Cavanlıqdan tanıdığım Vasin Qarayev
"Hər
dəfə Yasin Qarayevin yeni roluna baxmağa gedəndə mənə
bir - neçə çiçək dəstəsi
aldırırdılar"
Mən teatra,
kinoya, səhnəyə yad adam deyiləm. Köhnə
şamaxılılar yaxşı bilirlər,
tanınmış səhnə ustası Ümid İsrafilovun
başçılıq etdiyi Şamaxı Xalq Teatrında səhnə
həyatım da olub. O zaman Şamaxıda Dövlət
Teatrı bərpa edilsəydi, kim bilir, tale məni haralara aparacaqdı.
Nəticədə jurnalistikanı, bədii
yaradıcılığı seçdim. Amma bu seçim mənim
teatra marağımı azaltmadı. Teatrı həmişə
məbəd hesab elədiyimə görə, orada
çalışanların hamısına, aktyorlara, rejissorlara
böyük maraqla, hədsiz hörmətlə
yanaşırdım. Bakı teatrlarında elə bir tamaşa
olmazdı ki, onun premyerasında iştirak etməyim. Əlbəttə,
hamı kimi mənim də sevimli aktyorlarım var idi.
Hamının adını çəkmək istəmirəm,
ancaq Yasin Qarayevin yaradıcılığına daha çox
maraq göstərirdim. Mənim Bakı Dövlət Universitetində
oxumağa başlamağımla Yasin Qarayevin Gənc
Tamaşaçılar Teatrında fəaliyyətə
başlaması üst - üstə
düşmüşdü. Teatr xəstəliyini tələbə
yoldaşlarıma da yoluxdurmuşdum, tamaşalara dəstə
- dəstə gedərdik. Tələbə yoldaşlarım
arasında hətta Yasin Qarayevə vurulanlar, xüsusi
münasibət bəsləyənlər də var idi. Hər dəfə
yeni tamaşaya, Yasin Qarayevin yeni roluna baxmağa gedəndə
mənə bir - neçə çiçək dəstəsi
aldırırdılar. Əlbəttə, bu, məndə
qısqanclıq yaratmırdı, müəyyən xərcə
düşsəm də, çiçəkləri həvəslə
alırdım, çünki bilirdim ki, həmin çiçəklər
sənətkara veriləcək. Nə gizlədim, bir -
neçə dəfə Yasin Qarayev haqqında məqalə, hətta
kitab da yazmaq istəmişəm, amma tez də fikrimdən
dönmüşəm. Düşünmüşəm ki,
Yasin müəllim haqqında söz deməyə qələmimin
qüdrəti çatmaz...Yasin müəllim kimdir? Mən onun
yaratdığı, mənfili - müsbətli, bütün
surətlərin adlarını bilirəm. Ona görə
verdiyim suala asanlıqla cavab tapıram. Yasin Qarayev Cəlaldır,
Quludur, Əsəddir, Qarakişidir, Qafardır, Mahmuddur...O eyni
zamanda Mir Cəfər Bağırovdur! Biri - birindən fərqli
obrazlar yaratmaq hər aktyora nəsib olmur. Özü də
Yasin Qarayev üçün rolun böyüyü - kiçiyi
yoxdur, əsas odur ki, o, özü böyükdür.
Böyük aktyordur, böyük insandır, böyük vətəndaşdır.
Onu izləmək, alqışlamaq üçün heç Gənc
Tamaşaçılar Teatrına getmək də lazım
deyildi. Yasin Qarayev özü Azərbaycan Televiziyasının
sevilən "Səhər görüşləri",
"Komediya aləminə səyahət" verilişlərində
qarşımıza çıxırdı,
ovqatımızı dəyişirdi...
Yasin
Qarayev xalq artistidir, Prezident təqaüdçüsüdür,
çoxlu yaradıcılıq mükafatına layiq
görülüb. Aktyorun ən böyük mükafatı isə,
şübhəsiz, tamaşaçı
alqışıdır. Sevinirəm ki, uzun illər ərzində
çoxalan, salonları bürüyən, zaman keçdikcə
daha yaxından eşidilən alqış sədalarına, bir
tamaşaçı kimi, mənim də alqışım
qarışıb.
Məzahir
Süleymanzadə
Azad Azərbaycan.-
2018.-23 oktyabr.- S.7