KOR XOŞBƏXTLİYİ

 

Hekayə

 

O, əməliyyat etdiyi gözə son tikişlərini vururdu. Əməliyyat şöbəsinin baş tibb bacısı ona yaxınlaşıb yavaşca dedi:

– Mənə indi çatdırdılar, “şef” sizi  əməliyyatdan sonra kabinetinə dəvət edir.

Göz cərrahı Kamil Quliyev gözlərini əməliyyat mikroskopundan ayırıb, bütün personala uğurlu keçən əməliyyata görə təşəkkür etdi. Əllərini yuya-yuya düşündü: Leninqrad Hərbi Tibbi Akademiyasının Göz Xəstəlikləri Kafedrasının rəhbəri onu nəyə görə görmək istəyir? Akademik heç kimi yanına elə-belə çağırmazdı. Özlüyündə fikirləşdi: Etdiyi bütün əməliyyatlar uğurlu olmuşdu, çoxsaylı personalla da heç bir problemi yox idi. Nə ola bilərdi? Akademiklə onun münasibəti də çox yaxşı idi. O bu böyük insana ömür boyu minnətdar olacaqdı. Səbəb çox tutarlı idi – iki il bundan qabaq akademiyada vakant yer yarananda planetin quru sahəsinin altıda bir hissəsini tutan böyük bir ölkənin hər yerindən göz həkimləri bura sənəd göndərmişdilər. Burada işləmək hər bir göz cərrahının əlçatmaz arzusu idi. Sənəd verənlərin hamısı da layiqli, bacarıqlı həkimlər idi. Seçimlə bağlı son müzakirədə rəhbərlikdə çox qızğın müzakirələr olmuşdu. Son olaraq akademik müzakirələrə belə yekun vurmuşdu: “Söz yox, çox layiqli namizədlərdir. Amma Kamil Qasanoviç haqqında bir neçə söz demək istəyirəm: Bilirsiniz ki, son dörd ildə hər il məzuniyyətini götürüb  Moskvadan bura öz hesabına klinikamıza işləməyə gəlir. Burada da o, çiynini ən ağır işlərin altına verir. Bu bir yana qalsın, qəbul edək ki, bunu öz şəxsi peşə inkişafı üçün edir. Onun cərrahlığı kimi, məntiqinin də kəsərli olduğunu hamımız yaxşı bilirik. Mən bir dəfə akademiyanın tələbələri ilə məşğələ aparmağı ona həvalə etdim. Adi, qırx beş dəqiqəlik məşğələ idi. O məşğələdən sonra qrupda olan tələbələrin yarısı göz cərrahı olmaq istədiklərini bildirdilər. Bir gün qabaq ürək, beyin cərrahı olmaq istəyən, millətimizin qaymağı olan o tələbələr göz cərrahı olmaq istədilər. Siz bilmirsiniz, o həmin gənclərə nə deyib, mən də bilmirəm, amma çox şey verərdim ki, həmin məşğələdə onun dediklərinə qulaq asa bilim. Bizim professorların illərlə edə bilmədiklərini o, cəmi qırx beş dəqiqəyə etmişdi”.

Nəsli Peterburqun məşhur zadəganlarından gələn dünya şöhrətli bu alim, iliyinə qədər rus vətənpərvəri olan bu insan sonda özünəməxsus tərzdə sakitcə demişdi:

– Mən istəyirəm ki, bura gələcək və kafedramızın gələcəyi olacaq tələbələr bizim aramızda Kamil Qasanoviçi görsünlər, onun təfəkküründən, dünyagörüşündən bəhrələnsinlər.

Bu düşüncələr və müəmma ilə akademikin qəbul otağına girdi. Qəbul otağında adamlar olduğuna baxmayaraq, köməkçi onu görən kimi dedi:

– Kamil Qasanoviç, siz keçin. O sizi gözləyir.

Böyük klinikanın akademik rəhbəri kiçik bir kabinetdə otururdu. Çox təvazökar olan bu insanın kiçik kabinetinin yarısını da onun böyük iş masası tuturdu. Masa haqqında ayrıca deyilməlidir: masanın üzərində qalaq-qalaq kağızlar, dərgilər, göz cərrahiyyəsinə aid alətlər, tikiş materialları və bir-biri ilə əlaqəsiz görünən çoxlu əşyalar var idi. O, nə vaxtsa oxuduğu bir fikri xatırladı: “İstedadlı insanların masası üzərində həmişə səliqə-sahman olar, dahilər isə xaosu idarə edərlər.” Əmin idi ki, akademik bu xaosun içərisində istənilən şeyi anındaca tapa bilər.

“Şef” onu ayaq üstə salamladı, hal-əhval tutdu.

– Kamil, – o hamını adı ilə çağırırdı, – səni niyə dəvət etmişəm: şimalda Volınsk şəhəri var, oranın birinci katibinin anasının bir gözünü yerli xəstəxanada əməliyyat ediblər. Əməliyyat uğursuz keçib, fəsadlar yaranıb. O göz görmür. İndi ikinci tutulmuş gözündə əməliyyata ehtiyac var. Pasiyent yaşlıdır, doxsanı haqlayıb, həm də yeriyə bilmədiyindən bura gətirmək problemləri var.  Yerli həkimlər onun tək qalmış  gözünü əməliyyat etməkdən çəkinirlər. Səbəb aydındır, yeganə gözü əməliyyat etməyin çətinliyini hamı bilir. Kiçik xəta belə mümkünsüzdür. Eyni zamanda, yerli həkimlər başa düşürlər ki, katibin anasının o tək gözündə problemlər yaransa, katibin onlara nələr edə biləcəyini  düşünmək belə çətindir. O şəhərin səhiyyə rəhbəri bizim akademiyaya müraciət edib. Buradan bir təcrübəli göz cərrahı xahiş ediblər. Mən səni seçmişəm. Etiraz etmirsən?

Akademik onun valideynlərindən sonra “yox” deyə bilməyəcəyi  yeganə insan idi.  Eyni zamanda onlarla cərrah içərisindən onu seçməsi də peşə qüruruna xoş bir sığal çəkdi. O, “baş üstə” deyib otaqdan çıxdı.

İlk dəfə idi ki, onu təyyarənin trapında qarşılayırdılar. Qara volqa küçələrdə  sürətlə şütüyürdü. Ona təhkim olunmuş insanla və sürücü ilə tanış oldu. Məsul şəxs onu əvvəlcə elə onun üçün hazırlanmış qonaq evinə aparmağı təklif etdi. O razılaşmadı:

– Əvvəl şöbəyə gedək. Pasiyenti görməliyəm, – dedi.

Məsul şəxs sürücü ilə maşının həmişə onunla olacağını bildirdi, istənilən problemlə bağlı müraciət etməyi xahiş etdi. Şöbədə onu yaxşı qarşıladılar. Dünyanın bütün göz həkimlərinin arasında bir qardaşlıq, xüsusi münasibət var. Ömür boyu zülmətlə mübarizə aparan bu insanlar ruhən bir-birinə çox yaxındırlar. O, xanım şöbə müdiri ilə tanışlıqdan sonra elə onunla birlikdə pasiyentin yanına getdı.

Yaşlı qadın heç nə görməsə də, nikbin görünürdü:

– Doktor, mən yenidən görmək istəyirəm, çox istəyirəm. İnsan nankor məxluqdur, olanını heç vaxt dəyərləndirə bilmir. Görmək nə qədər böyük nemət imiş! Hər şeyə yenidən baxmaq istəyirəm. Uşaqlarımı, nəvələrimi görmək arzusundayam. Son günlərimi görən gözlə başa vurmaq istəyirəm. Doktor, mən görəcəyəm?

– Əlbəttə, siz, mütləq, görəcəksiniz!

O, xəstəliyi ilə, ölümü ilə müti şəkildə barışmış insanları xoşlamırdı. Həyat eşqi, yaşamaq istəyi olan mübariz insanlara rəğbət bəsləyirdi. Bu yaşlı qadının da yenidən görmək istəyi onu ruhlandırdı. Yerli həkimlər lazım olan bütün müayinələri etsələr də, o özü  pasiyentin gözlərini yenidən  müayinə etdi. Sonra əməliyyat zalına keçdilər. Təzə quraşdırılmış müasir əməliyyat mikroskopunu görəndə sevindi. Məlum oldu ki, katib anasının əməliyyatı üçün bu mikroskopu məxsusi sifariş verərək gətirdib. Katiblə şöbənin həkimləri arasındakı gərginlik fiziki olaraq hiss olunurdu.

O, mikroskopu özü üçün tənzimlədi. Yanında gətirdiyi əməliyyat alətlərini və tikiş materiallarını əməliyyata hazırlıq üçün personala verdi. Tikəcəyi sap tükdən on dəfə nazik, tikiş iynəsi göz kirpiyinin cəmi üçdə biri boyda idi. Bütün bunlarla işləmək üçün o, mikroskop vasitəsi ilə gözü on altı dəfə böyüdüb əməliyyat edirdi. Bunlar müasir göz mikrocərrahiyyəsinin şərtləri idi.

Əməliyyat yaxşı keçdi. Sürücü Aleksandr Borisoviç (öz atası da sürücü işlədiyindən bütün sürücülərə yaxşı münasibəti var idi və Aleksandrla dərhal dostlaşmışdı) ona yolda maraqlı bir şey danışdı. Dedi:

– Adətən mənə şöbə müdirinin qəbul otağında çay verirlər. Şöbə müdiri ilə həkimin söhbətini təsadüfən eşitdim. Şöbə müdiri həkimə deyirdi: ”Biz akademiyadan yaşlı bir professor gözləyirdik. Maşından cavan, sonradan məlum olduğu kimi, azərbaycanlı bir həkimin düşməyinə çox təəccübləndim. İçim şübhələrlə doldu. Düşündüm ki, yəni birinci katibin anasının yeganə gözündəki əməliyyatı bu cavan həkim edəcək? Belə bir məsuliyyətin altına girməyə bu insan necə razı olub? Amma onun əməliyyat etməyinə baxanda bütün şübhələrim dağıldı. Mən illərin göz cərrahıyam. Çox cərrahların da əməliyyat etməsini görmüşəm. Kamil doktorun barmaqları gözün üzərində virtuoz pianoçunun barmaqları kimi hərəkət edirdi. Bütün hərəkətləri son dərəcə dəqiq idi. Gözlərimi onun barmaqlarının sehrindən çəkə bilmirdim. Mən göz cərrahlığında Allah vergisinin nə demək olduğunu, nəhayət ki, gördüm, şahidi oldum. Əhsən!”

 

Ardı gələn sayımızda

 

Hümbət Quliyev (publisist)

 

Azad Azərbaycan.- 2018.- 7 avqust.- S.7.