Şuşasız keçən 25 il...
Azərbaycanın dilbər guşələrindən
biri, Qarabağ xanlığının tarixi
paytaxtı Şuşanın
işğalından 25 il
ötür.
Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən
gecə başlayıb.
Şəhər dörd
bir tərəfdən
raket, top, tank və digər
silahlardan şiddətli
atəşə tutulub.
Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən
piyadalarla hücuma keçib. Şəhər
mayın 8-də axşamadək
müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında
tab gətirə bilməyib. Ermənilər
əvvəlcə Şuşanı,
sonra isə yaxınlıqdakı Kosalar
və Şırlan kəndlərini ələ
keçiriblər.
Əslində alınmaz qala sayılan Şuşanın
belə qısa müddətdə süqut
etməsinin səbəblərindən
biri şəhərin
müdafiəsinin yetərincə
təşkil olunmaması
idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı
hərbi texnika və canlı qüvvə yığmışdı.
Erməni mənbələrinin
məlumatlarına görə,
şəhərə hücumda
100-dək zirehli maşın
və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin
tərkibində hətta
xaricdən gətirilmiş
muzdlular da döyüşürdülər.
Şuşa işğal
edilərkən burada
25 min nəfərədək
əhali yaşayırdı.
Şəhərin müdafiəsi
zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər
tərəfindən əsir
götürülərək Şuşa həbsxanasında
saxlanılan 114 azərbaycanlı
sonradan xüsusi qəddarlıqla qətlə
yetirilib. Şəhərin
58 sakini itkin düşüb.
Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini
dağıdıb və
talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən
çox yaşayış
binası, məbədgah
və məscidlər,
bütövlükdə 279 dini, tarixi və
mədəni abidə
daxildir. Eyni zamanda, Şuşanın
25 məktəbi, 31 kitabxanası,
20 səhiyyə müəssisəsi,
17 klubu, 8 mədəniyyət
evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı,
5 mədəniyyət və
istirahət parkı,
2 sanatoriyası, turist
bazası, 2 mehmanxanası,
Azərbaycan Xalçası
Dövlət Muzeyinin
filialı, Şuşa
Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar
arasında Xurşidbanu
Natəvanın, Ə.B.Haqverdiyevin,
Q.B.Zakirin, M.M.Nəvvabın,
S.S.Axundovun, N.B.Vəzirovun,
Y.V.Çəmənzəminlinin , Xan Şuşinskinin, Sadıqcanın evləri,
Üzeyir bəy Hacıbəylinin, Bülbülün
ev-muzeyləri və daha neçə-neçə
digər abidə var.
Ümummilli lider Heydər
Əliyev Şuşanın
tarixi əhəmiyyətini
belə səciyyələndirirdi:
“Şuşa Azərbaycanın
ən əziz və böyük tarixi olan bir
guşəsidir. Şuşanı
yaradanlar, Şuşa şəhərini quranlar,
Şuşa qalasını
tikənlər Azərbaycan
torpağının sahibləri
olublar və Qarabağda Azərbaycan torpağının
daim qorunması, saxlanması üçün
Şuşa şəhərini,
qalasını yaradıblar.
Bu, Azərbaycan xalqının, əcdadlarımızın
yaratdığı böyük
abidədir, təkcə
şəhər deyil,
böyük bir tarixi abidədir”.
Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 25 ildir Ermənistan silahlı qüvvələrinin işğalı
altındadır. Amma bu, belə davam
edə bilməz. Xalqımız əmindir ki,
Prezident və Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız,
o cümlədən Qarabağın
tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən
tapdağından azad ediləcək. Ulu Öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız
isə, ümumiyyətlə,
Azərbaycan yoxdur”.
Azad Azərbaycan.-
2017.- 9 may.- S.3