Teatr millətin
güzgüsü, böyük tərbiyə
ocağıdır
Xəzər Gəncəli: “Regional teatrlarda yaradıcılıq
sərbəstliyi üçün hər cür imkan var”
Bildiyimiz kimi ölkə
başçısının sərəncamına əsasən
bu ilin sonuna kimi Azərbaycanın üç aparıcı
teatrı - Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı 90 illik, Mingəçevir
Dövlət Dram Teatrı 50 illik və Sumqayıt Dövlət
Dram Teatrı 50 illik yubileylərinu keçirməyə
hazırlaşırlar. Yubileylərin
keçirilməsi bir də ona görə yaxşıdır
ki, həmin yubileylərdə illərlə fəxri ad
alacaqlarını gözləyən və Azərbaycan
teatrı üçün əvəzsiz işlər görənlərə
fəxri adlar, mükafatlar veriləcək. Əlbəttə,
bu bayramlar təkcə teatrların yox, həm də Azərbaycan
mədəniyyətinin bayramı sayılır. Çünki
teatr millətin güzgüsü, böyük tərbiyə
ocağı, əvəzolunmaz məktəb və xalqın mədəniyyətinin,
incəsənətinin ən aparıcı növüdür. Təsadüfü deyil ki, hələ meydan
oyunlarından, antik teatr dövründən başlayaraq teatr hər
bir millətin sevdiyi bir məkan, səhnə insanları sehirləyən,
onlara mənəviyyat, mədəniyyət öyrədən
müqəddəs bir yer, bir varlıq olub. Təsadüfi
deyil ki, teatra həyatın kiçildilmiş modeli deyilir.
İnsanlar özlərinin problemlərini, dərdlərini və
onlara cavabları teatrda tapırlar. Məhz buna görə də
zaman-zaman millətlər teatrı qoruyub və bu sehirli məkan
bu günümüzə qədər gəlib çatıb.
Sevundirici haldır ki, Azərbaycanda da teatrlara axır vaxtlar
diqqət çoxalıb. Bu işdə ölkə
başçısı İlham Əliyevin və Mədəniyyət
naziri Əbülfəs Qarayevin əməyini danmaq olmaz. Onların sayəsində Azərbaycanda beynəlxalq
teatr günlərinin, festivallarının keçirilməsi,
xarici ölkə rejissorlarının, rəssamlarının
teatrlarımızda tamaşalara quruluş verməsi və eləcə
də azərbaycanlı rejissorların xarici ölkələrdə
tamaşalara quruluş vermək üçün dəvət
olunması, Azərbaycan teatrlarının
xarici ölkələrdə çox uğurlu qastrolları,
beynəlxalq müsabiqələrdə yerlər tutması
artıq teatrlarımızın dirçəlişindən xəbər
verir. Əlbəttə, biz bütün bunları hələ
1990-cı illərdən təklif edirdik, amma keçmiş mədəniyyət
rəhbərləri bizim bu təkliflərimizə biganə
yanaşır və bizi milli mədəniyyətimizin
düşmənləri, radikal fikirli adamlar hesab edirdilər. Hər
an da bizə qarşı tənqidi mövqe tuturdular. Zaman gəldi, ulu öndər Heydər Əliyevin,
İlham Əliyevin və Əbülfəs Qarayevin sayəsində
bizim bu arzularımız reallaşdı. İndi çoxlu
teatr mütəxəssislər fikirləşir və
açıq-açığına deyirlər ki, “siz həmin
vaxtlar heç də faydasız təkliflər irəli
sürmürdünüz”...
Əlbəttə, bu haqda gələcəkdə
ayrı yazılar yazacam. Amma indiki mövzü Mingəçevir
Dövlər Dram Teatrı haqqındadır. Bu teatr
yarandığı gündən respublikanın ən
aparıcı teatrlarından biri olub. Mingəçevir
Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb.
1974-cü ildə bu teatra Azərbaycan səhnəsinin korifeylərindən
biri SSRİ Xalq artisti Mərziyyə Davudovanın adı
verilib. Teatr öz pərdəsini 1969-cu ildə Cəfər
Cabbarlının “Almaz” pyesi ilə açıb.
Quruluşçu rejissor, teatrın ilk baş rejissoru
İldırım Cabbar, rejissor Zülfüqar Abbasov olub.
Teatr yarandığı gündən onun
repertuarında klassik və müasir dramaturqların pyesləri
geniş yer tutur. Bu teatrın bir vaxtlar ən yaxşı
tamaşaları:
- Mirzə İbrahimovun “Kəndçi
qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda
qaldı", "Unuda bilmirəm”, “Sevgililərin cəhənnəmdə
vüsalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”,
Nikolay Qoqolun “Müfəttiş” , Mirzə Fətəli
Axundovun “Hacı Qara”, Cəfər Cabbarlının “Aydın”,
“Solğun çiçəklər”, İsa Hüseynovun
“Haray”, “Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin
“Nabat xalanın çörəyi”, “Kimin sualı var?” ( eyni adlı poeması əsasında), Cəlil
Məmmədquluzadənin “Ölülər”, Mixail Zarudninin
“Yol kənarı”, Nəbi Xəzrinin “Qütb ulduzu”,
Zülfüqar Abbasovun “Vətən dərdi”, “Qisas
günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”, Sabir Azərinin
“Duman çəkilir”, Əbdürrəhim bəy Haqverdiyevin
“Pəri cadu”,Vladimr Vinniçenkonun “Günəşli yer”,
Ağalar İdrisoğlunun “Məhəkəmədən əvvəl
məhkəmə” və başqa tamaşalar olub.
Bu teatrın bir vaxtlar direktoru işləyən
Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Əlimov və bədii
rəhbər- direktor olan Xalq artisti Zülfüqar Abbasov
teatrın inkişafı üçün əllərindən
gələni ediblər. Baş rejissor işləyən
İldırım Cabbar, Vaqif Ağayev, Rövşən
Almuradlı, Füzuli Sərkərov, Günay Səttar və
quruluşçu rejissor olan başqa rejissorlar da bir-birindən
maraqlı tamaşalar hazırlamaqla Mingəçevir Dövlət
Dram Teatrını respublikanın ən aparıcı
teatrlarından biri ediblər. Bu teatrda bir
vaxtlar öz dəsti-xətti olan maraqlı aktyorlar- Xalq artisti
Ella Yaqubova, Əməkdar artistlər Vaqif Məmmədov, Nisə
Rzayeva, Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa
Əlimov, Kifayət Əliyeva, Heybət Hörmətzadə,
Telman Şərifov, Məzahir Məmmədov və
başqaları fəaliyyət göstərməklə və
maraqlı rollar oynamaqla teatra tamaşaçıların
marağını çox artırıblar.
Budur mən teatrın baş
rejissoru, 1973-cü ildən tanıdığım,
rejissorluğuna, savadına, şəxsiyyətinə, yüksək
mədəniyyətinə dərin hörmətim olan, Sənətşünaslıq
üzrə fəlsəfə doktoru Xəzər Gəncəli
ilə qarşı-qarşıya əyləşib, Mingəçevir
tearının keçdiyi 50 illik şərəfli
yolundan bəzi epizodları xatırlayırıq.
İlk öncə Xəzər Gəncəli
haqqında oxuculara qısa məlumat vermək istəyirəm.
O, 1956-cı il yanvar ayının 26-da yazıçı,
şair- dramaturq Novruz Gəncəlinin ailəsində
dünyaya göz açıb. Novruz Gəncəli “Ananın səsi”,
“Unuda bilmirəm” kimi qızıl fondda saxlanılan məşhur
mahnıların sözlərinin müəllifidir. İki ildən
sonra 100 yaşı tamam olacaq Novruz Gəncəlinin 16
kitabı nəşr olunub. Yazdığı publisist
yazılar, şeirlər, pyeslər sevə-sevə oxunan sənətkarlardan
biri olub. Xəzər Gəncəlidən səndə teara
maraq haradan yaranıb sualıma o, belə cavab verdi: “Məndə teatra olan ilkin marağı atam
yaratmışdı. Yaxşı xatırlayıram. 1964-cü
ilin teatr mövsümündə onun Dövlət Musiqili
Komediya Teatrında libretto müəllifi olduğu "Ev bizim,
sirr bizim" tamaşası oynanılırdı. Həmin
vaxtlar məni də tez-tez o tamaşaya aparırdı. Mən
də lap ön cərgədə oturub böyük
maraqla tamaşanı seyr edir, Nəsibə Zeynalovanın,
İmamverdi Bağırovun, Səyavuş Aslanovun ifasına
baxmaqdan zövq alardım. Elə bu maraq da mənim 1973-cü
ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun ( Mədəniyyət və
İncəsənət Universitetinin) “Dram teatrı
rejissorluğu” fakültəsinə daxil olmama səbəb
oldu. Rejissorluq sənətinin sirlərini mən, SSRİ Xalq
artisti, professor Mehdi Məmmədovdan, təcrübəli
müəllimlər Nəsir Sadıqzadədən və
Ədalət Ziyadxanovdan aldım. Sonra Naxçıvana gedib
oradakı Cəlil Məmmədquluzadə adına Dövlət
Müsiqili- Dram Teatrında görkəmli, qocaman rejissor
Baxşı Qələndərlinin rəhbərliyi ilə Həmid
Arzulunun “İnam” pyesinə quruluş verdim. Həmin vaxtı mən
məşhur rejissor, Naxçıvan Dövlət Musiqili-Dram
Teatrının inkifaşında əvəzsiz xidmətləri
olan Baxşı Qələndərlidən bir ustad sənətkar
kimi çox şeylər öyrəndim. Sonra
1978-80-ci illər arasında Sibirin ən uzaq guşələrindən
biri olan Xabarovsk vilayətində keçmiş Sovet Ordusu
sıralarında hərbi xidmətdə qulluq etdim. 1981-ci ildən
etibarən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin nəzdində yerləşən
Tədris Teatrında rejissor kimi fəaliyyət göstərmişəm,
eyni zamanda da Universitetin Teatr sənəti fakültəsində
2000-ci ilə qədər “Rejissorluq və aktyorluq sənəti”
üzrə müəllim vəzifəsində də
çalışmışam. Tədris Teatrında rejissor kimi
fəaliyyət göstərdiyim müddət ərzində
bir sıra azəri, rus və qərb yazarlarının pyeslərini
həmin teatrın səhnəsində tamaşaya
hazırlamışam. Bu işimlə paralel
1987-90-cı illər arasında Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında baş rejissorun truppa üzrə
köməkçisi vəzifəsində də
çalışmışam. 1997-ci ildə elmi iş
müdafiə edib, Sənətşünaslıq üzrə fəlsəfə
doktoru adını almışam.
-Xəzər Gəncəlinin işləri belə
uğurla davam etdiyi bir vaxtda, rejissor və müəllim kimi
uğurlar qazandığı bir zamanda siz, 2000-ci ildən
Türkiyə Respublikasında işləməyə getdiniz.
Bu, nədən yarandı?
- Həmin vaxtı Türkiyə
Respublikasından Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə müraciət
edib, orada dərs demək üçün müəllimlər
istəyirdilər. Mən də maraq
üçün 2000-ci ildən etibarən Türkiyə
Cumhuriyyətinə gedib, istər rejissorluq, istərsə də
pedaqoji fəaliyyətimi 2000-2014-cü illər kəsimində
İstanbul Bələdiyyəsi Göstəri Sənətlər
Mərkəzində və eləcə də İstanbul Mərmərə
Universitetinin “Atatürk Egitim fakültəsində” həyata keçirməyə başlamışam.
İstanbul Göstəri Sənətlər Mərkəzində
və Mərmərə Universitesi səhnəsində bu 14 il ərzində
qərb, türk, rus və azəri yazarlarının dram əsərlərinə
səhnə təcəssümü vermişəm. Bu
baxımdan Mirzə Fətəli Axundovun “Yıxılasın
Paris!” ( “Müsyö Jordan və Dərviş Məstəli
şah”), Nikolay Qoqolun “Müfəttiş”, Vilyam Şekspirin
“Venetsiyalı tacir”, Jan Batist Molyerin “Meşşan
dvoryanlıqda”, türk yazarları Turqut Özakmanın
“Töre”, Tuncər Cücənoğlunun “Dosya”, Nəcib Fazil
Kısakürəyin “Para”, Cahid Atayın “Pusquda”, İbrahim
Şinasinin “Şair evlənməsi” və sairə pyeslərinin
tamaşasını hazırlamışam. Mütəxəssislərin
və tamaşaçıların dediyinə görə
bütün tamaşalar maraqlı olub. Onu da
deyim ki, dahi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və
Dərviş Məstəlişah” tamaşasını ikl dəfə
məhz mən türk dilində hazırlamışam və
bütün türk tamaşaçıları Axundov
istedadına, Axundov təfəkkürünə heyran
qalıblar. Yeri gəlmişkən onu da
qeyd edim ki, “Yıxılasın Paris!” adı altinda
hazırladığım bu tamaşada Dərviş Məstəli
şah rolunu da mən özüm ifa etmişəm. 2011-ci ildə
İstanbulda rejissorluq problemlərini əhatə edən
“Yönetmen ve oyun” (“Rejissor və pyes”) adlı elmi-nəzəri
kitabım nəşr olunub. Bu kitab Türkiyədə
çox maraqla qarşılanıb. Türkiyədə həm
rejissor, həm də pedaqoq olaraq fəaliyyət göstərdiyim
illərdən çox razıyam. Mərmərə
Universitetində teatr sənəti üzrə pedaqoq,
İstanbul Bələdiyyəsi Göstəri Sənətlər
Mərkəzində “Dünya teatr tarixi” fənni üzrə
müəllim, “Öncü Egitim Müəssisəsi” adlı
təhsil ocağında isə sırf rejissor olaraq
çalışmağımla fəxr edirəm. Orada bu
möhtəşəm sənət ocaqlarında
çalışan yeganə azərbaycanlıydım.
Türkiyə-Azərbaycan Dərnəyi İstanbul şöbəsinin
üzvüyəm. Bəzən tərcüməçi kimi də
fəaliyyət göstərirəm. Azərbaycan, rus
yazarlarının pyeslərinin bəzisini Türkiyə
türkcəsinə çevirmişəm.
-Türkiyə Respublikasında teatra maraq necədir?
- Türk
qardaşlarımızın teatra olan sonsuz marağını
vəsf etməkdə acizəm. Teatr sənəti
onların həyatının bir parçasına
cevrilmişdir desəm, heç bir mübaliğəyə yol
vermərəm. Bu sənətin sirlərinə
yiyələnmək, mümkün qədər çox şey
öyrənmək, bacardıqca görüb-götürmək,
məşhur teatr islahatçısı Kostantin Sergeyeviç
Stanislavski sistemini tətbiq etməkdə onların tayı-bərabəri
yoxdur. Stanislavskinin əsərlərindən
ibarət bütün külliyyatı türk dilinə tərcümə
olunub nəşr edilib və İstanbulun elə bir kitab
dükanı yoxdur ki, orada satılmasın. Türklər əbəs yerə demirlər ki,
“dünyada Stanislavski sistemini ruslardan sonra ən yaxşı tətbiq
edən Türkiyədir”. İş o yerə
çatıb ki, teatr sənəti bir fənn kimi artıq bir
çox kollecdə, məktəblərdə, universitetlərdə,
hətta qeyri-humanitar texniki təhsil ocaqlarında belə dil, ədəbiyyat,
coğrafiya, riyaziyyat və sairə kimi predmetlər statusunda
keçirilməkdədir. Özü də
bu fənn təhsil ocaqlarında çox yaxşı
qarşılanır. Türklərin müəllimə
olan hörməti və münasibəti də yüksək səviyyədədir.
“Hocam” sözü onlar üçün sanki müqəddəs
bir ifadədir!.. Yeri gəlmişkən onu
da vurğulayım ki, müştərək bayramımız
olan Ramazan və Novruz mərasimlərində istər türk
qardaşlarımız, istərsə də Türkiyədə
yaşayan azəri türkləri hər zaman bir araya gəlir,
bu bayram şənliklərini təntənəli surətdə
qeyd edir, xalq musiqiləri səsləndirir, folklordan nümunələr
göstərilir, şeir yarışmaları, tamaşalardan səhnəciklər,
çal-çağır heç bir zaman əskik olmur. Məqsəd iki dövlət bir millət olan
xalqın dostluğunu, qardaşlığını, həmrəyliyini,
sarsılmazlığını əks etdirmək, bu
dostluğa qeyri-səmimi yanaşan qüvvələrə
öz gücünü, əzəmətini göstərməkdir.
-
Artıq Türkiyədə də işlərinizin çox
uğurlu getdiyi bir vaxtda yenidən Azərbaycana
qayıtdınız...
- Bəli.
Ailə vəziyyətimlə əlaqədar
olaraq 2014-cü ildən etibarən doğma Bakıya geri
dönmüşəm. Belə ki, həyat
yoldaşım Roza xanım dünyasını dəyişəndən
sonra orada yaşaya bilmədim... Doğma Azərbaycana
geri dönməyimin əsas səbəblərindən biri də
burada yenidən çalışmaq, milli kadrların yetişməsində
daha yaxından iştirak etmək və milli
teatrımızın inkişafı prosesinə müəyyən
qədər faydalı olmaq idi. Bu məqsədlə
də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə
müraciət etdim. Nazirlik mənim
müraciətimə biganə qalmadı və məni Mingəçevir
Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə
təyin etdi.
- Bir qədər
də Mingəçevir Dövlət Dram Teatrında
qoyduğunuz tamaşalar haqqında qısa məlumat verin.
- Mən
2015-ci ilin dekabr ayından etibarən Mingəçevir Dövlət
Dram Teatrında çalışmaqdayam. Bu 3
illik müddət ərzində irili-xırdalı 10
tamaşaya quruluş vermişəm. İlkin
olaraq bu teatrda fəaliyyətimə türk yazarı Cahid
Atayın “Pusquda” adlı oyunu ilə başladım. Azəri türkcəsinə
uyğunlaşdırdığım bu tamaşada cəmi 3
iştirakçı var. Kəndin ağası,
bostançı və müəllim. Pyes əsasən
cəhalət və ziya arasında cərəyan edən
konflikt zəminində qələmə alınıb. Sonra süjeti Xocalı faciəsinin doğurduğu
ailə münasibətləri çərçivəsində
əhatə olunmuş və Sevinc Elsevərin müəllifi
olduğu “Ürəyində arzu tut” tamaşası isə mənim
ikinci çalışmam oldu. Üçüncü
tamaşam isə dahi Nikolay Qoqolun “Müfəttiş” pyesi oldu
və mən bu tamaşa üzərində düz 8 ay
çalışdım. “İnsan ruhunun
qaranlıq həyatını” göstərən bu tamaşa
şəhər ictumaiyyatinin da dərin marağına səbəb
oldu. İki saat yarımlıq oyunu fasilə
vermədən nümayiş etdirsək də
tamaşaçı bu oyunu sanki “nəfəs dərmədən”
böyük məmnuniyyətlə, maraqla izlədi. Sonrakı çalışmamız Süleyman Sani
Axundovun “Bir eşqin nəticəsi” tamaşası oldu. Müəllif bu əsəri 1921-ci ildə yazıb.
Özfəaliyyət və dram dərnəklərini
nəzərə almazsaq bu pyes indiyə qədər
respublikamızın heç bir dövlət dram teatrında səhnə
təcəssümü tapmamışdı. Beləliklə, bu pyesi tamaşaya hazırlamaqla onun
taleyində tarixi bir missiyaya da imza atmış olduq.
Növbəti işimiz Mirzə Fətəli Axundovun məşhur
“Sərgüzəşti- Vəziri- Xani-Lənkəran”
tamaşası oldu və bu tamaşa da eyni ilə “Müfəttiş”
kimi tamaşaçıların alqışları altında
anşlaqla oynanıldı. Bu tamaşadakı bəzi
hadisələrə radikal rejissor yozumu tələbkar
tamaşaçıda maraq doğurdu. Müəllifin
pyesində olduğu kimi biz də bu komediyaya satirik bir janrda
yanaşdıq və acı gülüşlərlə bu
pyesin bütün sətiraltı mənalarını
açmağa çalışdıq. Mətbuatda
da bu tamaşa ətraflı şəkildə təhlil olunub
işıqlandırıldı. Ağaddin Babayevin
yazdığı 20 yanvar faciəsinə həsr olunmuş
“Ağla qərənfil, ağla...” ədəbi-bədii
kompozisiyasına, Camal Yusifzadənin “Səhər qatarı”
pyesinə də quruluş verdim. Qısa bir müddət ərzində
uşaqlar üçün hazırlamış olduğum Azərbaycan
nağılları əsasında qələmə
alınmış “Kələkbaz keçəl”, qış tətili
üşün nəzərdə tutulmuş “Qış
nağılı” və Rəhman Rəhmanovun yazmış
olduğu “Odunçunun nağılı” pyesləri ilə də
repertuarımız zənginləşmiş oldu.
-Siz bir
rejissor kimi hansı tamaşalara quruluş verməyi daha
çox xoşlayırsınız?
-Etiraf
edim ki, məni daha çox müasir mövzulu tamaşalar
düşündürür. Janrından
asılı olmayaraq istər klassik, istərsə də
çağdaş pyeslərdə qoyulan aktual mövzular daim
diqqət mərkəzimdədir. Əlbəttə,
günümüzlə səsləşən klassik pyeslərə
də quruluş verməyi xoşlayıram. Çünki klassik pyeslərdə
günümüzlə səsləşən mövzulara daha
tez-tez rast gəlmək mümkündür. Yazılış tarixindən asılı olmayaraq elə
klassik pyeslər var ki, bu gün də aktualdır. Zaman keçsə də bunlar
çağdaşlıq təravətini heç bir zaman
itirmir, əksinə bu günün tələb və ehtiyaclarına
daha çox cavab verirlər. Vilyam Şekspirin, Jan Batist
Molyerin, Nikolay Qoqolun, Anton Pavloviç Çexovun, Mirzə Fətəli
Axundovun, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim
bəy Haqverdiyevin, Hüseyn Cavidin, Cəfər
Cabbarlının əsərlərini yenidən, təkrar-təkrar
oxuduqca bir daha əmin olursan ki, bu ədiblər oxucu və
tamaşaçılara öz həyat və
yaşantılarında bilmədikləri şeyləri, yəni
daha çox bilməkdən qaçındıqları,
görməməzlikdən gəldikləri gerçəkləri
göstərməyə çalışıblar. Bu əsərləri
oxuduqca bizlər bir daha dərk edirik ki, bacarıqlı və
istedadlı insanların yaratdığı xarüqələr
ilə dünyanın bir anda yox olması qorxusunu yaşadan
qüvvələrin əməlləri arasında nə edəcəyimizi
bilməyən, az qala sərsəmləmiş olan biz insanlar,
həyatın verdiyi güvənsizlik qarşısında mütiləşərək
teatrdan "AYAQLARIMIZI MÖHKƏMCƏ BASA
BİLƏCƏYİMİZ BİR ZƏMİN OLMASINI"
imdad edirik.
Vilyam
Şekspirin “Hamlet” ində dediyi kimi, “ səhnə həyatın
aynası və qısaldılmış bir tarixi”dir. Bunun
üçün də səhnə öz dövrünü və
çağını doğru olaraq, açıq və saçıq,
heç bir təhrifə yol vermədən inikas etdiyi anda
önəmli bir vasitəyə çevrilir. Adını
çəkdiyim ədiblər öz pyeslərində gözəlliyi
şişirtməmiş, pis olanı ört-basdır etməmiş,
çirkin olanı gizlətməmiş, yaxşı olanı
unutmamaqla vəzifələrini yerinə yetirmiş və bu
gün də müasir səslənən ölməz əsərlər
yaratmışlar.
-
Xahiş edirəm, Mingəçevir teatrının kollektivi
haqqında məlumat verin. Bir vaxtlar bu teatrda
yaxşı aktyor ansambılı olub.
- Mingəçevir
Dövlət Dram Teatrının yaradıcı kollektivi barədə
yalnız xoş sözlər deyə bilərəm. Bu teatrı da, onun yaradıcı kollektivini də
çox sevirəm. Bəli. Bu teatr yanardığı gündən aktyor
ansambılı və rejissorları ilə fəxr edib.
Bu gün isə burada Azərbaycanın Xalq artisti Ella Yaqubova,
Əməkdar artisti Şıxı Yaqubov kimi səhnə ustaları
ilə yanaşı, Elmira İbrahimova, Afət Əliyeva, Asim
Məmmədov, Aydın Quliyev, Qabil İbrahimli kimi təcrübəli
aktyorlar fəaliyyət göstərir. Kollektivin
əksəriyyəti gənclərdən ibarətdir.
Hüseyn Mustafayev, Fəridə Məmmədova, Paşa
Salmanov, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz
Hacıyev, İlqar Rəhimov, Eyvaz Əliyev, Ceyhun Əhmədov,
Amil Fərzəliyev, Turqut Məsimli, Elvin Əkbərov və
başqa bu kimi perspektivli gənclərlə işləmək
çox xoşdur. Açığını
deyim ki, bu kollektivlə dağı -dağ üstə qoymaq
mümkündür. Və bu səhnədə
“Müfəttiş” tamaşasını hazırlayarkən mən
bir daha bunun şahidi oldum. Bu kollektivin
çalışmaq, qurub-yaratmaz əzmi o qədər
sağlam, o qədər möhtəşəmdir ki, bir rejissor
kimi bu qüvvələrlə mükəmməl tamaşa
yaratmamaq ən azından günahdır. Belə bir
maraqlı deyim var: “ Pis aktyor yoxdur, pis
rejissor var!”
Teatrın nəzdində "İnam" adlı studiya
yaratmışıq. Yerli həvəskarları, teatra
marağı olan gəncləri bu studiyaya dəvət edib,
teatr sənətinin sirlərini onlara öyrətməyə
çalışırıq. Mingəçevir
Dövlət Daram Teatrının aktyorları və
yaradıcı kollektivi ilə fəxr edirəm və
inanıram ki, onlar daha yüksək sənət zirvələrini
fəth etməyə qadirdirlər. Hələ
bizi qarşıda daha böyük uğurlar gözləyir.
- Teatrda
hansı aktyorların işindən daha çox
razısınız?
- Teatrda
elə bir aktyor yoxdur ki, onun fəaliyyətindən narazı
qalım. Hamı öz işinə vicdanla,
yaradıcı nöqteyi-nəzərdən yanaşır, etik
və estetik prinsiplərə riayət edir, mənəvı-əxlaqi
dəyərlərə önəm verir, maraqlı, məzmunlu
tamaşalar yaratmaq üçün əllərindən gələni
əsirgəmirlər. Mən prinsip
etibarı ilə qarışıq aktyor ansablının birgə
fəaliyyətinə daha çox istinad edirəm. Yəni tamaşalarımda yaş və təcrübəsindən
asili olmayaraq bütün aktyorlar bir araya gəlir, ümumi bir
vəhdət təşkil edirlər. Belə
bir sintez şübhəsiz uğurlu nəticələrə gətirib
çıxarır. Bir sözlə,
Türkiyə kimi böyük və möhtəşəm bir
dövlətdə çalışmaq nə qədər
xoş idisə, Mingəçevir Dövlət Dram
Teatrının bu gözəl kollektivində
çalışmaq mənim üçün ikiqat xoşdur.
Türkiyədə daha çox pedaqoji fəaliyyət
göstərirdim. Burada isə sırf
ixtisasımla - rejissorluq məsləkim üzrə fəaliyyət
göstərməkdəyəm. İkincisi
Türkiyə bizim üçün nə qədər
doğma, nə qədər əziz olsa da, qucağını
bizim üçün nə qədər geniş açsa da Vətən
- elə Vətəndir. Axı, dahilər
Vətənə iman əsəri deyiblər. Doğma Azərbaycanı
heç nə ilə əvəz etmək olmaz! Niyə
bildiklərimizi, oxuduqlarımızı, eşitdiklərimizi,
gördüklərimizi istedadı, qabiliyyəti,
bacarığı heç bir xalqın nümayəndəsindən
əskik olmayan gənclərimizə, həmvətənlərimizə
öyrətməyək? Doğrudur, çətinliklərimiz,
problemlərimiz də az deyil, amma bu buzim
kollektiv üzvlərini qorxutmur, kollektiv irəliyə nikbinliklə
baxır və hər şeyin günlərin bir günü ərsəyə
gələcəyinə inamını itirmir. Bir
sözlə, Mingəçevir Dövlət Dram
Teatrının baş rejissoru olmağıma heç də
peşman deyiləm. Fikirləşirəm,
yaxşı ki, bura işləməyə gəlmişəm.
- Bir
rejissor kimi bugünkü Azərbaycan teatrına
baxışınız necədir?
- Bir
rejissor kimi bu günki Azərbaycan Teatrına baxıb
şükür edirəm. Nə yaxşı ki,
milli teatrımız hələ ayaq üstədir, hələ
nəfəs alır, yaşayır. Bakıda
və regionlarda elə bir teatr yoxdur ki, fəaliyyətsiz
qalsın. Janr etibarı ilə müxtəlif
səhnə əsərlərinə və müxtəlif
dramaturqlara müraciət edən teatrlarımızın
tamaşalarnda əsasən müasir ruhlu ideyalar səslənməkdədir.
Bir qayqa olaraq milli teatrımız hal-hazirda
öz tamaşaları ilə bəşəri ideyaları tərənnüm
etməyə çalışır. Rejissorun
ideyası, nə demək istədiyi, hansı fikri təbliğ
etdiyi tamaşaçıya aydın olmalıdır və
tamaşaçı teatr zalını əliboş tərk etməməlidir.
Yaxşı əsəri tamaşaçıya
sevdirən həmin əsərdə onu narahat eləyən
problemə cavab tapması ilə əlaqədardır,
ondakı ideyalılıqdır, reallıq və
inandırıcılıqdır. Bu keyfiyyətlər
obrazlı şəkildə sənətkarlıqla işləndikdə
tamaşa daha dolğun və təsirli olur, heç bir zaman
öz təravətini itirmir, illər keçsə belə
tamaşaçıda yüksək amallar, nəcib insani hisslər
tərbiyə edir. Düşünürəm ki,
hal-hazırda rejissorlarımızdan Ağakişi Kazımov,
Azərpaşa Nemətov, Cənnət Səlimova, Vaqif Şərifov,
Zülfüqar Abasov, Mərahim Fərzəlibəyov başda
olmaqla, Vaqif Əsədovun, Oruc Qurbanovun, Ağalar
İdrisoğlunun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin,
Mirbala Səlimlinin, Nicat Kazımovun, İradə Gözəlovanın,
Günay Səttarın, Firudin Məhərrəmovun, Novruz Cəfərovun
və bu kimi onlarla rejissorun quruluş verdikləri tamaşalar
məhz bu kriteriyalar əsasında köklənib.
-
Bakıdan uzaqda teatra rəhbərlik etmək çətindirmi?
Şəhər rəhbərliyinin və Mədəniyyət
Nazirliyinin sizin teara münasibəti necədir?
- Məni Bakıdan cəmi 330 km. məsafə
ayırır.
Deyim ki, bu baxımdan heç bir əziyyət
çəkmirəm. Lazım olan vaxt
Bakıya gəlir və indi mənim üçün Bakı
qədər doğma olan Mingəçevirə geri
dönürəm. Mingəçevir
Teatrı mənim üçün doğma və əziz bir
yerə çevrilib və düzünü deyim ki,
ömür nə qədər vəfa etsə orada qalıb
çalışmaq istərdim. Mən “sən getməsən,
mən getməsəm, bəs rayona kim gedər?”-
devizini rəhbər tuturam. Məncə,
regional teatrlarda yaradıcılıq sərbəstliyi
üçün hər cür imkan var və bu da rejissor
istedadının formalaşması üçün əlverişli
fürsət yaradır. Doğrudur, ilk
dönəmlərdə mənim üçün də
regional teatrda işə başlamaq heç də asan başa
gəlmədi. Yaradıcı kollektivin
ayrı-ayrılıqda səciyyəvi xüsusiyyətlərinə
bələd olmaq,onları bir fərd, bir
şəxsiyyət kimi araşdırmaq üçün
keçirdiyim adaptasiya dövründə bir çox “testdən”
keçməli oldum. Müəyyən əngəllərə
rast gəlsəm də büdrəməməyə
çalışdım, az öncə
yuxarıda qeyd etdiyim kimi ayaqlarımı yerə möhkəmcə
basa bilmək üçün öz yaradıcılıq fəaliyyətimdə
qüsurlara yol verməməyə çalışdım. Nəticə etibarı ilə adaptasiya dönəmi
ümumən uğurla keçdi və öz rejissor “Mən”imi
ortaya qoya bildim. Onu da deyim ki, mən regional
teatrlarda fəaliyyət göstərən rejissor həmkarlarıma
öz peşəsinə sadiq olan, fədakar insanlar kimi
baxıram. O ki, qaldı şəhər ictimaiyyatı və
rəhbərliyinin bizim teatra olan münasibətinə - burada
vəziyyət əlbəttə qənaətbəxşdir. Elə bir tamaşamız yoxdur ki, şəhər rəhbərliyi
gəlib iştirak etməsin. Eləcə
də başda nazir Əbülfəs Qarayev olmaqla Mədəniyyət
Nazirliyi teatrımıza əlindən gələn
bütün köməklikləri edir ki, biz daha yaxşı
işləyək.
Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda Gəncə
şəhəri İcra Hakimiyyətinin
başçısı vəzifəsinə təyin edilmiş
Niyazi Bayramov Mingəçevirdə
çalışdığı müddət ərzində
daim bizim teatrla maraqlanırdı, zaman-zaman
tamaşalarımıza gəlirdi və
tamaşalarımızdan aldığı təəssüratlarını
daim bizimlə bölüşürdü, öz maraqlı
fikirləri ilə dərin tövsiyələr verirdi,
tamaşalarımızın təşkili ilə əlaqədar
xeyli işlər görürdü. Yaradıcı
kollektivimiz Niyazi Bayramovun teatrımıza göstərdiyi
qayğını heç bir zaman unutmayacaq.
- Siz
teatrın 50 illik yubileyini böyük bayram kimi keçirməyə
hazırlaşırsınız. Bu böyük
yubileylə bağlı işlərə necə
hazırlaşırsınız?
- Bəli,
biz bu yaxınlarda, yəni oktyabr ayında
teatrımızın yaranmasının 50 illik jubileyini qeyd etmək
ərəfəsindəyik. Bildiyiniz kimi Ulu
Öndərin əsasını qoyduğu və möhtərəm
prezident İlham Əliyev cənablarının davam etdirdiyi mədəniyyət
siyasətinin inkişaf etdirilməsi problemi
dövrümüzün ən zəruri məsələlərindən
biridir. Bu baxımdan möhtərəm Prezidentimiz bu il Mingəçevir Dövlət Dram
Teatrının yaranmasının 50 illik yubileyinin keçirilməsi
üçün sərəncam imzalayıb. Bu məqsədlə
oktyabr ayında həmin yubileyin keçirilməsi nəzərdə
tutulur. Yubileydə vaxtı ilə
teatrımızda hazırlanan tamaşalardan müxtəlif səhnəciklər
nümayiş etdiriləcək. Tədbirin
hazırlanması Əməkdar incəsənət xadimi,
rejissor Bəhram Osmanova həvalə edilib.
-
Teatrlarda tez-tez direktorla baş rejissor arsında konfliktlər
olur. Bu da kollektivin
yaradıcılığına pis təsir edir. Sizdə bu sahədə işlər necədir?
- Dediyim
kimi mən teatrda 3 ildir ki, çalışıram və bu
müddət ərzində teatrın müdiriyyəti ilə
mənim aramda heç bir konflikt yaşanmayıb. Əksinə teatrın direktoru Səxavət Məmmədovla
hər zaman bir-birini başa düşməyə
çalışmışıq. Aramızda
baş verən kiçik mübahisələr isə
yalnız yaradıcılıq müstəvisində olur və
onun hüdudlarını heç bir zaman aşmırıq, gərgin
bir polemikaya yol verməmişik. Bir də
ki, teatr sənətinin gerçək yaradıcısı
baş rejissordur. Səhnə üzərundə
tamaşanın hazırlanma prosesində o, həm bir mütəfəkkir,
şərhçi, yozumçu, həm də məzmunla
formanı, forma ilə texnikanı uyumlu bir şəkildə
araya gətirərək bütönlüyü qazandıran
şəxsdir. Elə buna görə də
rejissor istər məlumat, istərsə də yaradıcılıq
nöqteyi-nəzərindən qeyri-adi fərdiyyətdir.
Onun güc qaynaqları zəngin
dünyagörüşünə, fərdi
yaradıcılığa və elmi istedada əsaslanır.
Dünyaya geniş bir pəncərədən
baxan rejissor, cahanda baş verən hadisələri yaxından
izləyən, öz elmi ilə bunları şərh edən
bir insan, müəllim, pedaqoq, təşkilatçı, estet
və hər şeydən öncə də bir şəxsiyyətdir.
Hər halda direktorla bu illər ərzində
ümumi dil tapmamızda düşünürəm ki, bu
faktorlar müəyyən dərəcə hər ikimiz
üçün faydalı olub. Axı, bizim hər
ikimizin ali məqsədi Mingəçevir
Dövlət Dram Teatrını dünya səviyyəsində
tanıtmaqdır. Hər ikimiz də əl-ələ
verib birlikdə buna çalışırıq.
- Gələcək
planlarınız necədir? Xarici ölkələrə
qastrollar planlaşdırırsınızmı?
- Artıq sentyabr ayının 3-dən yeni teatr
mövsümümüz başlayıb. Əlbəttə,
arzularım çoxdur, yeni tamaşalar hazırlama istəyim
bir an da olsun səngimək bilmir. Hal-hazırda Abdulla Şaiqin
“Bir saat xəlifəlik” pyesi üzərində
çalışıram. Məşhur türk
yazarı Tuncər Cücənoğlunun “Dosya” pyesi üzərində
bir ilə yaxındır ki, təhlil işi aparıram və
onu azəri türkcəsinə
uyğunlaşdırmışam və yaxın zamanda
tamaşaya hazırlamağı planlaşdırıram. Əgər
tamaşa uğurlu alınarsa onu Türkiyədə hər
il keçirilən festivalların birinə aparmaq niyyətindəyik.
Yazıçı Çingiz Ələsgərlinin
vətənpərvərlik mövzüsünda
yazdığı “Şahidə şevrilən şəhid”
pyesini hazırlamaq istəyirəm. Çox maraqlı
yazıçı, publisist, dramaturq, kinossenarist Vaqif
Əlixanlının “Dənizə baxan pəncərə”
pyesi çox xoşuma gəlib və qismət olsa bu pyesə
də səhnə təcəssümü vermək
arzusundayam. Xalq şairi Nəriman Həsənzadənin pyeslərindən
də birini repertuara salmaq istəyirəm. Çünki o,
maraqlı şair olmaqla yanaşı bir-birindən maraqlı
pyeslər də yazıb. Bu pyeslər də Azərbaycan
teatrlarında böyük uğurla hazırlanıb. Repertuara
bir-birindən maraqlı əsərləri salmaq istəyirik.
Hal-hazırda çoxlu xarici və Azərbaycan
dramaturqlarının pyeslərini oxuyuram. Bilirsiniz ki,
teatrın repertuarı həmin teatr haqqında ilk təəssüratdır.
Teatrın pasportudur. Ona görə də
çalışırıq ki, ən yaxşı və
zamanla səsləşən, insanlarımızın problemlərini
özündə əks etdirən, onlara bu yolda kömək edən
pyesləri repertuarımıza daxil edək ki,
tamaşaçılar teara böyük maraqla gəlsinlər.
Bundan əlavə Yeni il tətili, Novruz bayramı
üçün bir neçə pyes üzərində də
çalışırıq ki, bu tamaşalar da əziz
uşaqlarımız üçün bir töhfə olacaq.
Bir sözlə iş başımızdan aşır. Bundan
gözəl nə ola bilər ki?..
Atam Novruz Gəncəli deyirdi:
- Həyatdan acizlər edər şikayət,
Qar deyil səmadan, yağa səadət.
Əmək cəbhəsində can
qoyanların,
Başına tac qoyub daima zəhmət!
Ağalar İDRİSOĞLU
Azad Azərbaycan.-
2018.- 5 sentyabr.- S.7.