Kolumbiyalı yazıçı ilə AMEA-da görüş keçirilib.

 İsa Həbıbbəyli : Kolumbiyada Azərbaycan Ədəbiyyatının tanıdılmasını ehtiyac var.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın müstəqillik qazandıqdan sonra digər ölkələrlə elmi əlaqələrinin gücləndiyini və inkişaf etdiyini söyləyib. Akademik bu gün baş tutan görüşün gələcəkdə iki ölkə arasında elmi əlaqələrin formalaşmasına təkan verəcəyini diqqətə çatdırıb.

İ.Həbibbəyli Kolumbiyanın əfsanəvi yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu xüsusilə "Yüz ilin tənhalığı" romanının oxucular tərəfindən sevildiyini söyləyib. Akademik Markesin əsasını qoyduğu "magik realizm" cərəyanına Azərbaycan ədəbiyyatında Y.V.Çəmənzəminli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı kimi yazıçıların əsərlərində rast gəlindiyini bu oxşarlığın iki ölkə ədəbiyyatını müqayisə etməyə imkan verdiyini söyləyib.

Kolumbiya oxucusu tərəfindən yalnız "Əli Nino" romanının tanındığını deyən akademik Azərbaycan ədəbiyyatının incilərinin tərcümə olunaraq bu ölkədə yayılmasına ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə K.Zuluaqa çıxış edərək qonaqpərvərliyə görə təşəkkür edib gələcəkdə hər iki ölkə arasında elmi əlaqələrin güclənməsində Markes yaradıcılığının qırılmaz körpü olacağını bildirib. Alim Q.Markes ilə şəxsi tanışlığının tarixçəsindən, onunla keçirdiyi yaradıcılıq görüşlərindən danışıb.

Sonra institutun əməkdaşı, f.ü.f.d. Cavidan Məmmədova "Q.Q.Markesin əsərlərinin Azərbaycanda tərcüməsi tədqiqi" adlı məruzə ilə çıxış edib.

 

Azad Azərbaycan.- 2017.-  29 sentyabr.- S.4.