İki
sahil - 25
Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş İki sahil qəzetinin yaranmasının 25-ci ildönümü tamam olur. Fəaliyyətinin ilk dövrlərində çox gərgin ictimai-siyasi proseslərə və üzləşdiyi çətinliklərə baxmayaraq, İki sahil qəzeti jurnalistikanın əsas prinsiplərinə əməl edərək, cəmiyyətə həqiqətlərin çatdırılmasında, ictimai rəyin düzgün əsaslarda formalaşmasında, Azərbaycan xalqının dövlətçilik maraqlarının qorunmasında və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı qəzetin tarixində keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Həmin dövrdən etibarən Heydər Əliyev ideyalarının təbliği, hüquqi - demokratik dövlət quruculuğu yönümündə reallaşdırılan inamlı layihələr və həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələrinin ictimaiyyətə çatdırılması İki sahilin fəaliyyətinin əsas qayəsini təşkil etmiş və qəzet bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi və Azərbaycan dövlətinin yüksək inkişafına xidmət edən siyasətin uğurlarının təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir.
Hər zaman öz dəst-xətti, mövqeyi ilə seçilən İki sahil qəzeti ötən illərdə çox böyük nailiyyətlər qazanmış, milli mətbuat nümunələri sırasında layiqli yer tuta bilmişdir. İki sahil qəzeti, eyni zamanda, Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında da xüsusi xidməti olan bir qəzetdir. Ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirən İki sahil qəzeti bu keyfiyyətləri ilə ətrafında çox geniş oxucu auditoriyası toplamağa nail olmuşdur.
İki sahil qəzetinin Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrdən biri də, şübhəsiz ki, milli mətbuatımıza qazandırdığı çoxlu sayda istedadlı, tanınmış imzalardır. Qəzetin kollektivinin dəfələrlə nüfuzlu mükafatlara layiq görülməsi deyilənlərin ən bariz ifadəsi sayıla bilər.
Biz də Yeni
Azərbaycançılar olaraq İki sahil qəzetinin fəaliyyətə
başlamasının 25-ci ildönümü
münasibətilə qəzetin baş redaktoru Vüqar Rəhimzadəni,
qəzetin kollektivini və çoxminli
oxucu auditoriyasını təbrik edirik.
Yeni Azərbaycan.-2016.- 14 iyul.- S.7.