“Королевская корова” Bakını tərk etdi.

Gürcüstan Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdırdı

Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfər zamanı 20-21 may tarixlərində qonaqlar paytaxt tamaşaçılarına 4 tamaşa nümayiş etdiriblər. Teatrdan "Olaylar" - a bildirlib ki, Gürcüstan teatrı daimi tamaşaçılarımıza L.Titova A.Starotorjskinin "Королевская корова" ("Kralın inəyi") tamaşasını nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.

Qastrol səfərinin bağlanış mərasimində Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirərək iki teatr arasında gələcəkdə də yaradıcılıq əməkdaşlığının qastrol tamaşaları, rejissor aktyor mübadilələri ilə möhkəmlənəcəyini vurğulayıblar. Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının direktoru Tamara Lortkipanidze bədii rəhbəri, teatr elmləri doktoru Dimitri Xvtisiaşvili çıxış edərək Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə bütün tamaşaçılara isti münasibətə görə öz minnətdarlığını bildirib.

 

Məmmədhəsən

Azad Azərbaycan.- 2017.- 23 may.- S.7