Əsl sənətkarları qorumaq lazımdır

Azərbaycan Respublikasının Xalq artisti Məzahir Süleymanov. Bu ad və soy ad çoxminli oxucularımıza yaxşı tanışdır. Çünki bu sənətkarı oxucular həm teatr və həm də televiziya ekranlarında uzun illərdir tez-tez görürlər. Və onun çox ustalıqla, böyük sənətkarlıqla yaratdığı obrazlara maraqla tamaşa edirlər. Bəziləri onu oynadığı müsbət obrazlarda sevir və bəziləri də yaratdığı mənfi obrazlara görə yamanlayırlar. Deməli, aktyor oynadığı hər bir obrazı sevərək yaradır və bu obrazın ərsəyə gəlməsində, tamaşaçılar tərəfindən məhəbbət və nifrət qazanmasında böyük zəhmət sərf edir. Onu 42 ildir ki, tanıdığıma görə, mənim və başqa rejissorların quruluş verdiyi çoxlu tamaşalarda maraqlı obrazlar yaratdığından onun haqqında qətiyyətlə bu sözləri deyə bilərəm: “Məzahir Süleymanov zəhmətkeş, çox məsuliyyətli insan olduğuna görə, yaratdığı hər bir rola da bu zəhməkeşlik və cavabdehliklə yanaşdığından oynadığı rolları obraz səviyyəsinə yüksəldə bilir. Bu isə hər aktyora nəsib olan bir xüsusiyyət deyil. Bunu isə yalnız əsl ustad sənətkarlar bacarırlar”.

 

Əziz oxucular gəlin birlikdə Məzahir Süleymanovun həyatda və sənət yollarında keçdiyi keşməkeşli, maraqlı yola və qısa tarixçəyə nəzər salaq. Onda siz də Azərbaycanın belə bir aktyorunun əsl sənətkar olduğu ilə razılaşacaqsız.

 

Məzahir Həbulla oğlu Süleymanov 1944-cü ilin 29 yanvar tarixində Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Razin ( indiki Bakıxanov) qəsəbəsində 2 nömrli tiexniki peşə məktəbdə bir il tərsil alıb. Orada çilingər peşəsinə yiyələnib. Texniki peşə məktəbində oxuyan zaman o, Montin qəsəbəsindəki “Elm və Texnika” Mədəniyyət Sarayında fəaliyyət göstərən dram dərnəyinin üzvü olub. Aktyor olmaq həvəsi də Məzahirdə elə həmin vaxtdan yaranıb. Texniki peşə məktəbini bitirəndən sonra Məzahir Süleymanov bir müddət ayrı-ayrı müəsisələrdə işləyib. Sonra 1962- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sonra ordu sıralarına gedib. Dörd il hərbi dəniz donanmasında xidmət edib. Ordu sıralarından qayıdandan sonra yenidən 1967- ci ildən təhsilini həmin institutda davam etdirib.

 

 

 

O, 1972- ci ildə həmin ali məktəbi bitirərək, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqi- Dram Teatrına işləməyə gəlib. Qırx altı ildən çoxdur ki, o, bu teatrda aktyor kimi çalışır. Bu illərdə sıravi aktyorluqdan pillə-pillə yükələrək, Xalq artisti, ali dərəcəli ustad sənəkara çevrilib. Bu da əlbəttə, oynadığı rollara çəkdiyi zəhəmtin sayəsində olub. Bu gün Azərbaycanda çoxlu aktyorlar onun oynadığı rollar siyahısını izlədikdə, Məzahir Süleymanovun yaratdığı obrazlara həsəd apara bilərlər. Bu rollar Azərbaycan klassiklərindən tutumuş, dünya klassiklərinin əsərlərinə qədərdir. Milli dramaturqlarımızın ən maraqlı pyeslərindən tutmuş, dünya klassiklərinin inci əsərlərinə qədərdir. Bu tamaşaların sayı yüzdən çoxdur. Çoxu da əsas və baş rollar. Məzahir Süleymanov özünün fitri istedadına və zəhməkeşliyinə görə teatrda işlədiyi bu illərdə demək olar ki, bütün tamaşalarda oynayıb. Çünki teatrda quruluş verən rejissorlar çox istəyiblər ki, belə istedadlı aktyor məhz onların hazırladığı tamaşada rol oynasın. Və onların müəllifi olduğu tamaşa tamaşaçılar tərəfindən sevilsin, rəğbətlə qarşılansın. Axı hər bir rejissor itedadlı aktyorla işləməyi xoşlayır. Mənim qənaətimə görə Məzahir Süleymanov oynadığı və təkrarsız formada yaratdığı bu obrazlarla Azərbaycan teatr tarixində əbədi qalacaq. “Skapenin kələkləri”ində Oktav, “Azmış oğul”da Lembit, “Domoklın qılıncı”nda Arxitektor, “Arşın mal alan”da Soltan bəy, “Ölülər”də Hacı Həsən, “ Müsyo Jordan və Dərviş Məstəli şah”da Müsyo Jordan, “Adamın adamın”da Tərs Tahir, “Dəyirman”da Sarı Qasım, “Bayramın birinci günün”də Vəli Əfəndi, “Afət”də Qaplan,”13-cü sədr”də Prokuror, “Müfəttiş”də Bələdiyyə rəisi, “Sabir Rüstəmxanlının porteret cizgilərin”də Cavad xan, “Uşağa bir üç yazın”da Temiçkin, “Məlikməmmədin yeni sərgüzəştləri”ndə Şeytan, “Evlənmə”də Podkolyosnıy, “Varlı ev”də Beçir, “Şah İsmayıl”da Hüseyn Lələ bəy, “Qocaların məhəbbətin”də Qaqutsa, “Bir köpək vardı”da Çoban, “Ailə”də Jorji, “ Şahzadə və Dilənçi”də Lord Hetford, “Qarağaclar altında məhəbbət”də Efraim Kebot, “Xilaskar”da Filosof-deputat, “Ağ bayraqlar”da İsidor Salidze, “Qaraca qız”da Piri baba və başqaları. Mənə elə gəlir ki, Sumqayıt teatrının tarixində hələ heç bir akytora nəsib olmayıb ki, bu qədər rollarla Azərbaycan teatr tarixinə düşsün. Məhz buna görə də Məzahir Süleymanovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona 2006-cı ildə Əməkdar artist, iki ildən sonra isə Xalq artisti fəxri adları verilib. Dəfələrlə Prezident mükafatına layiq görülüb. Haqqında 100-dən çox məqalə, ressenziya yazılıb.

 

 

 

74 yaşlı sənətkar bu gün də özünün peşəkarlığını qoruyub saxlasa da amma teatrın rənbərliyi və rejissorları tərəfindən artıq unudulub. Ona teatrın rejissorları rol vermir. Və bəhənə də yaş senzini gətirirlər. Televiziya və kino rejissorları da belə maraqlı sənətkarı artıq yaddan çıxarıblar. Amma Məzahir Sülunmanov bu gün teatra, televiziya tamaşalarına və kinofilmlərə çox lazım olan aktyordur. Əgər ona rollar verilsə bir-birindən maraqlı obrazlar yaradaraq, yenə də tamaşaçılarını sevimlisi olar. Həmin rejissorların quruluşlarına da yalnız və yalnız uğur gətirər.

 

 

 

Onun haqqında yazdığım portret cizgilərini bu fikirlərlə də bitirə bilərdim. Amma Məzahir Süleymanovu 42 ildir ki, tanıdığımdan, onunla səhnədə tərəf müqavili olduğumdan və quruluş verdiyim tamaşalarda bir-birindən maraqlı rollar oynadığından onun haqqında deyiləsi sözlərim çoxdur. Ona görə də Məzahiri bir insan və sənətkar kimi daha geniş təhlil etmək istəyirəm. Çünki insanlıq və sənətkarlığın hər ikisi eyni bərabərdə, eyni ölçüdə hər bir sənətkarda olmur.

 

 

 

İlk öncə onu vurğulamaq istəyirəm ki, Məzahirin ürəyində nə varsa, dilində də odur. Heç vaxt heç kimə qarşı kin saxlamır və qisasqılıq mövqeyi tutmur. O, özü saf olduğuna görə həmişə haqqı müdafiə edir. Həmişə də haqqın yanında olub. Heç kimə məddahlıq eləməyib. Öz işinin xatirinə heç bir rejissora və teatr rəhbərinə yaltaqlanmayıb. Çünki o, xarakteri bütöv və möhkəm əqidəli insandır. Məzahir Süleymanov böyük şəxsiyyətdir. Bu müsbət keyfiyyətlərinə və yüksək şəxsiyyət olduğuna görə teatr rəhbərlərinin, baş rejissorların çoxunun səhvləri olanda, onlar haqsızlıq edəndə istəsələr də, istəməsələr də Məzahirin haqlı tənqidilə hesablaşıblar. Xarakterindəki bütövlük və yuksək şəxsiyyətin olması da Məzahir Süleymanovun oynadığı bütün rollarda özünü lazım olan səviyyədə göstərib. Buna görə də onun oynadığı rollar, başqa aktyorların rollarından seçilib və sevilib. Onun zəhmətkeşliyinə, rol üzərində günlərlə yorulmadan həvəslə işləməsinə, məşqlərdən bezməməsinə də aktyorların çoxu həmişə həsəd aparıblar.

 

 

 

O, çox yaxşı yol yoldaşıdır. Uzun illər biz onunla həm Azərbaycan Respublikasının rayonlarında və həm də keçmiş Sovetlər məkanında qastrol səfərlərində olmuşuq. Məhzahir Süleymanov özünün insani keyfiyyətini, dözümlülüyünü, yoldaşa qarşı diqqətini həmişə yaxşı formada büruzə verib. Heç kim ondan heç vaxt narazı qalmayıb. Heç vaxt özünü başqalarından üstün tutmayıb. Düşdüyümüz çətin məqamlarda belə, müdriklik, səbr və dözümlük nümayiş etdirib. Altı ay Dağıstan Respublikasında qastrolda olduğumuz müddətdə isə mən və orada olan kollektiv bunun tam şahidi olmuşuq.

 

 

 

Mən vaxtı ilə rəhbərlik etdiyim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında quruluş verdiyim çoxlu tamaşalardan altısında Məzahir Süleymanovun oynadığı rollar haqqında oxuculara məlumat vermək istəyirəm. Çünki bu rollar da heç biri, o birinə oxşamırdı. Nə xarakterinə, nə də dünya görüşünə görə. Bu əsərlər Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın” pyesindəki Temiçkin, Ağalar Mirzənin “Məlikməmmədin yeni sərgüzəştləri”ndə Şeytan, Georgi Xuqayevin “Qocaların məhəbbəti”dəki Qaqutsa, “Varlı ev”dəki Beçir, özümün yazdığım pyeslər-“Sabir Rüstəmxanlının portret cizgiləri”ndəki Cavad xan və “Şah İsmayıl” tamaşasındakı Hüseyn Lələ bəy rollarıdır. Temiçkin öz fikiri olan, öz məqsədi yolunda mübarizə aparan müəllimdir. Şeytan Məlikməmmədi tora salmaqçün hər cürə hiylələr quran, tez-tez cilddən-cilidə girən şər qüvvədir. Qaqutsa lirik xasiyyətli, cavanlıq illərində Babutsanı sevən, amma qocalana qədər öz məhəbbətini deyə bilməyən bir aşiqdir. Beçir sərt, tərs xasiyyətli, yalnız özünü sevən, özünə alüdə bir bəy və valideyindir. Cavad xan vətənini və xalqını sevən, igidlik mücəssəməsi olan Azəri oğludur. Və nəhayət Hüseyn Lələ bə Şah İsmayıl kimi tarixi şəxsiyyəti, sərkərdəni yetişdirən bir sadiq dost, igid döyüşçü, ağsaqqal, müdir insandır. O, bu obrazları oynayanda böyük ustalıqla, sənətkarlıqla başqalaşırdı və həqiqətən də bu obrazların daxilinə nüfuz edirdi. Hətta onun baxışı, yerişi, duruşu, gözlərinin baxış forması, düşüncə tərzi, danışığı belə dəyişirdi. Bu tamaşaların müəllifi olsam da, oynadığı hər bir tamaşada o, obrazı ustalıqla yaratması ilə məni məcbur edirdi ki, ona tamaşaçı kimi baxım. Əlbəttə, belə oyun usulu da yalnız ustad sənətkara nəsib olur.

 

 

 

Mən fikirlərimi bu cümlələrlə də tamamlaya bilərdim. Amma fikirləşdim ki, bu gün artıq bəzi şər qüvvələrin unutdurmağa çalışdığı Məzahir Süleymanov kimi bir sənətkar haqqında yazdığım portret cizgilərində o, öz ürək sözlərini deməsə yenə bu yazı yaramçıq alınar. Ona görə də belə qərara gəldim ki, 74 yaşlı sənətkara bir neçə sualla müraciət edim. İlk sualım isə belə oldu.

 

 

 

- Teatra gəlişinizi necə xatırlayırsınız?

 

- Mən Azərbaycan Dövlət İncəsənət İnstututunun axşam şöbəsində təhsil almışam. O vaxtlar da axşam şöbələrində oxuyanlara təyinat verilmirdi. Biz özümüz teatrlara müraciət edib, iş tapmalı idik. Amma həmin vaxt mən institutun rektoru, böyük ziyalı, yüksək təşkilatçı insan, sənətşünaslıq elmləri doktoru Rahib Hüseynova müraciət etdim. O, məni diqqətlə dinlədi və dedi ki, gəl səni təyinatla göndərək Naxçıvan Dövlət Musiqili-Dram Teatrına. Həmin teatra cavan aktyorlar lazımdır. Mən razılaşdım. Təyinat götürüb, Naxçıvana getdim. Açığı elə vağzalda qatardan düşəndə Bakıdan sonra bu şəhər heç xoşuma gəlmədi. Bura mənə kənd təsiri bağışladı. Naxçıvan indi isə çox gözəl, müasir şəhərə çevrilib. Həmin vaxt teatr qastrolda olduğuna görə rəhbərliklə görüşə bilmədim və yenidən axşam Bakıya qayıtdım. Teatr rəhbərliyi ilə görüşə bilmədiyimə sevindim. Bəlkə də bu, işin xeyrinə oldu. Yenidən institututa qayıtdım. Əhvalatı olduğu kimi Rahib müəllimə dedim. O da məsləhət bildilər ki, Sumqayıt teatrına gedim. Çünki bu teatr üç il idi ki, açılmışdı və ali təhsilli aktyor kadrlarına burada ehtiyac vardı. Həmin vaxt teatrın direktoru Salman Dadaşov və baş rejissor Ağakişi Kazımov idi. Açığı onlar məni elə də yaxşı qarşılamadılar. Bir ay get-gələ saldılar. Sonra Ağakişi müəllim mənim kurs rəhbərim, Əməkdar incəsənət xadimi Əşrəf Quliyevlə söhbət edəndən və müəllimim də məni tərifləyəndən sonra ən aşağı dərəcə ilə məni işə götürdülər. Beləliklə, 1972-ci ilin noyabr ayından mən Sumqayıt Dövlət Dram Teatrında işə başlamışam. Həmin vaxtdan artıq 46 il ötür. Teatrda ilk rolum isə Eston dramaturqu E. Rannetin “Azmış oğul” pyesində Lembit rolu olub. Oynadığım bu rolu teatr mütəxəsisləri çox təriflədilər. Bu tamaşanın quruluşçu rejissoru isə Moskvada A.V. Lunaçarski adına məşhur Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan, istedadlı insan, amma teatrda çoxlu konfliktlərlə qarşılaşan, keşməkeşli bir ömür yaşayan və sağlığnda layiqli qiymətini almayan, mərhum Arif Ağayev idi.

 

 

 

- Siz yüzdən çox tamaşalarda çıxış edibsiniz. Bu rollardan hansılar sizinçün daha əzizdir?

 

-Açığı aktyorçün bütün rolları əziz olur. Çünki rollar da aktyorun dünyaya gətirdiyi övladlarıdır. Övladları isə bir-birində ayırmaq olmaz. Hansının daha yaxşı olduğunu söyləmək düzgün deyil. Çünki aktyorun həyatında elə rolları olur ki, onu oynamağa tərəddüd edir amma ona verirlər. Mənə elə gəlir ki, elə rollarım var onları daha yüksək səviyyədə oynamışam. Elə rollar da var ki, bu rollar çox yüksək səviyyəli olur və aktyor qorxusundan, özünə inanmamasından onları oynamaq istəmir. Yəni özündə bu qabiliyyəti görmür. Amma rejissor onu inandıranda və ona belə ağır rollar verəndə həvəslə işləyir. Mənim də həyatımda belə rollar olub. Məsələn elə Georgi Xuqayevin “Varlı ev” faciəsindəki Beçir obrazı. Bu rol məndən başqa iki aktyora da verilmişdi. Mən bu rolu oynamaq istəmirdim. Qorxurdum ki, bu rol məndə alınmaz. Çünki Beçir çox dəhşətli, ağır xarakterli, psixoloji obraz idi. Bu rolu oynamaqçün aktyordan yüksək peşəkarlıq, cingiltili, sərt templi, amiranə səs tələb olunurdu. Bir neçə monoloqu isə çox ucadan və hətta yüksək əsəblə demək lazım idi. Buna da lazım olan kimi məşq olunmamış səs dözməzdi. Qırılardı. Mənə elə gəlirdi ki, bu rolu oynamaq mənimçün hələ tezdir. Amma siz, bu tamaşanın quruluşçu rejissoru kimi məni inandırdız ki, sən bu rolu yaxşı oynaya bilərsən. Yuxarıda dediyim kimi baxmayaraq ki, məndən başqa iki aktyora da bu rol verilmişdi. Onların hər ikisi də çox istedadlı aktyorlar idilər. Amma siz mənə daha çox inandız. Böyük səbrlə mənimlə məşq etdiz. Səs tembirimi qurdunuz. Hətta mən bu tamaşada pıçıltı ilə danışanda belə ən arxada əyləşən tamaşaçılar belə məni aydın eşidirdilər. Deyilənə görə mən bu rolu çox yaxşı oynadım. Bunu təkcə tamaşaçılar yox, hətta teatr mütəxəssisləri də deyirdilər. Çoxlu qəzetlər bu haqda ressenziyalar yazdılar. Azərbaycan Dövlət Televiziyası dəyərli ziyalı, maraqlı yazıçı, həmin vaxtı orada ədəbi dram verilişləri redaksiyasına rəhbərlik edən Vaqif Əlixanlının təkidi sayəsində bu tamaşa çəkildi. İndi bu tamaşa televiziyanın qızıl fondunda qalır.

 

 

 

Hətta siz bu rola Xalq artisti, böyük aktyor, müqtədir sənətkarımız Həsənağa Turabovu da dəvət etmək istəyirdiz. O da bu rolu oynamağa razılıq vermişdi. Həsənağa müəllim bu tamaşada mənim oyunuma baxanda çox razı qaldı və təvazökarlıqdan uzaq olsada dedi ki, “Məzahir, mən bu rolu belə, sənin kimi oynaya bilməzdim”. Baxmayaraq ki, bu tamaşanın premyerası 1992- ci ildə olub, bu gün də bəzi tamaşaçılar həmin rolumu xatırlayıb, oyunumdan məmnun olduqlarını bildirirlər.

 

 

 

- Teatr aləmində konfliktlər çox olur. Bu konfliktlər teatrın yaradıcılığına necə təsir göstərir?

 

- Mən teatra təzə gələndə, cəmi 27 yaşım vardı. Elə ilk günlərdən Sumqayıt Dövlət Dram Teatrındakı ab-hava xoşuma gəlmədi. Çünki teatrın direktoru və baş rejissoru arasında konfliktlər vardı. Bu da teatrın kollektivinə və yaradıcılığa pis təsir göstərirdi. Açığı təsadüfi bir adamın teatra rəhbərlik etməsi həmişə teatra zərbə vurur. Və çox acınacaqlı haldır ki, uzun illər təsadüfi adamlar teatra rəhbərlik etdiklərindən Sumqayıt teatrı artıq quyunun dibinə düşüb. İndi onu həmin quyunun dibindən çıxarmıq da çox çətindir. Açığını deyim ki, mən bütün yaradıcılığım boyu təkcə yaradıcılıqla məşğul olmamışam. Həm də bu haqsızlıqlara qarşı vuruşmuşam. Bəzən mənə deyiblər ki, sən akytorsan get öz işinlə məşğul ol. Amma mən teatrın uçuruma getdiyini gördükdə sakit dayanıb buna baxmağı bacarmamışam. Baxmayaraq uzun illər mən baş və əsas rolları oynamışam və özü də pis oynamamışam. Amma teatrın rəhbərlərinin pis əməllərini onların üzünə dediyimə görə mənə uzun illər fəxri adlar verilməyib. Hətta heç təqdimat siyahısına belə salmayıblar. Mənə yalnız 2006-cı ildə Əməkdar artist və iki il sonra isə Xalq artisti fəxri adlarını veriblər. Onu da deyim ki, Əməkdar artistə iki il sonra Xalq artisti adı verilməsi Azərbaycan teatr tarixində nadir hadisədir. Mən buna görə ilk öncə Sumqayıtın həmin vaxtı İcra Hakimiyyətinin başçısı olmuş və bu gün Azərbaycan Mədəniyyət nazirinin birinci müavini işləyən cənab Vaqif Əliyevə minnətdaram. Vaqif müəllim Sumqayıta rəhbərlik etdiyi vaxtlarda bu şəhərçün çox yaxşı işlər görüb. Eləcə də Sumqayıt Dövlət Musiqili-Dram Teatrına indi məskunlaşdığı binanın verilməsində əvəzsiz işlər görüb. Teatr yaranandan həmin binada kirayənişin idi və bu preblemi də şəhərin heç bir rəhbəri həll eləyə bilmirdi. Amma Vaqif Əliyev müsbət həll elədi. Teatrın işçilərinə fəxri adların və mənzillərin verilməsində də onun xidmətləri əvəzsiz olub. Bu insan incəsənətin vurğunudur. Allah onun canını sağ eləsin. Azərbaycan mədəniyyəti və incəsənəti üçün Mədəniyyət Nazirliyində də çox yaxşı işlər görür. O, elə bil ki, yalnız yaxşılıq etmək üçün dünyaya gəlib.

 

 

 

- Sizin artıq 74 yaşınız tamam olub. Artıq dörd ildir ki, sizi təqaüdə göndıriblər. Amma 70-75 yaş aktyorun yaradıcılığında hələ çiçəklənmə dövrü və öz sənətini cavanlara öyrətmək məqamıdır. Siz, “yaş senzi” adlanan bu qanuna necə baxırsız?

 

- Çox pis baxıram. Mənə elə gəlir ki, bu düzgün deyil. Doğrudan da gülməli və acınacaqlıdır. Aktyoru 70 yaşında təqaüdə göndərmək çox absurd bir işdir. Dünyanın heç bir yerində belə dəhşətli bir şey yoxdur. Rus teatrında aktyorlar var ki, 90 yaşına kimi səhnədədirlər. Eləcə də bizim aktyorlar Möhsün Sənani, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağısnatlı, Süleyman Ələsgərov və onlarca belə aktyorlar ömürlərinin axırına qədər səhnədə olublar və bir-birindən maraqlı rollar oynayıblar. Axı mənim canım salamat, ağlım, yaddaşım yerində və potensial gücüm yüksək bir səviyyədə olduğu bir vaxtda teatrdan niyə getməliyəm? Axı elə rollar var ki, tərifçün demirəm, həmin rolları mənim kimi heç bir aktyor oynaya bilməz. Teatrda “yaş senzinə” fərdi yanaşmaq lazımdır. Bu gün elə aktyor var ki, 50 yaşı var, amma səhnə üçün yararsızdır. Nə canının sağlamlığı, nə də fiziki gücü imkan vermir ki, səhnədə çıxış etsin. Amma yaşı az olduğuna görə teatrda qalıb işləyir. Və hətta uzun müddət rol da oynamır, amma əmək haqqı alır. Belələri teatr üçün bir yükdür. Lakin aktyorun 70-75 yaşı var və maraqlı rollar oynayır, teatra çox lazımdır, amma onu teatrdan uzaqlaşdırırlar. Açığı bu mənə çatmır. Mən bunu başa düşə bilmirəm. Biz oxumuşuq və görmüşük ki, aktyor səhənədə ölməlidir. Bu tarix boyu sübüt olunub ki, cavan aktyorlar peşəkarlığı teatrda yaşlı aktyorlardan öyrənirlər. Bu qərar hələ də mənimçün qaranlıqdır. Yaşlı rejissorlara, aktyorlara, aktrisalara qarşı belə sərt münasibət olmasını istəməzdim. Mənə elə gəlir ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu haqda dərindən düşünməli və humanist bir qərar qəbul etməlidir. Əgər belə olmasa onlar bu yolla çoxlu peşəkar aktyorları itirə bilərlər. Onları vaxtından tez o dünyaya göndərə bilərlər. Bu da Azərbaycan teatrına, səhnəsinə çox baha başa gələ bilər. Doğrudanmı onlar bunu fikirləşə bilmirlər? Bəlkə də elə onlar, yaşlı aktyorları o dünyaya daha tez yola salmaq istəyirlər?.. Niyə?.. Nə üçün?.. Axı yaşlı rejissorların, aktyorların, aktrisaların günahı nədir? Ona görə də Mədəniyyət Nazirliyi bununla bağlı humanist qərar qəbul etməli və bu qərərı da ölkə başçısına göndərməlidir. Əgər belə davam etsə Azərbaycan teatrları və incəsənəti çox şey itirəcək. Gələcək nəsillər isə bunu bizə bağışlamayacaq. Axı biz, tarixlər boyu çoxlu səhvlər etmişik və bu səhvlər də bizə çox baha başa gəlib… Bu səhvlərdən isə itirən yalnız xalq olub. Düşünən beyinləri, istedadlı insanları qorumaq lazımdır. Bu, Vətəni qorumağa bərabər bir müqəddəs işdir.

 

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Azad Azərbaycan.- 10 iyul.- S.7.