onun daxilində böyük
yaradıcılıq, istedad var idi. Jurnalistika
belədir. Universitetdə dərs dediyim tələbələr
arasında qabiliyyətli gənclər az
deyil. Amma elə tələbələr var və
100 faiz bilirəm ki, gələcəkdə ondan jurnalist
olmayacaq. Hansı peşənin sahibi olacaq,
heç o da bəlli deyil. Jurnalistikanın
inkişafı ilə bağlı dövlət nə lazımdırsa,
edir. Bütün bunlara baxmayaraq, bu gün
müəyyən problemlər də var. Bu problemləri də
jurnalistlərin özü yaradır.
Müəyyən mənada peşəkarlıq
aşağı səviyyədədir. Düzdür,
kifayət qədər peşəkar jurnalistlərimiz də
çoxdur. Qeyri-dövlət təşkilatı
olan Mətbuat Şurası özü-özünü tənzimləyən
bir qurum kimi uğurla fəaliyyət göstərir. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması da Azərbaycan mətbuat tarixində
mühüm hadisədir. Hər iki qurum
müntəzəm yazı müsabiqələri keçirir.
Mən bir ekspert kimi o yazıları oxuyuram və o yazı
müəllifləri arasında çox istedadlı jurnalistlər
var. Digər tərəfdən, jurnalistikaya ləkə gətirənlər
də az deyil. Zaman
keçdikcə bütün pislər ələnəcək.
- Qəzetdə
yazdığınız ilk yazını xatırlayırsınızmı?
- Qəzet
yaranan gündən bizim devizimiz “Vahid Azərbaycan uğrunda!”
olub. İlk yazım “Təbriz, səndən
gileyim var” başlığı altında çap
olunmuşdu. Naxçıvandakı “Təbriz”
mehmanxanasında cənubi azərbaycanlı ilə söhbət
edirdim. Mən Azərbaycan türkcəsində, o isə
fars dilində danışırdı. Bu məni çox ağrıtdı. Bu haqda bir yazı yazdım. Yazını
da “Təbriz” adını daşıyan mehmanxanada yazdım.
Doğma qardaşımın mənimlə fars
dilində danışması çox üzücü idi... Qəzetdə Araz dərdindən, o taylı-bu
taylı soydaşlarımızın problemlərindən ətraflı
materiallar dərc olunurdu. İlk nömrədə
dərc olunan “Xudafərin körpüləri”, “Təbriz, səndən
gileyim var” kimi yazılar oxucular tərəfindən
böyük maraqla qarşılanmışdı. Adı ilə tutduğu yolu, məqsəd və məramını
açıqlayan “İki sahil” sözsüz ki, ölkədə
baş verən ictimai-siyasi proseslərə biganə
qalmadı.
-
Hazırda ölkədə elektron media sahəsində bir
bolluq yaşanır. Siz necə
düşünürsünüz, çap mediası elektron
media ilə ayaqlaşa bilirmi?
- (Gülür) Mən qəzet adamıyam. Hesab edirəm ki, elektron media operativliyinə görə çap mediasından fərqlənir. Bu, əsas üstünlükdür. Lakin mən düşünürəm ki, çap mediasına həmişə ehtiyac olacaq. Nə mənada?! Çap mediasında müəllif, təhlil yazılarına geniş yer verilir. Bu gün elə materiallar var ki, qəzetdə verə bilmirik. Bu baxımdan elektron medianın daha geniş imkanları var və biz bu imkanlardan maksimum şəkildə istifadə edirik. Çalışırıq ki, fərqli iş ərsəyə gətirək, maraqlı yaradıcılıq nümunələri ortaya qoyaq. Qəzetlər var ki, 3-5 il yaşayır, sonra sıradan çıxır. Ümumiyyətlə, bu sahədə işini gərək elə sistemli şəkildə qurasan ki, qəzetin ömrü uzun olsun. Həm də bir mövqeyin, bir əqidən olmalıdır. Həqiqətən də şəxsi məqsədlərə qulluq edən, öz maraq dairələrindən kənara çıxa bilməyən, peşə davranış qaydalarına zidd fəaliyyət göstərən qəzetlər az deyil. Belə olan halda qəzetlərin ömrü uzun olmur. Yalan 5 dəfə yazırsan, 10 dəfə yazırsan, 11-ci dəfə oxucu buna inanmır. Ona görə də hər zaman obyektiv, qərəzsiz mövqe tutmaq vacibdir.
- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Mənim gələcəklə bağlı ən ümdə arzum budur ki, qəzetimizin tirajı daha da artsın. Mən yazının başlığına, həcminə çox ciddi fikir verirəm. Xəbərin, məqalənin başlığı yazının 50 faizi deməkdir. Elə yazı başlığı qoymalısan ki, başlıq çığırsın ki, məni oxu. Biz də maksimum çalışırıq ki, inkişafla ayaqlaşaq. “İki sahil” qəzeti olaraq əldə olunan uğurlarımız dövlətimizin 25 illik müstəqillik tarixi ilə bağlıdır. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 ilinin qəzetimizin 25 illiyi ilə üst-üstə düşməsi təsadüfi deyil. Bu fakt bir daha onu təsdiqləyir ki, tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən düzə düz, əyriyə əyri kimi yanaşan qəzetimiz Azərbaycanın keçdiyi inkişaf yoluna daim bələdçilik edəcək. Eyni zamanda, “İki sahil” qəzeti 25 illik tarixi ərzində böyük təcrübə əldə edərək, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoyub.
Yeni Azərbaycan.-2016.-
14 iyul.- S.7.