Dədə Şəmşirin iki yeni
şeiri və bir fotosu
Dilsuz
müəllimlə çay süfrəsinə oturmuşduq
və ədəbiyyatla bağlı maraqlı söhbət
edirdik. Şair Dilsuzun şeirlərinə nəzər yetirir,
onun haqqında yazılan yazıları
vərəqləyirdim. Bu zaman Dilsuz
müəllim mənə bir neçə şəkil
təqdim etdi və maraqla şairin şəkillərinə
baxdım. Şəkillər içərisində Aşıq
Şəmşirin fotosuna rast gəldim və Dilsuz
müəllimdən şəkildə aşıqla
yanaşı olan insanların kim olduğunu soruşdum.
Şair şəkildə özü və İsa
Şuşalının olduğunu qeyd etdi.
Həmçinin şair Dədə Şəmşirlə olan
görüşlərindən söhbət elədi. Bu zaman
mən söhbət əsasında yeni bir müsahibə
hazırlayacağımı təklif elədim. Təklifimi
Dilsuz müəllim xoş qarşıladı, beləcə, aşağıdakı
müsahibə meydana gəldi. Həmçinin Dədə
Şəmşirin bir yeni fotosu, iki təzə şeiri və
ona həsr edilən bir şeir əziz oxucuların
ixtiyarına verilir.
Şair Dilsuzla olan
müsahibəni təqdim edirik:
- Dilsuz
müəllim, aşıq sənətinin görkəmli
nümayəndəsi, tanınmış aşıq
Dədə Şəmşirlə sizin
görüşləriniz olub. Dədə
Şəmşir Azərbaycan aşıq
ədəbiyyatında misilsiz aşıqlarımızdan biridir. Bizə Aşıq Şəmşirlə ilk
görüşünüzün tarixçəsindən
söhbət açardız.
- Mənim Dədə
Şəmşirlə görüşümü
təsadüfi demək olmaz və bu həyatın orjinal bir
prosesi idi. 1968-ci ildə APİ-yə (indiki ADPU)
qəbul olmuşdum. Dədə
Şəmşirlə görüşümüz isə
1968-ci ilin mart ayında oldu. Bu
görüş APİ-nin nəzdində olan dərnəyin
xətti ilə baş tutdu.Burada Aşıq Şəmşir
geniş bir nitq söylədi. Aşıqla
ilk görüşümüz burada oldu. Görüşdə Aşıq Şəmşir
şeir söylədi və bu şeir univeristetin
nəzdində işıq üzü görən “Bilik”
qəzetində çap olundu və burada yayımlandı. Şeir, demək olar, başdan-ayaqa
öyüd-nəsihətlə bağlı idi.Bu şeiri
mən öz arxivimdə qoruyub saxladım və sonralar
Dədə Şəmşirin çap olunan heç bir
kitabında bu şeirə rast gəlmədim. Şeiri
oxucularla da bölüşürəm:
İnciməsin balalarım
İnciməsin
balalarım, nəsihətdi ata sözü,
Fəramuşla
unutmasın, çıxarmasın xəyalından.
Çətin olar
yaxşı oğul sağ əlindən ata sözü,
Fərasəti tez
faş olur duyğusundan, kamalından.
Yaxşısını
yaxşı anlar, sən də yaxşı deyən zaman,
Nəsihəti
eşidənlər elə həlim olsun gərək.
Baş əyər yol
göstərənə bu möhtəşəm, bu mehriban,
Bildirər öz
simasını lütvəsi pak olan ürək.
Nizamilər,
Füzulilər gətirib asimandan,
Bizə lazım
nədir, ancaq gəlin bilək bu torpağı.
Şeirin öz
mənzili var, axtarmayaq çox o yandan
Vurğun deyib,
yaxşı olur hər tərlanın öz oylağı.
Məsləhətdi,
nəsihətdi, gəlin şeiri belə yazaq,
Halal əmək sahibidi,
deyək fəal ölkəmizdən.
Hər gözəllik
Bakıdadır, niyə çıxaq ərşə uzaq,
Sülhü, rəhmi,
səadəti qoy öyrənsin hamı bizdən.
Yolun
düşsə Qarabağa “ağ-gümüşə” yetir
nəzər,
Təzə, cavan
üzüm bağlı, al-yaşıllı
düzlərə bax.
Qara qızıl
yanındasan, sellənər hər yanı bəzər,
Tamam sərvət
məskənidir bizim aran, bizim bu dağ.
Aşıq
Şəmşir Qurban oğli,
17 oktyabr 1968-ci il.
- Bu
görüşün sizin yaddaşınızda dərin iz
buraxdığını hiss edirik. Sonralar
Dədə Şəmşirlə görüşünüz
oldumu? Yəqin ki, ilk
görüşlə kifayətlənmək olmazdı. Axı siz də sözə bağlı
insansınız.
- Sonralar Dədə
Şəmşir Bakıya gəldikcə
görüşürdük. Rəhmətlik
Hüseyn Arif, Dədə Şəmşir və mən bir
neçə dəfə çay süfrəsində
oturmuşuq. Maraqlı
söhbətlərimiz olurdu. Bu insanlar
ədəbiyyatımız üçün olduqca
dəyərli insanlardır. Görürsüz,
hələ də onların yazdığı şeirlər
öz aktuallığını qoruyub saxlayır. Universiteti qurtardıqdan sonra təyinatla Tərtər
rayonunda əmək fəaliyyətinə başladım. Burada
təxminən 7 il işlədim.
Həmçinin sizə deyim ki, mənim Şuşa ilə
sıx əlaqəm vardı. Beləcə,
Qarabağ bölgəsinə tez-tez
gedib-gəlirdim.Qəşəm Aslanov Şuşada I katib idi
və yaxşı dostluq əlaqələrimiz vardı. Hətta sizə deyim ki, mənim şeirimi bir
dəfə Qəşəm müəllim kömək
edərək “Azərbaycan gəncləri” qəzetində
çapa vermişdi. Şuşada
şair İsa Şuşalı vardı və onunla yaxın
ünsiyyətimiz mövcud idi. Bir
dəfə Şuşuya getmişdim. Dostum
İsa məndən israrla tələb etdi ki, bizə gedək
və qonağım ol. Mən bu
təklifi sevinclə qarşıladım və onlarda qonaq
oldum. İsa Şuşalıgildə
oturmuşduq birdən aləmə səs yayıldı ki,
Aşıq Şəmşir gəlir. Aşıq
Şəmşir qardaşı Qara kişi ilə
birgə gəlirdi. İsa
Şuşalının yoldaşı Aşıq
Şəmşirin qohumu idi. Şuşa
camaatı deyirdi ki, Aşıq Şəmşir Şuşaya
gələndə həmişə İsagildə
qalarmış. Mən Aşıq
Şəmşirdən soruşdum: “Ay Dədə
Şəmşir, axı sizi hər kəs tanıyır, kimin
qapısını döysəniz, heç kəs sizə “yox”
deməz və nə yaxşı hər dəfə
gələndə İsa müəllimgildə qalırsız?”. Dədə Şəmşir
özünəməxsus bir təmkinlə cavab verdi: “Ay oğul, insanın qalacaq yeri bir,
gəzəcək yeri müxtəlif olar. Bu,
atalar sözüdür və buna görə hər
dəfə Şuşaya gələndə burada qonaq
qalıram”. Beləcə
İsagildə qonaq olduq və gecəyə kimi söhbət
elədik. Biz aşığa
çoxlu suallar verirdik və Dədə Şəmşir
isə maraqla cavablandırırdı. Aşığın
gəldiyini bilən hər kəs gəlib aşıqla
görüşürdü.
Səhərisi gün
Dədə Şəmşirin Şuşada olması
xəbəri Birinci katib Qəşəm Aslanova çatdı. Birdə
gördük ki, Birinci katib aşığın arxası
ilə adam göndərib və onu
Mədəniyyət ocağına dəvət edir. Qəşəm müəllim Aşıq
Şəmşiri və bizi çox yüksək
səviyyədə qarşıladı. Qəşəm Aslanov sözə bağlı insan
idi. Sonra Qəşəm müəllim
tapşırıq verdi ki, camaata
xəbər verin Mədəniyyət evinə gəlsin. İnsanlar Mədəniyyət evinə axın
edirdilər. Mədəniyyət
ocağında möhtəşəm bir konsert oldu. Aşıq Şəmşir gözəl ifaları
ilə insanların ürəyinə bir sakitlik,
əmin-amanlıq bəxş edirdi. Tədbirdən
sonra Aşıq Şəmşir bizə dedi ki, nə
qədər vaxtdır görüşürük, amma bir
xatirə şəkili çəkdirmirik. Bu
mənim ürəyimdən oldu. Bayaqdan
demək istəyirdim, amma risk edə bilmirdim. Beləcə, Dədə Şəmşirin
istəyi ilə xatirə şəkili çəkdirdik. Şəkildə Dədə Şəmşir,
mən və İsa Şuşalıdır. Bu söhbətlər 1975-ci ilin 9 iyulun baş verib.
- Dədə
Şəmşirlə şeirləşməyiniz necə
oldu? Dədə Şəmşir sizə
şeiri nə vaxt həsr etdi?
- Aşıq
Şəmşirin mənə şeir həsr etməsi elə
həmin tədbirdə olub. O şeiri bədahətən dedi
və biz də yazdıq. Özü də
çox gözəl şeir alındı. Şeiri dedikdən sonra xeyli söhbət elədik. Bu
şeiri də oxuculara təqdim edirəm:
Təzə anam məni
(təcnis)
Bu xoş səadətli
görüşümüzdə,
Elə bil
doğmuşdur təzə anam məni.
Yanında tiflisli Dilsuzu
gördüm,
Gözəl sevindirdi
təzə nam məni.
Fərhad Bisütunu bir
baxdı, yardı,
Şuşa da
çiçəkli, bir bax, diyardı,
İsa Şuşalı
da bir bəxtiyardı,
Əcəb
qarşıladı təzə ənam məni.
Xəstə meyli hər
an istər ayə nar,
İqbal şəmi
tərəqqidə ay yanar,
Şəmşir, indi
səni yəqin ay anar,
Telli saz
üstündə təzanəm məni.
Aşıq
Şəmşir, Şuşa şəhəri,
9 iyul 1975-ci il
Mənə dedi ki, xeyli
vaxtdı tanışıq, niyə Ağdabana
gəlmirsən? Mən gələcəyimi
deyib Bakıya qayıtdım. Bir xeyli
zaman keçdi və başım qarışıq oldu. Bir də eşidim ki, Aşıq Şəmşir
vəfat edib. Çox pis oldum, qanım
qaraldı. Ona verdiyim sözü tuta bilmədim. Bunun əvəzində bir şeir yazdım. Şeiri
də sizlərə təqdim edirəm:
Bilmirəm
(Dədə
Şəmşirin əziz xatirəsinə)
Kəlbəcərin
dağlarında duman var,
Sənsizləşən,
kövrəkləşən güman var,
Güllü
nənə, Şəmşirini uman var,
Bu istəyi
nahaqdımı, bilmirəm?!
O gecikən
qonaqdımı, bilmirəm?!
Dəli dağın,
Qoşqarımdı qanadı,
Tərtər təbi
çoxlarını sınadı,
“Ceyran bulaq” gözü
yolda sonadı,
Bu bulaqdan
keçəsimi, bilmirəm?!
Buz suyundan
içəsimi, bilmirəm?!
Görməyəydik
kaş ki, dərdi, səri də,
Köç eylədi
ərənlərin piri də,
Bir saz ola bu möhnəti əridə,
Heyrətimin
nidasımı, bilmirəm?!
Bu harayım
çatasımı, bilmirəm?!
Bu hikməti kimlər
duyub, biləndi,
Aylar, illər
ələk kimi ələndi,
Dünyamız da
ağ-qaraya bələndi,
Bu talemi,
qəzadımı, bilmirəm?!
Yoxsa rənglər
təzədimi, bilmirəm?!
İstəyini
ürəyinə salan var,
Bulud-bulud boşalan var,
dolan var,
Ana Torpaq,
Şəmşir adlı balan var,
O kükrəyən
sinəsimi, bilmirəm?!
Pərdə-pərdə
dinəsimi, bilmirəm?!
Dilsuz Musayev,
Bakı
şəhəri, mart 1980-ci il
- Maraqlıdır ki,
Dədə Şəmşir görüşlərində
aşıq sənəti haqqında nə danışardı,
hansı söhbətlərdən edərdi?
- Dədə
Şəmşirlə şəxsi
tanışlığımız olmayana qədər onun
haqqında bir çox informasiyaya bələd idim. Axı o tanınmış söz və sənət
adamı idi. Bunu da deyim ki, Şuşada Dədə
Şəmşirlə görüşümüzə kimi
onunla tanış idik, amma belə
bir sanballı tədbirimiz olmamışdı. O bu
tədbirdə də aşıq sənəti ilə
bağlı ciddi söhbətlər edirdi. Çıxışında
əsl aşığın necə olması haqqında
özünün şəxsi fikirlərini bildirirdi. Abbas Tufarqanlıdan, Xəstə Qasımdan,
Aşıq Ələsgərdən misallar
çəkərək əsl sənətkar haqqında
söhbətlər edirdi. O həmişə
aşıqları üç qrupa ayırardı: söz
aşıqları, ifaçı aşıqlar, söz və
ifaçı aşıqlar. Elə
aşıqlar var ki, gözəl səsi var, amma ifaları
zəifdir ki, bunları söz aşıqları adlandırmaq
olar. Səsləri zəif olan,
ifaları isə güclü olan aşıqları
ifaçı aşıqlar adlandırmaq olar. Birdə
var ki, həm ifa, həm gözəl səsi və
yaradıcılığı olan aşıqla,r bunları
söz və ifaçı aşıqlar adlandırmaq
olar. Bunların hər biri sənətin
yaşadılmasına çalışır. Dədə
Şəmşir burada bədahətən təcnislər
dedi. Təəssüf ki, o dövrdə
imkanlar məhdud idi və yaza bilmədim. Bir sözlə, aşıq sənəti ilə
bağlı təmiz söhbətlər elədi.
Maraqlıdır ki, zalda
sənətin yaşadılması, qorunması ilə
bağlı fikirlərini bildirirdi və heç bir
çıxışında bir ustad kimi öz
töhfələrini bildirmirdi. Biz bunu sonra
özündən öyrəndik və Dədə
Şəmşir bizə dedi ki, məclisdə yaşlı
insanlar əyləşib, onların yanında belə
danışmaq olmaz. Baxın, Dədə
Şəmşirin böyüklüyü necə də hiss
olunur. Belə sənətkarlar
əsrdə, bəlkə də iki-üç əsrdə bir
dəfə yetişər. Aşıq
sənəti əsrlərdən-əsrlərə
keçərək öz təravətini itirməyib. Sadəcə, Dədə Şəmşir öz
çıxışında da deyirdi ki, sənəti
yabancı ünsürlərdən qorumaq lazımdır. Əsl aşıq məclisi yola verməli, dastanlar
deməli, aşıq şeirinin müxtəlif formalarında
şeirlər söyləməlidir.
- Həmin
görüşlərdə auditoriyanın aşıq
sənətinə və Dədə Şəmşirə olan
münasibətlərindən danışardız.
- Həmin illərdə
auditoriyanın münasibətində çox doğmalıq
var idi. Dədə Şəmşir o
insanların sanki ağsaqqalı idi. O
cavanlığında da ağsaqqalıq
yaşayırdı. Auditoriya onu çox
yüksək bir səviyyədə qarşlayırdı. Hər
kəsin gözündə ona olan sevgi hiss olunurdu. Aşıq sənətini yaşadan auditoriyanın
alqışı və bu cür xoş münasibətdir. Bu münasibət Dədə Şəmşirin
həyatının əvvəlindən axırına kimi davam
elədi. Dədə Şəmşir
bu cür isti münasibəti görəndə sevincdən
gözləri yaşarırdı. Dədə
Şəmşir deyirdi ki, xalqıma qurban olub ki, sənəti
sevir, yaşadır və sənətkara qiymət verir.
Söhbəti
qələmə aldı:
Mahmud
Əyyublu
Azad
Azərbaycan.- 2018.- 14 aprel.-S.7