Uşaq ədəbiyyatına dəyərli töhfə
verən şair
Azərbaycan ədəbiyyatının tanınmış simalarından
biri də şair İlyas Tapdıqdır. 1934-cü ildə
Gədəbəydə anadan
olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat
fakültəsində təhsil
alıb. Ədəbi
yaradıcılığa tələbəlik
dövründə “Azərbaycan”
jurnalında dərc olunan “Bakının gecəsi” şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”, “Azərnəşr”,
“Gənclik” nəşriyyatlarında,
Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsində müxtəlif
vəzifələrdə çalışıb.
O, 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.
AZƏRTAC xəbər verir ki, bu
gün tanınmış
şair İlyas Tapdığın doğum
günüdür. Şairi
ən çox gənc oxucular tanıyır. Orta məktəb illərində
İlyas Tapdığın
şeirlərini oxuyan
gənclər onun yaradıcılığından bəhrələnmişlər. İlyas Tapdıq yaradıcılığı zənginliyi
ilə seçilir. Onun hər bir
şeiri bədii yükü, fəlsəfi
zənginliyi, oxunaqlığı
və poetik gözəlliyi ilə seçilir.
İlyas Tapdıq
müasir uşaq ədəbiyyatının tanınmış
nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm
bir qismini yurdumuzun təbiətinə,
gözəlliklərinə həsr olunmuş əsərlər təşkil
edir. "Bildirçin"
uşaqların çox
sevdiyi, həvəslə
əzbərlədiyi, söylədiyi
əsərlərdəndir. "Dəmirağac" şeirində
təbiətin möcüzəsi
olan dəmirağacın
xüsusiyyətləri poetik
bir dillə bəhs edilir. "Bir evim var..."
şeiri şifahi xalq ədəbiyyatının
tapmaca janrında istifadə yolu ilə yazılmışdır.
"Qaçaq dovşan"
poemasının qəhrəmanı
uşaqların çox
sevdiyi dovşandır.
Bu əsər uşaq ədəbiyyatımızda dovşana
həsr olunan digər əsərləri
təkrarlamır, orijinallığı
ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı,
hiyləgər heyvanlarla
dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır.
Şairin “Üzüm”
şeiridə olduqca maraqlıdır.
ÜZÜM
Düzüm-düzüm
Ağ üzüm,
Günəşin damlasısan,
Sən də ana torpağın
Qənd-şəkər balasısan!
Baxımsız qoymaq olmaz,
Üzümdən doymaq olmaz.
Şair Azərbaycan
poeziyasında Abdulla Şaiqdən
sonra uşaq ədəbiyyatına dəyərli
töhfələr verən
qələm adamı kimi tanınır. O,
mənsub olduğu xalqın ədəbiyyatını,
folklorunu yorulmadan tədqiq və təbliğ edən bir fikir adamı
olaraq çox mənalı və zəngin həyat yolu keçib. Hər bir şeirində uşaqların tərbiyəsi
və inkişafı nəzərə alınıb.
Şairin “Dəvələr” şeiridə maraqlıdır.
Dəvələr
Nənənin evində gəbə var.
Gəbənin üstündə
dəvə var,
Dəvənin belində
təpə var,
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır
təpələr,
Təpələr üstündə oynayır
nəvələr.
Şairin yaradıcılığında
vətən mövzusunda
əsərlər mühüm
yer tutur.Onun 20 yanvar şəhidlərinə
həsr olunmuş
"Bir şəhiddir
ürəyim" şeirini
həyəcansız oxumaq
olmur. İ.Tapdığın
zəngin söz dünyasından hər kəsə pay düşüb. O, mindən
çox nəşrin
redaktoru olub, yeni yazmağa başlayan yüzlərlə
şairin, gənc qələm adamının
kitabına “Ön söz” yazıb, xüsusilə gənclərə
öz xeyir-duasını
əsirgəməyib. Gədəbəy torpağının gözəlliklərini,
uca dağlarının
əzəmətini, bulaq
suyunun saflığını,
çəmən güllərinin
xoş rayihəsini şeiriyyata gətirən
İlyas Tapdığın
özü də başı qarlı dağlar kimi ucalardan uca olub.
Şairin şeirlərinin
başdan-başa həyata,
insanlara sevgidən yoğurulub. Bütün ömrünü
aşıq sənətinin
təbliğinə, folklorumuza,
uşaq ədəbiyyatına,
gənc şairlərin
yetişməsinə həsr
edən şairin xatirəsi hər zaman xatırlanacaq.
Şair 25 dekabr
2016-cı ildə Bakıda
vəfat edib. Qəbri Badamdar qəbirstanlığında yerləşir.
Mahmud Əyyub
Azad Azərbaycan.-
2017.- 2 dekabr.- S.7.