Məmməd Kazımın ədəbi
dünyası (Elegiya) - Ağalar İdrisoğlu
Eşidəndə ki, Cənub bölgəsində ədəbiyyatın,
jurnalistikanın ağsaqqallarından biri, dəyərli
ziyalı, böyük vətənpərvər insan Məmməd
Kazım dünyasını dəyişib,
açığı bu mənə çox pis təsir elədi. Onun xəstə
olduğunu bilirdim. Oğlu Elçin
Kazımov demişdi. Hətta
danışmışdıq ki, rayondan Bakıya gətirsinlər
və Bioloji Təbabət Klinikasında həkimlər onu
müalicə eləsinlər. Amma
işimin çoxluğundan Masallıya gedib, onu yoluxa bilmirdim.
Baxmayaraq axır vaxtlar bir neçə dəfə
mobil telefonla danışıb, hal-əhval da tutmuşduq.
Həddindən artıq optimist, həyatsevər
, heç bir xəstəlikdən, çətinlikdən
qorxmayan insan olan Məmməd müəllim həmişə də
çox gümrah danışır və tezliklə
sağalacağını deyirdi. Zarafatla da
deyirdi ki, “özümün də təbabətdən
başım çıxır. Lazım
olan müalicələri də edirəm”.
Bax indi mən özümü danlayıram ki, gərək
vaxt tapıb gedib onunla görüşəydim. Çünki
bizim onunla söhbətimiz tuturdu və haqqında qəzetlərdə,
saytlarda bir neçə yazı da çap etdirmişdim.
Bu görüşümüz də maraqlı
olardı və o, mənə daha tutarlı məlumatlar verə
bilərdi. Axı o, 60 ilə yaxın bir
müddətdə yaradıcılıqla məşğul
olmuşdu və yüzlərlə ədəbiyyat, jurnalistika
sahəsində çalışan sanballı insanlarla dostluq,
yoldaşlıq etmişdi, yol yoldaşı olmuşdu, bir
süfrə arxasında çörək kəsmişdi.
Deməli, bizim bilmədiyimiz və yazılmamış
çoxlu maraqlı hadisələr, məlumatlar vardı onun
yaddaşında. Çünki əvvəlki söhbətlərimizdə
o, Azərbaycan ədəbiyyatında əvəzsiz işlər
görmüş üç Məmmədin ( Məmməd
Araz, Məmməd İsmayıl və Məmməd Kazım)
dostluğundan, yaxın əlaqələrindən mənə
maraqlı məqamlar, epizodlar danışmışdı və
mən də həmin söhbətləri vaxtı ilə
yazmışdım. Amma heyif ki, bu dəfə onunla
görüşə vaxt tapa bilmədim...
Bizim Məmməd müəllimlə
tanışlığımızın tarixi də çox qədimdir.
Bir vaxtlar- 1960-cı illərin əvvəllərində
Masallı özünün intibah dövrünü
yaşayırdı. Çünki həmin vaxtlar Masallı
rayonunda təhsil, ədəbiyyat, jurnalistika, incəsənət,
idman sahəsində böyük dirçəliş vardı.
Həmin vaxtlar Məmməd Kazımın rəhbərliyi ilə
rayonda Ədəbiyyat dərnəyi, Adil Səfərov və
Şakir Həsənovun rəhbərliyi ilə Miniətür
Teatrı, Rafiq Axundov və Afutalıb Sadıqovun rəhbərliyi
ilə Xalq çalğı alətləri ansambılı,
İltizam Hüseynovun rəhbərliyi ilə rəqs kollektivi
fəaliyyət göstərirdi. Rayondakı
Pionerlər evində çoxlu yeniyetmə istedadlar incəsənətin
ayrı-ayrı sahələrində ilk addımlarını
atırdılar. Rayonun voleybol və futbol
komandaları, klassik və sərbəst güləş məktəbləri
artıq respublikada böyük üğurlar əldə
edirdi. Masallıdakı yerli radio
özünün maraqlı proqramlarına görə artıq
hamı tərəfindən sevilirdi. Rayonda
çıxan “Çağırış” qəzeti isə
baş redaktor, dəyərli ziyalı, maraqlı şair Vaqif
İbrahimin sayəsində hər nömrəsi sensasiyya ilə
qarşılanırdı. Bax mən məhz həmin
vaxtlar Məmməd müəllimlə tanış
olmuşdum. Çünki məndən yaşca
böyük dostlarım Əbədiyyat dərnəyinə
gedirdi və onlar Məmməd Kazım haqqında elə
maraqla danışrdılar ki, mən də onlara qibtə
edirdim. Məmməd müəllimə həmin
vaxtı təkcə mən yox, həmin dövrün yeniyetmələrinin
çoxu qibtə edirdi. Çünki
Masallı məktəblərində Məmməd Kazım
başda olmaq şərti ilə yerli şairlər,
yazıçılar və jurnalistlərlə maraqlı
görüşlər keçirilirdi. Bax
bu da onları Masallıda daha da məşhurlaşdırırdı.
Nəriman
Nərimanov adına Masallı şəhər 2 nömrəli
orta məktəbin şagirdləri ilə Məmməd
Kazımın görüşü indi də yadımdadır
. Həmin görüş səhv eləmirəmsə
1967-ci ilin aprel ayında oldu. Bu məktəb
həmin vaxtı Masallının akademiyası
sayılırdı və hətta heç Bakıdan gələn
yazarlar çox vaxt bu məktəbə görüşə gəlmirdilər.
Çünki məktəbin müəllimləri
və şagirdləri onları çoxlu suallar atəşinə
tutur və onlardan orijinal cavablar gözləyirdilər. Həmin
vaxtı məktəbin geniş səhnəsinə uca boylu,
yaraşıqlı, gülümsər sifətli bir kişi çıxdı. Onunla
birlikdə bir neçə nəfər və məktəbimizin
direktoru Şəfiqə xanım Abdullayeva, tarix müəllimi,
şair Adəm Qızılbaş da səhnədə göründülər.
Şəfiqə müəllimə Bakıdan gələn
və əslən Cənub bölgəsindən olan iki
şairi və həmyerlimiz Məmməd Kazımı təqdim
etdi. Açığı həmin
görüşdə Bakıdan gələn o iki nəfər
mənim yaddaşımda elə də qalmayıblar. Çünki şeirlərini vərəqdən
oxuduqlarına görə zalda əyləşən və ayaq
üstə duran 300-dən çox şagirdi ələ ala
bilmədilər. Amma söz Məmməd Kazıma veriləndə
o, əzbərdən qaltanlı səslə, peşəkar
akytor tərzində, zalda əyləşənlərin
gözlərinə baxa-baxa bir neçə şeir dedi. Onun gur səslə dediyi hər bir şeir gurultulu
alqışlarla qarşılandı. Sonra özü
zaldakılara suallarla müraciət eləyib, onlarla təmas
qurdu və onların da hər birinin arzualarını,
suallarını dinlədi və hər birinə maraqlı
cavablar verdi. Məmməd Kazım öz
çıxışı ilə zalda əyləşən
bizləri elə bil ki, sehirləmişdi... Həmin
vaxtı onun “Qönçə” adlı ilk kitabı çap
olunmuşdu. O, kitabı da zalda əyləşənlərə
göstərdi. O vaxt kitab çap etdirnək hər bir cavan
şairə, yazıçıya müyəssər olmurdu.
Çünki həmin vaxtı ədəbi tənqid çox
güclü olduğuna görə onların yaradıcılığına,
kitablarının çap olunmasına çox ciddi fikir
verilirdi...
Bax belə
bir səhnə ilə mən, artıq çox-çox illər
sonra Masallı yazarlarının 516 səhifəlik çap
olunan “Masallınının söz çələngi” ədəbi
almanaxının 2011-ci ilin may ayında rayon mərkəzindəki
Mədəniyyət evinin qarşısındakı
açıq səhnədəki təqdimat mərasimində də
rastlaşdım. Bu kitabın ideya müəlliflərindən
biri mən olduğuma görə, həmin vaxtı Masallı
rayon İcra Hakimiyyətinin başçısı, dəyərli
ziyalı Qəzənfər Ağayevin təklifi ilə tədbiri
də mən aparırdım. Kitabın ərsəyə
gəlməsində isə Qəzənfər Ağayevin əvəzsiz
xidməti olmuşdu. Bu kitabda 106 biz,
Masallı yazarının şeiri, hekayəsi çap
olunmuşdu və rayonçün sesnsassiya idi. Həmin gün Masallının həqiqətən də
söz bayramı idi.
Söz
rayonun qocaman yazarları adından Məmməd Kazıma veriləndə
o, yenə də 1967-ci ildəki kimi 77 yaşlı bu
böyük ziyalı əvvəlki şux yerişi, cəld hərəkəti
ilə səhnəyə gəldi və az
bir vaxtda yenə də tamaşaçıları ələ
aldı. O, kitabın ərsəyə gəlməsində xidməti
olanlara rayon ziyalıları adından öz təşəkkürünü
bildirdi və sonra bir neçə şeirini yenə də əzbərdən
gur səslə dedi. Sonra tamaşaçılar
onu sürəkli alqışlarla yola saldılar. Həmin
vaxtı mən də aparıcı kimi səhnədə idim
və tamaşaçılara Məmməd müəllimlə
ilk yaxından tanışlığımı, 1967-ci ili xatırlatdım. Həmin vaxtı da onun
peşəkar aktyorlara məxsus belə odlu-alovlu
çıxışı haqqında dedim. Tamaşaçılar
yenə də onu sürəkli formada alqışladılar.
Həmin tədbirdən sönra yazarlar üçün
təşkil olunmuş sürfə arxasında əyləşəndə
mən Məmməd müəllimlə qarşı-qarşıya
əyləşdim. Onunla birlikdə keçmiş həyat yolunu bir də vərəqlədik...
İndi həmin
söhbəti yada salıb, onun ömür yolunu Məmməd
müəllimsiz vərəqləyirəm..
Əlbəttə, həmin illəri vərəqlədikcə
də kövrəlirəm...
Balaca kənddən
başlayan böyük, uğurla yol
1934-cü
ilin may ayının 25-də Azərbaycanın dilbər
guşələrindən olan Masallı rayonunun Tatyan kəndində
anadan olan Məmməd Kazım 1962-ci ildə Bakı Dövlət
Universitetinin kitabxanaçılıq fakültəsini
bitirmişdi. Onun doğulduğu Tatyan kəndi
Talış dağlarının ətəyində çox
axar-baxarlı bir yerdə yerləşir. Masallının
ən qədim kəndlərindən biridir. Bu kəndin adamları özlərinin mehriban xasiyyətinə,
qonaqpərvərliyinə, istiqanlılığına görə
başqa kəndlərdən fərqlənirlər. Masallıda maraqlı Ədəbiyyat dərnəyinin
rəhbəri olan çox istedadlı şair Məmməd
Kazım hamı tərəfindən sevilirdi. Amma elə bil ki, Masallı rayonu ona qol-qanad
açmağa elə də imkan vermirdi. Cavan şair daha
çox inkişaf etməkçün paytaxta, Bakıya can
atırdı. Həmin vaxtı Abşeron rayonu
yenicə yaranmışdı. Məmməd
Kazım da Bakıya daha yaxın olmaq, buradakı ədəbi
mühütlə təmasda olmaqçün Xırdalana
köçdü. Abşeron rayonunda
çap olunan “Abşeron” qəzetinin şöbə müdiri
və redaktoru oldu. 1969-cu ildən Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri şirkətində
redaktor, 1971-83-cü illərdə isə “Hünər” hərbi-vətənpərvərlik
redaksiyasının baş redaktoru və aparıcısı
kimi fəaliyyət göstərdi.
Ədəbi-bədii fəaliyyətə gənc
yaşlarından şeirlə başlayan Məmməd
Kazımın “Qönçə” adlı ilk şeirlər
kitabı 1966-cı ildə işıq üzü
gördü.
Və sonralar onun “Zirvəyə yol axtarıram”, “Xəzər
laylası”, “Xatın zəngləri”, “Leytenant Kərimov və
dostları”, “Taleyim, qismətim”, “Gələrəm
görüşünə”, “Hünər”, “Salam general” və
sairə bu kimi şeir, poema, nəsr, dram kitabları çap
olundu. Məmməd Kazımın
Tatarıstanın Xalq şairi Robert Minnullinin şeirlərindən
tərcümələri müstəqillik
dövrümüzün poetik tərcümə işinə
layiqli töhfəsi olub. Çünki bu
şeirlər tam orijinal formadadır.
Məmməd
Kazımın yaradıcılığı doğma yurdun təbii
gözəllikləri və tarixi keçmişi, Vətəninin
qəhrəman oğul və qızlarının tərənnümü,
sevginin vəsfi, müharibələrə qarşı kəskin
etiraz, sülhə, xoş görüşə, barışa
çağırış, neqativ sosial təzahürlərə
qarşı satirik ironiya onun sadə və xalq dildə qələmə
alınan, janrca zəngin, məzmunca dolğun əsərlərinin
ümdə xüsusiyyətləridi, qayəsidir desək səhv
etmərik. Yaradıcılığının
bütün bu cəhətləri də Məmməd
Kazımı oxuculara sevdirirdi.
Özünün yetkinlik yaşında Məmməd
Kazımın ədəbiyyat sahəsindəki xidmətlərinin
mühüm bir qolunu da qəzetçilik və ədəbiyyatın
yüksək formada təbliği fəaliyyəti təşkil
edirdi. Belə ki, günlərin bir günündə
Bakı mühitinin xaosu, tıxacları bir qrup yaradıcı
insanlar kimi artıq ömrünün müdrik
çağlarını yaşayan Məmməd Kazımı
da yordu. O, doğma kəndləri Tatyana gəlib,
yaraşıqlı bir ev tikdi. Geniş həyət-bacasında təsərrüfatla
məşğul olmağa başladı. Onun
çox mənzərəli yerdə evi və bol meyvə
ağacları ilə zəngin həyəti əsl
yaradıcı insanın təxəyyülünün məhsuludur.
O, həm də burada yaradıcılıqla daha ciddi məşğul
olmağa başladı. Masallının tarixi,
tanınmış tarixi şəxsiyyətlərinin həyatı,
qədim dövrlərdən XX əsrə kimi bu insanların
apardıqları mübarizə ilə bağlı bədii,
publisist əsərlər yazdı. Həm
də “Qala” adlı maraqlı bir qəzet təssis etdi. Belə ki, onun baş redaktoru olduğu “Qala” ədəbi-bədii
qəzeti ədəbi prosesin nəinki bölgələrdə,
hətta ümumrespublika miqyasında canlandırılması və
bir çox gənc istedadların üzə
çıxarılması işində böyük rol
oynadı. Məhz buna görə də
vaxti ilə ilk yazılarını “Qala” qəzetində
çap etdirən və bu gün ədəbiyyatımızın,
jurnalistikamızın aparıcı imzalarına
çevrilmiş gənclər haqlı olaraq Məmməd
Kazımı özlərinin ustadları hesab edirlər. Onun haqqında maraqlı xatirələr
danışır və yazırlar.
1960-cı
illərdən yaradıcılığa başlayan, tanınmış
yazıçı, jurnalist, publisist Məmməd Kazım
böyük yaradıcılıq yolu keçməklə, həm
də bir vətəndaş kimi çox işlər görməklə,
Azərbaycan hərbi-vətənpərvərlik tarixinə
düşüb. Belə ki, o, bir vaxtlar Azərbaycan
Dövlət Televiziyasında “Hünər” adlı hərbi-vətənpərvərlik
verilişini yaratmaqla, təkcə Azərbaycanda yox,
keçmiş Sovetlər Birliyində də
tanınırdı. Məhz Məmməd Kazımın
böyük zəhmətinin, yüksək vətənpərvərliyinin
sayəsində İkinci Dünya Müharibəsi və
Böyük Vətən Müharibəsində itkin
düşmüş, ölümləri, qalımları
haqqında qohumlarının, yaxınlarının uzun illər
çalışsalar da heç bir məlumat əldə edə
bilmədiyi çoxlu insanları məhz Məmməd
Kazım sevindirib. Sağ qalanları bir-birilə
görüşdürüb. İtkin düşənlərin
məzarlarını təkcə Sovetlər Birliyi ölkələrindən
yox, Sosialist ölkələrinə səfərləri
zamanı tapıb və yaxınlarının həmin məzarları
ziyarət etməsi üçün dövlət rəsmiləri
ilə danışıqlar aparıb və lazım olan
bütün şəraitləri yaradıb. Həmin tarixi hadisələr də hər biri Məmməd
Kazımın qələmindən yazılara və televiziya
verilişlərinə köçərək, gələcək
nəsillərçün bir ərmağan kimi qalıb.
Açığı belə böyük,
xeyirxah və əsl vətənpərvər işi hətta həmin
vaxtlar üzdə olan heç bir qəlam sahibi edə bilməyib.
Məmməd Kazim çox maraqlı şairdir. Çox
istetdalı yazıçıdır. O, əgər yalnız
seirlər yazsaydı, bu gün onun cild-cild kitabları
hamımızın stolüstü kitabları olar və dərslik
kitablarında böyük yer alardı. Məmməd
Kazim yalnız nəsr əsərləri yazsaydı, indi
çoxlu romanları, povestləri, hekayələri onlarla
cilddən artıq kitablar olardı. Və
nəhayət Məmməd Kazım yalnız jurnalistika ilə
məşğul olsaydı bu sahənin də tarixdə qalan
3-5 yaradıcılarından biri kimi, yazdığı məqalələri,
publisist yazıları jurnalistika dərslərində tələbələrin
ən çox müraciət etdiyi yazılar olardı.
Amma bu, böyük yaradıcı insan hər üç sahədə
60 ilə yaxın yaradıcılıq dörvündə
heç kimi təkrarlamadan öz sözünü dedi. Onun nəsr əsərləri, seirləri və
publisistikası oxucuların xoşuna gəlir və çox
insanların stolüstü kitablarıdır.
Belə böyük yaradıcı insanın yaddan
çıxması, unudulması həqiqətən də onu
hələ keçən əsrin 70-cı illərindən
tanıyanlar və onun bədii əsərlərini,
oçerklərini, publisist yazılarını sevə-sevə
oxuyub, onlardan bəhrələnənlərə çox pis təsir
edir. Mən də həmin insanların sirasındayam.
Çünki yuxarıda yazdığım kimi,
hələ 1960-cı illərdə Məmməd
Kazımın Masallıda yaratdığı Ədəbiyyat dərnəyindən
çoxlu yazarlar çıxıb və artıq ədəbiyyat
aləmində öz sözlərini də layiqincə deyirlər.
Onun
1992-ci ildə təsis etdiyi və Masallıda çap olunan ədəbi-bədii
“Qala” qəzeti az bir zamanda ətrafina
respublikanın hər yerindən çoxlu yazarlar və minlərlə
oxucu topladı. Həmin vaxt Xalq
yazıçısı İsmayıl Şıxlının
ona ünvanladığı məktub qarşımdadır.
Bu məktub çox maraqlı olquğuna görə
burada yazıram.
“ Əziz
Məmməd Kazım! “Qala” qəzetinin iki
nömrəsini böyük diqqətlə, maraqla oxudum. Sənin “Cəbhə qeydləri” və Mirvarid Dilbazi
haqqında olan məqaləni xüsusi qeyd etmək istəyirəm.
Ümumən yaratdığınız “Qala” qəzeti
qarşıya qoyduğunuz tələbə cavab verir. Mənə həsr etdiyiniz məqaləni də
oxudum. Ömrümün ahıl, kövrək
çağlarında hiss etdim ki, qədirbilənlərin
ilıq və səmimi sözlərinə ehtiyacım var”.
Bax bu gün mən də ürək ağrısı ilə
düşünürəm ki, niyə Məmməd Kazım
kimi istedadlı, Allah vergisi olan insan yaddan çıxdı? Bunun günahkarı kimlər
oldu?..
Qəlbimdə, daxilimdə bir inam var və həmin inam
qətiyyətlə deyir ki, Məmməd Kazımın
şeirləri, nəsr əsərləri, publisistikası Azərbaycan
ədəbiyyatında yaşamaqla, müəllifini də həmişə
yaşadacaq.
Əzizimiz
Məmməd Kazım!
Siz Xırdalan şəhər qəbirstanlığında
torpağa tapşırılmısınız. Çünki
Masallıdan sonra Xırdalan sizin ikinci vətəniziniz olub.
Burada çap olunan “Abşeron” qəzetində
bir vaxtlar şöbə müdiri və redaktoru işləyiniz
vaxtlar çox işlər görübsünüz. Azərbaycan Televiziyasının “Hünər” hərbi-vətənpərvərlik
verilişinə rəhbərlik etdiyiniz vaxt da Xırdalanda
yaşayıbsınız. İkinci
Dünya və Böyük Vətən Müharibəsində
həlak olan və itgin düşən çoxlu
xırdalanlıların da tapılmasında, onların
qohumlarının ümid çıraqlarının
yandıralmasında xidmətləriniz çox olub. Ona görə də xırdalanlılar sizi elə
xırdalanlı bilir və sizi öz doğmaları kimi
sevirdilər. Sizin vəsiyyətinizlə
Xırdalan şəhirndə yaşayan övladlarınız
sizi burada- Xırdalan şəhər qəbirstanlığında
torpağa tapşırdılar. Bu elə
xırdalanlıların da ürəyincə oldu.
Qəbriniz nurla dolsun əziz ağsaqqalımız, təpədən
dırnağa qədər Azərbaycanı dərin məhəbbətlə
sevən, övladlarını da bu ruhda tərbiyə edən,
dəyərli ziyalı, böyük insan Məmməd
Kazım. Bu elegiyanı sizin “Masallıyıq” şeirinizlə
tamamalamaq istəyirəm. Çünki siz
ömrünüzün böyük bir hissəsini
Xırdalanda yaşasanız da Masallıya daha çox
bağlı insan idiniz. Ömrünüzün
müdrik vaxtında da Masallı torpağı sizi özünə
çəkdi və orada yaşayıb, tarixdə qalan əsərlər
yaratdınız. Bu şeir də həmin
illərin məhsuludur.
Dünyanı
ölkə-ökə gəzmişik,
dolaşmışıq,
Gözəllik sorağıyla qan-tərə
bulaşmışıq.
Harda olsaq
bu yurdun həsrətilə daşmışıq,
Dənizi
bol balıqlı, meşəsi marallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz
Masallıyıq.
Bulaqların
gözündən dünyaya boylanmışıq,
Çimib isti suyunda xalqa eşqlə yanmışıq.
Çiçəyindən-gülündən
təmizlik qazanmışıq,
Bu
boy-buxun, bu görkəm, görün nə
sığallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz
Masallıyıq.
Azərbaycan
yolunda sinəmizi gərmişik,
Azadlıq savaşında çox qurbanlar vermişik.
Kəlbəcərdə, Laçında laçınlar
itirmişik.
Çətin
vaxtda Cavanşir, Koroğlu misallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz
Masallıyıq.
Xalqı xoşbəxt olmayan tapar yaxşı söz
hardan?
Kasıblıq
da can üzən, aləmdə üz
qızardan.
İncəsənət
deyirsən sal yolunu bazardan,
Xalça,
beşik, həvəsi daşan xoş əhvallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz
Masallıyıq.
Oğlu-qızı
torpağı əziz bilir canından,
Narınc-turunc,
limon, çay göyərdir vicdanından.
Müdrik
kamal, söz əhli sıyırıb od
qanından.
Sənət
meydanında da daim cəng-cidallıyıq,
Fəxr edirik ürəkdən, çünki biz
Masallıyıq.
Geniş
açıb qolları dünyanı qucaqlayaq,
Yaxşı hər nə qazansaq nəsillərə
saxlayaq.
"Alay" dəfınəmizlə sevə-sevə
çağlayaq.
Onda aləm görər ki, necə cah-cəlallıyıq,
Fəxr edirik ürəkdən, çünki
biz Masallıyıq.
Bəslənsək də köksündə biz
demirik o təkdi,
Yurdumuzun hər eli bir-birindən qəşəngdi.
Bizdən ötrü Masallı Azərbaycan deməkdi,
Vətən sevgimizdə də
ağıllı, ehmallıyıq,
Fəxr edirik ürəkdən, çünki
biz Masallıyıq.
Ağalar
İDRİSOĞLU, Əməkdar incəsənət xadimi
Bakı
xəbər.- 2018.- 17 aprel.- S.7.