Azərbaycan mədəniyyət məkanında yeni milli paradiqma

 

Azərbaycan mədəniyyət məkanında yeni milli paradiqma<b style="color:red"></b>

Bugünlərdə "Azərbaycan Tərcümə Ensiklopediyası" adlı fundamental kitab nəşr olunaraq milli mədəni həyat dövriyyəsinə daxil edildi.

 

Akademik Kamal Abdullanın rəhbərliyi ilə hazırlanmış bu ensiklopediya milli mədəniyyət məkanında tamamilə yeni bir paradiqmanın başlanğıcıdır. Kitaba "Əsl bilik xəzinəsi" adlı müqəddimə yazmış K.Abdullanın qeyd etdiyi kimi, "Azərbaycan tərcümə ensiklopediyası" adlı monumental tədqiqat əsəri oxuculara ilk dəfə olaraq təqdim edilir. Başqa sözlə, buna qədər Azərbaycan mədəniyyət məkanında belə bir təcrübə olmayıb.

 

K.Abdulla mədəniyyətimizin bariz göstəricisi olan bu ensiplopediyanı, haqlı olaraq, dünyanı daha yaxşı tanımağın, özünü dünyaya daha ləyaqətlə təqdim etməyin "möhtəşəm üsulu" adlandırıb.

 

Qeyd edək ki, mənsub olduğumuz geopolitik məkanı açıq şəkildə, bütün planeti isə gizli formada (alt planda) bürüyən siyasi-hərbi anomaliyalar fonunda bu kitabı dünyada kosmik harmoniya içərisində var olmağın "möhtəşəm üsulu" adlandırmaq, bəlkə də, qəribə görünə bilər. Ancaq dünyadakı bütün fiziki və mənəvi mürəkkəbliklərin, ən qəliz kombinasiyalara əsaslanan "ağıl oyunlarının" fəlsəfi planda "kosmos-xaos", ilahi planda "xeyir-şər" kimi sadə dual modelin məna çərçivəsindən qırağa çıxa bilmədiyini nəzərə alsaq,  Azərbaycan hər bir total milli davranışında olduğu kimi, bu kitabın nümunəsində də kosmosu, xeyiri, işığı, həyatı, haqqı seçmişdir. Bu baxımdan, K.Abdullanın tərcüməni fərdi mədəniyyət hadisəsi deyil, ən azı, iki mədəniyyətin qovuşduğu məqam, üstəlik də multikultural reallıq adlandırması istər Azərbaycan, istərsə də planet mənasında - dünyamızın bu sadə ilahi həqiqətinə əsaslanır.

 

Azərbaycanda bədii tərcümə təkcə XX əsrin təcrübəsində son dərəcə nəhəng reallıqdır. Milli tərcümə tarixinin XIV əsrdən başlandığını və müstəqillik dövründə xüsusi vüsətlə davam etdiyini nəzərə alsaq, K.Abdullanın rəhbərlik etdiyi redaksiya heyəti öz çiyinlərini, əslində, sözün hər bir mənasında ağır və məsuliyyətli bir işin altına vermişdir. Bu çətinlik ilk növbədə görülmüş işin fiziki nəhəngliyi, bəlkə də, hüdudsuzluğu ilə bağlıdır. Təkcə XX əsri götürsək, söhbət nəhəng bir tərcümə maşınının bütöv bir epoxa (sovet epoxası) ərzində aramsız tərcümə faəliyyətinin, ən azı, fiziki-statistik mənzərəsinin yaradılmasından gedir.  Bu epoxa bütün mahiyyəti etibarilə ideoloji epoxa idi: ideologiya ilə qurulmuşdu və ideologiya ilə yaşadılırdı. Elə həmin ideologiyanın diqtəsi ilə keçmiş SSRİ xalqlarının ədəbi-bədii irsi, o cümlədən, dünya ədəbiyyatının "materialist" indeksinə sığa bilən "bütün" nümunələri dilimizə tərcümə olunmuşdu. Bu, bir reallıqdır ki, Azərbaycan oxucusu bu tərcümələr sayəsində dünya bədii düşüncəsinin ən nəhəng nailiyyətləri ilə tanış ola bilmişdi. Bu tanışlıq bizə, ən azı, keçmiş sovet və ümumən sosialist dünyası məkanında, bəlkə də, özümüzün fərqinə varmadığımız mədəni bərabərlik, kültür identikliyi imkanı vermişdi. Biz bu səviyyəyə ak. K.Abdullanın "möhtəşəm üsul" adlandırdığı həmin ədəbi-bədii tərcümə vasitəsilə çata bilmişdik. Bu səviyyə və məqamın nə olduğunu keçən əsrin 80-ci illərinin başlanğıcında sovet ordusu sıralarında hərbi xidmətdə olarkən şəxsi həyatımda yaşamışam.

 

Hələ "gənc" ("molodoy") əsgər ikən gecə yarısı kazarma növbətçiliyində sil-süpür işlərimi tez başa vurub, müvəqqəti sakitçilikdən istifadə edərək, 7-ci siniflər üçün "SSRİ tarixi" dərsliyini götürüb oxumağa başladım (ali məktəbə hazırlaşırdım). Birazdan növbətçi zabit gəldi. Nə oxuduğumu soruşdu, kitabın Azərbaycan dilində olması onu təəccübləndirdi. "Azərbaycan dilində belə kitablar var?" - deyə yarı təəccüb, yarı iztehza ilə soruşdu. Mən təsdiq edib, söhbəti bədii ədəbiyyat müstəvisinə gətirdim. Anadan olub, necə deyərlər, kitabların arasına düşmüşdüm: bütün böyük qardaşlarım humanitar təhsil almışdılar və evimizdə hara baxırdın - kitab görərdin. Zabitin müəyyən mütaliəsinin olduğu üzə çıxdı. Bu dəfə söhbəti xaricdə yaşayan rus mühacirlərinin yaradıcılığının üzərinə gətirdim, Buninin xatırladım, tanımadığı məlum oldu: ali hərbi məktəbdə, əsasən, hərb tarixinə aid bədii əsərlər oxumuşdu. "İşinlə məşğul ol", - deyib məndən, bir növ, canını qurtardı. Bu və digər bu tipli hadisələr mənim həm müsbət, həm də mənfi mənada yeni imicimi formalaşdırdı. Münasibətin hansı məzmunda olmasından asılı olmayaraq, "kitab" faktorunun münasibətlərdə necə rol oynadığı əyani şəkildə özünü təzahür etdirirdi. Bu cəhətdən, Azərbaycan milli mədəni intellektinin də dünyaya bir çox identifikasiya modelləri ilə yanaşı, həm də bu ensiklopediyanın nümunəsində "kitab" paradiqmasında çıxması müasir Azərbaycan dövlətinin davamlı mədəni siyasətinin düşünülmüş sanballı addımlarından biridir.

 

"Azərbaycan tərcümə ensiklopediyası"nın milli məsuliyyət tələb edən layihə olmasına gəlincə, bu, "Enisklopediya"nın ilk növbədə davam edən, ardı gələcək layihə olması ilə müəyyənləşir. Heç təsadüfi deyildir ki, kitabın üzərində onun birinci nəşr olması qeyd olunmuşdur. Bu kitab, doğrudan da, birinci nəşrdir, çünki səkkiz əsrlik tərcümə tarixi və ümumən tərcüməşünaslığını, təbii ki, "birinci nəşrlə" tam əhatə etmək mümkün deyildir. Bu nəşrlə nəhəng milli layihə yalnız başlanmışdır. Öz söz müəllifinin yazdığı kimi, "bu kitaba düşməyən əsər və müəllif adları ola bilər və bu təbiidir. Amma o da var ki, tərcümə ensiklopediyası da birdəfəlik, ilk və axırıncı təşəbbüs deyil. Ensiklopediyanın daha təkmil və dolğun variantları yenə də yaranacaq. Bu da təbiidir. İlk təşəbbüs layiqli başlanğıc olsa da,  missiya yerinə yetirildi, deməli".

 

"Azərbaycan tərcümə ensiklopediyası" quruluşu etibarilə səkkiz bölmədən ibarətdir:

 

- Sərəncamlar, sənədlər;

 

- Tərcümə elm sahəsi kimi;

 

- Tərcümənin nəzəri və praktiki prinsipləri;

 

- Tərcümənin fəlsəfi əsasları;

 

- Tərcüməşünaslığın predmeti və problematikası;

 

- Azərbaycanda tərcümə ədəbiyyatı tarixi;

 

- Tərcümə terminləri lüğəti.

 

"Sərəncamlar, sənədlər" bölməsində dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunması ilə bağlı hüquqi bazanı əhatə edən bütün sənədlər verilmiş və bununla da Azərbaycanda "bədii tərcümə" siyasətinin dövlət əhəmiyyətli məsələ olduğu əyaniləşdirilmişdir. Həmin bölməyə Prezidentin 2007-ci il sərəncamı ilə bağlı çap edilmiş kitabların üz qabığının şəkilləri də illüstrasiya olaraq daxil edilmişdir.

 

M.Nağısoylu və L.Əliyevanın yazdığı "Tərcümə elm sahəsi kimi" oçerkində Azərbaycan tərcüməşünaslıq elminin elmi sərhədləri, obyekti və predmetindən bəhs olunur.

 

R.R.Əliyevin yazdığı "Tərcümənin nəzəri və praktiki prinsipləri" oçerkində tərcüməçiliyin tarixi və müasir təcrübəsi nəzərə alınmaqla bu işin bütün nəzəri və praktiki incəlikləri əhatə olunur.

 

A.B.Rüstəmovanın yazdığı "Tərcümənin fəlsəfi əsaslarına dair" adlı oçerkdə "tərcümə" fenomeninin fəlsəfə tarixindəki inkişaf dinamikası nəzərdən keçirilir və tərcümə modelləri daha çox epistemoloji kontekstdə şərh olunur.

 

A.Q.Ələkbərlinin yazdığı "Tərcüməşünaslığın predmeti və problematikası" adlanan oçerkdə isə oxucuda tərcümə elminin "nə üzərində" və "nəyi öyrəndiyi" haqqında geniş və prakitiki elmi  təsəvvürlər yaradılır.

 

"Azərbaycanda tərcümə ədəbiyyatı tarixi" adlanan nəhəng oçerkin XIV-XVIII əsrlərə aid mərhələləri M.Z.Nağısoylu, XIX-XX əsr mərhələləri isə M.Z.Nağısoylu və L.A.Əliyeva tərəfindən yazılmışdır.

 

Qeyd edək ki, bu bölmələrin hamısı elmi məlumatlar, biblioqrafik faktlarla, analitik təhlillərlə zəngin olmaqla yanaşı, həm də ensiklopedik təqdimat dili və formasının elmi-estetik xüsusiyyətlərini özündə əks etdirir.

 

Ensiklopediyanın "əsasını" isə "Tərcümə terminləri lüğəti" əks etdirir. Bu hissə fiziki həcmi baxımından 600 səhifə civarında olan kitabın 6-da 5-ni təşkil edir.

 

"Lüğət" əlifba prinsipi ilə verilmişdir. Burada hər bir tərcüməçiyə aid olan oçerk iki hissədən ibarətdir:

 

- Tərcüməçi haqqında qısa biblioqrafik məlumat;

 

- Etdiyi tərcümələr haqqında məlumat.

 

Həm birinci, həm də ikinci hissədə son dərəcə nəhəng biblioqrafik və bədii tərcümə statistikası əhatə olunmuşdur. Bu materialları nəzərdən keçirdikcə bu işi görənlərin səbrinə, zəhmətinə və bacarığına heyran qalmamaq olmur.

 

Ensiklopediyanın bahalı kağızda, rəngli illüstrasiyalar və fotolarla nəşr edilməsi bu işin başında duranlar və icraçıların bu layihəyə nə qədər böyük milli məsuliyyətlə yanaşmalarından soraq verir.

 

Əlbəttə, bizim burada qeyd etdiklərimiz nəhəng milli layihə qarşısında ilk təəssüratlarımızı əks etdirir. Əsl təəssüratların və milli minnədarlığın "Ensiklopediya"nın milli mədəniyyət, incəsənət və humanitar təhsil sahəsində nəzərdə tutlmuş "missiyasını" yerinə yetirəcəyindən sonra olacağına inanırıq. Təkcə müasir nəsillər deyil, gələcək nəsillər də "Azərbaycan tərcümə ensiklopediyası"na görə "müəlliflərə" əbədiyyən minnətdar olacaqlar.

 

Seyfəddin RZASOY

AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor