“Ağdamsız 25 il”
İyulun
23-də Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında
Ağdam rayonunun işğal gününə
həsr olunmuş “Ağdamsız 25 il” adlı “dəyirmi masa” təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir ölkəmizin suverenliyi, ərazi toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə kitabxananın direktoru Oruc Quliyev çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ağdamın işğalının 25 illiyi ilə əlaqədar fikirlərini bildirib. Dövlətimizin bu münaqişənin tezliklə həll olunması üçün apardığı genişmiqyaslı işlərindən danışıb, bu fəaliyyətin nəticəsi olaraq tez bir zamanda torpaqlarımızın azad olunacağına ümidvar olduğunu qeyd edib.
Kitabxananın əməkdaşı Rəvanə Məlikova Ağdamın işğal tarixi haqqında məruzə ilə çıxış edib, Əməkdar Artisti Azad Şükürov, türkiyəli tələbələr İrem Feray və Merve Bankir Qarabağın işğalı, erməni vandalizmi haqqında fikirlərini bölüşüblər.
Şuşa rayon İcra Hakimiyyətinin birinci müavini Əkbər Hacıyev, Şuşa rayonu YAP-ın sədri Təvəkkül Əliyev və başqaları çıxış edərək ürəkağrısı ilə Ağdamın işğalı barədə danışıblar, tezliklə torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminliklərini ifadə ediblər.
Tədbirdə Ağdam
işğalına həsr olunmuş videoçarx nümayiş
olunub, “Ağdamsız 25 il”
adlı kitab sərgisi təşkil edilib.
Azad Azərbaycan.- 2018.- 24 iyul.- S.4.