“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar”

AMEA-nın  Tarıx  İnstutunda  beynəlxalq  konfrans  keçırilib

Oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda birinci Bakı beynəlxalq elmi konfransı işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, elmi ictimaiyyətin nümayəndələri və dörd ölkədən otuzadək alim iştirak edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilk dəfə keçirilən bu konfransın əhəmiyyətindən danışıb, Elm Tarixi İnstitutunun məqsədyönlü fəaliyyətindən, beynəlxalq əlaqələrindən, nəşrlərindən, burada reallaşdırılan tədqiqat işlərindən və layihələrdən söz açıb. İnstitutun yeni yarandığını diqqətə çatdıran akademik burada elm tarixinin sistemli şəkildə öyrənildiyini bildirib.

Akademik İ.Həbibbəyli institutun qısa müddətdə əldə etdiyi uğurları yüksək dəyərləndirib. Bildirilib ki, yerli və xarici alimlərin qatıldıqları konfransda elm tarixinin müasir problemlərinin müzakirəsi və əldə olunacaq nəticələr Azərbaycan və dünya elmi ictimaiyyəti üçün faydalı olacaq. Elm Tarixi İnstitutunun elmşünaslıq sahəsində məqsədyönlü fəaliyyəti, burada aparılan tədqiqatlar, əldə edilən mühüm nəticələr ölkəmizdə müvafiq sahəyə diqqəti daha da artırır.

İ.Həbibbəyli elmşünaslıq istiqamətində aparılan tədqiqatların Ali Attestasiya Komissiyası tərəfindən indeksləşdirilməsinin zəruriliyini qeyd edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova yeni fəaliyyətəbaşlamış institutun qısa müddətdə bir sıra elmi mərkəzlərlə əlaqə yaratdığını və uğurlu əməkdaşlıq etdiyini söyləyib. Konfransa xarici ölkələrdən qatılan alimlərin çoxluq təşkil etdiyini deyən akademik onların bu instituta böyük maraq göstərdiklərini bildirib. Azərbaycan elmi üçün elm tarixinin yeni istiqamət olduğunu diqqətə çatdıran N.Axundova deyib ki, bu sahə dünyada müxtəlif elmlərin əsaslarını, metodologiyasını öyrənir.

Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, burada elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən indiyədək tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər aparılır.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru Dmitri Şerbinin “Elm və texnikanın tarixinin araşdırma istiqamətləri elm fəaliyyətinin dövlət idarəsinin dəyişiklik dövründə”, REA-nın müxbir üzvü Yuri Baturinin “Fənlərarası koqnitiv mexanizm”, Helmholtz Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri, professor Məsud Əfəndiyevin “Riyaziyyat və onu əhatə edən dünya”, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun direktoru Zanq Bayçunun “Çinin elm və texnologiya tarixçiləri nəyə hədəflənib?” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, son illər elmdə qazanılan ən mühüm nəticələr elmlərin inteqrasiyasında əldə edilir. Müxtəlif elmlərin sərhədində aparılan araşdırmalar yüksək elmi təcrübi əhəmiyyət daşımaqla yanaşı, yeni elmi tədqiqat istiqamətlərinin inkişafına şərait yaradır.

İşini bölmə iclasları ilə davam etdirən elmi konfransda yerli və xarici alimlərin məruzələri dinlənilib.

 

Hacı Tofiq Seyidzadə

Azad  Azərbaycan.- 2018.- 30 oktyabr.- S.5.