Çağdaş
mübarizəmiz haqqında böyük dastan – “Ovçu”
romanı
İsa Həbibbəyli: "Yunus Oğuz Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir"
İyulun 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Ovçu" romanının müzakirəsi keçirilib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, "Ovçu" romanı Azərbaycan gerçəklikləri əsasında yazılıb. Bildirib ki, Yunus Oğuz müstəqillik dövründə Azərbaycanda bədii nəsr sahəsində ardıcıl çalışan, səmərəli fəaliyyət göstərən və tarixi mövzulara dərin maraq göstərməsilə fərqlənən və öndə gedən yazıçılardan biridir. Onun 20-yə qədər nəsr əsəri işıq üzü görüb ki, onların böyük əksəriyyəti Azərbaycan və ümumtürk tarixinin aktual problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunub. Belə nəticə çıxarmaq mümkündür ki, Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir. Onun yaratdığı Azərbaycan tarixi roman nümunələri böyük oxucu marağına səbəb olub, ictimai rəydə ciddi əks-səda verib. Bunu müxtəlif oxucu auditoriyasındakı rəylərdən aşkar görmək mümkündür. Bu o deməkdir ki, Yunus Oğuzun Azərbaycan tarixi mövzusunda yazdığı əsərləri müasir dövr və müasir oxucu üçün də əhəmiyyətlidir. Bu əsərlər öz tarixi soykökümüzü dərindən dərk etməyə, milli tarixi keçmişimizi daha obyektiv görməyə, tarixi simalarımıza dərindən bələd olmağa və onlara sahib çıxmağa çağıran əsərlər olduğu üçün oxucular onları sanki müasir dövr üçün verilmiş mesaj kimi qəbul edirlər. Bu onun tarixi mövzulara müraciətinin müasirliklə, müstəqillik dövrü ilə, onun idealları ilə üzvi surətdə bağlı olduğunu göstərir. Hansı mövzularda yazmasından asılı olmayaraq, hansı tarixi şəxsiyyətə müraciət etməsinə baxmayaraq, bütün hallarda bu əsərlərin ortasından qırmızı xətlə keçən ideya milli dövlətçilik, müstəqillik və azərbaycançılıqdır. Bu Yunus Oğuz yaradıcılığının aparıcı xəttidir, ana xəttidir.
İ.Həbibbəyli qeyd edib ki, Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər Azərbaycan qədər Türk və müsəlman dünyası üçün də əhəmiyyətlidir. Çünki, o əsərlərində tarixin elə dövrlərinə müraciət edir ki, o zamankı tarixi ərazilər bu günkü coğrafiya baxımından bir neçə dövlətin sərhədini və taleyini özündə cəmləşdirir. Ona görə Yunus Oğuzun əsərləri türk dünyasında da böyük maraq doğurur və ayrı-ayrı xalqların dilinə tərcümə olunur. Məsələn, onun Teymurləng haqqında yazdığı iki cildliyi özbək dilində çap olunub. Bu bir tərəfdən Yunus Oğuzun nailiyyəti, digər tərəfdən isə müstəqillik dövründə Azərbaycan ədəbiyyatının açdığı böyük imkanlardır. Daha dəqiq, Azərbaycan ədəbiyyatının nüfuzunun geniş dairədə qəbul olunduğunu təsdiq edən əhəmiyyətli faktdır. Bu gün müzakirəsini apardığımız "Ovçu" romanı da Yunus Oğuzun yaradıcılığında indiyə qədər epizodik şəkildə qoyulan, başqa planda qaldırılan məsələləri müasirlik işığında bir araya gətirməsi və onun ən müasir dövrün hadisələri ilə əlaqələndirməyi bacarmasının nəticəsidir. Bu əsərdə tarixin müxtəlif dövrlərinə işıq salınmaqla yanaşı, bizim hərb, müstəqillik tariximizin şərəfli hadisəsi olan Aprel döyüşlərindən geniş bəhs olunur. Aprel döyüşlərindən bəhs olunan məqamlarda biz o tarixin dərinliklərindən süzülüb gələn milli qürur hissini, torpaq, Vətən, dövlət sevgisinin bədii cəhətdən mükəmməl işləndiyinin və oxucuya çatdırılmasının şahidi oluruq. Hesab edirəm ki, bu əsər onun bir növ indiyə qədərki yaradıcılığının bir çox xətlərinə yekun vurur, Azərbaycan gerçəkliyinə qayıtmaq baxımından bir az fərqli əsər kimi görsənir. Əgər indiyə qədərki əsərlərdə tarixi mövzuların nəticəsindən azərbaycançılıq, müasirlik ideyaları çıxarılırdısa, bu əsərdə konkret olaraq müasir dövrün, yaşadığımız tarixi günlərin hadisələri öz əksini tapıb ki, bu da Yunus Oğuzun yaradıcılığında yeni hadisədir. Yaxşı cəhətdir ki, o, öz tarixindən ayrılmadan tarixə yenidən qayıdıb. Bu əsər Y. Oğuzun tarixi mövzularla müasir mövzuları bir ideya ətrafında birləşdirmək bacarığının real nümunəsidir. Bu isə onun yaradıcılığının yeni keyfiyyətidir. Düşünürəm ki, bunu başlayan müəllif müasir dövr haqqında yazacağı yeni əsərlərdə bu xətti daha da dərinləşdirəcək. Bu orjinal janrı yeni-yeni əsərlərdə ortaya qoya biləcək".
Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova ""Ovçu" romanında tarixiliklə müasirliyin bədii vəhdəti" mözusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, "Ovçu" romanı cəmiyyətdə maraqla qarşılanıb və müxtəlif elmi fikirlər yaranıb: "Roman Aprel döyüşlərinə həsr edilən ilk əsərdir. Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuzun bu əsəri tamamilə yeni bir səpgidə yaranıb. Müəllif əvvəlki romanlarında bizim keçmiş tariximizə nəzər salırdısa, bu əsərində müasir tariximizin işığında keçmişi araşdırıb və bu günümüzlə keçmişimiz arasında körpü yaradıb. Bu roman əslində bizim çağdaş mübarizəmiz haqqında böyük dastandır. Çünki, Aprel döyüşləri bizim üçün bir oyanış məqamıdır. Dövlətimizin, xalqımızın, Ali Baş Komandamızın öz torpaqlarımızı azad etmək əzmini parlaq şəkildə əks etdirib". E.Qaragözova vurğulayıb ki, "Ovçu" romanı həm də böyük ideoloji mənaya və önəmə malikdir. Artıq bu roman əsasında bir çox tədqiqatlar aparılıb və elmi məqalələr yazılıb: "Bildiyimiz kimi əsərdə üç zaman axını əksini tapıb. Alparslan, Nadir Şah və müasir dövrümüz. Bu dövrlər əsərdə elə yanaşı verilir ki, hər üç dövrdə xalqın qələbəsi təmin edilir. Mən isə deyərdim ki, əsərdə dörd zaman və dörd Murad obrazı var. Muradın öz babası, usta Murad, xan Murad və Muradın özü. Muradın üzərində qurulan əsərə nəzər saldıqda müşahidə olunan ilk məqam reintarnasiya məsələsidir. Beləliklə, Yunus Oğuz öz əsərində Azərbaycan ədəbiyyatında çox az işlənən bir metodoloji vasitəyə reintarnasiyaya (ruhun yenidən doğulması) müraciət edib. Əsərə nəzər saldıqda aydın olur ki, əslində Muradın qəhrəmanlığı birdən-birə yaranmayıb, əsrlərdən gələn bir ruh idi. Bu ruhun yenidən doğulmasıdır. Reinternasiya zamanı qəhrəmanın ruhu zaman keçdikcə müəyyən tarixi məqamlarda meydana çıxaraq öz missiyasını yerinə yetirir. Bu əsərdə zaman dəyişsə də məkan dəyişmir. Yunus Oğuz qəhrəmanının reintarnasiyasını Azərbaycanda gerçəkləşdirib. Çünki bu torpaqda həmin missiya başa çatmamışdı. O missiyanı yerinə yetrimək üçün həmin ruh məhz bu torpaqda yenidən doğulmalı idi". Onun sözlərinə görə, əsərdəki Murad digər muradların sanki bir toplusudur. Lakin əvvəlkilərdən daha mükəmməldir.
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu qeyd edib ki, tarixi romanlar müəllifi Yunus Oğuz əsərlərində ən aktual mövzuları axtarıb tapmağı bacarıb. Onun əsərlərində bu məqam yeni keyfiyyətdir. Elə bu səbəbdən də müstəqillik dövründə bir sıra tarixi romanlar ərsəyə gətirə bilib. Demək olar ki, bütün əsərlərində Azərbaycan Tarixinin müxtəlif məqamlarındakı boşluqları taparaq inkişaf etdirib. Bu əsərdə də tarixi məqamlara müasir baxışdan yanaşılır: "Ovçu" romanı dövlətçilik, azərbaycançılıq məqamlarına toxunduğu üçün müzakirəsi vacibdir. Bu əsəri Yunus Oğuzun uğuru kimi qəbul etmək lazımdır. O, bir yazıçı kimi daim aktual mövzuları qələmə alıb. Onun yaradıcılığındakı tarixi romançılıq və əsərlərinin ərsəyə gəlməsində yeniliklər diqqəti cəlb etməyə bilməz. O, bu əsərində də Azərbaycan, eləcə də Türk tarixinin müxtəlif məqamlarına toxunub və həmin məqamlara müasir baxışdan yanaşıb. Əslində "Ovçu" romanında Aprel döyüşlərinin tarixi mahiyyəti təqdim olunub. Əsərdə yaradılan Murad obrazı bir koddur. Tariximizdə Murad obrazları olsa da hələ ki, bu missiya başa çatmayıb". Onun sözlərinə görə, əsər gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir: "Hesab edirəm ki, bu missiya davam etdirilməli, yeni-yeni tarixi əsərlər yaranmalı və muradlar gənclərimizə təbliğ edilməlidir. Nəzərə almaq lazımdır ki, belə əsərlər ümumilikdə kütləvi auditoriya üçün xüsusi əhəmiyyət kəsb edir". Tehran Əlişanoğlu qeyd edib ki, romanda Ali Baş Komandan, prezident İlham Əliyevin obrazı var: "Bu, romançılıq tarixində nadir hadisədir. Yunus Oğuz cəsarət edib ki, Ali Baş Komandanın obrazını yaradıb. Asan məsələ deyil ki, Ali Baş Komandanın obyektiv bədii obrazını yaradasan. Ədəbi yaradıcılıqda bu obrazın yaradılması çox vacibdir. Bəzən ədəbiyyatımızda sıradan olan mövzuların ardınca gedilərək Azərbaycan vətəndaşına lazımi mesajlar ötürülə bilməyib. Dövlətçilik məqamına, cəmiyyət həyatının həlledici məsələlərinə toxunmaq baxımından belə əsərlərin yaranması vacibdir".
Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli qeyd edib ki, Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən hesab olunur. O, hazırda müasir nəsrin gündəmində olan tanınmış yazıçılardan biridir. Əsərin forma və strukturuna toxunan alim bildirib ki, "Ovçu" romanı retrospektiv əsərlər sırasındadır. Onun tarixi romanları bədii formaya tarixin gəlişməsindən diqqət yönəltmək və müasirliyi ehtiva etmək baxımından diqqətimizi cəlb etməkdədir. Bu əsərdə də Azərbaycanın dövlətçilik, mədəniyyət, ictimai, sosial və bədii tarixinin gəlişməsi əksini tapıb. Mahiyyət isə dövlətçilik, tarixi yaddaş anlayışının çağdaş oxucuya çatdırılmasıdır. Amma dövlətçilik və tarixi yaddaş anlamında torpaq məfhumu xüsusi önəm kəsb edir. Yunus Oğuz çalışıb ki, bədii olaraq bu anlamı ifadə etdirsin. O, sanki bizim bədii yaddaşın bədii ifadə formasının tarixi ilə əlaqəsini taparaq şalışıb ki, tarixin yaddaşından gələn mənəvi əxlaqi dəyərləri müasir oxucuya çatdıra bilsin: "İstərdim ki, əsərlərdə muradların sayı artırılsın. Məsələn, Azərbaycan dövlətçilik tarixində 15-ci əsrdə Murad bəy adlı bir siyasi xadim olub. Əgər bu məsələləri gələcək üçün bir az dərinliyi ilə yaddaşımıza köçürmüş olsaq türkçülük və turançılıq anlamı baxımından bir bədii əsərin yaranmasına ehtiyac var ki, orada məhz 4-5 Murad obrazı yaratmaq olar. Yaxşı olar ki, burada Osmanlı türk tarixi və Azərbaycan dövlətçilik tarixi ehtiva olunsun. Buna baxmayaraq, "Ovçu" əsərində muradların obrazı tarixi faktlar baxımından yüksək səviyyədə verilib. Murad Mirzəyev zamanımızın Milli Qəhrəmanıdır. O, Aprel döyüşlərində kifayət qədər qəhrəmanlıq nümunəsi göstərərək torpaqlarımızın geri qaytarılmasında yaxından iştirak edib. Onun tarixi obrazının yaradılması Yunus Oğuzun böyük uğurlarından biridir. Belə qəhrəmanlar tariximizin yaddaş qatlarıdır, onlara zaman-zaman xitab etmək aktual görünür. Əsərdə Azərbaycan prezidentinin obrazının yaradılması da yerindədir. Elə bilirəm ki, tarixi şəxsiyyətlərin daha əhatəli və obrazlı şəkildə gələcək bədii əsərlərdə özünə yer almasına ehtiyac var".
Millət vəkili Aqil Abbas qeyd edib ki, Yunus Oğuz türk tarixini dərindən öyrənərək əsərə çevirib. O, tarixi şəxsiyyətlərin obrazını yaradanda otaqda oturub yazıçı təxəyyülünü ortaya qoymur, qəhrəmanların yaşadıqları ərazilərə gedərək bütün məqamları diqqətlə öyrənir. Ona görə də yaratdığı əsərlər maraqla qarşılanır: "Məlumdur ki, tarixi romanlar üçün şəxsiyyətlər olmalıdır. Tariximizdə belə şəxsiyyətlər kifayət qədərdir və Yunus Oğuz da onları öyrənərək obraza çevirir. Müəllif bu əsərdə yalnız Murad obrazını yaratmayıb, tariximizdəki üç Murada müasir baxımdan yanaşıb. Onların Azərbaycan dövlətçiliyindəki rolunu ümumiləşdirərək oxucuya təqdim edib". Millət vəkili qeyd edib ki, belə əsərlərin gənclər arasında təbliğinə ehtiyac var: "Hesab edirəm ki, bu əsərin orta məktəblərdə yayılmasına ehtiyac duyulur. Əminəm ki, əsər gənclər arasında vətənpərvərlik ruhunun tərbiyəsində mühüm rol oynaya bilər. Eyni zamanda, gənclərə tariximizi öyrədəcək".
Tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əsgər bildirib ki, Yunus Oğuzun tarixi romanları təkcə Azərbaycanda deyil, eləcə də bütün türk dünyasında rəğbətlə qarşılanır. Xüsusən, Özbəkistanda onu yaxşı tanıyırlar. Onun bir sıra əsərləri özbək dilinə tərcümə edilərək geniş ictimaiyyət kütləsinə çatdırılıb: "Yunus Oğuz istedadlı, yaradıcı şəxsiyyətdir. Yaratdığı əsərlərlə qeyri-adi müəllif kimi tanınıb. Onun ərsəyə gətirdiyi tarixi romanlarda tariximizlə yanaşı, tarixi şəxsiyyətlərinmiz də yüksək səviyyədə təbliğ olunur".
"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, tarixi əsərlər yazmaq üçün alimlik tələb olunur. Yunus Oğuz da belə alimlik qabiliyyətinə malikdir, o, elm adamıdır, elmi biliklərindən yaradıcılığında da istifadə edir: "Aprel döyüşləri torpaqlarımızın geri qaytarılmasında açar rolunu oynadı. Bu döyüşdən sonra əsərlər yaradıldı, Naxçıvanda 11 min hektar ərazi erməni işğalından asad edildi. İnanıram ki, bu proses davamlı olacaq, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız geri qaytarılacaq". Onun sözlərinə görə, "Ovcu" əsərinin dili olduqca rahat və oxunaqlıdır. Yunus Oğuz qəhrəmanımızı geniş ictimaiyyət kütləsinə tanıtmaq baxımından üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirib.
Birinci Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu qeyd edib ki, əsərdəki faktlar təsadüfi deyil, reallıqları əks etdirir. Əsərdə yazıçı təxəyyülü özünə yer alsa da tarixi həqiqətlərə geniş yer verilib: "Ovçu" əsəri müasir dövrümüz üçün olduqca əhəmiyyətlidir. Romandakı Ovçu kod adı olsa da bu döyüşlərdə iştirak edənlər üçün ümumi qəbul edilmiş obrazdır. Bu isə ona dəlalət edir ki, müəllif Aprel döyüşlərindəki obrazları ümumiləşdirib. Nəzərə almaq lazımdır ki, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin hər biri böyük bir əsərin obrazlarıdır. Belə əsərlərin ərsəyə gətirilməsi və ssenariləşdirilməsinə böyük ehtiyac var".
Əsərdə obrazı yaradılmış Murad Mirzəyevin atası Telman Mirzəyev bildirib ki, roman yaxın tariximizi əhatə edir: "Aprel döyüşləri bir daha göstərdi ki, güclü ordumuz var, Azərbaycan ordusu torpaqlarını geri qaytarmaq iqtidarındadır. Düzdür, Murad öz muradına çatdı, ancaq biz Azərbaycan xalqı olaraq hələ ki, öz muradımıza çatmamışıq. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın geri qaytarılmasına nail ola biləcəyik".
Sonda "Ovçu"
romanının müəllifi Yunus Oğuz tədbir iştirakçılarına
təşəkkür edib: "Hesab edirəm ki, belə əsərlər
bizə gərəkdir. "Ovçu"
əsərindən sonra Naxçıvanda
11 min hektar ərazimiz
işğaldan azad edildi. Deməli, bu kimi əsərlər ordumuzun
ruh yüksəkliyini artırır, gənclər
arasında vətənpərvərlik hissini
yüksəldir. Odur ki,
bu mövzu gündəmdə
saxlanmalı, yeni-yeni əsərlər ərsəyə
gətirilməlidir".
Bilman
Azad Azərbaycan.- 2018.- 20 iyul.- S.3