70
yaşın astanasında olan möcüzələr məskəni
Mavi Xəzərin kəhraba qumlu sahilində
üfüq boyu ağ mirvari boyunbağı kimi uzanan əfsanəvi
şəhər... Xəzərin sinəsində mirvaritək bərq
vuran qədim Coratın qoynunda salınan şəhər... Azərbaycanın
başqa şəhərlərindən fərqli olaraq düzənlikdə
yerləşən bu şəhər 70 yaşın
astanasında olan möcüzələr məskəni
Sumqayıtdır.
Hələ 1940-cı illərin əvvəllərindən
təməli kiçik baraklardan, taxta evlərdən qoyulan
Sumqayıt bir-birinə yad olan insanları ağuşuna alaraq
onları doğmalaşdırdı və özü də
doğmalaşdı. Həmin illərdə “fəhlə
yataqxanası”nı xatırladan Sumqayıt zirvələri fəth
etməyə həmişə hazır olan
qağayılar, göyərçinlər
sığınacağı kimi tanınırdı. Sonradan
taleyini bu şəhərlə bağlayanların danılmaz əməyi
sayəsində Sumqayıt gənclik, iri sənaye şəhəri
kimi ad qazanaraq başqa şəhərləri kölgədə
qoydu. 1949-cu ilin noyabr ayının 22-dən şəhər
statusu alan Sumqayıtın bu günə qədər
keçdiyi əzəmətli inkişaf yolu
böyükdür. Bu böyüklükdə gecə-gündüz
yorulmadan çalışan, çətinliklərə zəhmətilə
sinə gərən əli qabarlı fəhlə əməyi,
ziyalı zəkası var. Sumqayıtda hər daşın
üstünə bir daş qoyub onu zirvələrə
çatdıranlar bu şəhərlə birgə
ucaldılar. Sumqayıtın yaddaş tarixində
izlər qoyan ilk əmək bahadırları – Zəminə,
Gülbahar, Fərman və başqaları şəhərin
qızıl açarını bugünki nəslə
ötürdülər.Bu gün Sumqayıt yenilikləri ilə
fərəh doğurur. Sürətlə həyata
keçirilən böyük iqtisadi layihələr öz bəhrəsini
bu gün də verməkdədir. Müasir siması ilə
dünyanın inkişaf etmiş gözəl şəhərlərindən
biri kimi tanınan doğma Sumqayıt şəhərindən
istər ölkəmizdə, istərsə də xaricdə fərəhlə
danışılır. Yeniləşən
Sumqayıtın müəllifi kimi qəbul edilən
bacarıqlı təşkilatçı rəhbər,
hörmətli İcra başçısı Zakir Fərəcovun
bu şəhərin mədəni səviyyəsinin yüksəlməsi
və modern inkişafı üçün dövlət
proqramına uyğun olaraq bir sıra islahatların
gerçəkləşməsində səylə
çalışması müsbət nəticələrin,
yeni nailiyyətlərin əldə olunmasına zəmin
yaradır.
Abadlıq, quruculuq işləri davam edən
doğma Sumqayıt yeniliklərlə doludur.
Çağdaş tərəqqi ünvanı olan Sumqayıt
şəhəri başqa şəhərlərə nümunədir.
Beynəlxalq mükafatlara layiq görülən Sumqayıt
bulvar-park həqiqətən möcüzə doğurur.
Qısa müddətdə ərsəyə gələn
bulvar-park təkcə şəhər əhalisinin deyil, həm
də xarici qonaqların sevimli istirahət mərkəzinə
çevrilibdir. Yüksəliş
dinamikasından xəbər verən şəhərin
sosial-iqtisadi inkişaf göstəriciləri dövlət
başçısı cənab İlham Əliyevin Cənubi
Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan
Sumqayıta səfərlərinin, diqqət və
qayğısının nəticəsidir. Sosial-iqtisadi
inkişaf proqramlarının uğurla həyata keçirilməsi
ağ göyərçinli şəhərin adını həm
ölkəmizdə, həm də xaricdə böyükdən
kiçiyə qədər tanıtdı, iri sənaye şəhərinə
maraq daha da artdı. Yeni açılan müəssisələrin
fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini
verməkdədir. 2018-ci ilin əvvəlindən Sumqayıtda
ümumi daxili məhsul istehsalı 36 faiz artaraq 1 milyard 500
milyon manatdan çox olub ki, bunun da üçdə biri sənaye
müəssisələrinin payına düşür. Yerli istehsalın artırılmasını vacib hesab
edən dövlətimiz maliyyə vəsaiti ayıraraq yeni
layihələr əsasında nəhəng müəssisələrin
yaradılmasına dəstək olur. İyul ayında
İtaliya prezidenti Sercio Mattarella ilə Sumqayıt Kimya Sənaye
Parkında SOCAR – Polimer MMC-nin polipropilen istehsalı zavodunun
açılışında iştirak etmiş dövlət
başçımız həmin müəssisənin fəaliyyətə
başlamasını çox əlamətdar hadisə
adlandırmışdır. Kanada və Avstriya texnologiyası əsasında
il ərzində 180 min ton məhsul istehsalı qabiliyyətinə
malik zavodda 450 nəfər işlə təmin edilmişdir
Bir sıra qabaqcıl ölkələrin maraq
dairəsinə çevrilən Sumqayıt Kimya Sənaye
Parkı ölkəmizin ən iri sənaye parkı
olduğundan ixtisaslı kadrların hazırlanmasına ehtiyac
duyulur. Bu məqsədlə müasir tipli
Peşə Tədris Mərkəzinin, istehsal gücü 120
min ton olan yüksək sıxlıqlı polietilen istehsalı
zavodunun, illik gücü 650 min ton olan azot gübrəsi
istehsal edəcək “Karbomid” zavodunun, Almaniya texnologiyası əsasında
ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə
şüşə lövhələr
istehsalı müəssisəsinin, Avstriya texnologiyası əsasında
ildə 6 milyon kubmetr həcmində fibro sement lövhələr
istehsalı müəssisəsinin, Cənubi Koreya
texnologiyası əsasında ildə 20 min ton ferrosilisium və
36 min ton ferrosilikomanqan istehsalı müəssisəsinin,
İsveçrə və Türkiyə texnologiyaları əsasında
ildə 5 min ton tikinti qatqısı
istehsalı müəssisəsinin, 7 milyard ədəd siqaret
istehsal edəcək tütün fabrikinin, “Azərxalça”
ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə
fəaliyyət göstərəcək, ildə 370 ton iplik və
195 ton təmiz yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin
tikintisi davam etdirilir. Sumqayıt şəhər İcra
hakimiyyətinin köməyi ilə 2500-ə yaxın adam
işlə təmin olunub. Sumqayıta məlum hadisələrlə
bağlı pənah gətirən məcburi
köçkünlərin problemləri də həmişə
diqqət mərkəzindədir. Hörmətli
prezidentimiz cənab İlham Əliyevin tapşırığı
və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban
Əliyevanın təşəbbüsü ilə Sumqayıt
şəhərinin 12-ci mikrorayonunda 936 ailənin, şəhərətrafı
ərazidə isə 1000 ailənin köçürülməsi
üçün inşa edilən yeni yaşayış
binaları buna əyani sübutdur. Şəhər təsərrüfatının günün tələblərinə
uyğun səviyyədə inkişafı qüdrətli
dövlətimizin qayğısı ilə əhatə
olunubdur. Şəhər rəhbərliyinin böyük
bacarıq və təşkilatçılığı ilə
görülən abadlıq-quruculuq,
yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri ürəkaçandır.
2015-ci ilin sentyabr ayından mərhələli şəkildə
görülən işlərin sırasında yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili
yolların, küçələrin, eləcə də məhəllədaxili
ərazilərin asfaltlanması işləri bu gün də davam edir. Şəhərin küçələrinə
döşənən asfalt örtüyü 170 min kvadratmetr,
mikrorayon və məhəllələrin ərazisində isə
120 min kvadratmetr təşkil edir. 35 min kvadratmetr asfalt
örtüyünün cari təmiri, 38 min poqonmetr səki
daşının dəyişdirilməsi və rənglənməsi,
58 kanalizasiya quyusunun bərpası, küçə və
prospektlərə 459 ədəd ünvan lövhəsinin
vurulması və bu kimi digər işlərin görülməsi
müasirləşən Sumqayıta yeniliklər bəxş
edir. “Bağlar massivi” yolunda 16 kilometr uzunluğunda 17 min
kvadratmetr sahə asfaltlanıb. Metallurq Yəhya Məmmədov
küçəsi abadlaşdırılıb. “Acıdərə”
kanalının böyük bir hissəsi iri diametrli borulara
salınıb, yol genişləndirilib və asfalt
örtüyünün döşənməsinə
başlanılıb. Abadlıq-quruculuq işləri davam edir.Sumqayıt
dövlətimiz tərəfindən həmişə
böyük diqqət və qayğı ilə əhatə
olunub. Ulu öndər Heydər Əliyevin layiqli
davamçısı möhtərəm prezident İlham
Əliyevin bu ilin noyabr ayının 16-da doğma şəhərimizə
gəlişi və Sumqayıt Dəmir Yolu Vağzalı
Kompleksinin açılışında iştirakı əhalidə
yeni ruh yüksəkliyi yaratdı. Həmin gün ölkə
başçısının imzaladığı
“Sumqayıt şəhərində çoxmənzilli
binaların lift təsərrüfatının maddi-texniki
bazasının möhkəmləndirilməsi və
abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Sərəncamda
qeyd olunur ki, Azərbaycan Respublikası regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
uğurlu icrası nəticəsində bu gün də sürətlə
inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin
davamlı inkişafının təmin edilməsi, qabaqcıl
texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye
sahələrinin yaradılması və əhalinin məşğulluğunun
artırılması istiqamətində mühüm tədbirlər
həyata keçirilib, o cümlədən gücü 525 MVt
olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası
tikilib. “Azərikimya” İB-nin müəssisələri yenidən
qurulub. Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin “Azgüntex” zavodu,
“Sağlam qida” Aqrar Sənaye Kompleksi, “Azərsun Holdinq”in
kağız və karton emalı kombinatı və yağ
istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans
Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton
boru və beton döşəmə daşı
istehsalı müəssisələri yaradılıb. Həmçinin
Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu,
“Tabaterra” QSC-nin tütün məmulatları istehsalı
fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər zavodu.
Pestisid və aqrokimyəvi məhsulları,
xortum və fitinq birləşmələri, sürtkü
yağları, polipropilen qurğusu, elektron təhsil
avadanlığı, şüşə və saxsı məmulatları
istehsalı müəssisələri, Məlumatların
Emalı Mərkəzi, “STP” MMC-nin müxtəlif istehsal sahələri
üzrə ixtisaslaşmış 13 zavodu, “Azərtexnolayn”
MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki
avadanlıqlar istehsalı zavodları istifadəyə verilib.
65 mindən çox yeni iş yeri açılıb. Bununla yanaşı, şəhərdə
sosialyönümlü bir sıra infrastruktur layihələri də
yerinə yetirilib, o cümlədən Olimpiya və Paralimpiya
İdman kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi,
Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi,
əlil və şəhid ailələri üçün
ümumilikdə 240 mənzilli 5 yaşayış
binası inşa edilib. 1 saylı Şəhər Mərkəzi
Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət
Sarayının, Sumqayıt Dövlət Dram Teatrının,
Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin,
3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin
binaları əsaslı təmir olunub. “ASAN Xidmət” Mərkəzi
fəaliyyətə başlayıb. 22 ümumtəhsil müəssisəsi
istifadəyə verilib, 106 hektar ərazidə dənizkənarı
bulvar-kompleksi salınıb, geniş abadlıq quruculuq işləri
görülüb. Sərəncama əsasən
Sumqayıt şəhərində çoxmənzilli
binaların lift təsərrüfatının maddi-texniki
bazasının möhkəmləndirilməsi və
abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə
Azərbaycan Pespublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan
Sumqayıt şəhər İcra hakimiyyətinə 5 milyon
manat, o cümlədən 18 çoxmənzilli binanın
istismara yararsız 62 liftinin yenilənməsi üçün
2,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi
üçün 2,5 milyon manat ayrılıb. Hər zaman yeni nəslin
təlim-tərbiyəsini üstün tutan dövlət
başçısı Sumqayıtda 1176 şagird yerlik yeni
ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinə ilkin olaraq 1
milyon manat ayırıb. Bu yaxında şəhərin 6-cı
mikrorayon ərazisində müasir tələblərə cavab
verən “Kaspi” uşaq bağçasının
açılışı da sakinlər tərəfindən rəğbətlə
qarşılanıbdır.
Bəli, Sumqayıt inkişaf
edir, böyüyür və dünyanın ən gözəl
şəhərləri sırasında tanınır. İstər
mədəniyyət, təhsil, səhiyyə, idman, istərsə
də sosial-iqtisadi sahələrdə əldə olunan
uğurlarda üzərinə düşən öhdəliyi
layiqincə yerinə yetirən hər kəsin payı
var. Təməli qoyulan gündən bu günədək
şanlı zəfər yolu keçən Sumqayıt 70 illik
yubiley ərəfəsindədir. Əminliklə demək olar
ki, Sumqayıt yeniləşən şəhər kimi 2019-cu
ildə yubiley münasibətilə daha böyük
uğurlara imza atacaq və yeni xarüqələr
yaradaraq tarixi səhifələr yazacaq.
Rəna İmanova
Azad Azərbaycan.-
2018.- 4 noyabr.- S.4.