Hacı Xanməmmədovun yaradıcılıq
tapıntıları
Bəstəkarlar İttifaqında
Hacı Xanməmmədovun
yaradıcılığına həsr olunan məruzələr dinlənilib
Noyabrın 2-də Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli
bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə
həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov açaraq görkəmli bəstəkarın ömür yolundan, zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onun diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında əsas xətti təşkil edib və ömür boyu beş tar konsert yazıb. Bu konsertləri hər biri sevilə-sevilə tanınmış ifaçılarımız tərəfindən ifa olunub. O, həmçinin kamança və orkestr üçün konsertin ilk müəllifidir. Hacı müəllimin yaradıcılığının əsas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. Onun orkestr üçün “Azərbaycan eskizləri”, “Bayram” süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını qeyd edə bilərik. Xüsusilə H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da bariz nəticəsini verib.H.Xanməmmədovun həm də gözəl mahnılar müəllifi olduğunu söyləyən natiq deyib ki, onun 100-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini görkəmli şairlərin şeirləri təşkil edir. Xüsusilə, bəstəkarın lirik mahnıları xalqımız arasında geniş yayılıb. Bu baxımdan “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.Bəstəkarlar İttifaqının katibi diqqətə çatdırıb ki, H.Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda, təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. O, qırx ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. O, “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi idi.Diqqətə çatdırılıb ki, Hacı müəllim müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görüb. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.
Tofiq Seyidzadə
Azad Azərbaycan.- 2018.-3 noyabr.-S.7