Mənalı keçən ömrün 70 ili

 

Əzizə Dadaşqızı - 70

Uzun illər mehriban qonşu olduğumuz, həddindən artıq mədəni, ziyalı xanım olan Əzizə Dadaşqızının iyul ayının 29-da 70 yaşının tamam olduğunu eşidəndə, əvvəlcə inanmadım. Çünki, həddindən artıq ictimaiyyətçi, gümrah və yaşadığımız məhəllədə bütün məsələrdə hamıya yardımçı olan, hamının qeydinə qalan Əzizə xanım yaşından çox cavan görünür. O, bu gün həmin sumqayıtlılardandır ki,  əfsanələrdən yarananbir vaxtlar “göylərə meydan oxuyan” şəhər onun gözləri qarşısında tikilib.

 1946-cı ilin iyul ayının 29-da indiki Sumqayıtın  9-cu məhəllə dedikləri yerdə balaca bir evdə dünyaya gəlib. Atası Dadaş kişi həmin vaxtlar burada sayılıb-seçilən kişilərdən olub. Yerli sakin olduğunabu yerləri yaxşı tanıdığına görə çox məsələləri onunla məsləhətləşiblər. Yüksək təfəkkürlü və sözün əsl mənsında müdrik ağsaqqal sayılan Dadaş kişi də hamıya yaxşı məsləhətlər verib. Onun haqqında dəfələrlə respublika mətbuatında maraqlı yazılar çap olunub. Sovetlərin dövründə hamıya müyəssər olmayıb ki, nə özü familiya götürməsin, nə də övladlarına familiya yazdırmasın. Amma Dadaş kişiyə Sumqayıt rəhbərlərinin böyük hörməti olduğuna görə o, övladlarına soy ad yerində “Dadaşqızı və Dadaşoğlu” yazdırıb.

Dadaş kişini tanıyanlar deyirlər ki, Əzizə xanımın da xasiyyətində atasının xasiyyət cizgilərindən çoxdur. Çünki o da sözübütöv, hər bir fikri ölçüb-biçib deyən və hamıya təmənnasız köməklik edən insan olub. Həmin vaxtı Sumqayıt yenicə şəhər satatusu aldığına görə və şəhər böyük sürətlə tikildiyinə görə məktəb çox az idi. Əzizə xanım da Sumqayıt şəhərinin ayrı-ayrı məktəblərində oxusa da, orta məktəbi 12 nömrəli tam orta məktəbdə bitirib. Conra Sumqayıt Politexnik Texnikumunda təhsil alıb. Təyinatla Bakı şəhərindəki “Bakı fəhləsi” zavodunda mühəndis kimi işə başlayıb. Təyinat müddəti başa çatandan sonra 1967-ci ilin sentyadr ayının 26-da Sumqayıtdakı Azərboru zavodunda mərkəzi laboratoriyada işə başlayıb. Əvvəlcə labarant işləyib və sonra mühəndis-texnoloq vəzifəsinə keçib. Əzizə Dadaşqızı 30 il bu cavabdehli vəzifədə işləyib. 30 il bir vəzifədə işləmək və öz işinlə bütün rəhbərləri qane etmək elə də asan deyil. Bu, hər bir insana nəsib olmur. Bu, yalnız öz işinin mütəxəssisi olan və hamı ilə dil tapmağı bacaran yüksək təfəkkürlü insanlara müyəssər olur.

 Bu gün Əzizə xanım təqaüddədir. Amma heç vaxt Azərboru zavodunu yaddan çıxarmır və tez-tez həmin zavodla bağlı acılı-şirinli xatirələrini danışır. Bu gün də həmin müəssisədə və şəhərdə keçirilən tədbirlərə  Əzizə xanımı dəvət edirlər və eləcə də orada işləyən insanlar ən xoş günlərində onu yaddan çıxarmırlar. Bu da hər işçiyə nəsib olmur. Ad günü öncəsi Əzizə xanımla həmsöhbət olduq. Ona bir neçə sualla müraciət etdik. Həmin suallara Əzizə Dadaşqızı çox səmimi cavablar verdi.

- 30 il bir müəssisədə təcrübəsi olan Azərboru zavodu, Əzizə xanımın yaddaşında necə qalıb? Zavodun əvvəlki illəri və bu günü haqqlnda nə deyə bilərsiniz?

- O vaxtlar  Azərburu zavodunda sözün həqiqi mənasında həyat qaynayırdı. O vaxt həmin zadodda 12 minə yaxın insan işləyirdi. Həmin vaxtlar Azərboru Sovetlər İttifaqının bütün respublikalarına və 40-dan çox xarici ölkələrə məhsul satırdı. Həmin vaxtı Sumqayıt kimyaçıların və metallurqların şəhəri sayılırdı. Bu iki sənaye sahəsi şəhərdə paralel inkişaf edirdi. Metallurgiyanın başında isə Azərboru zavodu dururdu. 1967-ci ildə mən laboratoriyada işə başlayanda yeganə qız idim. Hamısı oğlanlar idi. Həmin vaxtı insanlarda işləməyə həvəs, inam vardı. Keçmiş Sovetlər Birliyinin hər yerindən bura işləməyə çoxlu mütəxəssislər gəlirdi. Həmin vaxtı insanlara yaxşı qiymət verilirdi. Təyinatla işə gələnlər təxminən iki ilə evlə təmin olunurdular.  Mən 1972-ci ildə ailə həyatı qurdum və 1974-cü ildə bizə iki otaqlı mənzil verdilər. Sonra da ailə qayğıları başladı. Amma mən öz işimi çox sevdiyimə görə işdən ayrılmadım.

Sovetlər Birliyi daşılandan sonra Azərbaycanın başqa böyük müəssisələri kimi Azərboru zavodu da dağıldı. İndi isə demək olar ki, həmin nəhəng müəssisə işləmir... Amma çox istərdim ki, həmin zavod yenə əvvəlki kimi işləsin. Eləcə də Sumqayıtdakı bütün müəssisələr işləsin. Sumqayıtlılar işlə təmin olunsunlar. Çünki bu gün Sumqayıtda insanların işsiz olduğunu görəndə  çox pərişan oluram. İşsizlik olduğuna görə narkomaniya, oğurluq, dələduzluq da çoxalıb. Mən təqaüdə çıxandan sonra artıq nəvələrimə baxıram. Üç övladım, 7 nəvəm var. Övladlarımın hər üçü ali təhsil alıblar.

- Sumqayıt şəhər statusu adını  alandan sonra sizin gözlərinizin qarşısında inkişaf edib. Bu illəri necə xatırlayırsınız?

- Desəm ki, mən bu şəhərlə nəfəs alıram, bu sözlərimə tam inana bilərsiniz. Mən 9-cu məhəllədə anadan olmuşam. Orada bizim şəxsi evimiz vardı. Həm də böyük bağımız vardı. Bizim evimizi söküb elə orada 1954-cü ildə üç mərtəbəli yeni tikilən binadan bizə ev verdilər. Həmin vaxtı bizim evdən bir qədər aralı sahələr boş səhralıq, çöllük  idi. Bəzi yerlərdə də Corat camaatının üzüm, meyvə bağları vardı. Biralman əsirlərinin tikdiyi 2-3 mərtəbəli 15-20 evçoxlu baraklar  vardı. Sumqayıt qısa vaxtda çox sürətlə tikildi. İnanın ki, bir neçə günə artıq bir-bir binaları təhvil verirdilər. Yollar çəkilir, sosial obyektlər tikilirdi. Bu şəhərə gələn insanlar belə nəhəng tikintini görəndə öz təəccüblərini gizlətmirdilər.  Çünki gecə və gündüz Sumqayıtda gedirdi. Adamlar böyük həvəslə işləyirdilər. Həmin illəri yada salanda gözlərimə inana bilmirəm ki, az bir vaxtda belə böyük şəhər salınıb.

İndi bu axırıncı 10 ayda, Zakir Fərəcov bu şəhərə rəhbərlik etdiyi müddətdə  mən Sumqayıtda əvvələr gedən həmin tikinti sürətini görürəm və ürəyim dağa dönür. İnanıram ki, tezliklə Sumqayıt nəinki əvvəlki şöhrətini geri qaytaracaq, hətta onu da ötəcək. Sumqayıtda gedən abadlıq-quruculuq işləri, əkilən güllər və ağaclar, salınan yollar, parklar bu şəhəri günü-gündən gözəlləşdirir.

Biz şəhərin ən gözəl, yaraşıqlı  məhəlləsi olan 2-ci məhəllədə yaşayırıq. Əvvəllər bu məhəllədəki istilik sisteminə bütün məhəllələr və mikrorayonlarında yaşayan insanlar  həsəd aparırdı. Amma indi bu məhəllənin istilik sistemi işləmir. Bu haqda keşmiş şəhər rəhbərlərinə dəfələrlə müraciət etsək də, əfsus ki, bizim bu arzumuzu reallaşdırmadılar. Amma Zakir müəllim bu şəhərə rəhbərlik etdiyi gündən binaların abadlaşmasına, istilik sisteminin qurulmasına, liftlərin işləməsinə çox ciddi fikir verir. İnanıram ki, tezliklə bizim məhəllənin də istilik sistemi bərpa olunacaqbizimarzumuz  çin olacaq.

Əzizə xanımın qonşuları, qohumları onun mənalı ömrünün 70 illiyini həvəslə, istəklə qeyd edirlər. İnanıram ki, ömrünün 30 ilini Azərboru zavoduna yüksək səviyyədə xidmət edən, bu zavodun işlərinin uğurlu getməsində böyük xidməti olan  və Sumqayıtda ictimaiyyətçi xanım kimi tanan Əzizə Dadaşqızının heç olmasa əvvəlki illərinin qiyməti indi, ömrünün bu müdrik çağında veriləcək.  Axı insanların layiq olduqları  qiyməti vaxtında verilsə daha gözəl olur.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi

Azad Azərbaycan.- 2016.- 29 iyul.- S. 7.