Azərbaycan etnosları: Nic kəndinin udinləri
Azərbaycanın yerli etnoslarından olan udinlər Qafqaz Albaniyasının əsasını qoymuş
26 alban tayfasından biridir. Hazırda onlar ölkənin Qəbələ və Oğuz rayonlarında yaşayırlar. 2009-cu ilin
siyahıyaalınmasına görə,
onların sayı 3800
nəfər olub. Udinlər əsasən Qəbələ rayonunun Nic kəndində yaşayırlar. Çoxsaylı
qədim abidələrin
qorunub saxlandığı
bu özünəməxsus
kənd etnoturizm həvəskarlarında böyük
maraq doğurur.
Tarix, folklor
və dil
Udinlərə aid ilk məlumata
2500 il əvvəlin mənbələrində rast
gəlinir. Bu tayfanın əcdadları
utilər haqqında eramızdan əvvəl V əsrdə qədim yunan tarixçisi Herodot özünün “Tarix” əsərində məlumat verib. Uti, Utiq, Otena
Kür sahilində, Qarabağda, müasir Bərdə və İmişli ərazisində
yerləşən mühüm
vilayətlər kimi xatırlanır. Onlar haqqında, həmçinin
qədim yunan tarixçisi və coğrafiyaşünası Strabon
“Coğrafiya” əsərində
eramızdan əvvəl
I əsrdə Xəzər
dənizi və Qafqaz Albaniyasını təsvir edərkən yazıb. Udin etnik termin kimi
ilk dəfə I əsrdə yaşamış
romalı yazıçı
və filosof Böyük Pliniyin “Təbiət tarixi” əsərində işlədilib.
II əsrdə yaşamış
yunan mütəfəkkiri
Ptolomey “Coğrafiya” əsərində Xəzər
sahillərində müxtəlif
tayfaların, o cümlədən
udinlərin yaşadığı
barədə məlumat
verir.
VIII əsrdə yaşamış Musa Kalankatlı “Alban tarixi” əsərində udinlər haqqında daha müfəssəl məlumat verib və özünü uti tayfalarına aid edib. O, 26 alban tayfasının əsasını qoymuş
mifik Aran haqqında yazıb: “Onun oğlundan Uti, Qardman, Savdey,
Qarqar knyazlıqlarında
yaşayan tayfalar yaranıb”. Müəllifin
sözlərinə görə,
utilər oturaq həyat tərzi keçirib, əkinçilik,
maldarlıq və sənətkarlıqla məşğul
olublar.
Udinlər girdəsifət,
saçlarının rəngi
açıq olur. Bu qonaqpərvər insanlar arasında uzunömürlüləri çoxdur,
gənclər yaşlı
nəslə hörmətlə
yanaşır. Keçmişdə udin ailələri böyük olardı. Onlar yaxın qohumlarla nikaha girərdilər, erkən nikahlar geniş yayılmışdı. Lakin
XIX əsrdən etibarən
ailələrdə uşaqların
sayı azalmağa başladı. Udinlərin
milli geyimi Qafqaz xalqlarının ümumi geyimi kimidir. Keçmişdə
uti tayfasından olan qadınlar üzləri bağlı gəzər, kişilərlə
süfrə arxasında
oturmaz, söhbətə
qarışmaz, icazəsiz
evdən çıxmazdılar.
Cümə axşamı
onlarda ən uğurlu gün hesab edilib, adətə
görə həmin gün başlanılan iş xeyirlə başa çatardı. Udin folkloru çox
rəngarəngdir. Bu folklorda müxtəlif oyunlar, lirik və qəhrəmanlıq
mahnıları, rəqslər
var. Əfsanə və rəvayətlər
məişət mövzusundadır.
Keçmiş inanclardan
Aya tapınma indiyə qədər davam edir.
Udinlər öz aralarında ana dilində danışırlar. Bu dil
Nax-Dağıstan dilləri
qrupuna daxil olub, periferiya mövqeyi tutur, Nic və Vartaşen
dialektinə bölünür.
Hər dialekt müstəqil inkişaf etsə də, bu ayrılıq
qarşılıqlı anlaşmaya
mane olmur. Müasir udin
əlifbasının müəllifi
Nic kəndinin sakini, böyük təcrübəyə malik
filoloq Keçaari Qriqori hesab edilir.
Udin mənəviyyatının gücü
və ermənilərin
iflası
VII əsrdə Azərbaycanın
ərəblər tərəfindən
işğalından sonra
ölkə ərəb
xilafətinin tərkibinə
daxil olub və yerli əhali,
o cümlədən udinlər
islamı qəbul ediblər. Lakin onların bir
hissəsi əvvəlki
etiqadını qoruyub
saxlayıb ki, bunun nəticəsində də VII əsrdə erməni-qriqoryan kilsəsinə
daxil olublar. Bu kilsə hələ
VI əsrdən başlayaraq
Alban avtokefal kilsəsini
özünə güclə
tabe ütməyə çalışırdı. Həqiqətən də VIII əsrdən
sonra alban katolikosu və onun dəftərxanası qorunub saxlanılmış,
lakin alban xristianlarının fəal
deetnikləşdirilməsi və erməniləşdirilməsi
başlanmışdı. Nəticədə onlar Qarabağda
öz dil və mədəniyyətlərini
tam itirdilər. Yad kilsənin
güclü təsirinə
baxmayaraq, udinlər Qəbələ və Oğuz zonasında özünəməxsusluqlarını və doğma dillərini bu günümüzə qədər
qoruyub saxlayıblar.
Qəbələ rayonunun ən böyük kəndlərindən
biri olan Nicin sahəsi 100 kvadratkilometrdir, rayon mərkəzindən
40 kilometr cənub-qərbdə
yerləşir. Əsas əhalisi etnik
udinlərdir. Kənd ərazisi
becərilən torpaq sahələrindən, bağ–bağçalı, yaraşıqlı
evlərdən, şəxsi
həyətlərdən ibarətdir.
Həyətlərdə yetişdirilən meyvə və qoz-fındığın əksəriyyəti
satışa çıxarılır.
Nic kəndindən
qonşu yaşayış
məntəqələrinə və Bakıya avtobusla getmək olar. Kənddə beş orta məktəb var. Onlardan üçü tədrisin
rus dilində aparıldığı, eləcə
də udin dilinin mütləq tədris edildiyi, ikisi isə tədrisin Azərbaycan dilində aparıldığı
və udin dilinin öyrənilməsinin
məcburi olmadığı
məktəblərdir.
Kənd
“Çotari”, “Ağ dələkki”, “Qoca bəyim” və digər məhəllələrdən
ibarətdir. Vaxtilə hər məhəllənin
öz kilsəsi olub. Onlardan bir neçəsi
dövrümüzə gəlib
çatıb. Belə ki,
kəndin qürur yeri, XVII əsrə aid “Çotari” kilsəsi vaxtilə Alban xristianlığının
mərkəzi idi.
Burada kilsənin yaşıdları
hesab edilən dörd nəhəng çinar ağacı var.
Yerli sakinlər deyirlər ki, kilsənin tikintisi başa çatandan sonra kəndin hər bir məhəlləsinin
sakinləri onun ətrafında çinar ağacları əkiblər.
Dini bayramlarda ailələr kilsəyə gələr,
öz çinar ağacının altında
oturar, yemək hazırlayır, yeyib-içərmişlər.
2006-cı ildə Alban kilsəsi bərpa işlərindən sonra təntənəli surətdə
açılıb. Nic sakinləri
170 ildən sonra ilk dəfə öz məbədlərinə daxil
olublar. Amma bu hadisənin
bir tarixçəsi
var. Rus Pravoslav Kilsəsi idarəsi
1836-cı ildə Alban kilsəsini
və onun katolikosunu ləğv edəndən və bu kilsənin tarixinə aid bütün
sənədləri daşıyıb
aparandan sonra udinləri erməni kilsəsinə keçməyə
məcbur ediblər.
Amma udinlər Rusiya çarının Alban kilsəsinin
erməni-qriqoryan kilsəsinə
tabe etdirilməsi barədə fərmanını
qəbul etməyiblər
və heç kəs erməni kilsəsinə keçməyib.
Udinlər bütün ayinlərini
və ibadətlərini
evdə icra etməyə başlayıblar.
Bundan istifadə edən ermənilər udinlərin
bütün tarixi və dini irsini
mənimsəyərək, onları
assimilyasiya etməyə
çalışıblar. Amma udin xalqı bütün bu illər ərzində öz etiqadını, dilini, adət və ənənələrini
qoruyub saxlaya bilib.
Hazırda “Çotari” alban kilsəsi tam fəaliyyət
göstərir. Tezliklə burada udin dilində ibadətlər təşkil ediləcək.
Hazırda bu kilsəni
MDB və digər xarici ölkələrdən
yüzlərlə qonaqlar
ziyarət edirlər.
Milli mətbəx, adlar və qonaqpərvərlik
Kənddə digər udin məbədləri də qorunub saxlanılıb. Məsələn, XVI-XVII əsrlərin “Bulum” məbədi, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid “Göy
kilsə”. Vaxtilə “qriqorianlaşdırmaya”
məruz qalmış
bu kilsələr indi fəaliyyət göstərmirlər.
Kənddə XVI-XVII əsrlərə aid qədim
qəbiristanlıq da var. Ən
qədim məzarlarda çay daşlarından istifadə olunub və üzərində heç bir yazı yoxdur. XIX əsrə aid daşlarda mətn və şəkillər qalır.
Bütün yazılar udin
dilindədir.
Udinlərin özünəməxsus və
çeşidli mətbəxi
var. Buraya undan, süddən, ətdən,
göyərtilərdən hazırlanan
yeməklər daxildir. Populyar yeməklərdən
biri “Xərisə”dir.
Buğda həll olunana qədər bişirilir, sonra kərə yağı ilə yağlanır, ət və ya toyuqla qarışdırılır.
Əkinçilərin ənənəvi xörəyi olan xərisə qədimdən
Ön Asiyada, o cümlədən suriyalılarda
eyni adla məşhurdur. Azərbaycanın digər rayonlarında bu yeməyə həlimaşı deyilir.Nic
kəndində yerləşən
kafedə udinlərin milli və qədim
yeməklərinin dadına
baxmaq olar. Udin kulinariyasında ətli sıyıq, fırrama (içi doldurulmuş hind toyuğu təndirdə bişirilir), şıftılıq
(şabalıd və qozdan hazırlanmış
sous), çilov (paxlalı
plov), döşəməli
aş (cücə-plov)
və s. qeyd etmək olar.
Başqa xalqlarda olduğu kimi, udinlərin də öz milli adları var. Amma Nic kəndində
əsl udin adları ilə yanaşı, iqtibas edilmiş adlar da çoxdur. Bəzən çox maraqlı
adlara təsadüf edilir. Məsələn,
çoxsaylı Vitali,
Sergey, hətta bir Volter və bir Geroy adlı
kişi də var.
Nic kəndində
poliklinika, mağazalar,
kafe, 300 yaşlı bulaq olmasına baxmayaraq mehmanxana yoxdur. Əhali qonaqpərvərdir:
səyahətçilər yerli sakinlərin evində qala bilərlər. Sakinlər kəndə məmnuniyyətlə
ekskursiya təşkil
edər, görməli
yerlərə aparar, milli yeməklərə qonaq edər. Nic kəndinin bolluca meyvə-tərəvəz, qoz-fındıq,
ədviyyat və Azərbaycanın bu bərəkətli diyarının
digər məsullarının
satıldığı, bölgədə
məşhur olan Həftə bazarına baş çəkməyi
unutmayın.
Emil Eyyubov
Azad Azərbaycan.-
2018.- 17 fevral.- S.4.