Kor xoşbəxtliyi
Hekayə
əvvəli
ötən sayımızda
Bu
sözləri dinlədikcə o, valideynlərini,
çoxsaylı müəllimlərini, həmpeşə
dostlarını minnətdarlıqla xatırladı.
Sürücünün səsi onu fikirlərindən
ayırdı:
–
Doktor, mənim sizdən şəxsi xahişim olacaq. Mənim
bir qardaşım var, uşaq vaxtı üzü və
gözləri yanıb. Hər iki gözü kordur, heç nə
görmür. Evlidir, otuz altı yaşı var. İki
qızı da var. Xahiş edirəm, ona baxasınız.
Düzdür, bir az yovuşmaz insandır...
– Əlbəttə,
sabah məni şöbəyə aparandan
sonra get, onu gətir. Onsuz da məndən
şöbədəki xəstələrə
baxmağımı xahiş edirlər. Ona
da baxaram.
Göz əməliyyatının
sabahısı günü əməliyyat olunmuş gözdən
sarğının götürülməsi cərrah üçün həmişə
həyəcanlıdır. Gün ərzində
sarğı altında olan gözdə çox şeylər
baş verə bilərdi. Onlarla tikişin cəmi birində
ola biləcək zəiflik ağır fəsadlara gətirib
çıxarardı. Əməliyyat vaxtı kəsilmiş
damarlardan açıla biləcək qan da həmişə təhlükə
mənbəyi idi. Palatada Mariya
İvanovnanın göz sarğısının
açılışına şöbənin bütün həkimləri
toplaşmışdı. Hamı həyəcan
içində idi: Necə olacaq? Birinci gözdəki
fəsadlar təkrar olacaqmı? O görəcəkmi? Hamı Kamil həkimi gözləyirdi.
Palatanın qapısı açıldı. Budur, o! Şöbə
müdirinin müşayiəti ilə içəri daxil oldu.
Onun üzündəki təbəssüm və
hərəkətlərindəki özünəinam
hamını bir qədər sakitləşdirdi. O elə
gülümsəyə-gülümsəyə də pasiyentin əhvalını
soruşdu. Yaşlı xanıma xitabən dediyi
xoş sözlərdən onun da çöhrəsində təbəssüm
əmələ gəldi. O, sarğını astaca,
xanımın gözətrafı dərisinə nəvaziş
göstərə-göstərə açdı.
– Mariya
İvanovna, – o, mehriban səslə dedi, – indi yavaş-yavaş
gözünüzü açın.
Xanım əvvəl xəfifcə göz
qapaqlarını tərpətdi, sonra onları açdı. Göz
qapaqlarını bir neçə dəfə qırpıb, əvvəl
yuxarı, sonra qarşısında oturmuş Kamil həkimə
baxdı. Palatada tam sakitlik yarandı.
– Doktor, mən
sizi görürəm! Mən sizi yaxşı görürəm!
Allahım, siz nə qəşəng insansınız! Mən artıq cənnətdəyəm?
Onun bu sözlərinə palatada olanların
hamısı gülüşdü. Hamı sevinir,
bir-birini təbrik edirdi. Şöbə
müdiri Kamil həkimin əlini sıxaraq tələsik
palatanı tərk etdi. Hamı başa
düşdü ki, o, “Birinci”yə məruzə
üçün belə tələsik gedir. Nəinki o, bütün şəhər rəhbərliyi
bu xoş xəbəri gözləyirdi. Şöbənin
üzərindən qara buludlar dağılmışdı.
Həmin qara buludları ustalıqla
dağıtmış bu azərbaycanlı həkimə minnətdarlıq
etməyi hər kəs özünə borc bilirdi.
Şöbənin dəhlizində
sürücünün yanında orta yaşlı, qara eynəkli
bir insan gördü. Fikrindən keçdi ki, yəqin, kor
qardaşıdır. Onlara
yaxınlaşıb hər ikisini müayinə otağına
dəvət etdi. Müayinəni qurtarandan sonra hər
ikisinə xitabən dedi:
– Sol
gözün şansı yoxdur. Sağ gözü isə
çox ümidli görürəm. Bu
gözün buynuz qişası yanıb, yumurtanın
ağı kimi bişib və dümağ ağarıb. İşıq gözün dibinə düşə
bilmir. Gözün arxa hissəsinin
müayinəsi göstərir ki, görmə
üçün ən vacib olan arxa hissə və göz
siniri salamatdır. Son ilərin nailiyyətləri
imkan verir ki, ön hissəni tamamilə süni əvəzləyicilərlə
əvəz edək. Mən böyük ehtimalla deyirəm ki,
qardaşınızın gözünü açmaq
mümkündür. Düzdür, akademiyada da bəzi
mürəkkəb müayinələrə ehtiyac olacaq. Amma
təkrar edirəm, bu gözü aça biləcəyik.
Bu gözün görə bilmək şansı
çox böyükdür. Hər ikinizi təbrik
edirəm. Akademiyada görüşənədək! Sizə lazım olan sənədlərin
hazırlanmasına da kömək edəcəyəm.
Ertəsi gün sürücünün pərişan
olması Kamil həkimin gözündən yayınmadı.
– Aleksandr
Borisoviç, nə olub?
– Doktor, mənim
qardaşım Vasiliy axmaqdır, çox axmaq!
– Axı
nə olub?
– Vasiliy əməliyyat
olunmaq istəmir.
– Necə
istəmir? Bəlkə, yol xərcləri ilə
bağlı problem var? Mən kömək etməyə
hazıram! Akademiyada bütün müayinə və
müalicə pulsuzdur.
– Yox, pul
problem deyil. Əlilliyə görə o,
yaxşı müavinət alır. Korlar cəmiyyətinin
dəstəyi ilə göbələk yığmaq
üçün zənbillər toxuyur, ordan da pul alır. Yoldaşı da
işləyir.
– Bəs
onda necə ola bilər ki, insan
işıqlı dünyanı görməkdən imtina etsin?
O, nəhayət, heç vaxt görmədiyi həyat
yoldaşını, uşaqlarını görəcək.
Günəşi, ağacları, çiçəkləri,
insanları, hər şeyi... Mən
düşünürdüm ki, o sevinəcək, bu şansdan
ikiəlli yapışacaq.
– Mən
də, həyat yoldaşı da bunu təkidlə ona başa
salmağa çalışdıq, xeyri olmadı.
– Aleksandr Borisoviç,
maşını sürün qardaşınızın evinə!
– Bəs
şöbə?
– Eybi
yoxdur, orada təcili bir işim yoxdur. Axşama
da ki, ikimiz də banketdə olacağıq. Bizim şərəfimizə
təşkil olunmuş banketdə!
– Sizin
şərəfinizə, Kamil Qasanoviç! Hamı
sizdən danışır. Baxıram, siz
fikir vermirsiniz. Şöbənin
xanımları sizə yaman göz qoyurlar. İşə toya gedirmiş kimi bəzənib gəlirlər.
– Hə? Gərək fikir verəm, – deyərək
gülümsədi.
Sürücünün kor qardaşı artıq şəhərə
bitişmiş kənddə yaşayırdı. Maşın
taxtadan düzəldilmiş, birmərtəbəli evin
qabağında dayandı.
Vasiliy həyətdə qoyulmuş
masanın arxasında oturmuşdu; qucağındakı
pişiyi sığallayırdı. Ətrafında
çoxlu toxunma zənbillər var idi. Masanın
üzərində yarıhazır bir zənbil də vardı.
Evdə Vasiliydən başqa heç kimin
olmadığı aydın oldu. Yəqin, həyat
yoldaşı işdə, uşaqları da məktəbdə
idi...
Kamil həkim
ucadan salamlaşandan sonra onun masasının
qabağındakı kətildə oturub dedi:
– Vasiliy,
səni fikrindən daşındırmağa gəlməmişəm.
Hər bir insan seçimində azaddır.
Mən göz həkimiyəm, mənim işim
insanlara gözlərinin itirilmiş nurunu qaytarmaqdır.
Bəzən hətta insanlara
işığın istiqamətini müəyyənləşdirmək
qabiliyyətini qaytarmaq üçün aylarla
çalışıram. Əməliyyatdan
sonra gözləri önündə öz barmaqlarını
görə bilən insanların ağladığının
şahidi olmuşam. Məndə sənin
mövqeyinlə bağlı həm bir həkim, həm də
insan kimi maraq yarandı. Mən sənə
gördüyün qara zülmət əvəzinə,
işıqlı dünyanı yenidən görmək kimi
gözəl alternativ təklif edirəm. Çox real olan
alternativ! Allah bu dünyaya
günəş verib ki, yer işıqlı olsun! Bütün
canlılara və insana göz verib ki, bu işıqlı dünyanı görə bilsinlər.
Görə bilmək insanın həyatını
asanlaşdırır və gözəlləşdirir. İnsan baxaraq sevib-sevilə bilir. O görərək
sevinə və sevindirə bilir. Gözlər
Allahın insana bəxş etdiyi ən böyük nemətdir,
gözdən əlillik də ən ağır əlillik
sayılır. Bunu sən yaxşı
bilirsən. Gəlmişəm ki, sənə qulaq asım. Sənin fikirlərini dinləyim.
Uzun
sükutdan sonra o dilləndi:
– Doktor,
heç bilmirəm
hardan başlayım... Mən bu həyatıma
vərdiş etmişəm. Ətrafdakılar
məni kor hesab etsələr də, mən özümü
kor saymıram. Mən əllərimlə
“görürəm”, qulaqlarımla “görürəm”.
Siz bilirsiniz ki, kor insanların digər hisləri
yaxşı inkişaf edir. Baxın, mən bu zənbilləri
toxuyuram, onları görən əllərimlə toxuyuram.
Siz mənim gözlərimi açsanız belə,
bu zənbilləri toxumaq üçün mən gözlərimi
yummalı olacağam. Mənim dünya
haqqında, həyat yoldaşım, uşaqlarım haqqında
öz təsəvvürüm var. Mən bu təsəvvürlərin
içərisində özümü rahat və xoşbəxt
hiss edirəm. Hə, xoşbəxt! Mən öz həyat
yoldaşımı heç vaxt görməmişəm, onu
dünyanın ən gözəl xanımı olaraq təsəvvür
edirəm. O mənim üçün həmişə –
ömrümün sonuna qədər elə gözəl
görünüşdə də qalacaq. Mən
onu dəyişməz məhəbbətlə həmişə
sevəcəyəm. Siz mənim gözlərimi
açsanız, ətrafımda yad insanlar görəcəyəm.
O insanlara mən yenidən necə uyğunlaşacağam?
Axı onlar mən təsəvvür etdiyimdən tam
fərqli görünüşdə ola bilərlər.
Siz gözlülərin dünyası müqayisələr
üzərində qurulub: kim daha gözəldir,
kimin daha çox malı, mülkü var, ən böyük
malikanə kimdədir, kimin maşını daha bahalı, daha
sürətlidir. Siz ən gözəl
saydığınız, sevdiyiniz xanımla evlənirsiniz.
Beş ildən sonra siz onu daha cavan biri ilə
müqayisə edib məyus olursunuz, çox hallarda sevdaya, əlbəttə
ki, müvəqqəti sevdaya düşürsünüz.
Mənim heç kimi və heç nəyi
müqayisə etmək imkanım olmadığından
xoşbəxtəm. Müqayisələr üzərində
qurulmuş siz gözlülərin dünyasında heç kim xoşbəxt ola bilmir. Hətta aranızda
olan ən gözəl və ən dövlətli insan belə
xoşbəxt deyil. Əvvəllər mən
televizora qulaq asırdım, daha qulaq asmıram. Əvvəllər açar deşiyindən baxmaq
eyib sayılırdı, indi açar deşiyini televizor əvəz
edib və daha heç nə eyib deyil. İnsanlar
ən çox nəyi görmək istəyirlər, bilirsiniz?
Bir-birinin eybini! Məgər gözlər sizə
buna görə verilib?! Siz gözlüləri
ən çox sevindirən bilirsiniz nədir? Başqasının
yıxılmağına baxmaq, başqasının
uğursuzluğunu seyr etmək! Siz mənim
gözümü açan kimi mənim əlilliyimi əlimdən
alacaqlar. Özümə iş axtarmalı olacağam. Yaltaqlıq, paxıllıq, ikiüzlülük
meyarları ilə işləyən hansı kollektivdə mən
öz yerimi tapa bilərəm?! Mənim
yaşadığım bu gözəl dünyamın əvəzinə
siz mənə hansı dünyanı təklif edirsiniz?!
Geri
qayıdanda sürücü başını bir qədər yana döndərərək arxa oturacaqda
oturmuş Kamil həkimdən soruşdu:
– Doktor,
Vasiliy haqda nə düşünürsünüz?
Bayaqdan
gözlərini yummuş Kamil həkim bir qədər
sükutdan sonra elə gözlərini açmadan dedi:
– Əziz Aleksandr Borisoviç, insan bu dünyaya xoşbəxt
olmaq üçün gəlir. Sənin
qardaşın Vasiliy müqayisələrin
mümkünsüz olduğu öz qaranlıq dünyasında
öz xoşbəxtliyini tapıb. Biz də
səninlə işıqlı dünyamızda – bu sonsuz
müqayisələr dünyasında öz xoşbəxtliyimizi
tapmağa çalışaq.
Hümbət Quliyev (publisist)
Azad Azərbaycan.- 2018.- 9 avqust.- S.6.